adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

EViN SƏNiN QALANDIRMI?

OQTAY SALAMOV
24748 | 2011-03-15 06:20
Dünya dağılmaq üzrədir. Bir yandan təbiət, digər yandan cəmiyyət çox sürətlə özünün sonuna doğru marafon yürüşünə çıxıb. Allahın da səbri qurtarıb, bəndə də daha dünyadan əlini üzüb. Deyir Yaponiyada baş verən dəhşətli zəlzələ nəticəsində Yer kürəsi az qala məhvərindən çıxırmış. Hadisədən sonra planetin oxu yerini 17 santimetr dəyişib. Nəticədə sutkanın uzunluğu 1,8 mikrosaniyə qısalıb. Yaxşı ki, hamımız bunun nə demək olduğunu bilmirik. Yoxsa panikadan canını tapşıranlar olardı. Misirdə, Liviyada olanlar da dünyanın sonuna birbaşa işarələrdir. Eh, Yaponiyadan, Liviyadan danışırıq, heç özümüzdən xəbərimiz varmı? Eşitdinizmi ki, Qobustanda vulkan püskürdü? Alovu, tüstüsü, partlayışı ilə. Lap dünyada olan bütün vulkanlar kimi...
   
   Bəlkə də bu vurçatlasının içərisində mənim indi deyəcəklərim bir az yersiz görünəcək. Bir balaca düşünsəniz, bəlkə də lap yerində olan söhbət təsiri bağışlayar. Mən sadəcə olaraq o məntiqdən baxmışam ki, hər nə baş verirsə, nəhayətdə sığınacağımız yer evimiz, mənzilimiz olur. Nisbətən təpəri, rahatlığı adam məhz oz doğma ocağında, evində, ailəsinin yanında tapır, olanlara təmiz başla qiyməti, sabahını necə qurmaq haqda planını da evində qurur. Belə bir məsəl var: "Mənim evim - mənim qalamdır". Yəni sığınan yerimdir, müdafiəçimdir, arxayın olduğum yerdir. Bəs evimizdən, mənzilimizdən, onun aurasından arxayınıqmı?
   
   Elə mənzillər var ki, özünü orada pis, narahat hiss edirsən. Sözün birbaşa mənasında. Mənim bir tanışımın mənzili belə idi. Satdı. Belə baxanda normal mənzil idi, hər şey qaydasında idi, təmiz, səliqəli... Amma daim nə isə adamın beynini sıxırdı. Məlum oldu ki, bu mənzil "fenol" mənzil sayılırmış. Yəni tikintisində fenol tərkibli panellərdən istifadə olunub. Bu, mənzilin belə narahatlıq yaratmasına səbəb ola bilərmi? Axı belə panellərdən istifadə etməklə yüzlərlə, minlərlə mənzillər tikilib. Ola bilsin ki, fenolun müəyyən fəsadların yaranmasında rolu ola bilər, amma bütovlükdə mənzilin xarakteristikasını dəyişməsinə adamın inanmağı gəlmir. Düzünü deyim ki, satılandan sonra o mənzildə vəziyyətin necə olmasından xəbərim yoxdur.
   
   Amma vəziyyətin özü duşunməyə məcbur eləyir. Bu evdə adam özünü niyə ağır hiss eləyir? Mən bu məsələ ilə maraqlanıb dostlar arasında sorğufason bir şey keçirdim. Çox maraqlı məqamlar ortaya çıxdı. Bir tanış kirayə qalmaq üçün mənzil axtarırdı. Sərfəli birini tapdılar. Amma mənzilin atmosferi nə isə ağır idi. Evi təşkil edən dəllal "savadlı" adam çıxdı. Söylədi ki, bu mənzil əvvələr sahibinin oğluna məxsus idi. Oğlan narkotiklərin dozasını aşdığından elə bu mənzildə ölüb. Evin başqa minusu yox idi. Metro yaxınlıqda, qiymət sərfəli, məktəbi, maqazinləri yaxında, bir sözlə, hər mənada rahat idi.Tikilmə tarixinə baxanda fenol söhbəti də uyğun gəlmirdi. Amma nə isə yerində deyildi. Elə bil evin aurası adamı dəf edirdi. Bilmirəm suiveriyadır, əlamətlərə inancdır, hər nədirsə tanışlar o sərfəli mənzili kirayələməkdən vaz keçdilər. Bəs siz necə, öyrənmisinizmi sizdən əvvəl bu mənzildə kim yaşayıb. Binanızın yerində əvvəllər nə olub? Deyirsiniz mənasız işdir? Mən belə deməzdim.
   
   Nəinki evin, məncə paltarın da aurası var. Fikir vermisinizsə, çoxdan geyinmədiyiniz bir paltarı geyinəndə əhval-ruhiyyənizdə də dəyişiklik olur. Xatirələr yada düşür, həmin paltarı geyindiyiniz vaxtlardakı sağlamlığınız, xəstəliyiniz elə bil bərpa olunur, unutduğunuz məqamları yenidən "yaşayırsınız". Sözsüz ki, bu paltarın materialının yaddaşı deyil. Alimlər bunu sizin yaddaşınızın yenidən strukturlaşması kimi izah edirlər. Mənzillər də belədir. Fikir vermisinizsə evdə adicə əşyaların yerini dəyişdirəndə, köklü təmizləmə aparanda sanki görkəmlə bərabər aura, evin "əhvalı" da dəyişir. Bu əhval isə birbaşa sizin durumunuza təsir göstərir, mənzilinizi sizin qalanıza, ya da iztirab mənbəyinə çevirir.
   
   Nəhayət inanmaq, qəbul etmək lazımdır ki, hər bir əşya öz energetikasına malikdir və bu energetika ötürülür. Biz hər gün belə enerji ilə qarşılaşır, onu qəbul edirik. Çoxlarımız heç bunun fərqində də olmur. Nəticəsi isə...
   
   Evinə gedəndə daxili rahatlıq, müvazinət duyduğum bir dostla fikirlərimi bölüşəndə maraqlı bir fikir açıqladı: Ev o vaxt "ağır" olur ki, onun sahibləri pis əhval-ruhiyyədə olur, neqativ emosiyalar hiss eləyir, hirslənir, söyüş söyür, qeybət eləyirlər. Əksinə, əgər sahibləri öz bədənlərini, ruhlarını, mənzili təmiz saxlasalar, bayramlar əşkil etsələr, rahat, nikbin atmosfera yaratsalar, mənzil özü məbəd vəziyyətinə düşməyə "çalışar"...
   
   Nə bilim, şəxsən mən inanıram. Və bir daha ona da inanıram ki, bu dünyanın gedişini dərk eləmək, özünü necə aparmaq haqda düşünə-daşına, nə isə qərar qəbul edə biləcəyin yeganə yer- sənin mənzilindir. Əgər burada da aura səni sıxır, əlavə problemlər yaradırsa, onda "bu dünya heç zaman düzəlməyəçcək, baba!"g
   
   Üzrlü sayın ki, ilaxır çərşənbədə belə ağır söhbətlə fikrinizi qarışdırdım. Bayram o vaxt bayram olur ki, sənin ruhun, daxilin, beynin bunu hiss edir, bayram eləməyə hazır olur. Bu rahatlığı yaratmaq isə ilk növbədə evini, canını, ruhunu sahmana salmaqdan başlayır. Bunları edə bilirikmi?... Bilməliyik. Başqa yolumuz yoxdur...
   
   
   
   

TƏQVİM / ARXİV