adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Tarix, tarix müəllimini məcbur etdi ki...

SAMİRƏ ƏŞRƏF
27991 | 2012-11-24 12:41
Biz istəsək də, istəməsək də ömrümüzdən gedən hər an, bizi keçmişdən qoparıb gələcəyə atır. Ötən aylar, həftələr, saatlar həyatımızda baş verən acılı-şirinli günlərimizi payız xəzəli kimi topalayıb keçmişin bir tərəfinə yığır.

Bir də onda ayılırıq ki, bizim dünən kimi xatırladığımız anların üstündən beş, on, iyirmi il ötüb...

Xəzəl demişkən, bu il payız fəsli məmləkətimizə yaman gec təşrif buyurur. Deyəsən, payız da bu məmləktdən acıq edib. Niyə də etməsin...

Dövran dəyişdikcə payız fəslində küçələrdə, parklarda ayaqlarımızın altında qızılı yarpaqlar yerinə, cır-cındır, konfet, çips, zibil kağızları qalır.

Yadıma qədim filmlərimizdən olan "Əhməd Haradadır" filmi düşdü. Yeni filmlərin yoxa-yalana çıxdığı bu dövrdə ilin əziz bayramlarında dəfələrlə baxmaq məcburiyyətində qaldığımız filmin bütün süjetləri yəqin ki, oxucunun əzbərindədir.

Bəhs etdiyim filmdə belə bir yer var. Saqqal Ramiz Leylanı və Əhmədi qaldıqları yataqxanaya oranın sahibinin gözündən yayındırıb keçirtmək üçün çəkdiyi siqaretin kötüyünü yataqxananın həyətinə atır. Həyətdə gəzişən yataqxana sahibi, Saqqal Ramizi həmin kötüyü yerdən götürüb zibil qabına atması üçün bir xeyli tənbeh edir. Elə həmin vaxtda Leyla və Əhməd onun gözündən yayınıb, içəri girirlər.

Həmin filmin çəkilməsindən, elə həmin dövrdən də xeyli zaman keçib.

Yaşlı və orta nəslin yana-yaxıla təriflədiyi sovet dövrü də çoxdan dağılıb. Ətraf mənzərələr korlanıb, Bakının küçələri abırdan düşüb. İndi heç kim əlindən yerə atdığına cavabdehlik etmir.

Həmid Herisçinin yazıçı Sabir Əhmədlinin xatirəsinə yazdığı maraqlı bir şeir var. Şeiri bütünlüklə bura köçürtmək fikrim yoxdu. Çünki, indi şeir oxumağa hövsələsi olan oxucular çox azdılar. (biz də məcburuq ki, oxucu zövqünü nəzərə alaq) Amma fikrimi sizlərə çatdırmaq üçün bir neçə sətiri yazsam, elə bilirəm ki, heç kim, heç nə itirməz.

Mən isə gedirəm,

çəkmələrimi geyirəm,

mən isə deyirəm:

"Yandır Bakını, tazə gülüstan tələb eylə!"

Şeirlə və şeiri yazan Həmid bəylə tam razıyam. Çünki, bugünkü Bakının zibilxana xarabalıqlarına dönmüş küçələrinə bundan qəzəbli tələb ola bilməz.

Dövranın bu şıdırığı vaxtında Bakı doğurdan da od tutub "yanır". Bu da azmış kimi, bir nəfər də olsun könüllü yoxdur ki, təzə yox ey, heç olmasa köhnə gülüstan tələb etsin. Nə də olsa, gülüstan deyirsən. Ha təzəsi, ha köhnəsi.

Hərə məmləkətin bir bucağında başını bir təhər girləyir. Kimdi gülüstan tələb edib, onun qeydinə qalan. Özü də bu dövrdə gülüstan tələb edənin bir yox, iki başı da bu məsələ də azlıq edər...

İndi keçək əsas məsələyə. Yəni Bakı məsələsinə.

Yeddi-səkkiz yaşım olanda, Bakı mənim üçün dünyanın ən gözəl şəhəri, ən sehrli aləmi idi. O vaxtı rayonumuz hələ işğal olunmamışdı. Bakıda yaşayan qohumlarımız rayona istirahətə gələndə. Onlara nəsə qeyri-adi bir varlıq kimi baxırdım. Başlarına pərvanə kimi dolanıb, bir dediklərini iki etmirdim. Düşünürdüm ki, bir neçə günlük, saatlıq da olsa, mənim də paytaxt insanı ilə ünsiyyət imkanım var. Bəlkə nə vaxtsa, mənim də onlar yaşayan şəhərdə yaşamaq, gəzmək şansım olacaq.

Bu düşüncələrə qərq olub, paytaxt xəyalları qurduğum vaxtlarda nənələrimiz demişkən, erməni "musurman" davası başladı. Daha sonra isə yenə nənələrimiz demişkən, allahın "nəhlətinə" gəlmiş ermənilər torpaqlarımızı işğal etdilər, özümüzü də ilan mələyən çöllüklərə qovaladılar.

İndi bir çoxları el-obasından qaçaq düşmüş insanları aqressiv, talançı, alverçi kimi təqsirləndirib, qınayırlar. Lakin nədənsə anlamaq istəmirlər ki, evini-eşiyini, düzənini itirmiş, evindən bircə stul da götürməyə macal tapmayan insan elə küçədəcə yaşamaq məcburiyyətində deyil. Nəhayətində hamımız bu dünyaya yaşamaq üçün gəlmişik. Və heç kimdə pis yaşamaq arzusunda deyil.

Bir vaxtlar yaşadığı rayonda məktəb direktoru olan insan, işğaldan sonra corab satıb ailəsini dolandırmaq məcburiyyətində qaldı.

Tarix, tarix müəllimini məcbur etdi ki, ordan-burdan dilənib-dolanıb ucuz qiymətə tapdığı əşyaları aparıb xarici ölkələrdə babat qiymətə satıb ailəsinin üstünə "üzü ağ", əlidolu gəlsin.

Evdən çölə ayaq qoymayan qadınlar göy-göyərti, kartof-soğan kisələrini ora-bura dartmaqla çorəkpulu qazandılar.

Yeri gəlmişkən, bu çörəkpulu sözü də bizim leksikonumuza mürahibə ilə birgə gəldi. Ona görə də, kimi dindirirsən adamla çörəkpuluyla danışıb, haqq hesab edir.

Dağa-daşa, genişliyə öyrənmiş əyalət adamının belə güclü itkilərə və dəyişikliyə məruz qalması, onun üçün psixoloji zərbə idi. Paytaxtdakı insanların sayı artdıqca, təmizlikdə gözardı edilməyə başladı. Və Bakı Bakılıqdan çıxdı.

Sonra başqa bölgələrdən insanlar sürətlə Bakıya axın etməyə başladılar.

Bakıdakı mənzillərin istilik sisteminin sovet dövrü ilə birgə çökməsi, küləkli şəhərin sakinlərini özlərini yeni üsullarla qorumağa məcbur etdi.

Əvvəlcə mənzillərin eyvanları "sinələrini" genişlətdi. Heç kim memarların, inşaatçıların uçma, zəlzələ təhlükəsi yarada biləcək "yeniliklərinə" qarşı olan çığır-bağırlarına məhəl qoymadı. Hamı bir ucdan eyvanlarını daşlarla hördürüb, taxtalarla çərçivələtdirdilər. İnsanlar bir-birlərinə daş hörgülər, soyuq şüşələr ardından baxmağa başladılar...

Bir müddət sonra isə binaların içərisindəki zibilxana borularını yığışdırdılar. Qısa vaxt ərzində küçələrdəki zibil qalaqları boy götürdü ki, bu da zibil qutularını boş qoyub zibili onun kənarlarına səpələyən kütlə yaratdı.

İnsafnan deyək ki, kənd yerlərində zibil qabı olmadığından heç kim də kənddə zibil qabı axtarmır. Hərə öz əlindən çıxan artığı toyuq-cücəsinə, qoyun-quzusuna yedirtdiyindən, kənddən Bakıya gələn insanlar özləri ilə bir xeyli ev heyvanı gətirib paytaxtın küçələrinə doldursalar da, səpələdikləri zibillikləri yazıq heyvanlar da yığıb-yığışdıra bilmədilər.

Hərdən Bakıya ilk gəldiyim günü xatırlayıram.

Səhərin alaqaranlığı, vağzaldakı qatarların səsi, təmiz küçələr, baton çörəyinin ətri və ürəyimdəki paytaxt şöhrətpərəstliyi.

Lakin bunlar hamısı bir neçə gün çəkdi.

Tezliklə mən, insanların məhv edib yaman günə qoyduğu Bakının o biri üzünü də gördüm. Və həmin görüntü bu günə qədər şiddətli artımla davam etməkdədir.

İndi addıma bir gördüyüm natəmizliklər, zibilxanalar məni bu şəhərdən o qədər küsdürüb, çiysindirib ki, mən məmnuniyyətlə ucqar bir kəndə köç edib orda yaşayardım.

Və səbirlə gözləyərdim ki, bəlkə də nə vaxtsa, kimsə təcəlli edib paytaxt insanına Bakını yandırıb, külünü göyə sovurmadan, tazə gülüstan tələb etməyin, yaratmağın yolunu göstərəcək.

Samirə Əşrəf

TƏQVİM / ARXİV