adalet.az header logo
  • Bakı 19°C

Maral kimi baxdı, getdi...

ETİBAR CƏBRAYILOĞLU
39656 | 2011-03-15 06:20
Bank sektorundakı uğurlu fəaliyyəti ilə seçilən "Xalq Bank" Azərbaycan mədəniyyətinin təbliğinə də öz layiqli töhfəsini verir. Ötən ildən həyata keçirilən "Xalq əmanəti" layihəsi çərçivəsində görülən işlər buna sübutdu.
   
   Mədəni irsimizin qorunub saxlanmasına, dünya miqyasında təbliğ olunmasına xidmət edən "Xalq əmanəti" layihəsi sənətsevərlər arasında yetərincə populyarlıq qazana bilib. Layihənin xalq rəssamı Böyükağa Mirzəzadəyə həsr edilən ilk buraxılışı maraqla qarşılandı. Xalq şairi, görkəmli söz ustadı Məmməd Arazın əsərlərindən ibarət kitabın yüksək keyfiyyətlə çapı da "Xalq əmanəti"nin nə qədər önəmli bir işə imza atdığını göstərdi.
   
   Tanınmış sənət adamlarını, mətbuat nümayəndələrini yenidən öz baş ofisinə dəvət edən "Xalq Bank" rəhbərliyi layihə çərçivəsində növbəti uğurunu bizimlə bölüşdü. "Xalq əmanəti"nin növbəti tədbiri xalq rəssamı, Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli Maral Rəhmanzadəyə həsr edilmişdi. Həmin gün mərhum rəssamla bağlı albomun təqdimatı keçirildi və qonaqlar Maral Rəhmanzadənin əsərlərindən ibarət sərgiyə baxmaq imkanı qazandılar.
   
   
   
   Azərbaycan maralı - Maral Rəhmanzadə
   
   
   
   İncəsənətimizdə özünəməxsus imza ilə qalan görkəmli fırça ustası Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Bakının Mərdəkan kəndində doğulub. 15 yaşına kimi çadra ilə gəzən Maral o dövrdə azərbaycanlı qızlar üçün sensasiya sayıla biləcək addım atır - ali təhsil almaq üçün Moskvaya gedir. Pavlov, Moor kimi ustadlardan rəssamlığın sirlərini öyrənir, Moskvada işə düzəlir. İkinci Dünya Müharibəsi gənc Maralın da planlarını pozur. 1941-ci ildə Bakıya qayıdan Maral Rəhmanzadə ömrünün sonuna kimi yaradıcılıq işlərini doğma şəhərində davam etdirməli olur.
   
   Yüksək sənətkarlıq xüsusiyyətləri ilə seçilən rəssamın əsərləri dünyanın müxtəlif ölkələrində təşkil olunan sərgilərində nümayiş etdirilib. Maral Rəhmanzadə xalq rəssamı fəxri adına, Dövlət mükafatına layiq görülüb, "Şöhrət" ordeni alıb.
   
   Görkəmli rəssam 2008-ci ildə vəfat edib.
   
   
   
   Maral xanım haqqında söz
   
   
   
   Tanınmış ziyalıların, nüfuzlu sənət adamlarının da qatıldığı tədbiri Rahib Azəri açdı. Rahib bəy bacarığı ilə bu dəfə də tədbirə gələnlərin nəzərini özünə yönəldə bildi. Aparıcı dedi ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdən mədəniyyətimizə, incəsənətimizə böyük qayğı göstərilib və ölkə başçısı İlham Əliyev də
   
   bu ənənəni davam etdirir. Heydər Əliyev Fondunun istər Azərbaycanda, istərsə də xaricdə mədəniyyətimizin təbliği ilə bağlı çoxsaylı işlərini xüsusi qeyd edən Rahib Azəri Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətinin də müsbət qiymətə layiq olduğunu dedi.
   
   Rahib bəy "Xalq Bank"ın mədəni irsimizin təbliği ilə bağlı gördüyü işləri sadaladı, "Xalq əmanəti" layihəsi barədə məlumat verdi. "Xalq Bank"ın layihə çərçivəsində təmənnasız gördüyü işlər yüksək dəyərləndirdi.
   
   Aparıcının sözlərindən məlum oldu ki, "Xalq əmanəti" layihəsinin müəllifləri bu dəfə görkəmli fırça ustası Maral Rəhmanzadənin həyatını əks etdirən və əsərləri haqqında geniş bilgi verən albomu nəfis şəkildə hazırlayıblar. Üstəlik, mərasimin sonunda bizim Maral xanımın əsərlərindən ibarət sərgiyə baxmaq imkanımız da olacaq.
   
   Sonra söz Rəssamlar İttifaqının sədri xalq rəssamı Fərhad Xəlilova verildi. Qurumun sədri mərhum rəssamın xatirəsini yüksək tutduğu üçün "Xalq Bank"ın rəhbərliyinə təşəkkürünü bildirdi. Fərhad bəy dedi ki, Maral Rəhmanzadə yaratdığı əsərlərlə mədəniyyət tariximizdə öz izini qoya bilib: "Maral xanım bəzən kişi rəssamların belə gedə bilmədiyi yerlərə gedirdi. Qubanın Xınalıq kəndinə, Neft Daşlarına gedən, orada gözəl sənət əsərləri yaradan ilk rəssamlarımızdan biri də Maral xanım idi".
   
   Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov mərhum sənətkara böyük dəyər verdi: "Maral xanım adına layiq idi - həm maral kimi gözəl xanım idi, həm də ona böyük istedad verilmişdi".
   
   Sonra tədbirin qonaqlarına Maral Rəhmanzadənin həyat və yaradıcılığını əks etdirən albom təqdim olundu. "Xalq əmanəti" layihəsi çərçivəsində Azərbaycan, rus və ingilis dillərində nəşr edilən albom "Şərq-Qərb" Nəşrlər Evinin mətbəəsində hazırlanıb. Layihənin ideya rəhbəri Rafiq Həşımov, nəşrin tərtibçisi Emin Məmmədov, bədii tərtibatçısı Tərlan Qorçu, redaktoru Səlim Babullaoğlu, mətnin müəllifi Şirin Məlikova, tərcüməçisi isə Elşən Eynullayevdi.
   
   Nəfis şəkildə hazırlanan bu albom da "Xalq əmanəti"nin əvvəlki işləri kimi sənətsevərlərə, kitabxanalara, səfirliklərə təmənnasız paylanacaq.
   
   
   
   Maral Rəhmanzadənin əlləri və əsərləri barədə sözsüz...
   
   
   
   Təqdimat mərasiminin sonunda sözə ehtiyac qalmadı. Maral Rəhmanzadənin əlindən çıxan əsərlər "danışdı". Görkəmli fırça ustasının "Xalq Bank"ın baş ofisində sərgilənən əsərləri hamımızı valeh etdi. "Azərbaycan", "Neft", "Bakı", "Lənkəran", "Xınalıq" və "Naxçıvan" silsiləsi maraqla qarşılandı.
   
   "Neft" silsiləsinə daxil olan "Dənizdə buruqlar", "Xəzərin ortasında", "Bakı limanı", "Xınalıq" silsiləsinə aid "Çinar qaya", "Azərbaycan" silsiləsindən "Laçın", "Naxçıvan" silsiləsindən olan "Əshabi-Kəhf", "Böyük Araz" və digər əsərlər Maral xanımın yadigarları kimi könlümüzü oxşadı.

TƏQVİM / ARXİV