adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

ONLAR VƏ BiZ

SEYFƏDDİN ALTAYLI
50496 | 2011-03-12 08:46
Tarixi, ümumi mənada götürsək bütün xalqların, daha düzü insanlığın həm ortaq irsi həm də ortaq yaddaşıdır. Bu yaddaşı yaxşı bilmək və bu biliyin işığında hərəkət eliyərək həyatın və reallığın özünə uyğun gələcək addımları atmaq danılmaz zərurətdir. Bəs bu cür hərəkət etməyənləri nələr gözləyir deyə sual olunarsa onun da cavabı belə olacaqdır. Hetlər, Şumerlər, Babillilər və bunlar kimi neçə-neçə xalqın bugün yalnızca adları çəkilir. Tarixi həqiqətləri bilməyən və tarixi yaddaşı möhkəm olmayan millətlərin axırı təəssüflər olsun ki kədərdir, hüzndür, tarixin qəbristanlığına quylanmaqdır. Onda bu sualı öz-özümüzə verə bilərik: "Biz millət olaraq tarixi yaddaşımızı yaxşı bilirik və bu biliyin işığında hərəkət edirikə" Bu suala qəti olaraq nə "bəli", nə də "yox" deyə bilərəm. Ulu babamız Bilgə Xaqan; "Kiçik qardaş böyük qardaş kimi olmadığından, sonrakı xaqanlar əvvəlkilər kimi olmadığından və sg" kimi ifadələrlə tarixin müəyyən vaxtlarında millət olaraq missiyamıza uyğun hərəkət etmədiyimizi vurğulayır. Öz adına qoyulmuş yazılı abidənin şərq hissəsində bu sözləri yer tutub: "Xaqan olduğum vaxt ölüb-itəcəkmiş kimi fikirləşən Türk bəyləri, Türk milləti şad olub sevindi və yerə zillənmiş gözlərini ordan götürdü" deyərkən də özünün əvvəlkilər kimi olmadığını, milləti dərləyib-düzənləmək və bir yerə yığaraq ucaltmaq üçün "gecə yatmadan, gündüz dincəlmədən" işlədiyini dilə gətirib. Həmin fikir Ulu Öndər Atatürkün də öz dilində ifadəsini tapıb. O, 1933-cü ildə məclisdə etdiyi çıxışında "Köklərimizə enməli və hadisələrin böldüyü tariximizin içində bütövləşməliyik" dedikdə də eynilə Bilgə Xaqan kimi həddən artıq önəmli bir məsələni vurğulayıb.
   
   Məqalələrimdə daim bir məsələyə işarə edirəm: Birləşmək və bütövləşmək bizim qədərimizdir, tarixi alın yazımız bizi buna məhkum edib. Əgər bu məhkumiyyəti yerinə yetirməsək təklənəcəyik və hər birimiz imperializmin oyuncağına çevriləcəyik.
   
   Biz böyük və şanlı bir millətik. Dünyadakı bütün millətlərdən üstün bir mərhəmətə, tolerantlığa, demoktarik anlayışa, səmavi inama və sevgiyə sahibik. Yaradılanı, yaradandan ötürü sevirik. Bu faktı qərbli tarixçilər də, alimlər də dəfələrlə təsdiqləyib. Yenə tarixin bir səhifəsini aralamaq və xalqların ortaq yaddaşı olan bu okeandan öz payımızdakı dəryadan bir damcını təqdim etmək istəyirəm.
   
   Fateh Sultan Məmməd İstanbulu uğurlu bir döyüş nəticəsində tutubdur. Burada yaşayan Bizans İmperiyasının vətəndaşları, yəni müsəlman və türk olmayan hər bir kəs hədsiz nigarançılıq və qorxu atmosferindədir. Səbəbi də Avropalı hər xalqın qalib gəldiyi xalqa etdiyi zülmdür, qəddarlıqdır, vəhşilikdir. Bu insanlar da haqlı olaraq özlərini belə bir zülmün gözlədiyini fikirləşir, ona görə də qorxu və hürkü içindədir. Fati Sultan Məmməd, zəfərdən bir neçə gün sonra Ceneviz və Bizans xalqına xitabən bu fərmanı yayır:
   
   "Mən ki, böyük sultan Murad Xan oğlu, ulu padşah və ulu əmir Sultan Məhəmməd xanam. Yerləri və göyləri yaradan Allahın adına, böyük peyğəmbərimiz Məhəmməd Mustafa əleyhissalamın adına, müqəddəs kitabımız Qurani Kərim əzimüşşanın adına, Allahın yüz iyirmi dörd min peyğəmbəri adına, ulu babamız, dədəm və oğullarım adına, qurşandığım qılınc adına and içirəm ki, şəhərin Katolik keşişləri tərəfindən bizim Babı Humayunumuza (Topqapı Sarayının ilk qapısı. Kursiv mənimdir.) yollanan keşişlərlə Sinyor Baraban Balios, Sinyor Markiz Drifango və dilmanc Nikola Pelazoninin arzusu üzrə Qalata xalqının, bizə baş əndərib tabe olan digər xalqlar kimi adət və ibadətlərini azadca yerinə yetirmələrinə icazə veririk.
   
   Əhalinin barınaqları, dükanları, bağları, gəmiləri, ticarətxanaları və digər mallarına toxulmayacaqdır. Ailələrinə əvvəlki kimi yiyə duracaqlar, istədikləri kimi dolandıracaqlar.
   
   Satacaqları malları mülkümüzün hər küncündə satmaqda azaddılar. Quruda və dənizdə azadca səyahət edə biləcəkləri kimi, onlardan gömrük vergisi alınmayacaq və dövlət üçün ulama işləməyə aparılmayacaqlar. Bu qanun və qaydalar bugündən başlayır və əbədi olaraq qüvvədə olacaqdır. Biz onları özümüzü qoruyan kimi qoruyacayıq və nəzarət edəcəyik. Kilsələrində arzuladıqları kimi ayin təşkil edə biləcəklər, keşişlərə və din adamlarına pis söz deyilməyəcəkdir".
   
   Fateh babamız yaydığı fərmanda belə deyib. Biz, tarix boyu bu cür hərəkət elədik və nə cür bir millət olduğumuzu bəşəriyətə də, tanrıya da sübut elədik. Bizi böyük eliyən də sahib olduğumuz bu cür milli dəyərlərimizdir.
   
   Bugünün imperialist ölkələri dünən də eyni idi. Bugün nə cür hərəkət edirlərsə dünən də həmin davranışları nümayiş etdirirdilər. Bugün İraqı soyub soğana döndərənlər, Orta Asiyanı, Qafqazı, Sibiri, Şərqi Türküstanı sümürənlər dünən də müstəmləkəçi idi. Onların dövlət anlayışında mərhəmət deyilən şey yoxdur. İraqa demokratiya gətirəcəyini elan edənlər ora tökülən nahaq qanları, zülmü, namusa təcavüzü apardılar.
   
   Bugünün müstəmləkəçi xalqlarından biri olan Fransanın tanınmış tarixçisi Ch. Seignobos, 1907-ci ildə Parisdə çap olunan "Le Myen Age" adlı əsərində bunları yazıb:
   
   "Qərbin bərabərlik anlayışı nisbidir və əslində hər sahədə dəhşətli bir bərabərsizlik hökm sürür. Mənim ölkəm Fransada ən qabaqda zadəganlar və din xadimləri sinfi yer tutur. Onların aşağısında burjua (bourgəoisie), vilen (villain) və serflər (əsirlər və ya kölələr) dayanır.
   
   Zadəganlar və keşişlər keçmişdə olduğu kimi bugün də bütün hüquqlardan və nemətlərdən geninə-boluna istifadə edirlər. Yeni dövr gəldikdə demokratiya yenə onlar üçün işləməyə başladı çünkü mexanizm onların əlində idi və keçid dövrünü istədikləri kimi tənzimlədilər, istiqamətləndirdilər. Bəzi sinflər heyvanların hüququna belə malik deyildir. Aşağı sinflə hər cürə rəftar edilir. Kəndlilər torpaqlarla birlikdə dərəbəyindir. Bir kənd satılarsa üstündə yaşayan kəndlilər də satılmış olur. Kəndlilər dərəbəyinin hər arzusunu yerinə yetirmək məcburiyyətindədir".
   
   Fransız İnstitutu üzvü Funck-Brentano isə 1937-ci ildə Parisdə çap olunan "La Societe au Moyen Age" adlı əsərində bunları yazıb:
   
   "Xalqın dərəbəylərinə qarşı ailə namuslarını qorumaq hüquqları belə yoxdu. Gəlinlə bəy gərdəyə girməzdən əvvəl dəvətnamələrini əllərinə alıb dərəbəyinin sarayına getmək və gəlini dərəbəyinə təqdim etmək məcburiyətindəydi. Dərəbəyi istəsə gəlinlə səhərə kimi bir otaqda qala bilərdi və heç kəs ondan bunun haqq-hesabını çəkə bilməzdi".
   
   Fateh Sultan Məmməd, İstanbulu tutduğu vaxt xalq həmişə eşitdikləri bu cür əməllərdən asılı qorxu-hürkü içindəydi. Çünkü xalqları tarix boyu öz tarixçilərinin də işarə etdiyi kimi rəftarlara məruz qalmışdı və bunlar da nəsildən-nəslə ötürülmüşdü. Biz isə onlara özümüzlə müsavi olduqlarını, qanun və nizamı pozmadıqları müddətcə heç kəsin onlara gözünün üstündə qaşın var demiyəcəyini söyləmişdik, tarix boyu bu əsalətimizi hamıya nümayiş etdirmişdik.
   
   Mənə, "bəs indi nə haldayıq?" deyə sual verilərsə deyəcəyim budur: Bilgə xaqanın dediyi kimi, kiçik qardaş böyük qardaş kimi olmadığından, sonrakı idarəçilər əvvəlkilər kimi olmadığından, elmə arxa çevirib və elmi sadəcə olaraq Quran hafizliyi kimi başa düşdüyümüzdən, texnoloji ixtira etməyi buraxıb ellərin buraxdıqlarını satın aldığımızdan, stol davası səbəbiylə bir-birimizin qanını tökdük, bölündük, parçalandıq. Ancaq yer üzündə tanrının ordusu olduğumuza görə yoxa çəkilmədik, itib-batmadıq. Əgər daha artıq izdirab çəkmək istəmirsək, ölkələrimizin sümürülməsini, hüquqlarımızın qəsb edilməsini, torpaqlarımızın işğal altında qalmasını istəmirsək, Atatürkün dediyi kimi, hadisələrin böldüyü tariximiz içində bütövləşməliyik, əl ələ verməliyik.
  • Aprel:
  • 5

TƏQVİM / ARXİV