MÜHARİBƏ OLMASA

VAQİF YUSİFLİ
45155 | 2015-05-07 07:49
("Faşizm üzərində qələbə - 70" silsiləsindən)

Xalq şairi, unudulmaz Məmməd Arazın poeziyasında müharibə mövzusu da mühüm yer tutur. Bu da səbəbsiz deyil. Məmməd Arazın uşaqlıq və ilk gənclik illəri məhz o dövrə təsadüf edir. Onun belə bir şeiri var: "Müharibə olmasa":

Əridib silahları
Biz marten sobasında,
Körpü yarada billik
Yerlə Mars arasında,-
Müharibə olmasa!

Yer min illik barını
Bircə gündə yetirər,
Alim ayı, ulduzu
Dartıb yerə gətirər,-
Müharibə olmasa!

Sevənlər aləmində
Nə qəm, nə həsrət olar.
Bəşərin gülləsi-söz,
Sözü-məhəbbət olar,-
Müharibə olmasa!

Bu şeri M.Araz 1956-cı ildə qələmə almışdı. Bir il sonra şair, "Üç oğul anası" poemasını qələmə aldı. Bu poemanın M.Araz yaradıcılığının ilk dövründə yazılması bir şair kimi onun poetik axtarışlarını əks etdirirdi.
Böyük Vətən müharibəsinin son qələbə fişənginin atılmasından on ildən artıq bir vaxt keçirdi, lakin müharibənin ağrı-acıları, neçə nəslin taleyində oynadığı məşum rol hələ unudulmamışdı. Bir məlum faktı da qeyd edək: bəşər tarixində kütləvi qırğınlara, böyük insan tələfatına, maddi və mənəvi itkilərə bais olan müharibələr haqqında həqiqi sənət əsərləri çox vaxt həmin müharibələrin baş verdiyi illərdə yox, sonralar yaranır. Lev Tolstoyun "Hərb və sülh" romanını xatırlamaq kifayətdir. Azərbaycan ədəbiyyatında da buna aid misallar gətirmək olar.
"23 ildən sonra yazılmış cavab" adlı bir publisistik məqaləsində M.Araz yazırdı: "Mən vaxtilə üç oğlunu itirmiş bir ananın faciəsindən poema yazmışam. Kəndimizdə belə bir ana var idi. O, təpədən-dırnağa qədər közdə qovrulub yanmağa hazır idi. Təki balalarından bir xeyir xəbər gələydi".
Buradan görünür ki, belə bir poemanı yazmağı şair neçə il əvvəl fikrində, xəyalında dolandırırmış və poemanın qəhrəmanı-Gülsənəm qarını yaxşı tanıyırmış.
"Üç oğul anası" lirik-epik səciyyəlidir, poemanın süjetində ana ölümünün təsviri ilə yanaşı, onun üç oğlunun davaya yola düşməsi, onlardan məktub alması, sonra bu məktubların kəsilməsi, ananın sonsuz iztirabları, qonşuların ona ürək-dirək verməsi hadisələri də diqqəti cəlb edir. Lakin bu hadisələrin poemanın lirik ahənginə, axarına ciddi bir təsiri olmur.
Poema şairin etirafları ilə başlayır. O, neçə il kənddən ayrıldığını, dumanlı, qarlı dağların üstündən atlanıb keçmədiyini etiraf edir. Kəndə uzun illərdən sonra ayaq basması isə onu sevindirir, çünki uşaqlığı ötən yerləri yad edəcək. Şairin yolu kənd qəbiristanlığından keçir və bir təzə məzar görür, onun üstündə nə heykəl, nə də məqbərə var, bu, Gülsənəm qarının qəbridir. Və birdən şair xatırlayır ki, bir zaman ona ana deyib...g
Poema Gülsənəm qarının iztirablarına həsr edilsə də. Müharibə dövrü anaların nisgili, kədəri haqda geniş təəssürat yaradır. Üç oğul anası əslində, Arxa cəbhənin obrazı kimi ümumiləşir:

Lampa işığına çörək bişirdi,
Dedi: "Əkin qalıb, dağa qar düşüb".
İsti otağında əsdi, üşüdü,
Eşitdi şimalda soyuqlar düşüb.
Cəhrə arxasında bəzən gecələr,
Yanıqlı-yanıqlı nəğmə oxudu.
Çoxları yatanda, səhərə qədər,
O, köynək toxudu, corab toxudu.
"Kaş, bircə görəydim bunu geyəni,
Kimin geyməyinin mənası yoxdur.
Bəlkə bir əsgərin nazikdir əyni,
Bəlkə heç birinin anası yoxdur".

Məmməd Araz poemada bir sıra təsirli, emosional təsvirlərə keçir. Bu təsvirlər yığcamdır, bəzən bir-iki bənddən ibarət olur, amma konkret təəssürat yaradır. Oğul əvəzinə qara kağızı gələndə qarı, birçəklərinə əl atır, gəlini isə dözəmməyib evdən çıxır. "Eh, gəlin neyləsin, bu evdə o da Üç gün vüsal gördü, on üç il hicran".
Bütün bu təsvirlər Ana obrazının daha görümlü, real və inandırıcı, təsirli və emosional görünməsinə imkan yaradır. Xüsusilə. Gülsənəmin ölüm ayağı keçirdiyi sarsıntılar poemanın bədii effektini artırır:

Dedi son nəfəsdə, bu sözü bircə:
"Yoxsa oğullarım, əli heç kəsin
Mənim gözlərimə torpaq tökməsin".

Poemanı oxuyub qurtarırsan, amma təsirindən ayrıla bilmirsən. Hətta poemanın nisbətən o illərin dəbinə uyğun publisistik bir sonluqla bitməsi də bu təsiri azaltmır.
"Üç oğul anası" M.Arazın poema janrında ilk təcrübəsi olsa da, uğurlu addımı idi. Ən başlıcası, M.Araz belə bir həqiqəti sübut elədi ki, ədəbiyyata həyatdan gəlib, yalnız duyduğunu, düşündüyünü qələmə almağa can atır.
İlk təcrübə olmasına baxmayaraq, poema bədiilik baxımından müvəffəqiyyətli idi: müharibə mövzusunda həmin illər çoxlu əsərlər yazılsa da, "Üç oğul anası" həmin əsərlər arasında seçilə bildi. Poemada lirik, həzin motivlər, ana iztirablarının təsviri şairin həssas münasibəti ilə birləşir, müharibəyə nifrət ruhuna köklənir.
Məmməd Arazın "Əsgər qəbri" poeması isə 1966-1968-ci illərdə yazılmışdır.
Bu illərdə M.Arazın poeziyasında ciddi keyfiyyət dəyişiklikləri baş verirdi. Şeirlərində bədii-fəlsəfi düşüncə güclənir, şairin dili sırf "ədəbi" ölçülərdən kənara çıxır, xalq arasında işlənən sözlərlə, özünün yaratdığı obraz-neologizmlərlə zənginləşir, bədii təsvir arsenalı güclənirdi.
Poema səkkiz müstəqil parçadan ibarətdir, lakin bunların müstəqilliyi bir qədər zahiri xarakter daşıyır, çünki hər parça məntiqi şəkildə digər parçalarla bağlıdır. Lvov şəhərinə səyahəti zamanı şair, üstündə İbrahimov yazılmış bir əsgər məzarı ilə rastlaşır və bu məzar ötən müharibənin ağrı-acıları, azərbaycanlıların müharibədə iştirakı, bəşəri fəlakətin hələ də planeti təqib etməsi və s. problemlər barədə söz deməyə bir vəsilə olur. Məzarda uyuyan İbrahimov familiyalı nakamla şairin doğma kəndindən doxsan igidin qayıtmaması, iki İbrahimovun-əsgərin və şairin mənəvi bağlılığı arasında poetik paralellər də maraqlıdır.

-Səsin gəlir, arzun mənəm,
Özün mənəm.
Mən dəfn olunan dünənimdən
üzülmərəm
İstəyirsən yerimizi dəyişək bir!
Famildaşım İbrahimov,
ayağa dur,
dil aç görək!
Şərəf ilə ölməkdən çox,
çox çətindir
Şərəf ilə ömr eləmək.
Məhəbbət də
bir dövlətdir.

Beləliklə, poemada nəsillərin: ataların, oğulların mənəvi varislik qüdrəti təsdiq olunur.
Bundan sonra poemada rənglərlə bağlı, assosiativ xarakterli dörd şeir parçası ilə qarşılaşırıq. Şair qara, ağ, mavi və qırmızı rəngləri seçir, bu rənglərin doğurduğu assosiativ anımlara üz tutur: qara rəng anaların taleyindəki qara günlərdir, hüzndür, kədərdir. Amma qaranın başqa çalarları da var: şair istəyir ki, "bir qara göz ulduz qonub, bir qara qaş ay dolansın başdaşına", bəlkə o başdaşında "iki qara göz dəfn olub". Ağ rəng sədaqətlər, etibarlar arasına soxulan xəyanəti, ədavəti, bütün silah yaslilərini, bütün raket bağçalarını boyatmaq üçündür. Mavi rəng Göy gölü, Xəzəri xatırladır. Ancaq indi ona-nakam əsgərə Ukrayna torpağının mavi gözlü qızları keşik çəkir. Qırmızı rəng ilə şair qalibiyyət, məğrurluq, mübarizə sözlərini yada salır, poema da bu rəngin işığıyla başa çatır.

Ey balladam,
Sən bir vida marşına dön.
Uyut onu-o əsgəri,
Aram-aram başına dön.
Damız, damız qəbrinə sən,
O torpağın tozunun
bir zərrəsini.
Yenə torpaq isindirir
Onun torpaq sinəsini.
Qoy o qəbrin baş daşında
Azərbaycan gülü bitsin.
Qoy o qəbrin baş daşında
Azərbaycan dili bitsin.

TƏQVİM / ARXİV