36 NÖMRƏLİ MARŞRUTDA QAYDA YARADAN TAPILACAQMI?

FAİQ QİSMƏTOĞLU
65839 | 2015-05-07 08:46
Müxtəlif avtobus marşrutlarında son vaxtlar daha müasir və dünya standartlarına cavab verən avtobuslar istismara buraxılıb. Təbii ki, bunun özü Bakıda sərnişinlərə xidmətin səviyyəsini yüksəltməklə yanaşı, həm də insanların mənzil başına rahat aparılmasında müsbət əhəmiyyət kəsb edir. Çünki hər bir sərnişin istəyir ki, avtobusa əyləşəndə rahat yerdə otursun və təhlükəsiz mənzil başına çatsın.
Əlbəttə, avtobuslar təzə və müasir olanda ona əyləşən sərnişinlərin də sayı artır. Bir də görürsən ki, orta tutumlu və içərisində heç bir səliq-səhman olmayan bir avtobus dayanacaqda durdu. Aydındır ki, bu cür avtobuslara minmək istəyən sərnişinlər də bir o qədər də çox deyil. Ancaq həmin marşrutla mənzil başına gedənlər istər-istəməz belə avtobuslara əyləşməyə məcburdurlar.
İndi biz sizə metronun "Koroğlu" stansiyasından Əhmədli, Günəşli və Yeni Günəşli istiqamətində hərəkət edən 36 nömrəli marşrutdan söhbət açmaq istəyirik. Öncədən onu qeyd edək ki, bu marşrutda işləyən avtobuslarda əvvəllər də bir çox problemlər mövcud olub. Yəni onlar dayanacaqlara çox gec gəlib çıxırlar, ara məsafələri 10-15 dəqiqə çəkir və üstəlik də salonlarında səliqə-səhman olmayır. Biz elə fikirləşirdik ki, mövcud nöqsanlar qısa zaman kəsiyində aradan qaldırılacaq. Amma hər şey əfsuslar olsun ki, əksinə baş verir. Yəni vəziyyət əvvəlki vaxtlardan da mürəkkəbdir.
Bir arada bu marşruta iri və təzə avtobuslar buraxıldı, amma bir müddətdən sonra həmin avtobuslar yavaş-yavaş xətdən çıxarıldı. Onların yerini orta tutumlu və sınıq-salxaq avtobuslar əvəzlədi. Bu avtobuslar isə son dərəcə pis vəziyyətdədir. Onun salonuna qədəm qoyan sərnişin oturacaqların bərbad olmasından özünə rahat yer tapa bilmir. Üstəlik də avtobusun salonunda qışda palçıq, yayda isə toz-torpaq əlindən tərpənmək mümkün deyil.
Elə oldu ki, mayın 6-da səhər saat 9:15-də həmin avtobuslardan birinə əyləşməli olduq. Yeni Günəşlidəki dayanacaqda nə az, nə çox, düz 20 dəqiqə gözlədikdən sonra orta tutumlu bir avtobus dayanacağa çatdı. Onda da o qədər sərnişin vardı ki, adam minməyə yer tapmırdı. Birtəhər çətinliklə də olsa avtobusun salonunda ayaqüstə dayana bildik. Bir müddət gedəndən sonra isə avtobus sürücüsü dayanacaqda olan sərnişinləri görüb dedi:
- Bir qədər mehribanlaşın, qoyun onlar da minsin.
Adamlar isə bir-birinin ayaqlarını ayaqlaya-ayaqlaya güc-bəla ilə avtobusun salonunda özlərinə yer tapırdılar. Növbəti dayanacaqda isə daha çox sərnişin vardı. Bu dəfə sürücü sərnişinlərin çoxluğunu görüb mobil telefonla digər sürücü yoldaşına zəng çaldı və dilləndi:
Dayanacaqda adam əlindən tərpənmək olmur. Sən arxadakı dayanacaqlarda çox ləngimə, tez özünü Əhmədlidəki dayanacağa çatdır.
Qəribə də olsa, dayanacaqda duran əksər sərnişinlər avtobusda basabas olduğuna görə içəri keçə bilmədilər və orada qaldılar. Avtobusun salonunda isə yenə sərnişinlərin narazılığı eşidildi:
Belə də marşrut olar? A kişi, başqa marşrutlar üç-beş dəqiqəyə gəlir, bu avtobuslar isə iyirmi dəqiqə, yarım saat keçəndən sonra "tövşüyə-tövşüyə" özünü dayanacağa çatdırır. Onda da o qədər adam olur ki, ayaq qoymağa yer tapmırsan. Bax, bizim günümüz belədir. Səhərlər qanımız qaralır, axşamlar da dilxor oluruq. Elə bil bu marşrutun sahibi bizə əzab vermək istəyir.
Düz sözə nə deyəsən? Birincisi, həqiqətən də 36 nömrəli marşrutda işləyən avtobuslar dayanacaqlara digər marşrutlara nisbətən gec çatır. Başqa avtobusları üç-beş dəqiqə gözləyirsən, görürsən ki, gəldi, ancaq 36 nömrəli avtobusları gözləməkdən sərnişinlərin gözlərinin kökü saralır. Bəs bu nə vaxta qədər belə davam edəcək? Və 36 nömrəli marşrutda işləyən avtobuslarda qayda-qanun yaradan tapılacaqmı?
Ümidvarıq ki, Nəqliyyat Nazirliyi göstərdiyimiz nöqsanları nəzərə alacaq və sərnişinlərin problemlərinin tez bir zamanda həllinə lazımi köməklik göstərəcəkdir.

TƏQVİM / ARXİV