POZULA-POZULA UZANAN ATƏŞKƏS

ƏBÜLFƏT MƏDƏTOĞLU
27252 | 2011-03-11 06:47
Demək olar ki, aparıcı kanalların hamısı son xəbərlərini cəbhə xəttindəki vəziyyətlə başlayırlar. Və biz də elə xəbərləri daha çox həmin cəbhə xətti ilə bağlı bilgilərin, bütövlükdə isə işğal altında olan torpaqların taleyini öyrənmək üçün izləyirik. Şəxsən mən bütün xəbərləri istər mətbuatdan, istər efirdən izləyərkən düşmən tapdağı altında olan ərazilərimizlə bağlı son bilgiləri ilk öncə gözdən keçirir və hər dəfə də yarıümidsiz, yarınarazı halda başımı bulayıb, dərindən ah çəkməli oluram. Çünki atəşkəs imzalanandan bu günə qədər elə bir gün olmayıb ki, cəbhə xəttindən hansısa bir narahat məlumat eşitməyim. Xüsusi ilə minalanmış ərazilərdə dinc sakinlərin yaşadıqları və onların hər addımbaşı ölümlə üz-üzə qalmaları, digər tərəfindən isə düşmənin heç bir beynəlxalq konvesiyaya əhəmiyyət vermədən müxtəlif çaplı silahlardan təkcə üzbəüz səngəri deyil, həm də səngərdən arxada öz dinc həyatını yaşamağa çalışan insanları atəşə tutması bir növü adətə çevrilib.
   
   İndi demək olar ki, hər gün KİV-lər özləri ön səhifələrində "Atəşkəs pozuldu", "Atəşkəs yenə pozuldu", "Düşmən yenə atır" və sairə başlıqlı xəbərlər göz deşir və biz də bu xəbərləri oxuya-oxuya aparılan danışıqların nəticələrini öz bildiyimiz kimi yozmağa, şərh etməyə çalışırıq. Təbii ki, sıravi vətəndaşlar aparılan danışıqların bütün detallarını bilmədiklərindən onlar mətbuata üz tutur, buradan qaynaqlanmağa çalışırlar. Amma çox təəssüf ki, bəzən mətbuat da ya hər şeyi olduğu kimi təqdim edə bilmir, ya da hər şey ümumiyyətlə mətbuata aydın olmur. Xüsusi ilə ona görə ki, müəyyən dövlət qurumları aparılan danışıqların bütün detallarını təbii ki, qanunun yol verdiyi həddə, ictimaiyyətə açıqlamır və jurnalistlərin sorğuları da əsasən ümumi sözlərlə cavablandırılır. Bütün bunlar isə müxtəlif şayiələrin yaranmasına da yol açır. Bəzən bu şayiələrin yayılmasına maraq göstərən, onu təşkil edənlər də yerlərində dinc oturmurlar. Əksinə kimdənsə, hardansa eşitdikləri qeyri-dəqiq informasiyanı əməlli-başlı şişirdib gerçəklik kimi yayır, hətta onu mətbuat səhifələrinə də çıxarırlar. Bunlar isə sonda fikir çaşqınlığına gətirib çıxarır.
   
   Ötən günün qəzetlərini gözdən keçirərkən diqqətimi daha çox cəbhə xəttində Ağdam rayonunun düşmənlə təmas xətti yaxınlığında, bir az da dəqiq desək rayonun Şıxlar kəndi istiqamətindən düşmənin mart ayının 8-də açdığı snayper atəşi Orta Qərbənd kənd sakini, 10 yaşlı Fariz Bədəlovun həyatına nöqtə qoyduğu barəsindəki informasiyalar çəkdi. Bu informasiyaların hamısında 10 yaşlı uşağın həyatına son qoyan düşmənin get-gedə azğınlaşmasını, müxtəlif təxribat xarakterli addımlar atmasına qarşı kəskin etirazlar öz əksini tapmışdı. Hətta Müdafiə Nazirliyinin sözçüsü Eldar Sabiroğlunun mətbuata açıqladığı fikirlər oxuculara bütün təfsilatı ilə çatdırılmışdı. Eldar Sabiroğlu bildirmişdi ki, "düşmən üçün körpə, qoca, qadın olmasının fərqi yoxdu. Xocalı faciəsində onlarla belə körpənin qatilinə çevrilmiş Seyran Uğanyan və digərləri" ümumiyyətlə öz vəhşiliklərini, amansızlıqlarını, qəddarlıqlarını bir an da olsun unutmurlar. Görünür, onlar bu hərəkətləri ilə dünya ictimaiyyətinin və bütövlukdə beynəlxalq təşkilatların onlara olan loyal və bəzən də ikili münasibətlərindən yararlandıqlarını nümayiş etdirirlər. Təbii ki, nə beynəlxalq təşkilatlar, nə də bütövlükdə bu problemi çözümü ilə məşğul olanlar bu günə qədər işğalçı tərəfə kimliyini heç bir vasitə ilə başa salmamış, onların heç bir hərəkətinə konkret qiymət verməmişdi. Bu da sonda düşmənin bir az da həyasızlaşmasına geniş meydan açmışdı.
   
   İnformasiya agentlikləri bildirirlər ki, ATƏT-in nümayəndələri, xüsusi ilə Minsk Qrupunun həmsədrləri sonuncu hadisədən, yəni 10 yaşlı Fariz Bədəlovun snayper gülləsi ilə öldürülməsindən sonra bölgəyə səfər etmək barədə açıqlama veriblər və bildiriblər ki, onlar "atəşkəsin pozulmasından çox narahatdırlar" (başa düşmək olmur guya ki, atəşkəs birinci dəfədir pozulur və bu xəbər də həmsədrlər üçün gözlənilməzdir - Ə.M). elə narahat olduqlarına görə də onlar cəbhə xəttində monitorinq keçirməyi, xüsusi ilə faciənin baş verdiyi ərazidəki vəziyyəti öyrənməyi bu gəlişlərinin məqsədi kimi mətbuata açıqlayıblar.
   
   Bütün bu açıqlamalar və şərhlər onu göstərir ki, həqiqətən də Qarabağın işğaldan azad edilməsi üçün başlanacaq müharibənin addım səsləri eşidilməkdədir. Çünki sonuncu Soçi danışığından sonra da tərəflər arasında hansısa giddi bir razılaşmanın əldə edilməsi barədə ortada konkret fakt yoxdu. Bu da onu göstərir ki, Serj Sərkisyan öz hakimiyyətini qoruyub saxlamaq üçün hər cür təxribatlara əl atmağa, sülh danışıqlarını pozmağa bütünlüklə hazırdır. Onun üçün qarşıdan gələn prezident seçkilərində yenidən kreslosunu əldə saxlamaq, prezidentliyini davam etdirmək, sülh danışıqlarından və müharibədə qurban gedə biləcək insanlardan çox-çox dəyərlidir. Qan üzərində hakimiyyətə gəlmiş Serj Sərkisyan üçün yenidən qan tökülməsi heç bir önəm kəsb etmir. Ən önəmlisi onun prezidentliyidir.
   
   Bu gün cəbhə xəttində atəşkəsin pozulması halları tez-tez təkrarlandığından biz də ona vərdiş etməyə başlayırıq. Vərdiş etmək isə heç də yaxşı əlamət deyil. Özü də söhbət torpaqlarımızın taleyindən gedəndə bu məsələni, yəni vərdiş deyilən nədirsə onu bütünlüklə unutmaq, son veriləcək əmrə hazır olmaq lazımdır.
   
   

TƏQVİM / ARXİV