adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

iNTiHAR EDƏNLƏRDƏN XAHiŞ OLUNUR Ki...

MƏZAHİR ƏHMƏDZADƏ
23734 | 2011-03-11 06:47
Qəzetlər yenə ölkədə intiharların artması barədə həyəcanlı manşetlər verirlər. Əslində bu dəhşətli özünəqəsd hadisələri son illər heç azalmayıb da. Sadəcə müəyyən qədər statistikaya çevrilməsi və adiləşməsi bəzən azalma görüntüsü də yarada bilir. Mətbuat məsələyə adi informasiya şəklində yanaşanda.
   
   Mən son 5 ayda mövzuya iki dəfə oxşar istiqamətlərdən yanaşaraq məqalələr yazmışam. Təvazökarlıq etməyin yeri deyil, mənim oxucularım çoxdur və həmin köşələrə görə də xeyli təşəkkürlər qazandım. Hətta oxucularımdan biri neçə vaxtdır ki, keçən il yayın sonunda dərc olunmuş "Cəlladsız edamlar" adlı məqalənin təkrar verilməsini xahiş edir. Səbəbini də belə izah edir ki, həmin vaxtlar qəzetlərə maraq az olub və məqaləni çoxları oxumayıb. Mənimçün adi yazılardan biri olan "Cəlladsız edamlar"ın oxucu diqqətində qalması təbii ki, yaxşı haldır. Köşənin təkrar dərcinə isə ehtiyac duymuram. Ancaq balinaların və delfinlərin kütləvi intiharlarından və həm də sirli "ölüm arzularından" tutmuş xarakiri fəlsəfəsinəcən, Folknerin əsərlərindəki "həyat-ölüm" psixoloji məqamların bədii vüsətinəcən, hətta uzaq Mayerlinq əhvalatını xatırlamağımacan keçmişlərdən, lap yaxın keçmişlərdən bəzi acı həqiqətləri göstərib də müqayisə aparmağım təbii ki, müəyyən məqsəd daşıyır, günümüzün reallıqlarına daha çox diqqət çəkməyə yönələn istəyi zəruriləşədirir. Mən o vaxt gəldiyim qənaətə indi də qayıda bilərəm. Yəni mətbuatımız da, sosioloqlar və digər qurum üzvləri də ölkədə baş verən intiharlara statistik məlumat və müəyyən qədər də mücərrəd faciə səviyyəsində diqqət yetirirlər.
   
   Səbəblər araşdırılmağa başlayan kimi cox zaman yarımçıq qalır və unudulur, qəzetçilik yanaşması ilə desək, gündəmdən çıxarılır. Hələ də mentalitet, başqasının "dərdini təzələmək" kimi səbəblər öz rolunu oynaya bilir. Ancaq unutmamalıyıq ki, artıq vəziyyət tamam başqa cürdür. İntihar hadisələri keçmişlərdə olduğu kimi hansısa ruhi xəstənin gedib özünü kanala atması və ya zəif xarakterli qadının evdəki psixoloji gərginliklərə dözməyib özünü yandırması məhdudiyyətindən çıxaraq hədsiz dərəcədə geniş "əraziyə" yayılmasıdır. Artıq bir kəlam kimi formalaşmış "yeddidən yetmiş yeddiyəcən" deyiminin lirik ovqatı, indilər həmin yaşarası intiharların acı ironiyasına çevrilməkdədir. Çünki daha uşaq da, yeniyetmə gənc də, qadın da, qoca da, bir də gördün ... kətil və kəndir axtarır.
   
   Və ya hündür yer...
   
   Hündür yer! Bilirsiniz, nəyə görə bunu həyacanla təkrar edirəm? Mən həmin məqalədən sonra çox dəhşətli bir faktla qarşılaşdım. Diqqətcil oxuculara təşəkkürümü bildirməklə yanaşı, həmin hadisənin fonunda nə qədər gec qaldığımızın da fərqində oldum. İnsanların faciəyə bu dərəcədə sadəlöhv münasibəti dəhşət saçırdı. Bəlkə də baxmamısınız, bəlkə də diqqət yetirməmisiniz, bəlkə də unutmusunuz... Fikir verin. İctimai Televiziyanın xəbərlərində intihar faciəsi ilə əlqədar süjet gedir. Gənc bir adam Xətai rayonu ərazisindəki M.Hadi küçəsi 51 saylı coxmərtəbəli binanın üstünə çıxaraq özünü yerə atmış, həlak olmuş, təcili yardım maşınına qoyularaq hadisə yerindən aparılmışdır.
   
   Polislər də çıxıb getmişlər. Yaşlı bir adam oğlanın düşüb parçalandığı yerə yayılmış qanın üstünə su tökərək süpürür. Ətrafda 3-4 nəfər bina sakini də laqeyid və sakit tərzdə televiziyda görüntülənir. Müxbir bu görüntülərlə bərabər hadisə haqqında da konkret məlumat verərək intiharların artmasını diqqətə çatdırır. Sonra sakinlərdən birinə yaxınlaşır. Orta yaşlı kişi, xahiş edirəm xüsusi diqqət yetirin , mənim yazdıqlarımın və düşündüklərimin üstündən sanki ağır bir xətt çəkərək görün necə sərbəst və əsaslı bildirir öz münasibətini. Diqqət! Buyurun: -Son iki ay ərzində üçüncü hadisədir ki, bizim binada baş verir. Özlərini binanın üstündən yerə atıb öldürən cavanların heç biri burda yaşamır, başqa-başqa yerlərdən gəlirlər. Bilirsən, oğlum, bu çox pis hərəkətdir (!!!-M.Ə), vallah sakinlər beziblər. Uşaqlar qorxurlar, valideyinlər qorxurlar. Mənim bir xahişim var. Belə fikrə düşənlər bura gəlməsinlər. Xahiş edirəm, hər kəs öz yaşadığı binadan özünü yerə atıb öldürsün...

TƏQVİM / ARXİV