"MüƏLLiMLƏR QAYğIDAN KƏNARDA QALMAMALIDIR"

FAİQ QİSMƏTOĞLU
37314 | 2011-03-11 06:47
Hər bir insanın həyatında ona düz yol göstərən, elm öyrədən və ən nəhayət həyatda mübarizə aparmağı aşılayan müəllimlər olub. Bu müəllimlər kimdənsə təmənna güdməyiblər. Sadəcə olaraq, öz müqəddəs peşələrini şərəflə qorumağa çalışıb və həmişə də bu adı uca tutublar. Düzdür, müəllimlər bizə çox şeyi öyrədir və heç vaxt da onun əvəzini gözləmirlər. Bu gün Azərbaycan müəlliminin özünə böyük qayğı, diqqət lazımdır. Bir çox halda onların müalicə, istirahət hüquqları qorunmalı və gələcək nəslin tərbiyəsində əziyyət çəkən bu insanların sağlamlığı diqqət mərkəzində olmalıdır. Elə ona görə də Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Suraxanı rayon Komitəsi də müəllimlərin müalicəsini və istirahətini ön plana çəkir. 2007-ci ildən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Suraxanı rayon Komitəsinin sədri seçilən Arif Xəlilov bu barədə deyir:
   
   - Rayonumuzda müəllimlərimizin istirahəti, müalicəsi və onların hər tərəfli hüquqlarının qorunması üçün həmkarlar İtiifaqı Komitəsi olmaqla lazımi işlər həyata keçirməyə çalışmışıq. Öncə onu qeyd edim ki, həmişə bir şeyə əsas diqqət yetirmişik: o da müəllimlərin, təhsil işçilərinin müalicə və istirahət hüququnun təmin edilməsidir. Bunun üçün öncə qanunla tənzimlənən vasitələrdən istifadə etməyə çalışmışıq. Yəni qanunla ildə bir dəfə hər bir təhsil işçisi məzuniyyətə çıxa bilər və istirahət etmək hüququna malikdir. Elə məhz buna görə də bu gün Suraxanı rayonunda təhsil işçilərinin istirahəti, müalicəsi və asudə vaxtı diqqətimizdən kənarda qalmır. Onu da bildirim ki, bu gün bizim təşkilatda 69 ilk təşkilat birləşməklə 5428 həmkarlar üzvü var. Bir faktı da qeyd edim ki, bu təşkilatda birləşən 33 tam orta məktəb, 5 məktəbdənkənar tədris müəssisəsi, 28 uşaq bağçası, körpələr evi, 1 xarici dillər təmaülü gimnaziya, 2 saylı uşaq evi və 7 saylı xüsusi internat məktəbi var. Bununla yanaşı, komitə özündə 5 Tərbiyə İşi Mərkəzi, Uşaq Gənclər İdman Məktəbi, Şagirdlərin Ekoloji Tərbiyə Mərkəzi, Texniki Yaradıcılıq Mərkəzi və Uşaq Yaradıcılıq Mərkəzini birləşdirir. Deməli, bu təşkilatda birləşən qurumlarda işi yüksək səviyyədə təşkil etmək üçün bizim üzərimizə böyük məsuliyyət hissi düşür. İlk növbədə onu qeyd edim ki, ötən il 25 nəfər təhsil işçisi ölkəmizin müxtəlif sanatoriyalarında müalicə kursları alıblar. Bu müalicə kurslarından sonra, təbii ki, onların sağlamlıqları bərpa olunub və həmin insanlar işə yeni ruh yüksəkliyi ilə başlayıblar. Eyni zamanda, 46 nəfər təhsil işçisi isə Qəbələnin "7 gözəl" istirahət mərkəzində və Masallıdakı "İstisu"da dincəliblər. 4 nəfər müəllim isə avqust ayında Türkiyənin Bodrum şəhərində istirahət edib.
   
   Əlbəttə, hər bir peşə sahibinə diqqət olanda, qayğı göstəriləndə onlar da özlərini daha gümrah və daha sağlam hiss edirlər. Biz təkcə təhsil işçilərinin istirahətini təmin etməklə işimizi bitmiş hesab etmirik. Həm də onlara maddi və mənəvi cəhətdən qayğı göstəririk. Belə ki, ötən il 840 nəfər təhsil işçisi təşkilatımız tərəfindən maddi yardım alıb. Elin əziz bayramlarında - Yeni il də və Novruz da ittifaq üzvlərinin uşaqları üçün həmin şənliklərə pulsuz 3 min bilet verilib. 8 mart Beynəlxalq Qadınlar günü və 5 oktyabr müəllim günü də təhsil işçilərimiz diqqətdən kənarda qalmayıblar. Ona görə diqqətdən kənarda qalmayblar ki, onlar təşkilatımızın müxtəlif mükafatları ilə təltif ediliblər. Elə müəllimlərimiz də olub ki, yaş həddinin 65-70-ə çatmasına görə təqaüdə göndərilib. Bu zaman da biz onlara pul mükafatı və fəxri fərmanlar vermişik.
   
   Rayonun bir çox məktəblərində məzun günləri keçirilməsinin təşkil olunmasında yaxından iştirak etmişik. Belə ki, 208 saylı orta məktəbdə həmin təhsil ocağını bitirmiş məzunların 30 ildən sonra görüşü təşkil edilib. Bu görüş zamanı da həmkarlar ittifaqı komitəsi olaraq öz köməkliyimizi etmişik. Bəzi müəllimlərimizin hüquqları pozularkən onların yanında olmuşuq. Məsələn, 270 saylı məktəbin hərbi vətənpərvərlik müəlliminin hüquqları qorunub, onun işdə çıxarılmasının qarşısı alınıb. Təbii ki, insanların hüquqları qorunanda onda həmin adamların da bizim komitəyə inamı daha da artır.
   
   Bir sözlə, müəllimlərin müalicə, istirahət hüquqları ilə yanaşı, onların digər hüquq və vəzifələri də təşkilatımız tərəfindən qorunur. Rayonumuzda "İlin ən yaxşı müəllimi", "İlin ən yaxşı məktəbi" adına layiq görünənlər diqqətdən kənarda qalmırlar. Belə ki, 114, 290, 318 saylı məktəblərdə bu uğuru qazanan müəllimlər və kollektivlər tərəfimizdən fəxri fərmanla təltif edilib və pulla mükafatlandırılıb.
   
   Bu gün isə Novruz bayramı ilə əlaqədar olaraq rayonda təşkil olunan şahmat yarışlarının qaliblərinin mükafatlandırılması barəsində konkret töhfələrimiz var. Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə keçiriləcək şahmat yarışında da mükafatlar təsis eləmişik. Aydındır ki, bu yarışlarda kim qalib gəlsə, mükafatı da həmin insanlar alacaqlar.
   
   Bir sevindirici faktı da qeyd edim ki, Nabranda təhsil işçisi istirahət mərkəzinin bu il istifadəyə verilməsi nəzərdə tutulub. Həmin istirahət mərkəzinin tikintisinə biz də yaxından köməklik göstəririk. Həmin istirahət mərkəzinin istifadəyə verilməsi ilə o məkanda istirahət edənlərin də sayı artacaq. Bu il yayda 60 təhsil işçisi müxtəlif istirahət mərkəzinə göndəriləcək. 4 nəfəri isə Türkiyəyə istirahətə göndərmək fikrindəyik. Bizə elə gəlir ki, hər bir təhsil işçisinin istirahətinin düzgün təşkil edilməsi və onun hüquqlarının qorunması bizim təşkilatın nüfuzunu daha da artırır.
   
   Onu da qeyd edim ki, rayon ərazisində keçirdiyimiz tədbirlərin yüksək səviyyədə təşkil edilməsində icra hakimiyyətinin başçısı İlqar Abbasovun və icra hakimiyyətinin şöbə müdiri Barxudar Barxudarovun böyük köməyi var. Bir daha onu deməyi özümə borc bilirəm ki, Azərbaycan müəllimini qorumaq, onların hüquqlarını müdafiə etmək, hər bir vəzifəli şəxsin əsas işi olmalıdır.
   
   
   
   
   
   

TƏQVİM / ARXİV