adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

HƏFTƏNiN SORğUSU

BABƏK YUSİFOĞLU
55059 | 2011-03-11 06:47
İndi media yaşadığımız bugünkü həyatın demək olar ki, bütün sahələrindən, baş verən hər bir hadisədən cəmiyyəti xəbərdar etməyi bacarır. Hətta onun sayəsində ölkəmizdən kənardakı olayları belə öyrənmək imkanlarına malikik. Əlbəttə, bu hamının təqdir etdiyi bir prosesdir. Kim ətrafda, ümumiyyətlə dünyada baş verənləri, başqa insanların fəaliyyətlərini bilmək istəməz ki? Amma...
   
   Amma etiraf edək ki, bu məlumatlar, hadisələr, adamlar sırasında daha çox tanınmış şəxslər, daha səs-küylü olaylar, daha kəskin xarakterli hadisələr insanlara təqdim olunur. Sıradan olan adamların gündəlik qayğıları, məişət problemləri, hansı dərdlərlə günlərini keçirdikləri nisbətən arxa planda yer alır. Ona görə də biz "Həftənin sorğusu"nda tamam əksinə hərəkət edərək ən adi vətəndaşlarımıza üç sual ünvanlayır, onların cavablarını olduğu kimi dərc edirik. Qoy cəmiyyət eksklüziv də olsa öz qayğılarını bir də qəzetdən oxusun. Bəlkə bu, işin xeyirinə oldu...
   
   VERDİYİMİZ SUALLAR:
   
   
   
   - 1-ci sual: Novruz bayramı vaxtı doqquz gün qeyri-iş günü olacaq. Həmin günləri necə keçirməyi planlaşdırırsınız?
   
   - 2-ci sual: Gündəlik həyatınızda ən çox nədən əziyyət çəkirsiniz?
   
   - 3-cü sual: Ailənizdə kimlər işləyir?
   
   
   
   1. - Rəfael: (sürücü) Novruz bayramı bizim milli bayramımızdı. Gərək onu yaxşı keçirək... Amma şofer babayam, mənimçün nə qeyri-iş günü? Hə gün səhər ala-qaranlıqdan evdən çıxıram, gecənin yarısında qayıdıram. Vallah uşaqlar üzümü həftədə bir-iki dəfə görə, ya görməyə. Qaldı o bayram günləri, deyim ki, onda bizim işimiz bir qədər zəifləyir. Çünki camaat işə getmir, oturur evdə. Ona görə də plan-mlan yoxdu...
   
   2. - Müəllim, nədən əziyyət çəkmirik ki? Ən çox ondan zülm çəkirik ki, bazar od tutub yanır. Pul çatdırmaq olmur. Buradan qazanırsan, o biri tərəfdən axıb gedir. Əyər-əskiklər də ki, boqazdan. Bilmirsən ki, hansının dərdini çəkəsən. Bayaq dedim, hər gün səhərdən-axşamacan rul daındayam, ancaq ortalıqda heç nə yoxdu.
   
   3. - Keçən ilə kimi evdə işləyən təkcə mən idim. Bizim üçün çox çətin idi. Amma şükür ki, təzəlikcə böyük oğlum da işə düzəlib. Ailədə altı nəfərik. Bu boyda ailəni indiki dövrdə dolandırmaq heç bilirsiz nə deməkdi?
   
   1. - Seyfulla: (işlədiyi yeri söyləmədi) Bu haqda mən də eşitmişəm. Hökumət elan edib ki, doqquz gün iş olmayacaq. Bunu bildik. Bəs hökumət niyə onunla maraqlanmır ki, Novruz bayramında bazardakı qiymətlər hara qalxıb? Evdə oturun, bayram eləyin demək asandı ey. Problem içərisində olan insanlara o istirahət günlərinin nə dəxli var? Planlaşdırırsız deyib soruşanda belə bir təhər çıxır. Nəyi planlaşdıracağıq. Oturub problemlərimizin haqqında düşünürük.
   
   2. - Mən ölüm, bu haqda nə siz soruşun, nə də mən sadalayım. Çünki sadalasam, hesablaya bilməzsiz.
   
   3. - Ailədə mən də, arvad da işləyir. İkimiz birləşib bir təhər dolanırıq. Allah atasına rəhmət eləsin, yaxşı ki, o kömək eləyir, yoxsa mənə çox çətin olardı.
   
   1. - Firəngiz: (mağazada satıcı) (gülür) Siz nə danışırsız? Əslinə qalsa elə bizim işimiz həmin günlər daha da çoxalacaq. Sizin dediyiniz istirahət günləri dövlət işində işləyənlərə aiddir. Həmin günlər işlədiyim üçün heç bir planım-zadım da yoxdur.
   
   2. - Gündəlik həyatda çətinliyimdən nə deyim ki?.. (düşünür) bizi incidən ən çox liftimizdi. Həftə-səkkiz, mən doqquz xarabdı, işləmir. Qonşularla pul yığıb verməkdən də bezmişik. Arğın-yorğun evə gedəndə bir də görürsən ki, lift işləmir. Məcbursan ki, səkkizinci mərtəbəyə piyada çıxasan.
   
   3. - Ailəmizdə yoldaşımla mən işləyirik. Uşaqların biri hələ orta məktəbdə, o birisi isə institutda oxuyur.
   
   1. - Nazim: (müəllim) Məncə həmin günlər hər kəs istirahət eləməlidi. İnsan dincəlməyəndə onun üçün çətin olur. Biz müəllimlərin isə delə istirahət, bayram günlərinə daha çox ehtiyacı var. Qabaqcadan bir şey planlaşdırmamışıq. Amma bilirəm ki, həmin günlərin hamısında yox, bəzilərində ailəlikcə bir yerə çıxdıq.
   
   2. - Gündəlik həyatımızda çətinliklərimiz var. Sizcə indiki zamanda müəllimlik edənlərin əziyyəti, problemləri olmaz? Bəlkə də araşdırma aparılsa məlum olar ki, cəmiyyətin ən çox çətinliklərlə üzləşən qismi müəllimlərdir. Yəqin elə buna görədir ki, tanıdığım neçə müəllim işindən əl çəkib başqa-başqa sahələrdə işə düzəliblər.
   
   3. - Ailədə işləyən mənimlə yoldaşımdır. Bir qızım var, tələbədir, oxuyur.
   
   1. - Nərgiz: (işlədiyi yeri söyləmədi) Bu qədər bayram günləri imkanları yaxşı olan adamlara əl verir. İstədikləri yerə gedirlər, istədikləri çəkildə dincəlirlər. Doqquz gün istirahət günü bizim kimilərin harasına yaraşır? Guya neyləyəcəyik ki? Biz qadınların işi lap çətindir. Həmin günü istirahət, bayram günü olsa da biz evin mincür işləri ilə məşğul olacağıq. Məncə müsəlmanın dincəlməyi ancaq qəbirdə baş tutur.
   
   2. - Gündəlik həyatda nədən əziyyət çəkmisiz soruşsanız, cavab vermək daha asan olar. Hansını deyim, hansını sadalayım?..
   
   3. - Uşaqların atası vəfat eləyib, üç övladıma tək mən baxıram. Hər üçü orta məktəbdə oxuyur... Yəni işləyən təkcə mənəm.
   
   1. - Qalib: (mantyor) Nə deyim, vallah. İşləyən işləyəcək, işləməyən də evində oturacaq. Hökümətdə işləyənlər yəqin istirahət edəcək. Elə bizim idarədə də iş günü sayılmayacaq. Amma növbəti işimiz olduğu üçün bu bizə aid deyil.
   
   2. - Çətinlik deyəndə ki, hər şeydən. Çörəkpulu qazanmaq asan məsələdi bəyəm? Özü də indiki zamanda.
   
   3. - Ailədə dörd nəfərik, işləyən də tək mənəm. Yoldaşım bağça müəlliməliyini qurtarıb, amma iş olmadığı üçün evdardı.

TƏQVİM / ARXİV