adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

O DüNYADA ÖZüNü NECƏ APARMALI

OQTAY SALAMOV
16421 | 2011-03-10 06:53
Qorxmayın, heç kim sizin ölməyinizi istəmir. Sizə dini qaydalar haqda mühazirə oxumaq niyyətində də deyiləm. Sadəcə olaraq, fikir vermişəm, bir çox adamlar işlərini xırdalığına qədər planlaşdırır, hər bir situasiyaya guya ki, özlərini hazırlayırlar. Sözgəlişi deyirəm ki, belə situasiyalardan biri də gec-tez köçünü çəkib o dünyaya getməkdir. Hələlik bu səfərdən sığorta olunan yoxdur. Olur ki, bir-iki çağırışdan hansısa yolla möhlət götürürlər, amma daha burada birdəfəlik vəsiqə söhbəti mümkün olan iş deyil. Necə deyərlər, "öləcəksən əgər şah olasan da". Bunu nəzərə alaraq gec-tez səfər üstə olmalılara bir neçə gərəkli məsləhət verməyi qərara alıram.
   
   Soruşa bilərsiniz ki, niyə mən? Haqqınız da var. Amma mənim məsləhət verməyə də haqqım var. Vəziyyət belə gətirib ki, mənim bir neçə dəfə o dediyim tərəflərə yolum düşüb. Hər dəfə də hansısa kateqoriyalara uyğun gəlmədiyim üçün birdəfəlik saxlamayıblar. Amma artıq oralarada tanınmışam, bəziləri ilə hətta uzaqdan əl yelləyib görüşürük də (oranın karantini çox sərtdir. Tanışa, ada-filana baxmırlar. Olmaz!- deməli, həqiqətən olmaz):
   
   -Salam , ay brat, hələ buralardasan?
   
   -Xoş gəldin, yenə komandirovkadı, yoxsa birdəfəlik?
   
   -Nə bilim, görək nə şərtlər qoyacaqlar...
   
   Klinik ölüm yaşayıb sonra dirilənlər deyirlər ki, ay nə bilim tunel belə getdi, sonunda işıq belə qayıtdı, daha nələr. Bəlkə də Nəqliyyat Nazirliyinin, metro, tunel tikinti departamentinin işçiləri tunel, işıq görüblər. Adi adamlar bir şey, oliqarxlar, bankirlər, siyasətçilər... başqa şey də görə bilərlər. Məsələ bunda deyil, ya zəlzələdən, ya vəlvələdən, gül-çiçək ilan-çayan, yolda hər nə görürsən gör, hansısa minvalla gedib ora çatacaqsan. Məsələ ora düşəndən sonra özünü necə aparmaqdadır. Adilər üçün elə böyük fərq yoxdur. Növbəsinə duracaq, anketlərə "hə-yox, "pol-parket" deyəcək, göndərişini hara yazsalar sakitcə götürüb gedəcək. Söhbət burada hər şeyi barmağının hərəkəti ilə görən, ancaq əmrlər verməyə öyrəşmiş canlardan gedir. Onlar neynəyəcək- gül sulayacaq, yoxsa alma əkəcək? Deyə bilərsiniz ki, orada bankir, siyasətçi, yol polisi... olmayacaq, hamı bir statusda olacaq. Bunu siz deyirsiniz, hələ bir soruşun görək buradakı statuslular nə deyir? Onların fantaziyaları o qədər güclüdür ki, bu fantaziyanın qabağında cənnətin özü də kasıb bir kafeyə bənzəyər. Bir neçə dəfə nazir vəsiqəsi, deputat nişanını özləri ilə gətirənləri görmüşəm. Biri polkovnik ulduzlarını çiyinlərinə tatuirovka elətdirmişdi. Laqunda ilə çıxardılar. Bağırtısı hələ də qulaqlarımdadır. Nə isə, özləri bilər. Mən bu dünyada onlarla çox qarşılaşdığım üçün dəqiq bilirəm ki, o tərəfə gedən kimi ya özlərini çəkib dağ başına qoymağa cəhd edəcəklər, ya da qarşılarına çıxanın kim olduğuna baxıb əlinə-ayağına düşəcək, yaltaqlanacaqlar. Ürəyim yandığından onlara bəzi məsləhətlər vermək istəyirəm, Qulaq assalar da sağ olsunlar, asmasalar da. Amma bilsinlər ki, gec-tez öləcəklər.
   
   Beləliklə, birinci qayda: Məhşər ayağında sizi sorğu-suala çəkən kişinin birbaşa gözlərinə baxmağa cəhd eləməyin. Alınmayacaq. Elə ona görə "məhşər ayağı" deyirlər. Özünüzü bu həyatda necə aparmısınızsa, elə də aparın. Yoxsa yalançılıqda, yaltaqlıqda ifşa edəcəklər və ciddi cəzalandıracaqlar. Orada nəyisə düzəltmək, rüşvət vermək, qonaq eləmək, heç yaltaqlanmaq da mümkün deyil.
   
   İkinci qayda. Diqqətli olun, çalışın ki, çox şeyi görüb yadda saxlaya biləsiniz. Sonra yer əhli ilə kontakt zamanı (məsələn, spiritizm seansı zamanı ruhunuzu çağıranda) danışmağa sözünüz olsun. Sözsüz ki, imkan və icazə versələr.
   
   Üçüncü qayda. Nə vaxtsa yaxşı davranışınıza görə sizə yer əhli ilə görüşməyə məzuniyyət-filan veriləcəyini düşünüb (amma dinlərin əksəriyyəti reinkarnasiyanı qəbul eləmir) millətin qarşısına hansı görkəmdə çıxacağınızı dəqiqləşdirin.
   
   Dördüncü qayda. Bu dünyada nəzir vermisiniz, göstərmək üçün məbədlərə getmisiniz, yəni xoş işlər gördüyünüzu əsas tutub o dəqiqə özünüzü mələklərlə bir ierarxiya pilləsinə pərçimləməyin. Bu yerlər çox məhduddur. Sizi isə yerdə heç kim müqəddəs elan eləməyib.
   
   Beşinci qayda: Buradakı kimi sarsaq, mənasız suallar verməyin. Orada da belə suallara cavab vermək çətindir. Verərlər ey, amma xoşunuza gəlməz, ziyanınıza işləyər.
   
   Özünüz də başa düşürsünüz ki, bir məqalə daxilində çox da böyük açıqlamalar vermək olmaz. Heç mənə də sərf eləmir. Pulsuz-parasız... Amma bu qaydalar nümunə üçündür. Özü də təkcə orada özünü necə aparmağı öyrənmək üçün yox, bəlkə daha çox burada nələrisə vaxt var ikən dəyişmək üçün. Bəlkə düşünəsiniz?..
   
   
   
   
   
   

TƏQVİM / ARXİV