adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

KALiQULANIN SON GüNLƏRi, YOXSA

OQTAY SALAMOV
20108 | 2011-03-08 12:14
Başlayacağım yazı formasından heç xoşum gəlmir. Oxucuların müəyyən faizi deyir ki, bildiyimiz şeylə təzədən vaxtımızı niyə alırsan. Bir hissəsi də deyir ki, qardaş, mən bilmirəm Kaliqula kimdir, nədir, ona görə də bu haqda yazıya sərf eləməli vaxtım yoxdur, yəni mənim üçün maraqsızdır. Ona görə də məcburi olaraq bəzi məqamları xatırlatmalı oluram.
   
   Yazının bu yerində söhbət Roma tarixində misilsiz qəddarlığı və əxlaqsızlığı ilə ad çıxarmış tarixə Kaliqula adı ilə düşən Yuli Sezarın oğlu Qay Germanikdən gedir. Kaliqula bütün parametrlər üzrə əxlaqı məhv edən davranış sərgiləyirdi. Kişilərin şəxsi qüruru sındırılırdı, hamı ona yaltaqlanmalı, əyilməli idi. Amma heç kəs bilməzdi ki, bir vaxtlar taxta sahib olduğu üçün şərəfinə 160 min qurban kəsmiş xalqın sevimlisi olan bu insan sonradan elə onu seçən xalq tərəfindən məhv ediləcək.
   
   Hələlik tarixə ekskursu saxlayaq və bu günümüzə dönək. Bu günlərdə təsadüfən Rusiyanın NTV kanalı ilə Alla Puqaçova və onunu "sonuncu" sevgilisi Maksim Qalkinlə olan böyük məhəbbətinə həsr edilmiş "Rossiyskiye sensassi" verilişinə baxdım. Mənimlə birgə milyonlarla tamaşaçı o cümlədən uşaqlar da 40 dəqiqə bu sərsəmliyə baxdılar. Jurnalistlər beynimizə hansısa Böyük Qadın və böyük məhəbbət etalonu pərçimləməklə Alla Puqaçovanın bir çox yaxın ətrafından intervü götürürdülər...
   
   Bilirəm, çoxlarınız qımışdınız ki, niyə Allanı deyirsən, özümüzünkülərdən danışmağa cəsarətin çatmır? Çatır, əzizlərim, çatır. O sizin cəsarətinizdi çatmayan ki, belələrini "ulduz" eləyib başa çıxardığınızı, belələrini az qala əxlaq mücəssiməsi elədiyinizi etiraf edə bilmirsiniz. Özü də cəmiyyətimizin ən yüksəklərindən başlayaraq, elə hamımız. Mənə bayramın filanın dəxli yoxdur, istəyirsiniz adlarını da çəkim, şəkillərini də vurum, nə dəyişəcək? Mənim istədiyim sizin bu biabırçılıqlara münasibətinizin dəyişməsidir. Yaxşıdır, qoy elə Alla Puqaçovanın timsalında deyim. Vətəndaşlar, sizə elə gəlmirmi ki, bu özündən razı, hamıya tüpürmək iddasında olan xanımı tərifləmək, başa çıxarmaq yox, ən azından "görməmək", saymamaq lazımdır? Axı gözümüzün qarşısında gənclərimizin adi insanlıqdan sapması baş verir. Sabah bugünkü uşaqların bizim qəbrimizin yerlə-yeksan eləməyə, vallah, haqları var. Kimi kumir seçirik, kimi tərifləyirik, kimə fanatlıq edirik, kimə oxşamaq istəyirik??? Qardaş, istəsən də, istəməsən də, belələri cavanlara nümunə olur. Sənin nəslini cavanların davam etdirməyəcək? Bəs onda bu nə rəzalətdir biz edirik?..
   
   Kim istəyir, Alla Puqaçova onun anası-bacısı olsun- seçim sizindi. Deyir at özgənin... Yəni sevir? Sevsin dəə, bunu ölkənin (həm də təkcə öz ölkənin yox) müzakirəsinə niyə çıxarırsınız?
   
   Bir televiziya işçisindən soruşuram ki, sənin evdə uşaqların yoxdur, o nə süjetlərdi hansısa ... az qala yatağından reportajdı efirə verirsiniz? Deyir bu reytinqdir, deməli puldur. Deyir, sənin o intellektual verilişlərinə baxan yoxdur, tamaşaçı belə şeylərə reaksiya verir. Televiziyalar da reytinqə işləyir axı. Hansı verilişin reytinqi var- onun sponsoru, reklamçısı var. Sponsor, reklam isə - PULDUR!
   
   Qardaşım, "istəmirsən baxma!" anlayışı pravokasiyadır, belə olmur. Nə qədər həyəcan zurnası çalmaq olar ki, televiziyada göstərilən istənilən əxlaqsızlıq ilk növbədə gənclərin tərbiyəsinə zərbədir? Əgər bunun adı təcavüz deyilsə, onda ən azından təzyiqdir: həyat məntiqinə, şərəfimizə- o tapdalanır, vicdanımıza- o məhv edilir, gələcəyimizə- belə azadlıq və vulqarlıqdan sonra o, sadəcə olaraq olmayacaq...
   
   Əşi, ta elə bir rekord qalmadı ki, bu allalar qırmasın. Arvadın ərdən 34 yaş böyük olması adi insan təbiətinin qəbul edə bilməyəcəyi bir şeydir. Ər bu qədər böyük ola bilər. Əlbəttə, gərək arvad öz qocasına baxmağa razıdırsa. Hər halda, kişi təbiətinə görə, öz ər vəzifələrini yerinə yetirməyə bütün yaşlarda qadirdir. Onun arvadı isə doğa bilməlidir- Həyatın davamı üçün...
   
   Bəs burada nə baş verir? Bu adamaların marağı nədir? Bu onların öz işidir. Onda qoy "xanım"la "bəy" oturub memuarlarını yazsınlar- öz hesablarına qəhrəmanlıqları, macəraları haqda kitablar çap etdirsinlər. Belə təcrübəyə ehtiyacı olanlar da alıb oxusunlar. Nəyə görə Rusiya orada, biz burada müzakirə etməliyik ki, Puqaçova 30 yaşı olanda Almaniyada gələcək ərinə necə dayəlik edirdi? Bu proqramın sifarişçiləri və müəllifləri kimə gülürlər? Bizim hamımıza! Nədi, doğrudan hamımızın ağlımız başımızdan çıxıb?
   
   Vallah, belə şeyləri görəndə adamın özünün-özündən zəhləsi getməyə başlayır. Kaliqulanı tarixə salan, tarixdə saxlayan amillərdən biri də, bizim üzgörənliyimiz, yaltaqlığımız idi...
   
   "O, atasının hakimiyyəti illərində sürgündən sağ qayıtmış birindən soruşur: "Siz orada neyləyirdiniz?". Qoca isə yaltaqcasına cavab verir ki, "Dua edirdik ki, atanız ölsün və onun yerinə hakimiyyətə siz gələsiniz".
   
   Bu Germanikin yadına düşəndə "Demək, mənim sürgün etdirdiklərim də mənim ölümümü arzulayır" düşünür və sürgündən gələnlərin hamısını öldürtdürürdü. Bunlar artıq xalqı cana doydurmuşdu".
   
   
   
   

TƏQVİM / ARXİV