BiZiM SiNFiN QIZLARI

ƏBÜLFƏT MƏDƏTOĞLU
34206 | 2011-03-08 12:14
Həyat çox qəribədir. Ona görə qəribədir ki, onun harda başlayıb, harda bitəcəyini və həmin o aralıq məsafədə səni nə gözlədiyini heç vaxt dəqiq bilmirsən. Və ona görə də bu qəribəliklərin içərsində getdiyin həmin yolu götür-qoy etməyə, ölçüb-biçməyə, mahiyyətini anlamağa çalışırsan, lakin xəbərin olmur. Sərf etdiyin həmin o vaxtın özündə də ömür ötüb gedir, sən isə o ötən ömrün içərisində zamanla birlikdə əriyirsən...
   
   Yəqin ki, poeziya həvəskarları mərhum şairimiz, gəncliyin sevimlisi Nüsrət Kəsəmənlinin "Bənövşə bəndə düşdü" şeirini oxumusunuz. Əslində bu həm də bir xalq oyunudur. Sizləri deyə bilmərəm, amma mən də kənddə bu oyunu oynamışam. İndi də uşaqlıq illərinə qayıdıb hamını, hər şeyi unudub məmnuniyyətlə bu oyunu oynayardım. Mənim qatarım artıq gedib. O illərə ancaq xəyalla qayıda bilərəm. Bax, mən də tutmuşam xəyalın ətəyindən. Tutmuşam və qayıdıram üzü geri...
   
   Dağlar qoynunda bir kənd vardı. İndi də var, amma düşmən tapdağı altındadı. Mən onu yuxularımda görürəm. Təbiətin ən gözəl guşələrində yerləşən kəndin zamanına görə çox böyük məktəbi də vardı. Biz o məktəbdə oxuyurduq. Birinci sinfə qədəm qoyanda nə az, nə çox düz 32 şagird idik. Hamımız da müəllimə çəkinə-çəkinə, sıxıla-sıxıla baxır, inana bilmirdik ki, müəllimdə çörək yeyir, müəllim də bizim valideynlərimiz kimi həyat ehtiyacı olan işləri görür. Bax, biz belə böyüyürdük, oxumağımız isə göz önündə idi. Biz orta məktəbi bitirəndə artıq 23 nəfər qalmışdıq. Digər 9 şagird isə 8 illik təhsilini başa vurdu, bizimlə sona qədər gəlmədi. Amma yoldaşlığımız, dostluğumuz davam etdi. Çünki biz loru dildə desək, bir qazanda qaynayan uşaqlar idik. Bizim sinifdə bir-birindən qəşəng qızlar oxuyurdu. Onlar nə pəri deyildi, nə hürü deyildi, nə də mələk deyildi. Sadəcə dağ kəndinin tər çiçəkləri, qönçə gülləri idilər. Gözümüzün önündə böyüyürdülər qızlar bulağının suyundan içə-içə... Biz də onların gözünün önündə qarğı atımızdan düşüb oğlanlar bulağına tərəf yol gedirdik. Bu böyümə anbaan baş verirdi, amma biz görmürdük. Çünki biz hamımız bir kəndin uşağı, bir sinfin şagirdləri idik.
   
   Bu günə qədər yadımdadı o qızların adları. Hətta oturduqları partaları da sıra ilə düzə bilərəm. Kimin kimlə əyləşdiyini də bir nəfəsə sadalayaram.14 qız oxuyurdu bizimlə: - Həqiqət, Şövkət, Gülzar, Həcər,Rəfiqə, Dilşad, Zöhrə, Zəminə, Elmira, Məfkurə, İradə, Lətafət, Zərnigar və Mirvari!
   
   Hamısını bacı gözündə görürdük və onlar da bizi qardaş sayırdılar. Biz onlardan sirr saxlamırdıq, onlar da bizə güvənirdilər. Başqa sinfin oğlanlarının gözünün odunu elə almışdıq ki, bizim qızlara tərəf çönüb baxa bilmirdilər. Hamı həsəd aparırdı bizim sinfə. Biz sinifdən sinfə keçmirdik, biz sinifdən sinfə böyüyürdük. Böyüdükcə də şıltaqlığı, dəcəlliyi yavaş-yavaş unudur, onun əvəzinə məktəbin ictimai həyatında yaxından iştirak etməyə, tamaşalar hazırlamağa, kitabların müzakirəsinə, divar qəzetlərinin hazırlanmasına, bilik yarışlarına vaxt ayırırdıq. Təsadüfi deyil ki, bizim sinfin uşaqlarının əksəriyyəti ali məktəbə qəbul olundu, oğlanlar da qızlar da. Hamısı da bir-birilə bilik yarışına çıxdığına görə... Hamısı da bir-birinə söz vermişdi ki, mütləq ali məktəbə qəbul olunacaq. Ona görə də oxuyurduq. Müəllimlərin başını-beynini suallarımızla yaxşı mənada dəng edirdik.
   
   İndi o vaxtdan illər keçib. O uşaqlar hərəsi bir evin kişisi, bir evin xanımıdı. O sinfin qızlarının içərisində qaynana olan da var, oğlanlarının arasında qaynata olanlar da. Amma o qızlar bizim üçün sinif yoldaşı - bacı kimi qalıb. Şəxsən mən hərdən o sinif üçün, o illər üçün çox darıxıram. Elə istəyirəm ki, qızlar pıçıldaşsın, yenə kimisə yavaşca sancsınlar, kiminsə qeybətini etsinlər, kimin kimdən xoşu gəldiyini him-cimlə qandırsınlar. Xüsusilə mənim gözlərimi bir adama sancıb dərs danşımağımı müxtəlif yerlərə yozsunlar, dərs kitablarımın arasında gəzdirdiyim şeirlərimi xəlvət bir-birlərinə köçürüb ötürsünlər. Bir sözlə, çox darıxıram o illər üçün, o qızlar üçün. Xüsusilə ona görə ki, hər şey onda çiçək kimi idi, pak idi. Sevgi də, səmimiyyət də, qızlar da, oğlanlar da, həyat da.
   
   Bax, elə ətəyindən tutduğum xəyal həmin o qızlara ünvanladığım bir şeiri kağıza köçürməyə məcbur edir məni. Şeirin də adı "Bizim sinfin qızları"dı.
   
   
   
   bir-birindən göyçək
   
   bir dəstə çiçək
   
   qoparaq ləçək-ləçək
   
   köçdülər evlərə
   
   köçdülər ellərə-
   
   bizim sinfin qızları...
   
   
   
   dilək yatan
   
   adları da var idi
   
   kəpənəkli
   
   bantları da var idi
   
   bəzən şıltaq
   
   həm hikkəli
   
   vaxtları da var idi-
   
   bəzək idilər,
   
   ətir idilər güllərə-
   
   bizim sinfin qızları...
   
   
   
   bədirlənib
   
   bir gün ay tək
   
   gözümüzün qarşısında
   
   pardaxlanan
   
   çoxumuza
   
   qardaş deyib
   
   arxalanan
   
   biri məndən
   
   üzük alıb adaxlanan
   
   söz olmayan
   
   yad baxışa
   
   yad dillərə-
   
   bizim sinfin qızları...
   
   
   
   uşaqlığın
   
   xoş keçirib
   
   şən böyüdü
   
   arzusuna
   
   istəyinə
   
   tən böyüdü
   
   illər ötdü
   
   ömür keçdi
   
   saçlarında dən böyüdü
   
   bir də gördüm
   
   bənzədilər
   
   min çalarlı
   
   ağ güllərə -
   
   bizim sinfin qızları...
   
   ... Hə, bu gün 8 Martdı. Biz sinifimizin qızlarını həmişə kitab və "açıqca" (otkritka) yazıb bağışlayırdıq. İndi onların hərəsi bir tərəfdədi, əlim çatmır. Heç nəyə də gücüm çatmasa, indi mən onlara məmnuniyyətlə öz kitabımı bağışlayardım və deyərdim ki, bu hədiyyə ilə uşaqlıqda günahlarım olubsa, sinfimizin xatirinə bağışlayın! Bayramınız mübarək, bizim sinfin qızları!
   
   
   
   
   
   

TƏQVİM / ARXİV