GÜN O GÜN OLSUN Kİ...

VAQİF YUSİFLİ
55646 | 2015-05-06 09:21
Böyük Vətən müharibəsi Azərbaycan poeziyasının görünməmiş dərəcədə fəallığını, xalqla birbaşa əlaqə və bağlılığını, ünsiyyət merianlarını genişləndirdi. Azərbaycan şairləri də əsgərlərə döndülər, təbii ki, onların silahı Söz idi. Bu Söz beş il ərzində döyüşçülərə qələbə ruhu aşıladı, səngərləri gəzdi, Azərbaycan əsgərlərinin igidliklərini vəsf etdi, arxa cəbhədə yaşayan anaların, ataların, nişanlı qızların həsrətini, intizarını və əlbəttə, qələbəyə inamını əks etdirdi. Yazılan hər bir şeir həm qələbə, həm də nifrət üstündə köklənmişdi. Qələbəyə inam və düşmənə nifrət! Bu yazıda biz o illərdə diqqəti cəlb edən bir neçə şeirdən söz açacayıq.
Müharibənin ilk illərində şeirimizdə çağırış və səfərbərlik ruhu güclü idi. Şairlər cəbhəyə yollanan oğullarımızı qələbəyə, qisas almağa səsləyir, onlara Vətəni qorumağı, onun şərəfini uca tutmağı tövsiyə edirdilər. Özləri də and içirdilər. Süleyman Rüstəm yazırdı:

Mən istərəm sağ çıxmayım bahara,
Təki anam düşmənə baş əyməsin.
Bu müqəddəs, son davada hər yara
Mənə dəysin, vətənimə dəyməsin!

Süleyman Rüstəm poeziyası həmişə vətənpərvərlik ruhunu aşılayıb. Onun müharibə illərində yazdığı bir çox şeirlər dillər əzbəri idi. Onun səsi xalqın səsi idi, hamının adından danışırdı:

Gün o gün olsun ki, qurtarsın dava,
Dağılsın buludlar, açılsın hava.
Alınsın düşməndən intiqam, qisas,
Torpaq nəfəs alıb dincəlsin bir az.
Silinsin könüldən, ürəkdən ağrı
Bir də tapdanmasın vətənin bağrı.
Yaxası ordenli igid yar gəlsin,
Xəbəri gəlməyən oğullar gəlsin!

Süleyman Rüstəmin o illərdə qələmə aldığı qəzəllər, "Cənub şeirləri", xüsusilə "Ana və poçtalyon" şeiri dillər əzbəri idi. Sanki ikinci bir Süleyman Rüstəm doğulmuşdu ki, öz poetik düşüncələrini daha sanballı ifadə etsin. Onun "Gözlə" şeiri arxa cəbhə ilə döyüşən cəbhənin birliyini, vəhdətini ifadə edirdi, bu şeirin qəhrəmanı öz sevgilisinə "məni gözlə, qayıdacağam!" deyirdi.

Sağlığımdan uzun aylar xəbərin olmasa da,
Saxla ilk eşqimi qəlbində əmanət, gözlə!
Desələr öldü, yalandır! Ölümümdən qorxma,
Görəcəksən məni qarşında hal-əlbət, gözlə!

Müharibə illərində belə bir keyfiyyət dəyişikliyi Rəsul Rzanın poeziyasında da hiss olunurdu. O, hələ müharibədən öncə faşizmi lənətləyən şeirlər və "Almaniya" poemasını yazmışdı. Müharibə illərində isə onun şeirləri döyüşçülərimizi qələbəyə çağırış ruhunu ifadə edir, Vətən məhəbbətini uca tutmağı aşılayırdı. Rəsul Rzanın "Bəxtiyar" şeiri müharibə illərinin poeziyasında xüsusi poetik təravəti ilə seçilirdi. Şeir igid döyüşçü Bəxtiyar Məmmədovun ölümünə həsr edilmişdi, O Bəxtiyar Məmmədovun ki, on bir faşistlə təkbaşına vuruşmuşdu, onları məhv etmişdi, özü də həlak olmuşdu. Şeir on hecalı (Azərbaycan şeirində çox az təsadüf olunan formada) qələmə alınmışdı:

Külək qarı səpələr, Bəxtiyar!
Ağ geyinib təpələr, Bəxtiyar!
Gecə qara, yol uzaq, qardaşım;
Göylər bulud, çöl-düz ağ, qardaşım;
Kaman çalan o kimdir, o, Bəxtiyar?
Küləkdir ya şamdır, o, Bəxtiyar?
Hənirini duydumu kəhərin?
Tüfənginə yapışdı əllərin.
Düşmən on bir, təkcə sən, nə zərər?
Tənlik işarəsidir güllələr!
Gənclik, həyat şirindir, qardaşım;
Vətən qat-qat şirindir, qardaşım.
Sən qorudun vətəni, Bəxtiyar!
Vətən unutmaz səni, Bəxtiyar!
Bundan sonra fəxr ilə analar
Körpəsinə ad qoyar: Bəxtiyar!

Müharibə illərində bir şairin də yaradıcılığında dönüş başlandı. Bu, öz lirik, rübayi şeirləri ilə diqqəti cəlb edən Əhməd Cəmil idi. O, hələ müharibədən öncə "Can nənə, bir nağıl de" şeirini yazmışdı, bu şeir "müharibə dövrünün əhval-ruhiyyəsi və hadisələri ilə qəribə şəkildə səsləşirdi. Atası orduya getmiş balaca bir oğlanla onun nənəsi arasında soyuq qış gecəsində gedən adi bir dialoq onların hər ikisinin daxili aləminə baş vurmaq, hansı hisslər və arzularla yaşadıqlarını görmək üçün geniş imkan verir" (Bəkir Nəbiyev).

-Ay nənə, bir nağıl de!
-Ömrüm-günüm, yat daha,
Hamısını indi desəm, nağıl qalmaz sabaha.
-Can nənə, de birini də.
-Ağrın alım, sözə bax.
Evimizdə səndən savay, gör heç varmı bir oyaq?
Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan;
Taxt üstündə məstan pişik, odur yatıb bayaqdan.
Ört üstünü, dərdin mənə, bax, eşikdə yel əsir.
Mehdi Hüseyn vaxtilə bu şeir haqqında yazırdı ki, şair son dərəcə orijinal bir formada optimist bir əsər yaratmışdır.
Bu əsərin gözəlliyini duymaq üçün onu başdan-ayağa diqqətlə oxumaq lazımdır. Bu şeirdə hər şey yenidir: məzmun da, ideya da, forma da, sözlər də.
"Can nənə, bir nağıl de!" hər şeydən əvvəl həyatımızın ən tipik bir hadisəsindən bəhs edir. Şair bu hadisəni bəzəmir, "romantikləşdirmir", amma əsər gözəl rayihəli bir romantika ilə nəfəs alır. Burada lirika da vardır, xəfif bir kədər də, bahar ətri verən bir sevinc də".

Bir gizilti duyur uşaq vücudunda bu ara,
Həsrət qonan gözlərini zilləyərək divara,
Çarpayının baş ucunda öz əliylə asdığı
Şəklə baxır, fikrə gedir, qucaqlayıb yastığı.
-Bəs ay nənə, atam indi haradadır, görəsən?!
-Bıy, başıma nələr, oğul, yatmayıbsan hələ sən?!
-Axı, nənə, heç demirsən atam haçan gələcək,
İndi onu səngərdə bəs üşütmürmü qar, külək?

Etiraf edək ki, Azərbaycan poeziyasında bu dərəcədə səmimi şeir o qədər də çox olmayıb. Həm də bu poetik nümunə süjetli şeirin ən gözəl örnəklərindən biri hesab edilməlidir.
Əhməd Cəmil bütün yaradıcılığı boyu poema adına bircə nümunə də yazmadı.
O, ömrünün sonunacan lirik şeir ustadı kimi tanındı. Xüsusilə müharibə illərində yazdığı şeirlərdə pafos və ritorika yoxdur, mədh və tərənnüm zilə qalxmır, şair əsgər qəlbinin çırpıntılarını şeirə gətirirdi. Səməd Vurğun yazmışkən: "O öz incə rübabında çaldığı nəğmələrlə həyat və səadət ordumuzun qəlbinə ilham və qüvvət verir, qəhrəmanlarımızın mərd əllərini alqışlayır, həyat və azadlıq bayquşlarının törətdiyi dözülməz faciələrin bədii tablosunu verir".
Səməd Vurğun şairin müharibə illərində yazdığı "Nişan üzüyü" şeirini xatırladır:

Qarlı düzdən uçub qonur komaya qış axşamı,
Şölə çəkir kənd evinin titrək, yanan ağ şamı.
Əsgərlərin miz üstünə əyilmişdir başları,
Qəzəbdənmi, kədərdənmi çatılmışdır qaşları.
Ortalıqda bir üzük var...Üstündə qan ləkəsi,
Gəzir evdə əldən-ələ soyuq alman qəməsi...
Şam əriyir, ocaq sönür, hamı dalğın, hamı lal...
Buz bağlamış pəncərədən baxır bir solğun xəyal:
O, tanıcaq üzüyünü, ala gözləri dolur,
Sonra yenə buz bağlamış pəncərədə yox olur.

Əhməd Cəmil insan hisslərinin, duyğularının rəssamı idi. İndi bəzən o illərin poeziyasından söz açan bəzi müəlliflər yazırlar ki, sovet dövrünün şairləri zərif hisslərdən, duyğulardan yan keçmişlər. Bu fikrin nə qədər yanlış olduğunu sübut etməyə ehtiyac yoxdur.
Budur, müharibənin od-alov saçan səngərindən bir əsgərin qəlbi həzin-həzin səslənir:

Ocaq sönür, yel əsir, yağış döyür səngəri...
Yenə düşür yadıma ömrün ötən günləri.
Hanı, hanı deyirəm, o dilimin əzbəri,
İlk görüş, son ayrılıq xatırında qalırmı?
Görəsən, o gözəl qız məni yada salırmı?

Ötən bulud, uçan quş! Mən burda, yar vətəndə...
Bəlkə düşdü yolunuz bir gün bizim də kəndə.
Görün, bağa-eyvana sərin kölgə düşəndə
O qız yenə oxuyub şən mahnılar çalırmı?
Görün, hər nəğməsində məni yada salırmı?

Bir sözlə, müharibə illəri poeziyası öz xüsusi ahəngi, vətənpərvərlik ruhu, həm də qələbəyə inam duyğuları ilə ədəbiyyat tariximizdə yeni bir səhifə açdı.

TƏQVİM / ARXİV