adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
06 May 2015 11:29
36674
AVTOMABİL
A- A+

Sürücələrə şad xəbər

Bakı Dairəvi-1 avtomobil yolunun şəhər istiqamətinə doğru olan hissəsi təmir olunub.

Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-dən verilən məlumata görə, I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması məqsədilə Bakı Dairəvi-1 avtomobil yolunun "Lökbatan" dairəsindən şəhər istiqamətinə doğru olan 14 kilometrlik hissəsində aparılan təmir-tikinti işləri yekunlaşıb. Artıq yol tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

Bakı Dairəvi yolun Lökbatan dairəsindən şəhərə doğru olan hissəsində Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC tərəfindən təmir-tikinti işlərinə mart ayında başlanılıb. Təmir-tikinti işləri zamanı yol yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, həmin hissələrdə yeni yol yatağı salınıb. Yolda 4 min kubmetr torpaq işləri görülüb, ümumilikdə təqribən 210 min kvadratmetr yeni asfalt-beton örtüyü salınıb. Yolda zədələnmiş və əyilmiş əyrixətli tirlər yeniləri ilə əvəzlənib, nişanlanma xətləri, "Oyunlar zolağı" çəkilib və zəruri olan yerlərdə yol nişanları quraşdırılıb. Bundan başqa, yolun kənarlarında və ayrıcı zolaqların mümkün hissələrində abadlaşdırma və yaşıllaşdırma işləri həyata keçirilib.