HEÇ KİMƏ BƏNZƏMƏYƏN ADAM

FAİQ QİSMƏTOĞLU
72011 | 2015-05-06 08:52
Ağayana hərəkətləri və ciddi baxışı ilə digərlərindən seçilir. İstəyir vəzifədə olsun, istəyir vəzifədə olmasın, amma həmişə böyük hörmət-izzət sahibi olub. Vəzifə onu ucaltmayıb, o, vəzifəyə şərəf gətirib və onu ucaldıb. Gənc vaxtlarından savadına, qabiliyyətinə və insanlarla ünsiyyət yaratmağına görə irəli çəkilib. Harda işləyibsə, orda böyük hörmət-izzət sahibi olub.
Oxucunu darıxdırmaq istəmirəm, çünki özüm də bir balaca darıxdım. Və haqqında yazmaq istədiyim adamı sizə təqdim etmək istəyirəm - Şakir Hacıyev. Şakir müəllimi Füzulidə elə bir adam yoxdur ki, tanımasın. Dağ adamları həmişə saf, duru, bulaq suyu kimi təmiz olur. Yəni onlara hər an arxalanmaq, bel bağlamaq mümkündür. Şakir müəllim də gözünü açandan Füzulinin gözəl bulaqlarının suyunu içib, meşələrinin havasını udub, ormanlarını, dağlarını gəzib.
Şakir müəllimlə məni balaca qardaşım Elxan müəllim tanış edib. Onda mənim qardaşım Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində qiyabi təhsil alırdı. Şakir müəllim də böyük bir qoyunçuluq sovxozunun direktoru idi. Qardaşım Elxan da həmin sovxozda hüquq məsləhətçisi işləyirdi. Yaxşı yadımdadır, hər dəfə imtahan sessiyası başlamamışdan o, qardaşımın pay-puşunu verir, cibinə pul qoyurdu. Deyirdi ki, get Bakıya imtahanlarını ver. Nə çətinliyin olsa, qorxma, arxanda durmuşam.
Təbii ki, mənim qardaşım da adam incidən deyildi, amma çörəyi, yaxşılığı heç vaxt yadından da çıxartmır. Bu günün özündə də Şakir müəllimdən söz düşəndə ürəyi atlana-atlana deyir ki, o kişi mərd adamdır, yetimə-yesirə, kimsəsizə kömək eləyəndir. Elədiyi yaxşılığı, göstərdiyi köməyi başqaları kimi başa qaxan deyil.
Şakir Hacıyevlə mənim atam da dost olub, böyük qardaşımla da və mənimlə də. Belə çıxır ki, bu kişi ilə bizi uzaq bir keçmiş birləşdirir. O keçmiş ki, atalarımızla kəsilən duz-çörəyi indi biz davam etdiririk. Və buna görə də həmişə qürur duyuruq. Ən çətin günlərimizdə, kədərli, hüznlü anlarımızda dərdimizə şərik olub Şakir müəllim. Ağayana, qeyri-adi hərəkətləri ilə bizə təsəlli verib. Bax, bu bizi həmişə o ağır dərdin içindən çıxarıb.
Bir gün Füzuliyə getmişdim. İndiyə qədər yaxşı yadımdadır. Ulu Öndər Heydər Əliyevin ad günü idi. Həmin günü Əhmədbəyli kəndindəki orta məktəbdə Heydər Əliyevin xatirəsinə tikilmiş kompleks açılırdı. Həmin kompleksi məktəbin direktoru Murad Şükürov öz vəsaiti hesabına tikdirmişdi. Sabiq icra başçısı Nəbi Muxtarov, keçmiş rəis, polis polkovniki Binnət Məmmədov və digər hökumət nümayəndələri həmin tədbirdə iştirak elədilər. Nəbi müəllim çox gözəl çıxış elədi və tədbir iştirakçıları hamısı bu kompleksin üzərinə gül dəstələri qoydular. Sonra isə Nəbi müəllim ordakı dostlarının hamısına dedi:
- Bu gün Şakir Hacıyevin əlli yaşı tamam olur.
Həmin günü Şakir müəllimin dostlarının hamısı onun süfrəsinin arxasında əyləşmişdilər. Rayonun sabiq prokuroru Sabir Abdinov çox gözəl bir ziyalıdı. İndi o, Respublika Prokurorluğunda işləyir, Sabir müəllim də məclisdə Şakir müəllim haqqında ürək sözlərini dedi və yeni yazdığı bir şeirini də oxudu. Onu da qeyd edim ki, Sabir Abdinov çox gözəl şairdi və məşhur bir şeirin - "Mənə dəniz verin" şeirinin - müəllifidir. Bir sözlə, mayın 10-da Füzulinin Horadiz şəhərində çox gözəl bir gün yaşadıq. Axşamüstü isə dostlarla bir yerdə gəzintiyə çıxdıq.
Həmin günlər üçün bu gün burnumun ucu göynəyir. Hər dəfə mayın 10-da Şakir Hacıyevə telefon açıram və ad gününü təbrik edirəm. O isə özünəməxsus bir təmkinlə dillənir:
- Müəllim, sən ki belə diqqətcilsən, Allah da sənin köməyin olsun. Sizin nəsil dostluğa, çörəyə çox sədaqətlidir.
Şakir Hacıyev uzun müddət Füzuli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində işləyib. Hamıya da can deyib, can eşidib. Bu gün isə rayon icra hakimiyyətinin Füzuli şəhəri üzrə nümayəndəsidir. Həmişə olduğu kimi, bu gün də o, sadə, səmimi və ağayana hərəkətləri ilə insanların qəlbində özünə böyük hörmət qazanır.
O, heç kimə bənzəməyən adamdır. Bunu ona görə deyirəm ki, həyat yoldaşı dünyasını dəyişəndən sonra ailə qurmadı, qız uşaqlarının hamısına həm analıq elədi, həm də atalıq. Hər dəfə qızlarının toyunda həyat yoldaşı barəsində çəkdirdiyi klipi nümayiş etdirir. O klipə baxanda Şakir müəllimin nə qədər sədaqətli və vəfalı bir ailə başçısı olduğunun bir daha şahidinə çevrilirik. Şakir müəllim o biri qızlarını da boya-başa çatdırdı, onlara toy edib xeyir-dua verdi. Və o uşaqlar Şakir müəllimin böyük ürəyinin işığından nur alaraq anasızlığı hiss etmədilər. Düzdür, bu ağır bir şeydir, amma Şakir Hacıyev elə bir sədaqətli həyat yoldaşı olub ki, bu cür adamlar barmaqla sayıla bilər.
Biz həmişə qadınları sədaqətli görmüşük. Görmüşük ki, əri dünyasını dəyişən qadınlar qara paltar geyiblər və yenidən ərə getməyiblər. Amma biz kişilər isə, gəlin etiraf edək ki, ipiqırığıq. Bəzilərimiz həyat yoldaşımızın heç ilini belə gözləmirik və özümüzdən 10-15 yaş cavan bir xanımla ailə həyatı qururuq. Hərə öz ömrünü yaşayır və heç kimin də özəl həyatına müdaxilə eləmək ixtiyarımız yoxdur. Ancaq ona ixtiyarımız var ki, Şakir Hacıyev kimi namuslu, sədaqətli və vəfalı həyat yoldaşlarını milyonlarla insana tanıtdıraq və onları sevindirək.
Mayın 10-da Şakir Hacıyevin ad günüdür. Bu sədaqətli, saf, bulaq suyu kimi duru dostumuza can sağlığı, uzun ömür arzulayırıq. Arzulayırıq ki, nəvələrinin arasında bundan sonra ağrımayan, acımayan bir ömür yaşasın və günlərin bir günündə də Füzuli şəhərinin işğaldan azad edildiyi günü görsün. Öz ocağına, öz yurduna dönüb yenidən orda gözəl bir ömür yaşasın...

TƏQVİM / ARXİV