adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

TALEYiNi MüHACiRƏTDƏ YAŞAYAN DAHi

BABƏK YUSİFOĞLU
34722 | 2011-03-08 12:14
(ƏVVƏLİ 01 MART 2011-Cİ İL TARİXLİ SAYIMIZDA)
   
   
   
   Nəhayət Dünya Çempionluğu uğrunda matç 1927-ci ilin payızında baş tutdu. Vaxtıyla imzalanmış "London protokolu"nun şərtlərinə görə, bu qarşılaşmada 6 qələbə qazanmaq lazım idi. Çünki heç-heçələr nəzərə alınmayacaqdı.
   
   Beləliklə, dünyanın gözlədiyi matç başladı. Və... Kimsənin gözləmədiyi halda Alyoxin start partiyanı uddu. İkinci partiya heç-heçə sonuclansa da 3 və 7-cini o, məğlub oldu. Və bundan sonra hər kəs Alyoxinin ilk partiyadakı uğurunu təsadüfü saydı, Kapablankanın qələbə qazanacağına bir daha inandı. 12-ci partiyayadək heç-heçələrlə müşayiət olundu. Alyoxin 12-ci partiyanı da qələbə ilə başa vurduqdan sonra durmadı. Qələbələrini davam etdirdi. Qarşılaşma sona yaxınlaşırdı. Alyoxinin iki piyadası artıq olan 34-cü partiya endişpildə təxirə salındı, amma Kapablanka sonra oyunu davam etdirmək üçün yarışa gəlmədi, məktubla məğlubiyyətini bildirib, Alyoxini qalibiyyət münasibəti ilə təbrik etdi. Çempionluq yarışında Alyoxin 6:3 hesabı ilə dünya çempionunu məğlub edərək onun əlindən Çümpionluq titulunu aldı. Bu çox parlaq bir qələbə idi.
   
   Şahidlər yazırlar ki, oyundan sonra tamaşaçılar Alyoxini qaldığı otelədək əlləri üzərində apardılar. Dünya yeni çempionunu tanıdı və alqışladı. Amma bir hadisə vətənində Alyoxinə etirazlara rəvac verdi. Parisə qayıtdıqdan sonra Rus klubunda onun şərəfinə hazırlanmış banketdə mətbuata danışıqdan xoşlanmayan, sovetlərə qarşı bəyanat verməkdən qaçan Alyoxin çıxışında demişdi. "... Bolşeviklərin məğlubedilməzliyi haqqında yaranmış mif dağıldığı kimi, Kapablankanın da məğlubedilməzliyi dağıldı". Qeyd edək ki, bundan sonra sovetlər ölkəsiylə olan çox zəif əlaqələr də kəsildi. Bolşevik dünyası onu xalq düşməni olduğunu bəyan etdi. (Amma çox sonralar münasibət dəyişdi).
   
   
   
   ŞAHMATIN CANLI ƏFSANƏSİ...
   
   
   
   1929-cu ildə Amerikanın Bredli-Biç şəhərində Boqolyubovla keçirilən dünya birinciliyi matçında Alyoxin 25 partiyanın 11-i uddu, 9-nu heç-heçə, 5-ni isə məğlubiyyətlə başa vurmaqla Dünya Çempionu adını qorudu. 1930-cu ildə isə dünyanın bütün ən güclü şahmatçılarının iştirak etdiyi İtaliyanın San-Remo şəhərindəki beynəlxalq turnirində oynadığı 15 partiyanın 13-nü qalibiyyətlə, yalnız ikisini heç-heçə ilə başa vurub birinci yerə çıxdı. Alyoxinin həmin turnirdə qazandığı bu qalibiyyətdən sonra insanlar ona şahmatın dahisi kimi baxmağa başladılar. Artıq bütün dünya bu qeyri-adi şahmatçını məğlubedilməz hesab edirdi. Rəqiblər onunla qarşılaşmada şahmat vunderkitinin qeyri-standart gedişlərindən çaş-baş düşürdülər. Bundan başqa, Alyoxinin daha bir məziyyəti də hər kəsin dilində əfsanəyə dönmüşdü. Şahmatçı qəribə seanslar verirdi. Tamaşaçıların gözü qarşısında 12, 15, 20, hətta 32 şahmat taxtasında eyni vaxt oynayır, heyrətamiz nəticələr əldə edirdi. Hətta gözü bağlı halda bir neçə şahmat taxtasında keçirdiyi oyunları qələbə ilə başa vururdu. Bu inanılmaz bir bacarıq idi. Artıq Alyoxinlə bağlı hər tərəfdə əfsanələr dolaşırdı. Bir hadisə də sonradan uzun illər danışıldı.
   
   Deyirlər ki, Alyoxin bir dəfə qatarla Fransadan Avstriyaya gedərkən Qatar sərhəddə 5-6 saat gecikməli olur. Havanın çox soyuq olmasına baxmayaraq Aleksandr Aleksandroviç perronda gəzməyi qərara alır. Və təsadüfən onun qarşısına çıxan vağzal rəisi bu kübar şəxslə salamlaşır, tanımasa da hörmət əlaməti olaraq onu öz otağına qəhvə içməyə dəvət edir. Alyoxin razılaşır. Otaqda qəhvə içərkən Alyoxinin gözünə orada gözəl bir şahmat taxtası sataşır. Məlum olur ki, vağzal rəisi şahmat oynamağı hədsiz dərəcədə çox sevir və yaxşı oynayır. Rəis naməlum qonağın şahmat taxtasına maraqla baxdığını görüb təklif edir ki, bu uzun saatların keçməsi üçün bir-iki partiya şaham oynasalar pis olmaz. Alyoxin bu oyunu hədsiz dərəcədə pis bildiyini söyləsə də vağzal rəisinin israrını rədd etmir. Başlamazdan əvvəl vağzal rəisi oyun onun üçün maraqlı olsun deyə öz vəzirini taxta üzərindən götürür. Qonaq bunu nə üçün etdiyini soruşanda rəis səbəbini Aleksandra açıqlayır. Alyoxin dinmir. Bir neçə partiya dalbadal qonağı asanlıqla udan vağzal rəisi həvəssiz halda şahmatı yığışdırmaq istəyir. Aleksandr Aleksandroviç etiraz edir. Bildirir ki, yəqin vəzirin taxta üzərindən götürülməsində sirr var, o fiqur götürdüyü üçün rəis udur. Bu dəfə Alyoxin israr edir ki, rəis özünün vəzir fiqurunu oyunda saxlasın. O isə öz vəzirini taxtadan götürür. Qonağı qırmamaq üçün bu təkliflə razılaşan vağzal rəisi etinasızcasına oynayır ki, rəqibini vəzirsiz udduğu halda vəzirlə məğlub etmək su içimi kimi asan olacaq. Amma uduzduqda əvvəlcə gözlərinə inanmır. Təkrar birdə başlayırlar. Vəzirsiz oynayan qonaq yenə onu udur. Yenə oynayırlar, rəis yenə uduzur. Qısası neçə dəfə oynayırlarsa vağzal rəisi biabırcasına uduzur. Əsəbindən bağrı çatlamaq həddinə gəlir. Alyoxinin isə getmək vaxtı artıq çatmışdı. Ayrılarkən o, rəisə Alyoxin olduğunu söyləyir...
   
   
   
   ADIN İTİRİLMƏSİ VƏ GERİ QAYTARILMASI...
   
   
   
   1930-cu illərdən sonra tədricən Alyoxinin karyerasında eniş başladı. Çünki Dünya Çempionu içkiyə qurşanmışdı. Vəziyyət hətta o həddə qədər gəlib çatdı ki, 1934-cü ildə keçirdiyi matçların heç birində qələbə qazana bilmədi. Şəxsi həyatında da qanqaraçılıqlar sürməkdəydi. Arvadı Nadejda ilə münasibətləri pozulmuşdu və onlar ayrıldılar. Amma heç vaxt boşanmalardan sonra uzun müddət subay qalmayan Alyoxin bu dəfə də çox tez bir zamanda şahmat turnirlərinin birində tanış olduğu ingilis şahmatçısı Qreys Visxarla evləndi.
   
   1935-ci ildə başlayan dünya çempionatı da onun üçün problemlər yaratdı. İlk üç partiyanı qələbə çalan Alyoxin biri-birinin ardınca heç-heçələrlə davam etdi, sonra qəfildən məğlubiyyətlər seriyası başladı. İddiaçı Eyva əvvəlcə hesabı bərabərləşdirdi, sonra isə rəqibinin gözlənilməz kobud səhvlərindən yararlanaraq irəli çıxdı. Nəhayət 30 partiyanın 9-nu Eyva, səkkizini isə Aleksandr Aleksandroviç qazandı və Alyoxinin çempionluq titulu əlindən alınmış oldu. O vaxtın şahmat qaydalarına görə, matç-revanş yalnız iki il tamam olandan sonra keçirilə bilərdi. Əslində həmin illər ərzində keçirilən beynəlxalq turnirlərdəki nəticələr də Alyoxinin xeyirinə olmadı. Buna görə də matç-revanşda da Alyoxinin uduzacağına hamı əmin idi.
   
   1937-ci ildə baş tutan həmin nüfuzlu turnirdə də ilk partiyalar bu ehtimalların doğruluğuna dəlalət edirdi. Hollandiyalı Eyva ilk partiyanı uddu, Alyoxinsə hesabı bərabərləşdirə bildi. Sonra isə hollandiyalı bir-birinin ardınca bir neçə partiyanı uğurla sonuclandırıb xeyli irəli çıxdı. Amma heç nə gözlənildiyi kimi olmadı. Finişdə Alyoxin Eyvanı "sındıra" bildi. Eyva son beş partiyanın dördünü uduzaraq Dünya Çempionu adını özünə qaytarmaq üçün revanşa girən Alyoxinin qarşısını ala bilmədi. 25 partiyanın 10-nu Alyoxin, 4-nü isə hollandiyalı uddu (11 matç heç-heçə nəticələndi).
   
   
   
   QALİBİYYƏT TURNESİ VƏ BAŞ TUTMAYAN MATÇ-REVANŞ
   
   
   
   Sonrakı bir neçə il ərzində də Alyoxin beynəlxalq turnirlərdə yüksək səviyyəli oyunlar nümayiş etdirərək insanlar arasında qazandığı məğlubelilməz adını da özünə qaytardı. Onun qeyri-adi şahmatçı olmasını sübut edən göstəricilərdən biri də bu idi ki, Alyoxin 1932-ci ildən başlayan və bir il sürən dünya qastrolunda - ABŞ, Meksika, Kuba, Havay adaları, Yaponiya, Şanxay, Honkonq, Filippin, Sinqapur, İndoneziya, Yeni Zelandiya, Seylon, Misir, Fələstin, İtaliyada... keçirdiyi 1320 partiyanın 1161-ni udmuş, cəmi 65 dəfə uduzmuşdur. Bu Dünya çempionları arasında rekord göstərici idi. Rəsmi turnirlərdəki göstəriciləri də heyrətamiz idi. Alyoxin 87 beynəlxalq turnirdə iştirak edib, onlardan 62-də birinci yer tutub.
   
   1940-cı ildə Alyoxin arvadı ilə bərabər Portuqaliyaya gəldi. Amma burada uzun müddət qala bilmədi. Faşist Almaniyasının Fransa üzərinə hücumundan sonra geri qayıdıb səhhəti əl verməsə də təkidlə könüllü olaraq Fransa ordusuna yazıldı. Bu illər ərzində ona matç-revanş üçün müraciətlər edən Kapablankaya razılıq verdi. 1942-ci ildə planlaşdırılan bu matç-revanş baş tutmadı. Kapablanka vəfat etdi. Sonrakı ildə isə Dünya Çempionunun özünün səhhətində də problemlər yarandı. O, yolxucu skarlatin xəstəliyinə tutulmuşdu. Əsasən uşaqlarda təsadüf olunan bu xəstəliyi o çox ağır keçirdi. Hətta həkimlər onun həyatını zorla xilas edə bildilər. Lakin çempionun sağlamlığı artıq korlanmışdı.
   
   
   
   DAHİLƏRİN DƏ
   
   SONU VAR...
   
   
   
   Bununla belə o, 1943-cü ildə Alyoxin beynəlxalq turnirdə iştitak etmək üçün İspaniyaya getdi. Bir müddət orada yaşadı. Daha sonra Alyoxin Portuqaliyaya - Eşortilə gəldi, burada qapalı həyat sürməyə başladı. Qələbəlik yerlərdə görünməkdən çəkindi. Amma buna baxmayaraq o, Botvinnikdən qarşılaşma üçün aldığı müraciətə razılıq verdi. Bundan sonra FİDE tərəfindən bu qarşılaşmanın vaxtı və yeri təyin edildi. Şahmat nəhənglərinin bu matçı 1946-cı il martın 23-də baş tutmalıydı. İştirakçılar artıq hazır idilər. Lakin təşkilatçılar, matçla maraqlananlar qeyri-adi vəziyyətlə qarşılaşdılar. Alyoxin yarışa gəlməmişdi. Hamı əvvəlcə bunu qeyri-adi şahmatçının növbəti şıltaqlığı kimi qəbul etsə də sonradan bununla maraqlananda nümayəndələr faciəli bir səhnə ilə qarşılaşdılar. Dahi şahmatçı Eştorildə qaldığı "Park-Otel" mehmanxanasındakı otağında, kresloda oturmuş vəziyyətdə ölmüşdü. Qarşısında da üzərində bütün fiqurlar öz yerində düzülmüş şahmat taxtası. Bu heyrətamiz səhnə olmaqla yanaşı, həm də üzücü, faciəvi bir aqibət idi. Onun belə şəkildə ölümü bir sıra versiyaların yaranmasına səbəb olsa da meyiti müayinə edən həkimlər bildirdilər ki, şahmatçının nəfəs borusuna qidanın düşməsi onun asfiksiyadan keçinməsinə səbəb olub. Alyoxin şahmat üzrə yeganə çempion idi ki, çempion kimi də dünyadan köçdü.
   
   Bu qeyri-adi şahmatçını Eştorildə torpağa tapşırsalar da 1956-cı ildə SSRİ hökuməti onun Vətəninə gətirilərək Moskvada dəfn olunmasını istədi. Amma Alyoxinin sonuncu arvadı Alexina Qreys ərinin məzarının Parisə gətirilməsinə təkid etdi. Dəfnindən düz 10 il sonra - 1956-cı il mart ayının 25-də Alyoxinin qəbiri həyatının çox hissəsini yaşadığı Parisə gətirilərək Monparnas qəbiristanlığında dəfn olundu. Bu dəfndə şahmatçını sevənlərlə yanaşı, FİDE-nin prezidenti və SSRİ-dən gələn nümayəndə heyəti də iştirak etdi. Məzarının üzərində bu sözlər həkk olunub: "Rusiyalı və fransalı şahmat dahisi".
   
   

TƏQVİM / ARXİV