HEYF O SEVGiYƏ...

ƏBÜLFƏT MƏDƏTOĞLU
36150 | 2011-03-05 07:35
Heç bilmirəm hardan başlayım. Çünki son bir neçə gündü az qala gecə də yastığımın altına qoyub barəsində düşündüyüm Nüsrət Kəsəmənli həyatımda çox qəribə və çox da maraqlı bir yerin sahibi olub. Yəni o mənim həyatımda öz haqqı, öz imzası olan unudulmaz bir dost, təmənnasız bir insan, həm də barmaqla nişan verilən kişi idi. Hələ üstəlik də o, təkcə öz zamanının yox, həm də bütün zamanların Nüsrət Kəsəmənlisi idi...
   
   Bax, sadaladığım bu bir neçə məqamın içərisində kifayət qədər ipucu var və kifayət qədər də o ipucundan yapışıb Nüsrətdən, o yaddaşımda qalan xatirələrindən, onunla birlikdə keçirdiyim günlərdən, həftələrdən, onunla etdiyim yol-yoldaşlığından, onunla kəsdiyimi çörəkdən, onunla iştirak etdiyim şeir axşamlarından, görüşlərdən bir kitablıq yazı yazmaq olar. Amma mən bütün bunların içərisində bir növ suda quraqlıq çəkən, boğulan balıq kimiyəm... Hər tərəf dəryadı, hər tərəf dənizdi, hər tərəf çaydı, göldü, bulaqdı, çeşmədi, lilpardı... amma mən susuzam, su istəyirəm. Gözüm görür, ağlım kəsir, amma nədənsə o suyu götürə bilmirəm, o suyu içə bilmirəm, o suya baş vura bilmirəm. Eləcə baxıram və istəyirəm...
   
   Çoxları kimi mən də ədəbi mühitdə şimşək kimi çaxan, gəncliyin dilinin əzbəri, qızların pərvanəsi olduğu, şeirlərini xatirə dəftərlərinə birnəfəsə yazdıqları Nüsrət Kəsəmənlini şeirlərindən tanıdım, kitablardan, qəzetlərdən, aparıcısı olduğu televiziya verilişindən oxudum, dinlədim və sevdim. Bax, bu oxuduqlarım, bu dinlədiklərim, bu sevdiklərim. Daha doğrusu, bu böyük sevgim məni Bakının küçələrində onunla qarşılaşdırdı. Özü də bu təsadüfi görüş deyildi, bu qarşılaşma oturub aylarla, günlərlə düşündüyüm, daha doğrusu, düşündüyümüz bir istəyin nəticəsi idi. Mən onu görmək üçün onun ən yaxın dostlarından olan və mənim öncə Qarabağlı və sonra dost kimi çox istədiyim Çingiz Əlioğlunun vasitəsi ilə o vaxtkı Yazıçılar İttifaqında ziyarət elədim. Həmişə açıq olan qapısından içəri keçib tanış olmaq üçün gəldiyimi dedim. Elə ilk təmasdan sözümüz tutdu, naxışımız gətirdi. Dünyaya baxışımız, oxşar talelərimiz, ədəbiyyata sevgimiz bizi bağladı bir-birinə.
   
   Sonra onunla Dövlət Universitetinin hazırlıq kursunda görüş təşkil etdik. Əslində bu görüşə bütün universitet gəlmişdi. Onunla birlikdə görüşə qatılan Çingiz Əlioğlu və bugünkü xalq şairi Sabir Rüstəmxanlı da alqışlarla qarşılandı. İlk dəfə onda böyük şairin - üç dostun barəsində eşitdiyim söz-söhbətlərin hansının nə qədər həqiqət olduğunu anladım. Gördum ki, onlar bir-birinə güvənirlər qələmdə də, sözdə də, yumruqda da. Lap sonralar bu üç dostun bir-birləri üçün cavanlıq edib yumruq düyünlədiklərini də, həddini bilməyənləri yerində oturtduqlarını da eşidəndə içimdən bir səmimi həsəd hissi keçdi. Və gördüm ki, şairlər dost olanda bir az da qüvvətli olurlar, həm həyatda, həm qələmdə, həm də sözdə.
   
   İndi bir kitab oxuyuram. Üstündə Nüsrətin cavanlıq şəkli var. Onun baxışlarından, onun gözlərindən tökülən işıqdan tutub şeirləri su kimi içirəm. Əslində bu şeirləri bəlkə mininci dəfədi oxuyuram. Oxumamışdan öncə bəlkə bir yüz dəfə də Nüsrətin öz dilindən müxtəlif görüşlərdə bu şeirləri eşitmişəm. Hətta səsyazma studiyasının yazdığı kasetdə də Nüsrəti öz dilində öz şeirləri ilə saatlarla dinləyib qonağı olmuşam. Unutmuşam dünyanı, hamını, hər şeyi, hər kəsi. Özü də mənim istəyimdən asılı olmayan bir unutmaqdır. Bu unutmağı mənə Nüsrətin şeirləri diqtə edib və mən də özümü unudub nağıllar dünyasına üz tuturam.
   
   
   
   Çapıb öz atını Ağatlı getdi,
   
   Atları şimşəkdən
   
   qanadlı getdi.
   
   Uşaq yaddaşımı
   
   qanatdı getdi,
   
   Daha nağıllara
   
   inanmıram mən.
   
   
   
   ... Elə yuxularda
   
   atlar kişnədi,
   
   Divləri qazana saldım,
   
   bişmədi.
   
   Gözlədim,
   
   göylərdən alma düşmədi,
   
   Daha nağıllara
   
   inanmıram mən!..
   
   
   
   Bu nağılın gerçək olacağına o qədər inanmışdım ki, o qədər ümid bağlamışdım ki, çünki nağılı mənə böyüklərim - nənəm, babam danışırdı. Və mən də bilirdim ki, böyüklər həmişə düz deyir, düz danışırlar. Ona görə də inanırdım ki, bu dünyada, daha doğrusu, bu dünyanın harasındasa bir ağatlı oğlan var, bu dünyanın harasındasa Aya, Günəşə "sən çıxma, mən çıxım" deyən ilahi bir gözəl var... Bu dünyanın harasındasa mütləq göydən alma düşür, özü də üçü birdən. Bax, o inamla yaşayırdım. Allah insaf vermiş Nüsrət ağlımı başımdan aldı və dedi ki, qardaş, mən də gözləyirdim alma düşmədi. Deməli, sən də get işinlə məşğul ol, göydən alma düşməyəcək, göydə alma yoxdu.
   
   Bu həqiqəti öyrətdi Nüsrət mənə şeirilə və bunu öyrətdiyi bir məqamda da özünəməxsus avazı ilə hamı kimi mənim də nəbzimi tutdu. Və o, hər kəsi mum edən, hər kəsi sükuta gətirən şəkildə şeir oxudu:
   
   
   
   Oyna, balam, oyna!..
   
   Babanı bəylər oynatdı,
   
   Torpağını yadlar oynatdı,
   
   Dizlərində at oynatdı,
   
   Nərdə öyrənən babana
   
   Bir gəlmə şahmat oynatdi.
   
   Filini uddu getdi,
   
   Atını uddu getdi,
   
   Atla bir gediş edib
   
   Topunu uddu getdi.
   
   Oyna, balam, oyna!
   
   
   
   Həqiqətdi, nə deyəsən. Heç əslində heç nədən oyanda nə varsa onu demək olar. Amma onu deməklə də heç nəyi öz yerinə qaytarıb qoymaq mümkün deyil. Çünki biz oynayanda da, oynadan da çox şeyləri unuduruq. Unutduğumuza görə yaddaşımız korlanır, kökdən düşür. Elə sevgimizdə də beləyik. Belə olmasaydıq Nüstər heç vaxt deməzdi:
   
   
   
   Göz yaşını axıtmağa
   
   dəyərmi,
   
   Sonunda bir güləcəyi
   
   yoxdusa.
   
   Hər görüşə sevgi demə,
   
   əzizim,
   
   Əgər onun gələcəyi
   
   yoxdusa.
   
   
   
   ... Demə mənə:
   
   nələr gəlir ağlıma;
   
   Vay onda ki, qara səndən
   
   ağ uma.
   
   Ürəksizə ürək verib ağlama,
   
   Bir gün sənsiz öləcəyi
   
   yoxdusa...
   
   
   
   Hə, mənə elə gəlir ki, bir mətləbə də az da olsa bu misralardan işıq düşdü. Ona görə az deyirəm ki, hərənin öz qavraması var, öz dərketməsi var. Mən də hər şeyi nəzərə alıb bu ifadəni işlətdim və elə həmin anda ağlımdan gəlib keçdi ki, deyəsən tünd alındı. Amma neyləyim, söz gələndə məqamında, yerində deyilməlidi. Axı Nüsrət də məqamında, yerində deyib sözünü həmişə. Deyib ki:
   
   
   
   Çox oynadıq məhəbbətlə,
   
   axırda,
   
   Tale bizə görk elədi
   
   deyəsən.
   
   Soyuqluğu hicran geyib
   
   əyninə,
   
   Üşümədi, kürk eylədi
   
   deyəsən.
   
   ... Bir yuvaya sakin ola
   
   bilmədik,
   
   Hissimizə hakim ola
   
   bilmədik.
   
   Bir olardıq, lakin ola
   
   bilmədik,
   
   Ağıl bunu dərk eylədi
   
   deyəsən.
   
   
   
   Hər kəs bir yolun əvvəlini tutub gəlir. Kimi yüyürə-yüyürə, kimi iməkləyə-iməkləyə, kimi dizin-dizin, kimi ətək tutub, kimi çomaqdan, kimi də Tanrının verdiyi ümiddən. Deməli, gəldiyimiz bu yol bizim özümüzə aiddi. Və özümüzə aid yolu gəldiyimiz kimi getməyi də bacarmalıyıq. Əgər bacarmırıqsa, əgər bəhanə axtarırıqsa, onda köməyə yenə Nüsrət çatır və deyir:
   
   
   
   Getmək istəyirsən
   
   bəhanəsiz get,
   
   Oyatma mürgülü xatirələri.
   
   Səsin həmin səsdir,
   
   baxışın ögey,
   
   Gedirsən,
   
   səsin də yad olsun barı...
   
   Getmək istəyirsən...
   
   o yol, o da sən...
   
   
   
   Çox ağıllı və səmimi bir məsləhət... Çünki gedəni saxlamağa, yolundan etməyə ehtiyac yoxdur. Əgər o getmək istəyirsə, onun içində o toxum cücərirsə, o mütləq bu gün də olmasa sabaha gedəcək. Elə vaxtında getməyi məsləhətdi və gedənə də demək lazım deyil ki: mən ki, sən deyiləm...
   
   
   
   Unutmadı gözlərini gözlərim,
   
   Mənim gözüm sənin gözün
   
   deyil ki.
   
   O yerləri naxışlayar izlərin,
   
   Mənim izim sənin izin
   
   deyil ki...
   
   
   
   ... Sən yolunu dəyişdirdin
   
   bir səhər,
   
   Mənim yolum sənin yolun
   
   deyil ki.
   
   Bu hicrana dözəcəyəm
   
   birtəhər,
   
   Dözəcəyəm, hicran ölüm
   
   deyil ki!..
   
   
   
   Əslində bu getmək istəyənə getməyənin, dayanıb gözləyənin bir xeyir-duasıdır, bir uğur arzusudu. Sakit bir səslə "mən sən deyiləm, gedirsən bəhanəsiz get. Sənin getməyin sadəcə hicrandı, ölüm deyil. Mən sənsizliyə də dözəcəm. Çünki sən özünü aparırsan, sevgini yox!". Təbii ki, bunun ardınca da ikinci bir xeyir-dua gəlir:
   
   
   
   Dünən toyun idin...
   
   Xoşbəxt olasan!
   
   Görünür bu bizə
   
   qismət deyilmiş...
   
   Unut!
   
   Elə bil ki,
   
   Sevdiyin oğlan
   
   Getdiyin oğlanmış,
   
   Nüsrət deyilmiş.
   
   
   
   Sevgidə bundan böyük səmimiyyət ola bilər?! Səni atana, səni sındırana ancaq xoşbəxtlik diləyirsən. Bunun üçün Füzuli olmalısan!.. Səməd Vurğun olmalısan!.. Müşfiq olmalısan!.. Məmməd Araz olmalısan!.. Bəxtiyar Vahabzadə olmalısan!.. Ramiz Rövşən olmalısan!.. Nüsrət Kəsəmənli olmalısan!.. Sözün böyük mənasında ŞAİR olmalısan. Əgər şair olsan, onda sadəcə ürəyində pıçıldayacaqsan:
   
   
   
   Soltanlıq taxtımız
   
   devrildi necə,
   
   Küləksiz, tufansız
   
   sovruldu necə.
   
   O, sevgi nifrətə
   
   çevrildi necə,
   
   Heyf o sevgiyə,
   
   o məhəbbətə.
   
   
   
   Və ardınca da bir az da həzin səs ilə:
   
   
   
   Qayıdıb gəlibsən
   
   gözləri yaşlı,
   
   Deyirsən:
   
   bir daha küsən deyilsən.
   
   Hanı o vüqarın,
   
   o saymazlığın,
   
   Yox, bu sən deyilsən,
   
   bu sən deyilsən.
   
   
   
   Hə, Nüsrət qardaş, mən sənin "Araz" nəşriyyatının dünyaya gətirdiyi 512 səhifəlik naşiri və redaktoru Əlirza Sayılov olan "Getmək istəyirsən, bəhanəsiz get" kitabını oxuya-oxuya ürəyimdən keçənlərin beş-üç cümləsini kağıza köçürdüm. Allah kömək olsun Gülər xanıma da, bilgisayarda axıra kimi səbrlə məni dinlədi. Adamı dinləyəndə onda yazmaq da, danışmaq da rahat olur. Bax, mən də bu yazını könül rahatlığı ilə diqtə etdim və istədim kitabı qatlayıb Gülər xanıma üzrxahlıq edim, amma vərəq çöndü və Səni unutsam misraların özünü təpdi gözümə:
   
   
   
   Mən səni unuda bilmərəm axı,
   
   Unutsam nələri unudam gərək...
   
   
   
   Və bir də:
   
   
   
   Qərib bir yolçuyam indi,
   
   Könül qəmli-qəmli dindi.
   
   Bu dərdimi hamı bildi,
   
   Yarım nədən bilməz oldu?!
   
   
   
   Hə, bax, onu hələ mən də bilmirəm. Ruhun şad olsun!
   
   

TƏQVİM / ARXİV