Nərgiz Cəlilova ilə gül haqqında

ETİBAR CƏBRAYILOĞLU
38189 | 2011-03-05 07:44
Rubrikanın müəllifindən
   
   
   
   Nərgiz Cəlilovanın timsalında bütün xanımları qarşıdan gələn bayram münasibəti ilə ürəkdən təbrik edirik. Əziz və gül kimi yaraşıqlı xanımlar, ona da əmin olun ki, biz sizi təkcə martın 8-də yox, təqvimdəki bütün günlərdə sevirik.
   
   Bayramınız mübarək!
   
   
   
   8 Martın addım səsləri lap yaxından eşidilməkdədi. Bir neçə gündən sonra hərə təqvimdəki bu özəl günü özünəməxsus qeyd etməyə çalışacaq. Xanımlara bahalı hədiyyə bağışlayan da olacaq, çiçək tapmaq üçün ayaqlarını yoran da. Adi bir xoş sözlə zərifləri təbrik etmək istəyən də.
   
   Bayram ərəfəsində "Abzasdan" rubrikası üçün gözəl bir xanım həmsöhbət seçdik. Özü, adı, xasiyyəti, səsi gül kimi zərif Nərgiz Cəlilovanı redaksiyamıza qonaq çağırdıq. Zəriflərin bayramı ərəfəsində zərif bir mövzu barədə - gül haqqında söhbətləşmək istədik.
   
   Nərgiz xanım gül mövzusuna gülün özü kimi həssas yanaşdı. Yəqin elə bu üzdən söhbəti qısa, lakonik və yaddaqalan oldu.
   
   
   
   Gül kimi ad...
   
   
   
   - Adınız konkret nərgiz gülü ilə bağlıdı. Bu adı sizə kim verib?
   
   - Adımı ata nənəm qoyub. Nərgiz nənəmin qayınanasının adı olub. Həmişə mənə deyirdi ki, bu adı sənə verməklə qayınanamı diriltdim. Çox maraqlıdı ki, ulu nənəmizə Qızıl Nərgiz deyərlərmiş. Onun məhz belə çağırılmasının səbəbini isə dəqiq bilmirəm. Biz balaca olanda təbii ki, belə şeylərlə maraqlanmırdıq. Böyüdükcə də onları itirdik, söhbətləşmək, nələrisə öyrənmək, fikirlərimizi bölüşmək imkanımız olmadı. Çox suallarımız cavabsız qaldı...
   
   - Adı Nərgiz olanın güllərə də münasibəti hər halda yaxşı olmalıdı...
   
   - Bütün insanlar kimi mənim də gülə münasibətim normaldı. Gülü, çiçəyi təkcə qadınlar yox, elə kişilər də sevir. Mən özüm çöldə bitən təbii gülləri daha çox sevirəm. Xanımların çoxu qızıl gülləri xoşladığını deyir. Amma mənim zanbaqlardan xoşum gəlir. Ağ, uzun, içərisi sarı zanbaqları bəyənirəm. Çünki onlar bəzi güllər kimi tez solmur. Bu zanbaqların özü də, qoxusu da uzun müddət qalır.
   
   - Qızınızda necə, gülə münasibət yarada bilmisiz?
   
   - Təbii ki, qızım da gülləri sevir, onlarla maraqlanır. Əslində bu çox normaldı. Təsəvvür etmirəm ki, hansısa bir qadının, qızın güldən xoşu gəlməsin. Gülə, çiçəyə hər dəfə baxdıqca hər bir insanda xoş ovqat yaranır.
   
   Yadıma gəlir, güllər, çiçəklərlə bağlı maraqlı bir şey yazmışdım. Güldanda gülün solmasını insan ömrünə, ləçəklərin masanın üzərinə dağılmasını ötüb-keçən günlərimizə bənzətmişdim. Başqa yazılarım kimi həmin fikirlərimi də heç bir yerdə çap etdirmədim. Mən də belə hallar olur. Hisslərimi, düşüncələrimi qələmə alıram, amma işıq üzü görməsinə çalışmıram. Onlar yalnız mənə aid olan hisslərdi. İstəmirəm ki, başqaları da oxusun.
   
   "Efirimizdə gül görünmür"
   
   - Deyirlər elə güllər var ki, onun üzünə gülməklə ömrünü uzatmaq olur. Olmazmı bunu insanlara da şamil edək, xoş sözü, təbəssümü ondan əsirgəməyək?
   
   - Niyə də olmasın? Məni tanıyanlar bilir ki, xoş rəftar, mehriban insanam. Ətrafdakı insanlarda xoş aura yarada bilirəm. Hər halda ünsiyyət qurduğum insanlardan bu münasibəti əsirgəmirəm.
   
   Bu gün güldən danışırıq. Bəzən dekorativ gülü təbii güldən ayırmaq olmur. Bəzi insanlar da belədi. Gülüşləri də, oturuşları-duruşları da, üz cizgiləri də, bəzəyi də sünidi. Bəlkə elə ona görə də bu gün təbii gözəllər də azalıb.
   
   - Nərgiz xanım, siz yaxşı bilərsiz. Bu gün efirimiz hansı gülə oxşayır?
   
   - Heç bir gülə. Bu gün efirimizdə gül görünmür. Teleməkandakı qarmaqarışıqlıqda nadir hallarda yaxşı verilişə rast gəlmək mümkündü. Bir gül ilə isə bahar olmur.
   
   Efirin bu duruma düşməsi heç də təsadüfi deyil. Peşəkarlar, illərini bu işə sərf edən insanlar televiziyalardan qaçaq salınıb.
   
   Mən AzTV-nin şinelindən çıxmışam. Harda işləməyimdən, müstəqil telekanalda, özəl prodakşınlarda çalışmağımdan asılı olmayaraq bu məktəbin ənənələrinin daşıyıcısı olmuşam. Həmin məktəbə heç vaxt xəyanət etməmişəm. Bu məktəbdə öyrəndiklərimi həmişə bizdən sonra gələnlərə öyrətmişəm. Amma mənə qarşı başqa cür münasibət görəndə təbii ki, inciyirəm. Axı mən düşmən deyiləm.
   
   Nə vaxtsa bu barədə düşünən, vəziyyəti yaxşılığa doğru dəyişmək istəyən tapılacaq. Mən buna həmişə inanmışam. Necə deyərlər, bizim də küçəmizdə bayram olacaq.
   
   - Martın 8-də hansı gülün sizə hədiyyə olunmasını istərdiz?
   
   - Hansı gülün bağışlanmasının bir o qədər də önəmi yoxdu. Əsas odur ki, o gülü bağışlayan kimsə olsun...
   
   

TƏQVİM / ARXİV