adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

HƏFTƏNiN SORğUSU

BABƏK YUSİFOĞLU
48603 | 2011-03-04 07:00
İndi media yaşadığımız bugünkü həyatın demək olar ki, bütün sahələrindən, baş verən hər bir hadisədən cəmiyyəti xəbərdar etməyi bacarır. Hətta onun sayəsində ölkəmizdən kənardakı olayları belə öyrənmək imkanlarına malikik. Əlbəttə, bu hamının təqdir etdiyi bir prosesdir. Kim ətrafda, ümumiyyətlə dünyada baş verənləri, başqa insanların fəaliyyətlərini bilmək istəməz ki? Amma...
   
   Amma etiraf edək ki, bu məlumatlar, hadisələr, adamlar sırasında daha çox tanınmış şəxslər, daha səs-küylü olaylar, daha kəskin xarakterli hadisələr insanlara təqdim olunur. Sıradan olan adamların gündəlik qayğıları, məişət problemləri, hansı dərdlərlə günlərini keçirdikləri nisbətən arxa planda yer alır. Ona görə də biz "Həftənin sorğusu"nda tamam əksinə hərəkət edərək ən adi vətəndaşlarımıza üç sual ünvanlayır, onların cavablarını olduğu kimi dərc edirik. Qoy cəmiyyət eksklüziv də olsa öz qayğılarını bir də qəzetdən oxusun.
   
   VERDİYİMİZ SUALLAR:
   
   
   
   - 1-ci sual: Təxminən iki həftədən sonra hamının gözlədiyi Novruz bayramı gəlir. Bayram öncəsi bazardakı qiymətlər necədir?
   
   - 2-ci sual: 8 martda kimi təbrik edəcəksiniz?
   
   - 3-cü sual: Vaxtaşırı həkim müayinəsindən keçirsinizmi?
   
   
   
   1. - Qulu: (mantyor) Novruz bayramının ləzzəti qalmayıb. Əvvələr çox yaxşı idi. İndi Novruz gələndə sevinmək əvəzində fikir adamı götürür ki, filan şeyləri necə çatdıracağam... O qədər dərd-sər var ki, onların əlindən sevinə də bilmirsən. Bazardan isə heç danışmağa dəyməz. Elə bil bu zalım uşaqları bayramları gözləyirlər. Başlayırlar əllərində satdıqları hər şeyin qiymətini kəllə-çarxa qaldırmağa. Mənim bir ayləq maaşım novruz süfrəsinin hzırlanmasına çatmır.
   
   2. - Düzünü desəm heç kimi. Çünki imkanım yoxdu ki, yoldaşımı, qızımı hədiyyə ilə təbrik eləyim. İşin tərsliyindən həmin gün hər kəs gülün qiymətini də bahalaşdırırlar. Heç insaf deyilən şey yoxdur. Adamlar belə qəribə olub ey. Elə hamı deyir ki, mənim işim düzəlsin, yerdə qalanın başına nə gəlirsə gəlsin.
   
   3. - (başını bulayır) Müəllim, bəs eşitməmisiniz ki, müsəlman həkimə o vaxt gedir ki, ona artıq molla lazım olur. Hardadı bizdə o fərasət ki, vaxtaşırı gedib özümüzü həkimə yoxlatdirib dərdimizi-sərimizi qabaqcadan öyrənək, problem varsa tez-bazar həll eləyək. Yox getmirəm.
   
   
   
   1. - Dünyamalı kişi: (pensiyaçı) Ay bala, bu Novruzun da lap zayını çıxarıblar. Bazarda elə bahalıq yaradırlar ki, bayram şey-şüyünə yaxın düşmək də olmur. Amma məcbursan ki, alasan. Get, bir bax bazara. Bax görən kasıb camaat gedib oradan nə ala bilər? Allah bu camaata kömək olsun. Necə olacaq bilmirəm...
   
   2. - (gözləri yol çəkir) Kimi təbrik edəsiyəm ki?... Heç kimi.
   
   3. - Bunu heç soruşma, ay bala. Axır vaxtlar elə getdiyim yer həkimlər döyülmü? Pensiyamı da alıb ancaq dərmana verirəm. Dərmanlar da o qədər bahalanıb ki, çatdırmaq olmur... Bə hökumət hara baxır? Niyə bunlara bir çarə qılmır?
   
   
   
   1. - Nəzakət: (iş yerini söyləmədi) Bazara giriləsi deyil. Hər şeyin od qiymətinədi. Bayram şeylərini hələ demirəm. Onlara heç yaxın düşmək olmur. Heç kim əhalini düşünmür. İmkansızların hayına qalmır. Ona görə də kasıb-kusub üçün nə bayram? Bayram imkanlı adamlar üçündü.
   
   2. - Heç kimi. Iki il əvvəl anam vəfat elədi. Əvvələr bayram günü gedib arvadı təbrik eləyərdim, könlü xoş olardı. Amma daha o yoxdu. Uşaqların atası imkan daxilində həmin gün kiçik bir şeylə də olsa məni təbrik edir. Bu da mənə bəsdi.
   
   3. - Bəli. Amma buna da heç vaxtaşırı demək olmaz. Bir az nasazlığım var, onun üçün də ara-sıra həkimə gedirəm. Amma məncə insan hər ay gedib yoxlanmalıdı. Çünki insan xəstəliyi barəsində nə qəsər tez xəbər tutursa bir o qədər də müalicəsi asanlaşır. Xariciləri görmürsünüz? Hər şeyləri vaxtlı-vaxtında eləyirlər.
   
   
   
   1. - Tahir: (iş yerini söyləmədi) Bizdə gülməli olan o deyil ki, bayram ərəfəsində bahalıq başlayır. Əslində gülməli olan odur ki, bizdə bahalaşma həm bayram öncəsi gedir, həm də bayram sonrası. Özü də nə bahalaşdısa, vəssəlam, ucuzlaşmasını gözləmə. Elə axıra kimi həmin qiymət qalır üstündə. Nə nəzarət eləyən var, nə soruşan, nə də bir maraqlanan. Kim nə istəyir elə də eləyir.
   
   2. - Əslində bir neçə nəfəri. Özü də layiqincə. Amma görüm buna imkan tapmaq olacaqmı? Bunu demək artıqdı. İndi əhalinin vəziyyəti ürəkaçan deyil.
   
   3. - Bu cür yaşam tərzi avropalılara aiddir. Biz o vaxt həkimə gedirik ki, onda iş-işdən keçmiş olur. Şəxsən mən də xəstələnəndən-xəstələnənə həkimin qapısını açıram. Elə ki sağaldım, hər şey yaddan çıxır.
   
   
   
   1. - Südabə: (qadın gözəllik salonunun işçisi) Düzü bazara-mazara mən getmirəm. Atamgil gedir. Amma onların dediyindən görürəm ki, bayram şeyləri yaman bahadır. Əslində bahalaşma başqa şeylərdə də gedib də.
   
   2. - Mamamı təbrik eləyəcəyəm. Hər il həmin gün onu sevindirirəm. İnşallah yenə belə olar...
   
   3. - Heç nədən şikayətim yoxdu, onun üçün də həkimə müayinə olunmağa getmirəm. (Bir qədər fikirləşir) Təkcə iki dişimdən ötrü keçən il tez-tez həkimə getmişəm, vəssəlam.
   
   
   
   1. - Səməd: (qaz nəzarətçisi) Bazarda qiymətlər çox yüksəlib. Heç deyiləsi yeri yoxdu.
   
   2. - Görək də necə olur...
   
   3. - Həkimə xəstələnəndə getmişəm həmişə. Elə-belə müayinə üçün heç getməmişəm.

TƏQVİM / ARXİV