ETiRAZIN ƏKS-SƏDASI

ƏBÜLFƏT MƏDƏTOĞLU
37090 | 2011-03-04 07:00
Gəlin etiraf edək ki, bu gün Azərbaycanda sosial ədalət prinsipi bütünlüklə qorunmur. Konkret olaraq, vətəndaşların cibləri büccələri ilə bazar və bazar zənbili arasında bir neçə addımlıq yol var. Əlini cibinə nə qədər çox salsan da bazar zənbili ailəni təmin etmir. Bunun müxtəlif səbəbləri var. Təbii ki, bəlli səbəblər, yəni konkret məqamlar qəbul ediləndir və buna indiki anda etiraz etmək o qədər də doğru deyil. Məsələn, torpaqlarımızın 20 faizinin işğal edilməsi, 1 milyona yaxın qaçqının dövlətin yardımı ilə yaşaması, sosial məsələlərin həll edilməsi, həmin qaçqın insanlara şəhərciklərin salınması və sairə təbii ki, dövlətin cibindən xeyli pul çəkib götürür. Bu mənada müəyyən sosial problemlərin olması mümkündür, ammag
   
   Amma gəlin onu da nəzərdən qaçırmayaq ki, ölkədə işbazlar, qüvvələr, ayrı-ayrı sahələrə rəhbərlik edənlər ya işlərinin öhdəsindən gələ bilmirlər, ya da onların əli o qədər uzundur ki, müəyyən dairəni öz ovuclarının içərisində saxlayırlar. Buna tarix kitablarında monopoliya deyilir və bu dünyanın hər yerində var. Mənim yeganə xatirimdə qalan odur ki, sovet dönəmində bütün tarix, siyasi iqtisad, elmi kommunizm kitablarının hamısında monopoliyanı top atəşinə tuturdular. Və biz də həmin cəmiyyətdə demək olar ki, onun mövcudluğunu hiss etmirdik. Necə deyərlər faktla reallıq üst-üstə düşürdü. Təəssüf ki, indi nə o kitablar var, nə də monopoliyanı topa tutanlar. Bunun da başlıca səbəbi bazar iqtisadiyyatıdı. Vallah bunun nə boyda səbəb oldduğunu mən tam dərk edə bilmirəm. Ola bilsin ki, bu da "Tarixi Nadiri" bircə dəfə oxumağımdan irəli gəlir, amma çalışacam ki, gec də olsa həmin o bazar iqtisadiyyatı deyilən nədisə onun sirlərindən agah olum. Çünki bazar hər saat iri addımlarla bizim mətbəximizə, cibimizə süpürgə çəkir.
   
   Əgər xatırlayırsınızsa, ötən ayın ortalarında mətbuatda qaçqınlarla bağlı bir qərarın özü də şərhi yer aldı. Məlum oldu ki, bir qrup məcburi köçkün xüsusi ilə köçkünlərlə ailə quran insanlar və onların övladları dövlətin ayırdığı çörəkpulundan məhrum ediləcəklər. Bu məsələ qaçınlar, köçkünlər arasında müəyyən əks-səda doğurdu, hətta mənim özüm və ətrafımda olan doğmalarım da bunu bir anlaşılmamazlıq, qeyri-ciddi addım kimi qəbul etdik. İnana bilmədik ki, dövlətdə bu sahəyə nəzarət edənlər dünyanı bürüyən iqtisadi böhranın ikinci dalğasının gəldiyi bir vaxtda belə bir addım atmış olsunlar. Xüsusi ilə ona görə inanmadım ki, ölkə prezidenti İlham Əliyev cənabları bölgələrdə olarkən qaçqın və məcburi köçkünlərlə mütləq təmasda olur, onların problemləri ilə maraqlanır, bu ağrılı sahəyə xüsusi diqqət yetirir və bunu son müşavirələrində etdiyi çıxışında da hər bir qaçın və ya məcburi köçkün ailəsinə məmurlardan xüsusi diqqət tələb edir. Belə olduğu haldı qəbul edilən qərarın təkcə gözlənilməzliyi yox, həm də qeyri-müəyyənliyi haqlı iradlara tuş gəldi.
   
   Bu günlərdə Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov mətbuat konfransı keçirib. Komitə sədri mətbuatın diqqətində olan və həmin çörəkpuluna böyük eytiyac duyan insanların problemi ilə bağlı sualı cavablandırarkən bu suala demək olar ki, çox böyük yer ayırıb və Əli müəllim özünün şərhində bildirib ki, "Məcburi köçkünlərə "çörəkpulu"nun kəsilməsi ilə bağlı yaranan narazılıq aradan qaldırılıb. Doğrudur, məcburi köçkünlərin bir qisminin "çörəkpulu"nun kəsilməsi ilə bağlı təlimat hazırlanıb, təsdiqlənib və yanvarın 1-dən qüvvədədir. Buna baxmayaraq, müəyyən narazılıqlar yarandı və biz də həmin narazılığı aradan qaldırdıq. Apardığımız müzakirələrdən sonra qərara gəldik ki, 2011-ci ilin yanvarın 1-dək digər rayonlardan olan qadınlarla ailə qurmuş məcburi köçkünlərin həmin tarixə qədər doğulan övladlarına "çörəkpulu" verilsin. Yanvarın 1-dən sonra doğulanlara isə həmin müavinətlər şamil edilməyəcək".
   
   Bəli, görünür ölkə rəhbərinin son çıxışları qaçqınkomda da məsələni kökündan araşdırmaq və reallığa uyğun addım atmaq istəyini yaradıb. Məhz həmin istəklə də birbaşa komitə sədrinin tapşırığı və nəzarəti altında məsələ yenidən müzakirə edilib. Nəhayət ki, həm komitənin, həm də əslində onu nəzarəti altında olan, onun kurasiyasında yaşayan insanların etirazına səbəb olan problem aradan qalxıbdı.
   
   Doğrudur, mətbuat konfransında Əli Həsənov onu da vurğulayıb ki, bəzi sahələrə rəhbərlik edənlər unudurlar ki, "məcburi köçkünlər kommunal xidmətləri ödəməkdən tam azaddırlar. Bunu unudanlar əslində qanun pozğunluğuna yol verir, insanları əsassız incidirlər. Biz dəfələrlə bildirmişik ki, ölkədə mövcud olan bütün məcburi köçkünlərin hamısı tam şəkildə dövlət təminatındadır. Onların elektrik enerjisi, qaz, su və digər xidmətlərdən haqqı mərkəzləşdirilmiş qaydada ödənilir. Hesab edilir ki, 150 kilovat enerji bir ayda bir məcburi köçkün üçün kifayət edir. Hətta deyəsən artıq da qalır".
   
   Bütün bunları mətbuatdan izləyib və yaxından tanış olduqca məndə belə bir fikir yarandı ki, indiki sosial problemlərin çoxluğu şəraitində hər bir sahə üzrə insanların reaksiyasına vaxtında cavab verilsə, problem vaxtında araşdırılsa onda insanların öz dövlətindən və hakimiyyətindən narahatlığına heç bir səbəb qalmaz. Deməli, bütün hallarda narazılığın səbəbi onun yaranmasına meydan verən, laqeydlik göstərən, vəzifəsinin öhdəsindən gəlməyən, bir sözlə kreslonu özü üçün toxunulmaz bilib insanlara yuxarıdan aşağı baxanlardadı. Əgər hər kəs özünü təkcə vəzifə kürsüsündə yox, həm də insanların yanında görsə onda hökmən "toxun acdan" xəbəri olacaq. Özü də ki, Azərbaycan adlı bir məmləkətdə bunu görmək üçün nə xüsusi eynəyə, nə də təzyiqə ehtiyac yoxdur. Sadəcə istək və məsuliyyət olmalıdı.
   
   

TƏQVİM / ARXİV