ANA SƏHİFƏ / YAZARLAR

ADI... VƏTƏN SEVGİSİDİR

41541    |   2015-05-05 08:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Orda bir kənd var, uzaqlarda...)

Başqalarının da məqsəd və məramına hörmətlə yanaşmaqla, kitab nəşri haqqında şəxsi qənaətim belədir: istər elmi-kütləvi, istər sənədli-xronikal, istərsə də bədii-publisistik kitab olsun, müəllif bütün hallarda mütləq oxucu dünyagörüş və zövqünü ən azı yazdığı əsərin hər cümləsində belə nəzərə almalıdır. Çünki ən güclü senzor da, ən güclü və tərəfsiz tənqidçi də məhz oxucudur.
Mövzusundan asılı olmayaraq oxucu zümrəsini öz cazibəsinə çəkən kitablar həm də qiymətli sərvət kimi qorunur, zaman-zaman yaddaşları sevindirir. Kitab nəşrinin son dövrlər eyforik bir axınla "azadlığa çıxması", əksər hallarda ötəri həvəs və zövqsüzlükdən başqa heç nə ifadə edə bilməməsi nümunələri də az deyil. Təbii ki, bütün bunlar müəyyən çaşqınlıqlar da yaradır. Ancaq bu cür "maklaturaların" basqısında bəzən qızılaxtaranın külçə tapması sevincini də yaşaya bilirsən. Gözəl əsər, gözəl kitab torpağın laylarında bərq vuran qiymətli daş-qaş kimidi, eləcə.
...Eləcə bu kitabın özü də: "Qədim Oğuz yurdu - Baş Layısqı". Əslində 528 səhifəlik ensiklopedik toplu ilə, qeyri-adi zəhmətin, istedadın, vətənpərvərliyin məhsulu olan bu mükəmməl kitabla rastlaşıb ayrıla bilməyin özü çox çətin bir məsələdir. Baxmayaraq və həm də çox yaxşı haldır ki, son illər belə mövzulara tez-tez üz tutulur və bu istiqamətdə gözəl ənənə formalaşır. Ancaq gerçəkdən 2014-cü ildə "Ozan" nəşriyyatında çap olunmuş "Qədim Oğuz yurdu - Baş Layısqı" kitabı bir qədər də fərqli, bir qədər də tutumlu və eyni zamanda müəlliflərinin yüksək peşəkarlıq nümunəsidir. Əsas səbəblərdən biri də budur ki, bu kitabın, bu toplunun vərəqlənən hər səhifəsindən Vətən sevgisi, türkçülük eşqi, tarixi keçmişimizə - böyük türk mənşəyimizə doğru-dürüst və təvazökar münasibət boylanır. Bu, müəlliflərin böyük uğurudur və elə bu səbədən də kitabdakı adi sənədlər və onların faksimileləri belə ayrıca maraq doğurur, oxucunu cəlb edir.
Başqa bir nüans. Kitabın əsas tərtibçi-müəllifi və digər müəllifləri barədə söhbət açacağıq. Ancaq bu toplunun yazılması, kitab kimi nəşr olunması ideyası professor Asif Rüstəmlinin söylədiyi kimi, Şəki rayonundakı həmin kəndin - Baş Layısqının yetirməsi, milli dövlətçiliyə sadiqliyi ilə seçilən cağdaş zəmanəmizin nüfuzlu ziyalısı və görkəmli hüquqşünası, baş ədliyyə müşaviri Abdulla Yusifliyə məxsusdur. Yəni elə mənim də yaxın dostum və sirdaşım Abdulla Əhməd oğlu Yusifliyə.

Haşiyə

Sevimli dost, istəkli qardaş! Sənin uşaq təbəssümü qədər saf olan səmimiliyin, sevgin, eyni zamanda prinsipial ömür yolun, vətən eşqin, türk fəxrin, istedadın və xeyirxahlığın necə də şirin və işıqlıdır. Ancaq bilmirəm, nəyə görəsə hər dəfə o gülümsər baxışların gözlərim önünə gələndə böyük şairimiz Ramiz Rövşənin bu misralarını söyləmək keçir ürəyimdən. İndiki məqamla birbaşa uyarlığı olmasa da belə. Bəlkə bu halın özündə də bir sirr, bir mistika yaşayır. Ya bəlkə də...

...Tanrı sənə necə qıyır -
çaşıb bu göyün yiyəsi.
Bu yük sənin yükün deyil,
hanı bu yükün yiyəsi?!

Çırmalasın biləyini,
girsin bu yükün altına.
Kürəyini, ürəyini
versin bu yükün altına.

...Bəlkə elə, mənim balam,
boş yerə çığıran mənəm,
özüm burda dura-dura
özgəni çağıran mənəm.

Bəlkə bu göyün altında
Mənəm günaha batan da,
Sən girən yükün altından
çiynini qaçıran mənəm...

...Gözəl bir dağ kəndimizin timsalında tarixə və türkçülüyə baxış minilləri ötüb çox-çox uzaqlara işıq salırsa, ən qədim mədəniyyətə - Şumerə əl uzadırsa və bütün bunlar barədə düşünüb, yazıb söz sahibi ola biliriksə, nədən hər günümüz, hər saatımız sevinc və qürur hissiylə yaşanmasın? Görkəmli maarif xadimi Əhməd Salman oğlunun əziz xatirəsinə ithaf edilmiş bu monumental kitabda yuxarıda göstərdiyimiz kimi Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Şəkinin Baş Layısqı kəndinin tarixindən, toponomikasından, etnoqrafiyasından, əhalinin etiqad yerlərindən, bölgənin igid oğullarının Qarabağ savaşındakı şücaətindən, ömür və döyüş yolundan bəhs edilir. Filologiya üzrə fəlsəfə doktorları Əjdər Fərzəli (buradaca xüsusi qeyd etmək lazımdır ki, bu topludan əvvəl Abdulla Yusiflinin ideyası ilə mərhum Əjdər Fərzəli Baş Layısqı kəndi haqqında elmi-publisistik kitab nəşr etdirmiş, oxucular tərəfindən maraqla qarşılanan həmin əsər məhz ikinci, daha mükəmməl bir kitabın ərsəyə gəlməsinə stimul yaratmışdır) və Kamil Adışirinovun təqdim etdiyi materiallar da məhz bu kitab üçün yazılmışdır. XIX əsrin Şəki əyaləti Baş Layısqıya aid bir çox sənədlər ilk dəfə əlimizdəki bu kitabda işıq üzü görür. İstinad edilən çoxsaylı maraqlı faktlar, arxiv materialları, daş kitabələr bu məkanın qədim oğuz-türk yurdu olmasını böyük cəsarətlə bir daha təsdiqləyir.
Kitab barədə maraqlı bir məqamı da xüsusi vurğulamaq gərəkdir. Filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmlinin 10 səhifəlik ön sözündə o qədər dəyərli faktlar, bilgilər istiqamətlənib ki, bu hissənin özü elə ayrıca bir tədqiqat əsəri kimi nəşr oluna bilər. Ön sözdə mövzu əsas götürülərək oxucuya daha çox lazım olan bir sıra qiymətli məlumatlar da "ötürülür", ulu keçmişimizlə bu günlərimiz arasındakı reallıqlar daha parlaq əks olunur. Oxucuda bir azərbaycanlı, bir türk olmağın şərəfini daim uca tutmağa, heç nəyi unutmamağa yaxşı mənada təhrik yaranır. Mərhum Əjdər Fərzəlinin ""Layısqı" sözünün etimologiyası" bölməsində tək bir sözün işığında nə qədər böyük yol qət edildiyinin də fərqində olursan. Əjdər Fərzəli: "Layıski əslində "Layısqı" şəklində yazılmalı və oxunmalıdır. Qeyd etdiyimiz kimi burada "i" - "ı"-nı əvəzləyib. Layıs-Bayıs-Mayıs: eyni Türk xalqlarının 3 qohum-qəbilə adı kimi dünyaya səpələnib. Bu və digər yer-yurd, soy-qəbilə adlarımızın dünyanın bütün qitələrinə səpələnməsi dahi Atatürkü çox dərindən düşündürüb və o, özü buna inadla cavab axtarıb. Atatürk o cavabı böyük ingilis alimi Ceyms Sörçüvordun kitablarında aşkar edib..."
Asif Rüstəmli xatırlayaraq qeyd edir ki, Əjdər Fərzəlinin araşdırmalarına əsasən Layıs adının çox qədimlərdə "sulu, işıqlı, gözəl vətən" mənası aşkarlanır. Son tədqiqatlar zamanı üzə çıxan faktlar da Əjdər Fərzəlinin qənaətlərini təsdiqləyir. Xüsusilə Ural Dövlət Universitetinin professoru Aleksandr Matveyevin tədqiqatlarında, o cümlədən "Verşinı kamennoqo poyasa" monoqrafiyasında müəllif Ural dağlarındakı yer adlarını incələyərkən "Böyük (baş) Layıs-Ur dağından 10 km cənubda Yanıq Layıs, Böyük Layıs dağlarından şimalda Qırıq Layıs dağları"nın mövcudluğunu göstərmişdir. A.Matveyev, eləcə də Arxangelski vilayətinin Primorye rayonunda Layıskı qoruğu, Ural dağlarının qərbində, Avropa və Asiyanın şərti sərhəddində Baş Layıskı və Aşağı Layıskı metal zavodlarının olduğunu vurğulamışdır.
Sözün kökü, nüvəsi sayılan "Lay" birhecalı olsa da, iki və daha çox kəmiyyət göstəricisini özündə ehtiva edir. Layısqı yer adı olaraq bu mənada da özünü doğruldur.
Kitabın hazırlanmasında AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Məşədixanım Nemətin, arxeologiya və etnoqrafiya üzrə tanınmış mütəxəssislər A.Qarəhmədova və M.Rəhimovanın, eləcə fəlsəfə doktoru Mehman Yusiflinin, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki bölməsinin rəhbəri Nəsib Muxtarovun və başqalarının materiallarından da istifadə olunmuşdur.
Yaxşı haldır ki, kitabda Azərbaycan tarixinin qədim türk tarixində tutduğu yeri bütün istiqamətlərdə real faktlarla daim gündəmə gətirərək vətənpərvərlik nümunəsi göstərən mübariz və böyük alimlərimiz Mahmud İsmayıl, Yaqub Mahmudov və Yusif Yusifovun əsərlərinə istinad olunaraq çox düzgün və məntiqli yol seçilmişdir.
Bir qəzet məqaləsində geniş məzmunlu kitab haqqında hərtərəfli yazmaq, fikir söyləmək təbii ki, mümkün deyil. Ancaq indiki halda bu kitabın dəyərini diqqətə çatdırmaq və onun sevincini paylaşmaq mənasında xoşməramlı bir ehtiyac yarandı. Həm də ki, belə kitablara doğurdan çox ehtiyacımız var...



YAZARIN ARXİVİ

2018-10-08 : PİS ADAM YOLDA
2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK