adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

CƏNNƏTiN QƏBZi

OQTAY SALAMOV
26031 | 2011-02-26 04:14
Yazını yazdığım vaxt Xocalı faciəsinin ildönümü ərəfəsi olduğu üçün ağır gün idi. İstəyirdim heç olmasa sonrakı gün bir az ürəkaçan mövzu ilə oxucunu nisbətən də olsa qəmdən çıxarım. Material da toplamışdım. Elə təkcə 100 kilometrə 1 litr yanacaq işlədən maşın haqda məlumat çoxlarının diqqətini cəlb eləyərdi. Deyir "Volkswagen" şirkəti 2013-cü ildə hər 100 km-ə 1 litr yanacaq sərf edəcək avtomobili kütləvi istehsal etmək niyyətindədir.
   
   Alman istehsalçı Qatar avtosalonunda avtomobilin artıq 3-cü versiyasını (XL1) təqdim edib. Əvvəlki modellərdən fərqli olaraq, avtomobildə komfort və təhlükəsizlik də ciddi nəzərə alınıb. Bu modeldə sərnişin sürücünün arxasında deyil, yanında əyləşir.
   
   "Volkswagen XL1" avtomobili 48 at gücü dizel və 27 at gücü elektrik mühərriki ilə təchiz edilib. Avtomobilin orta sərfiyyatı hər 100 km-ə 0.9 litr təşkil edir. Şəbəkədən doldurula bilən Litium-ion akkumulyatorlar isə 35 km qət etməyə imkan verir.
   
   Amma bu xəbəri yazmadım, çünki daha ciddi və heç ürək açmayan bir məsələ ortaya çıxdı. Yox, bu Buşa ayaqqabı atan jurnalistin yenidən həbs edilməsi məsələsi deyildi. Yəqin yadınızda olar, Müntəzər Zeydi adlı bir iraqlı jurnalist mətbuat konfransında o vaxtkı ABŞ prezidenti Corc Buşa ayaqqabı atmışdı. Dünya mətbuatı Zeydini qeyri-sərrastlıqda günahlandırdı, Buşun reaksiyasını təriflədi, atılan ayaqqabı firması məşhurlaşdı... Jurnalisti damladılar və o 9 ay həbsxanada yatandan sonra15 sentyabr 2009-cu il tarixdə ölkə xaricinə çıxmış, bu il fevralın 19-da İraqa qayıtmışdı.
   
   "İşğal qüvvələrindən zərərçəkmişlərə yardım dərnəyi"nin üzvü Mərvə Rubeyi deyir ki, Zeydi mətbuat konfransı keçirmək üçün Bağdaddakı "Əzəmiyyə" məscidinə gedəndə, İmam Əzəmin türbəsində "Fatihə" oxiyarkən saxlanılıb. Müntəzər Zeydinin mətbuat konfransında cümə günü (dünən) Bağdadda keçiriləcək etiraz aksiyası barədə çıxış etməsi gözlənilirdi. Məlumata görə, jurnalistin saxlanılmasından sonra "Əzəmiyyə" məscidinin ətrafında 22 hərbi "Hummer" və çox sayda xüsusi təyinatlı əsgərlər yerləşdirilib və əraziyə toplaşan jurnalistlər də təzyiqlərə məruz qalıb. Bu dəfə jurnalistlə birlikdə onun qardaşı Dirğam Zeydi də həbs olunub.
   
   Bu xəbər də deyəcəyimdən maraqlı olmadığı üçün onu da yazmaqdan vaz keçdim. Yenə mollaların attestasiyası haqda yazmalı oldum. Çünki məsələ çox vacibdir, dirilərin də, ölülərin də vaxtaşırı ehtiyacı olan molla tayfası haqda yeniliklər məncə hamı üçün maraqlı olar. Xristian ruhaniləri daha böyük risqə gedərək günahkarların gunahlarını bağışladıqlarını elan eləyirlər. Bizim dində bu olmadığı üçün mollalar belə risqli aksiyaya qol qoymurlar. Bilmirəm bizimkilərin günahı azdır, yoxsa mollanın belə kəramətinə inanmırlar, ya pulu vasitəsi ilə verməyə çəkinirlər, bir sözlə, mollanın öhdəsinə belə məsuliyyətli işi tapşırmırlar. Amma bu dünya ilə hesabı üzəndən sonra o dünyada propiska yerimizi müəyyənləşdirməkdə mollaların birbaşa rolu var. Yəni molla bir səhv oxuması, ayini tərsinə icra eləməsi ilə ömür boyu əziyyət çəkib qazandığımız savablrı heçə endirər və bizi cənnətin qəbzindən məhrum eləyə bilər. Avropadan əxz etdiyimiz "vətəndaş nikahı" adlanan məncə əxlaqsız formanın qarşısına çıxaracağımız "molla nikahı" da mollanın savadından, səriştəsindən halal və ya haram sayıla bilər. Deyilənə görə hətta indiki zamanda da bəzi mollaların siğə etməsi praktikası qalmaqdadır. Deməli,
   
   nikah-siğə məsələsində də mollaların rolu kifayət qədərdir. Məhz bu amilləri nəzərə alıb günün mövzusunu mollaların attestasiya məsələsinə həsr etməyi qərara aldım.
   
   Yəqin ki, xəbəriniz var, 2009-cu ilin avqustunda "Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu"na edilmiş əlavələr və dəyişikliklərə müvafiq olaraq mollaların attestasiyadan keçirilməsi prosesi davam edir. Prosesə ilkin olaraq Cənub bölgələrindən başlanılıb. Nizamnamədə deyilir ki, Attestasiyadan keçənlərə QMİ-nin vəsiqələri təqdim olunacaq. İlk turdan keçə bilməyənlərə daha 3 ay vaxt veriləcək. Yəni son dövrun bütün imtahanlarında olduğu kimi. Sadəcə olaraq işi TQDK-ya həvalə etməyiblər ki, orada bu ixtisas üzrə mütəxəssis yox dərəcəsindədir. Düzdür, ilahiyyatçı Elşad Miri deyir ki, hazırda mollaları attestasiyadan keçirənlərin özlərinin attestasiyadan keçməsinə ehtiyac var, amma fakt budur ki, mollaların imtahanına Məleykə xanımın idarəsinin qarışacağı yoxdur.
   
   QMİ-nin Fətva şöbəsinin müdiri qazi Hacı Mirəziz Seyidzadə bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən cənub bölgəsində molların attestasiyası prosesində iştirak edən din xadimlərindən 300-ə yaxınına müvafiq attestasiya vəsiqəsi veriləcək. Belə çıxır ki, o zonanın molla kvotası bu qədərdir. Qəribədir, başqa sahələrdə yer sayı məhdud ixtisaslara imtahan turlar şəklində keçirilir və nəticədə yaxşıların yaxşısı vəzifəyə gətirilir. Bəlkə İdarə 300 vəsiqə verdi, birdən elə bir molla çıxdı ki, vəsiqəlilərin 300-dən də qüvvətli oldu, onun məsələsi necə olacaq? Ümumiyyətlə, mübahisəli məqamlar çoxdur. Biz də məcburuq ki, onlara diqqət yetirək ki, ədalət, düzgünlük, halallıq prinsipləri pozulmasın.
   
   Məsələn, M.Seyidzadə vurğulayır ki, birmənalı olaraq imtahandan keçməyənlərin siyahısı yerli icra strukturlarına təqdim olunacaq ki, onların molla kimi fəaliyyətinə qadağa qoyulsun. Necə bilirsiniz, burada dinin dövlətdən ayrı olması prinsipi pozulmur ki? Mollaların əksəriyyəti sənədlə işləmir axı. İndi icra strukturu neynəməlidir, kiminsə yasında mollanı yaxasından tutub bayıra atmalıdır, yoxsa ölü sahibi mollanın vəsiqəsini yoxlayıb sonra onu məclidə buraxmalıdır? Olmaz ki, elə Mollaları Attestasiya Komitəsi (yəqin ki, qısa adı MAK olar) bir siyahı versin ki, filan mollalar imtahandan "iki" alıblar? Deyəsən dini məsəl kimi buna "ilanı Seyidəhməd əli ilə tutmaq" deyirlər axı.
   
   QMİ mətbuat xidmətinin rəbhəri Rəhimə Dadaşova deyir ki, imtahan biliklərinin yoxlanılması üçün müraciət etmiş şəxslərin dini bilikləri, dini ayinləri həyata keçirmək vərdişləri yoxlanıldıqdan sonra, onların bu və ya digər vəzifəni apara bilməyə yararlılığı komissiyanın qərarında öz əksini tapır. Vallah, bilmədiyimdən soruşuram, bax, "prava" alanda bir nəzəri imtahan verirsən, bir də praktiki, yəni "yezda". İndi mollaların da ayinləri həyata keçirmək vərdişləri praktiki yoxlanılır, yoxsa?...
   
   Amma bir şey əladır ki, demokratiya buraya da yol tapıb. Deyilir ki, Komissiyanın attestasiyanı keçirməkdə məqsədi, təkcə bu və ya digər dini vəzifələri tutan şəxslərin dini biliklərinin və vərdişlərinin yoxlanılması deyil. Eyni zamanda, bu vəzifələrə iddialı olan yeni insanların müraciətlərinə də baxılıb və bu proses ardıcıl olaraq aparılacaqdır. Yəni biri hansı yollasa bir məscidin axundu vəzifəsini alıbsa, bu o demək deyil ki, bu vəzifəni ölüncə davam etdirəcək, öləndə də oğluna, qohumuna verəcək. Adam dəqiq biləcək ki əlində vəsiqəsi olan rəqibləri var və düz işləməzsə fatihəsini oxuyacaqlar.
   
   Rəhimə xanım deyib ki, mollaların attestasiya prosesi ümumilikdə respublikanın bütün regionlarını əhatə etməklə keçirləcək və 2011-ci ilin birinci rübünə kimi başa çatdırılacaq.
   
   Vsyo, oktyabrdan başlayaraq hamının "napravleniye"si düzgün veriləcək, daha "çujoy paxmel" cəhənnəmə getməyəcəyik. Çünki mollalar ancaq vəsiqə ilə məclislərə buraxılacaq. Lazım gəlsə molla polisi də yaratmaq olar ki, lisenziyasız işləyən olmasın. Vergi orqanları da nəzarəti gücləndirməlidir. A to, görürsən ölən çox, mollanın verdiyi vergi yox. Özü də şübhə var ki, qəsdən vergi vermirlər ki, pensiyaları artırmaq mümkün olmasın və ölənlərin sayı çoxalsın ki, bunların gəlirləri də artsın. Yəni əməlli-başlı təxribatla məşğul olurlar.
   
   Di gəl ki, elələri var ki, mollaların vəsiqə alacaqlarından sonra da nəyinsə dəyişəcəyinə şübhələri var. Biri elə bayaq adını çəkdiyim Elşad Miri.
   
   QMİ deyir ki, attestasiya dini maarifçiliyin ümumi səviyyəsinin artmasına böyük təsir göstərəcək, müsahibədən keçə bilməyən şəxslər cəmiyyətdə nüfuzlarını bərpa etməkdən ötrü dini biliklərini daha da təkmilləşdirməyə çalışacaqlar. Amma ilahiyyatçı Elşad Miri deyir ki, mollaların attestasiyadan keçirilməsi elə ciddi dəyişikliyə səbəb olmayacaq:
   
   "Mollaların bu şəkildə attestasiyasının aparılması bünövrəsiz yerdə bir bina tikməyə bənzəyir. Çünki hazırda mollaları attestasiyadan keçirənlərin özlərinin attestasiyadan keçməsinə ehtiyac var. Hesab edirəm ki, attestasiyadan öncə bu sahədə bir-birinə zidd olan bəzi məsələlərə aydınlıq gətirilməlidir".
   
   Amma onun də bəzi sözlərindən antidemokratiya iyi gəlir. Deyir, attestasiyaya niyə məhz Lənkərandan başlayıblar. Əfəndim, olmadı dəə. Bu uğurla haradan başlasaydılar niyə məhz oradan soruşacaqsan...
   
   E.Miri hesab edir ki, problemin aradan qaldırılması üçün ilk növbədə əhali arasında maarifləndirmə işləri aparılmalıdır. Yazıq əhali, maariflənməlidir ki, rüşvət verməsin, korrupsiyanı aradan qaldırsın, artıq işıqpulu verməsin, müqavilələr bağlayanda haqqını tələb eləsin... İndi də ölüsünü necə basdırmaq üçün maariflənməlidir. Amma vəziyyətdən çıxış yolu da var. Bəy təklif eləyir ki, xarici ölkələrin təcrübəsindən istifadə edək. Deyir, odey 1980-ci illərdə Türkiyədə normal dini təhsilin də verildiyi "imam xətib" deyilən məktəblər təsis edildi. Bizdə də belə təhsil verən məktəblər olsa, oranı bitirənlər sonralar məscidlərdə axund, molla kimi fəaliyyət göstə bilərlər, dövlət də onlara maaş verər.
   
   Yazını buracan yazdım, gördüm yaman tünd alınır. Mollalar istəsələr mənim dediklərimi başqa cür başa düşərlər və hətta inciyən də olar. Ona görə də öz həmkarlarımın da qəribəliklərindən bir xəbər yazdım ki, mənasını başqa cür yozmasınlar. Deyir Rusiya ilə Avropa İttifaqının Brüsseldə keçirilən birgə plenar iclasında qalmaqal yaşanıb. İclasın gedişini izləyən fransız və rusiyalı jurnalist arasında dava düşüb. Yer üstündə düşən münaqişədən fransalı jurnalist qalib ayrılıb. O, rusiyalı həmkarı, "İtoqi" jurnalının fotomüxbiri Vladimir Novikovun sağ əlini dişləyib.
   
   "Sizə güməli gələ bilər, amma indi mənə quduzluğa görə iynə vurulmalıdır",- deyə zərərçəkmiş jurnalist "İnterfaks" agentliyinə müsahibəsində bildirib.
   
   Qorxuram bu söhbətdən sonra lap savablarım imkan versə də cənnətə gedə bilməyim. İynəyə görə yox, mollaların lisenziyasına görə...

TƏQVİM / ARXİV