ATMOSFERİ ÇİRKLƏNDİRƏNLƏR KİMLƏRDİR?

FAİQ QİSMƏTOĞLU
67620 | 2015-05-05 08:11
Rusiya istehsalı olan "Jiquli" markalı avtomobillərdən havaya daha çox zəhərli qaz atılır
Dünyanvn bir nömrəli problemlərindən biri atmosferin çirkləndirilməsinin qarşısının alınmasıdır. Heç kimə sirr deyil ki, hər gün müxtəlif istehsalat sahalərindən və nəqliyyat vasitələrindən havaya min tonlarla zəhərli qazlar atılır. Bu isə potensial təhlükə deməkdir. Ən azından atmosferin belə çirkləndirilməsi insanı daha böyük təhlükələr qarşısında qoyur.
Əlbəttə, bu cür mövcud problemlər bizim də məmləkətimizdə kifayət qədərdir. Belə ki, istər istehsalat sahələrindən, istərsə də nəqliyyat vasitələrindən atmosferə tonlarla zəhərli qazlar tullanır. Bunların qarşısını almaq isə o qədər də asan deyil. Çünki bir çoxlarımız fikirləşmirik ki, atmosferə zəhərli qaz atmaqla ilk növbədə özümüzü sağalmaz xəstəliklərə düçar edirik. Bununla yanaşı, belə faciəli anlara soyuqqanlı yanaşır və barmaqarası baxırıq.
Təsadüfi deyil ki, Bakı şəhəri də ekoloji cəhətdən bir o qədər də təmiz şəhərlər sırasında deyildir. Bir tərəfdən yaşıllıqların qırılaraq məhv edilməsi, digər tərəfdən də atmosferə atılan normadan artıq zəhərli qazların mövcudluğu havanı çox pis günə qoyub. İstər-istəməz kimliyindən asılı olmayaraq, biz bu zəhərli havadan udmağa məcburuq. Amma gəlin onunla razılaşaq ki, həm Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həm də DİN-in Baş Dövlət Yol Polisi İdarəsi atmosferin çirklənməsinin qarşısını almaq üçün mütəmadi olaraq layihələr həyata keçirir. Bircə o faktı demək yerinə düşər ki, hər il bu iki nazirliyin təşəbbüsü ilə ölkə ərazisində "Təmiz hava" aylığı keçirilir. Bununla yanaşı, mütəmadi olaraq atmosferin qorunması üçün ciddi addımlar atılır.
Baş Dövlət Yol Polisi İdarəsinin ekoloji bölüyü şimal istiqamətindən şəhərə daxil olan və burdan da şimal istiqamətinə hərəkət edən nəqliyyat vasitələrinin atmosferi çirkləndirməsinin qarşısını almaq üçün hər gün davamlı tədbirlər həyata keçirir. Əgər bu cür tədbirlər olmasa, onda sizi inandıraq ki, atmosferin çirkləndirilməsi daha da çox olar. Əlbəttə, bu cür reydlərin, yoxlamaların və tədbirlərin gerçəkləşdirilməsi ilk növbədə insanların sağlamlığına xidmət göstərir.
Ekoloji bölüyün stasionar postunda "Jiquli" markalı avtomobil yol polisi əməkdaşı tərəfindən saxlanılır. Onun mühərrik hissəsinə atmosferi çirkləndirməsini göstərən qurğu quraşdırılır. Qurğuya baxanda adam gözlərinə inanmır. Çünki "Jiquli" markalı avtomobildə normadan iki dəfə artıq atmosferə zəhərli qazın atılması aşkarlanıb. Aydındır ki, hər hansı nəqliyyat vasitəsində, xüsusən də onun mühərrik sistemində nasazlıq yarananda atmosferə normadan artıq zəhərli qazın atılması müşahidə olunur. Həmin nəqliyyat vasitəsindən də havaya normadan artıq zəhərli qaz ona görə atılır ki, onun mühərrik sistemi normal qaydada işləmir.
Mövcud qanunla atmosferə zəhərli qazlar atan nəqliyyat vasitələrinin sahibləri 150 manat məbləğində cərimə olunurlar. Bu isə o deməkdir ki, sürücü qanunu pozduğuna görə, həmin məbləği ödəməyə məcburdur. Ancaq ekoloji bölüyün stasionar postunda keçirilən reyd zamanı əksər sürücülər nəqliyyat vasitəsindən atmosferə zəhərli qazlar atmalarını etiraf etsələr də cəriməni ödəməkdən boyun qaçırmağa çalışırdılar. Onlar bildirirdilər ki, elə bizim imkanımız olsaydı xarici markalı avtomobilin sükanı arxasında əyləşərdik. Allah əlacımızı kəsib hələ də "Jiquli"ləri idarə edirik. 150 manat pul da ödəsək onda görün bizim ailə büdcəmizə nə qədər ziyan dəyər?
Təbii ki, hərə hadisəni öz arşını ilə ölçməyə çalışır. Ancaq qanun belə tələb edir ki, o pozulubsa mütləq sürücü buna görə məsuliyyətə cəlb olunmalıdır. İnzibati məsuliyyətə cəlb olunan sürücü barəsində isə inzibati protokol tərtib edilir və onlar yazılan cəriməni ödəməyə məcburdurlar. Həmin cərimə bir ay müddətində ödənilmədikdə onun üstünə əlavə faiz gəlir və bu sürücüyə yeni bir problem yaradır. Ona görə də qanunu pozmusansa və sənin barəndə inzibati protokol tərtib edilibsə, mütləq bir ay müddətində həmin cəriməni ödəməlisən. Əks təqdirdə sonradan sənin başın ağrıya bilər.
Reyd zamanı nəinki "Jiquli" markalı avtomobillərdən, eləcə də ağır tonnajlı yük maşınlarından və xaricdə istehsal olunmuş avtomobillərin özündə belə atmosferə normadan artıq zəhərli qazın atılması faktları üzə çıxdı. Bununla yanaşı, reyd iştirakçıları təhlükəsizlik kəmərindən istifadə etməyən, qəza şəraiti yaradan, ötmə əməliyyatını pozan və texniki cəhətdən nasaz avtomobillər idarə edən sürücüləri də aşkar etdi. Düzdür, bu sürücülər qanunu pozmaqlarını müxtəlif bəhanələrlə izah etməyə çalışdılar. Aralarında günahsız olanlar da var idi. Amma əksəriyyət qanunu pozduğuna görə məsuliyyətə cəlb edildilər.
Ekoloji bölüyün komandiri, polis polkovnik-leytenantı Fuad Mayılov bildirdi ki, şənbə-bazar günləri reydlər mütəmadi olaraq həyata keçirilir. Ən çox da reydlər zamanı atmosferə normadan artıq zəhərli qazlar atan sürücülərin idarə etdikləri nəqliyyat vasitələri saxlanılır. Biz belə qənaətə gəlmişik ki, atmosferi ən çox çirkləndirən nəqliyyat vasitələri Sovet və Rusiya istehsalı olan "VAZ" markalı avtomobillərdir. Amma bu o demək deyil ki, digər markalı avtomobillərdən atmosferə normadan artıq zəhərli qazlar atılmır. Təbii ki, istər iri tonnajlı, istərsə də xarici markalı minik avtomobillərindən havaya normadan artıq zəhərli qazlar tullanır. Bunun isə qarşısını almağın yeganə yolu həmin nəqliyyat vasitələrində mövcud olan texniki nasazlıqları vaxtında aradan qaldırmaqdır. Elə biz də əksər sürücüləri maarifləndiririk ki, nəqliyyat vasitəsində texniki nasazlıq varsa, zəhmət çəkib onu vaxtında aradan qaldırsınlar.
Bununla yanaşı, yanacağın keyfiyyətsizliyi də atmosferə zəhərli qazların atılmasına gətirib çıxarır. Bir də görürsən ki, hər hansı nəqliyyat vasitəsi təzədir, ancaq onun atmosferə atdığı qazlar normadan artıqdır. Bu isə birmənalı olaraq yanacağın keyfiyyətsizliyi ilə bağlıdır. Ona görə də atmosferin çirkləndirilməsinin qarşısını almaq üçün bütün qurumlar əlbir fəaliyyət göstərməli və bu istiqamətdə dayanmadan işlərini həyata keçirməlidirlər.

TƏQVİM / ARXİV