Yaxzı adam - ilyas Bədəlov haqqında

ETİBAR CƏBRAYILOĞLU
35664 | 2011-02-24 06:53
Bilmirəm bu qaydanı kim tətbiq edib... Həyatımızda, taleyimizdə rolu olan insanlar, ürəyimizdə yer ayırdığımız dostlar barədə ancaq doğum günləri, yubiley mərasimi keçirilən anlarda yazı yazırıq. Adi günlərdə xoş söz demək, ürəyindən keçənləri oxucularla bölüşmək mümkün deyil?
   
   Bu sözləri yazıram və məlum olur ki, ənənəni yenə pozmaq mümkün olmayacaq. Məqalə əməkdar inşaatçı, dəyərli ziyalı İlyas Bədəlovun doğum günündə "Ədalət"də çap ediləcək.
   
   
   
   İnsan sərrafı
   
   
   
   İlyas Bayram oğlu Bədəlov 1944-cü il fevralın 24-də Füzuli rayonunun Dilağarda kəndində anadan olub. Orta məktəbin yuxarı sinfində oxuyarkən valideynləri ilə Beyləqana köçüb. Sonra əksər gənclər kimi Bakıya gəlib. Yaşıdları kimi dünyanın ən böyük şəhər saydığı Bakıya. Paytaxt ona çox şey qazandırıb. Vəzifə, ev-eşik sahibi olub, ailə qurub, oğul-uşaq, nəvələr böyüdüb. Dəyərli dostlar qazanıb. Qabarlı fəhlə əlləri ilə nazir müavini vəzifəsinə qədər yüksəlib.
   
   İlyas Bədəlov Bakıya borclu qalan kişilərdən deyil. Bu gün yanından şütüyüb keçdiyimiz neçə-neçə böyük sənaye müəssisəsinin, yaşayış və inzibati binanın tikintisinə rəhbərlik edib. Zəhməti, alın təri ilə adını Bakını qurub-yaradanların siyahısına daxil etməyi bacarıb.
   
   İlyas müəllimlə tanışlığımızın səbəbkarı sözün həqiqi mənasında böyük yazıçı, ədəbiyyatımıza öz möhürünü çoxdan vuran, ağsaqqalım Seyran Səxavətdi. Məhz Seyran müəllimin sayəsində yaranan bu tanışlıq arxada qoyduğumuz illər ərzində dostluğa çevrilib. Yel kimi ötən illər ərzində çox şey dəyişib. Təəssüf ki, bəzi dostlar da. Amma İlyas Bayram oğlu ilk dəfə gördüyüm kimidi. Ailəsini, vətənini, işini, dostunu sevən. Bu sevginin qarşılığında heç bir təmənna güdməyən. Sənaye Tikinti Nazirliyində müavin olanda da, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin ilk rəhbəri kimi çalışanda da, özəl şirkətə başçılıq edəndə də, işsiz qalanda da bütün dostlarımız da daxil olmaqla mən onu belə görmüşəm. Nə İlyas müəllimin, nə də ailəsinin insanlara münasibəti dəyişib. Həyat yoldaşı Zoya xanım, övladları Kamilə xanım, Fuad, sonbeşik Leyla yaşından və vəzifəsindən asılı olmayaraq bütün dostlarımıza qayğı və diqqətlə yanaşıblar. Mehribanlıq, səmimiyyət və ehtiram bu ailədən heç vaxt əskik olmayıb.
   
   İlyas Bayram oğlu insan sərrafıdı. Dostluq etdiyi insanların arasında akademik də var, yazıçı da, hüquq-mühafizə işçisi də, sənətçi də, jurnalist də, fəhlə də. Hərəsi də bir yaşda, bir xasiyyətdə. O, dostları ilə təkcə fəxr eləmir, sevincini bölüşür, dərdinə şərik çıxır.
   
   Dostlardan biri mən. Şad günlərimdə ilk yada düşənlərdən biri İlyas müəllim olub. Ən ağır, kədərli günlərimdə İlyas Bayram oğlunu yanımda görmüşəm. Təskinlik verib, məsləhətini əsirgəməyib, maddi və mənəvi dayaq olub.
   
   
   
   Söz sərrafı
   
   
   
   Qəlbində dəyərli sözə həmişə xüsusi yer saxlayan insanlardandı İlyas müəllim. Seyran Səxavətin bir cümləsi ona yeni nəfəs verir. Akademik Hətəm Quliyevin müdrik kəlamına sayğı göstərir. Məmməd Arazın, Musa Yaqubun, Ramiz Rövşənin, Vaqif Bəhmənlinin bir cüt misrası ürəyini rahatlandırır.
   
   Ağabala Abdullayevin, Süleyman Abdullayevin, Alim Qasımovun ifası onu torpağa, Qarabağa, Vətənə daha da bağlayır.
   
   Adil Camaloviçin, Təvəkkül müəllimin şux zarafatları ona bulaq suyunun saflığını xatırladır.
   
   Simasından və qələmindən işıq yağan istedadlı şair Vaqif Bəhmənli ilə ötən il "Ədalət" üçün müsahibə hazırlayanda dostumuz İlyas Bayram oğlu barədə də sual verdim. Vaqif bəy iki şeir həsr etdiyi İlyas müəllimi belə xarakterizə etdi: "...Elə insanlar var ki, qanı sənin qanından olmasa da, sən cəmiyyət qarşısında onun mərdliyini, kişiliyini görmüsən, həmin adamlar haqqında hökmən nəsə yazmaq istəyirsən. Çünki həmin insanlardan gələn müsbət enerjini başqaları ilə paylaşmaq ehtiyacı hiss edirsən. Dostumuz İlyas Bədəlov da belə insanlardandı. İlyas müəllimdə o qədər həyat materialı var ki, rahatca oturub nəsə yaza bilərdi. Bəzən görürsən ki, istedadlı bir yazıçıda həyat materialı çatmadığından əsərini oxumaq olmur".
   
   
   
   Daş sərrafı
   
   
   
   Əməkdar inşaatçı İlyas Bədəlov daş sərrafıdı. Daşın dilini bilir. Yəqin elə bu üzdən fəhləlikdən nazir müavinliyinə qədər çətin yolu şərəflə keçməyi bacarıb. Hər dəfə şəhəri gəzəndə tikdiyi müəssisələri, binaları həvəslə göstərir. Bakının sinəsindəki naxışları ilə fəxr edir. Bu işdə ona yardımçı olan insanları- adi fəhlələri də, idarə rəislərini də, nazirləri də ehtiramla anır.
   
   Bir neçə il öncə Bəhram İbrahimovla birgə yazdığı "4-cü trest və..." kitabında belə insanları məhəbbətlə xatırlayıb, onları tarixdə saxlayıb- Əliş Ləmbəranski, Məmmədəli Abbasov, Arif Mansurov, Fuad Musayev, Litvin Abbasov, Səyyah Allahverdov...
   
   İlyas Bədəlov bu qədirbilənliklə özü də tarixdə qalıb.
   
   Bu gün Bakını nəhəng tikinti meydançasına bənzədirlər. Təbii ki, bu meydançada hər şey yerində deyil. Zövqlə görülən işlərlə yanaşı ürəyimizi ağrıdan mənzərələrə də rast gəlirik. Belə çatışmazlıqları görəndə İlyas müəllimin peşəkar inşaatçı, daş dilini bilən insan kimi necə həyan keçirdiyinin dəfələrlə şahidi olmuşam. İnşaat meydanlarında İlyas Bayram oğlunun yeri görünür.
   
   Tikinti meydançasında görüşənədək, İlyas müəllim!
   
   
   
   
   
   

TƏQVİM / ARXİV