adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

YATMA, XARAKTERiNi BiLƏRLƏR

OQTAY SALAMOV
22906 | 2011-02-24 06:53
O gün bizim qədim mahnılarımızdan birini oxuyurdular: "Ay qız çölə çıxma, səni görərlər", nə bilim çiçəyini dərərlər, nələr, nələr... Dedim, gör adamların nə hərif vaxtları olub ey. Dünyanın da yiyəsi olmayıb onda. Amma indi dərəbəylik döyül ki. Qızlar da maşallah, özləri kimlərin istəsən nəinki çiçəyini dərər, gülabını da çəkər, lap ciyərlərini də çıxarar. İndi adamın ağzındakı qızıl dişini göstərmək üçün barmağını uzatsan, barmaqsız qalarsan. Amma bunlar hamısı ayıq vaxtdadır. Bəs yuxuda olan insan haqda nə demək olar? Sən demə, çox şey. Özü də o qədər çox ki, adam oyaq vaxtı bunların əksəriyyətini çox ustalıqla ətrafdakılardan gizlədə bilirmiş. Amma yatanda...
   
   Vaxtilə deyirdilər ki, dostunu göstər, sənin kim olduğunu deyim. Yəni necə adamla dostluq edirsənsə, özünün xarakteri də ona uyğun olur. İndi daha irəli gediblər, dost-filan göstərmək lazım deyil, elə yatdığın yerdəcə baxıb söyləyə bilərlər ki, nəçisən, hansı yuvanın quşusan, xarakterin necədir. Alimlər deyirlər ki, adamın yatdığı zaman aldığı poza onun xarakteri ilə birbaşa bağlıdır. Belədir, ya yox, deyə bilmərəm. Amma yaxınlarınızın yatarkən hansı pozanı aldıqlarını müşahidə etməklə burada yazılanları tutuşdursanız, ən azından vaxtınız maraqlı keçər. Bəlkə də yaxınınızın gizli xüsusiyyətlərini üzə çıxara bilərsiniz.
   
   Britaniyanın aparıcı somnologiya ekspertlərindən biri, professor Kris İdzikovski təsdiqləyir ki, yatan adamların adəti forması ilə onların fərdi xarakter xüsusiyyətləri arasında birbaşa əlaqəni müəyyənləşdirmişdir. İdzikovski insanın özündən daha çox hər birinin onun haqda məlumat verə biləcək altı müxtəlif bədən pozalarını müəyyən etmişdir. Əsasən qadınlar arasında ən çox yayılmış yatma vəziyyəti ana bətnində uşağın yatma formasıdır. Bunu şərti olaraq "Bətn" adlandırırlar. Ümumi respondentlərin 41, rəyi soruşulan qadınların 51 faizi söyləyir ki, onlar üçün böyru üstə, qısılaraq, əli ilə yastığı qucaqlayıb yatmaq daha rahatdır. Professor söyləyir ki, yuzu zamanı belə pozanı alanlar sərt kimi ancaq görünə bilərlər, həqiqətdə isə onlar hissiyyatlı və utancaq olurlar.
   
   "Dəniz ulduzu" pozası - adam arxası üstə yatır, əllərini yanlara açır. Belə adamlar həmsöhbətini dinləməyi bacarır, çox rahatlıqla adamlarla tanış olur, amma diqqət mərkəzində olmağı sevmirlər. Onlar insiativi başqalarına verməyi üstün tuturlar.
   
   Təyin olunmuş altı pozadan ən az "sərbəst düşmə" - insanların qarnı üstə yatdıqları vəziyyətə rast gəlinir. Belə pozanı adamların 6,5 faizi alır. Qarnı üstündə yatan adamlar xarici görkəmcə çox ünsiyyətcil, hətta bəzən sırtıq kimi də görünürlər. Amma bu inamlı görüntünün arxasında özlərinə tənqidi yanaşa bilməyən əsəbi natura gizlənir.
   
   "Əsgər" pozası - adam əllərini yanına fərəqət komandasındakı kimi salıb kürəyi üstündə yatır. Bunlar təmkinli, özləri qarşısında yüksək tələblər qoya bilən şəxslər, şəxsiyyətlərdir.
   
   "Kötük" - yanı üstə, əlləri aşağı sallanmış şəkil. Yumşaq xarakterli adamların formasıdır.
   
   "Xəyalpərvər" - o da yanı üstə yatır, amma əlləri yuxarı dartılıb. Şübhələnən xarakteri olan, nisbətən əzazil adamların pozasıdır.
   
   Professor İdzikovskinin qeydlərindən: " Biz hamımız insan bədəninin dillərini bilirik. Amma burada adətən söhbət onun oyaq, aktiv olduğu haldan gedir. Biz isə ilk dəfə olaraq şüuraltımızın nə dediyini görməyə nail olduq. Maraqlıdır ki, pozaların mənaları çox vaxt bizim gözlədiyimizlə üst-üstə düşmür. Məsələn, "sərbəst düşmə" vəziyyətində yatan, çarpayının çox hissəsini tutan adamlar həqiqətdə öz şəxsi xüsusiyyətlərinin çox hissəsini gizlədirlər. Bu pozada yatan adamlar xarakterlərinin müəyyən ağır cəhətlərinə baxmayaraq özlərinə təsəlli verə bilərlər ki, qidanın həzm edilməsində bu pozanın müsbətlikləri var. "Dəniz ulduzu" və "əsgər" pozasında yatan adamlara yuxusuzluq və xoruldamağa meyllilik xarakterikdir. Tədqiqatlar onu da aydınlaşdırıb ki, yuxu zamanı pozanın dəyişdirilməsi ailəli cütlərin yatdıqları çarpayıda adət etdikləri yerlərini dəyişdirməsi qədər az inandırıcıdır".
   
   Rəyi soruşulanların ancaq beş faizi söyləyib ki, gecədən gecəyə yatma pozalarını dəyişirlər. Böyük əksəriyyət ancaq bir variantı seçir. İdzikovski bu variantlardan heç birini yuxu üçün optimal saymır: "Bu idealda insanın yuxuya nə qədər vaxt ayırmalı olduğu sualına cavab axtarmaq kimidir. Məndə belə suallara cavab yoxdur"...
   
   Yəqin ki, bu yazını oxuyandan sonra fikir vermədiyiniz bəzi nüanslar sizinçün maraqlı görünəcək. Mən doğmalarımın necə yatmaqları ilə nəyi gizlətmək istədikləri haqda bəzi üyğunluqları görə bilim. Yoxlayın, maraqlıdır...
   
   
   
   

TƏQVİM / ARXİV