adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

AVROPA DA QORXU içiNDƏ...

BABƏK YUSİFOĞLU
55304 | 2011-02-24 06:52
Dünya mətbuatı diqqətlə Şərqdə, Afrika qitəsinin şimalında biri-birinin ardınca baş verən hadisələri izləməkdədir. Artıq hər gün həmin bölgələrdən yeni-yeni informasiyalar almağa adət etmişik. Son məlumatlarda bildirilir ki, Liviyada artıq vətəndaş müharibəsi başlamaq üzrədir. Çünki tərəflər silahlı mübarizəyə qalxıblar. Bəhreyndə də vəziyyət xeyli gərginləşib... Zahirən bütün bu proseslər elə təsir bağışlayır ki, müxtəlif ölkələrdə baş verən bu cür narazılıqlar xalqın diktatura rejimlərinə qarşı üsyanıdır. Guya insanlar diktatorlardan cana doyduğu üçün küçələrə tökülüb, hətta ən radikal addımlar atmaqdan da çəkinmirlər. Əslində isə bu iddianı tamam doğru hesab etməyin özü də bir yanlışlıqdır.
   
   Ötən yazılarımın birində bununla bağlı qeyd etmişdim ki, baş verən üsyan dalğası heç də insanların təkcə demokratik rejim arzularından doğmayıb. Çünki belə olsaydı artıq uzun illər demokratik quruluşda, azad cəmiyyətlərdə yaşayan avropalılar da küçələrə axışmazdı. Küçələrdə barrikadalar qurmazdı. Məgər Avropanın inkişaf etmiş ölkələrində də insanlar diktatura rejimindən əziyyət çəkir? Məncə belə deyil. Və heç kim təminat verə bilməz ki, Şərqdə başlayan inqilab dalğzsı Qərb dövlətlərindən yan keçəcək. Əgər belə bir inam olsaydı indi qərbin siyasiləri qorxu keçirməzdi. Bu gün bu bir reallıqdır ki, Avropa da radikal çalxalanma ərəfəsindədir.
   
   Bir neçə gündür Avropa Birliyinin aparıcı dövlətlərindən sayılan Portuqaliya qəzetləri həyəcanlı xəbərlər yaymağa başlayıblar. Avropa Birliyi daxilində rəvac tapan borc böhranı getdikcə böyüməkdə və ardınca da ölkələri bir-bir bürüməkdədir. Jurnalistlərin bildirdiyinə görə, Berlin yaranmış vəziyyətdən çıxmaq üçün Lissabondan maliyyə yardımı üçün hərəkətə keçməsini tələb edir ki, bundan sonra gələcək autsayderlər böhranın qarşısını almaqdan ötrü iqtisadi proqramda müəyyən dəyişikliklər edə bilsinlər. Amma bəzi ekspertlərin mülahizələrinə görə, bunu üçün daha radikal tədbirlər lazımdır ki, buna da böyük maliyyə vəsaiti sərf olunmalıdır.
   
   Avropa Birliyi ölkələrin maliyyə nazirləri isə vəziyyəti sabitləşdirmək üçün məsləhətləşmələrə başlyıblar. Və belə qərara gəlinib ki, daim fəaliyyət göstərə bilən yeni regional sabit fond yaradılsın. Bunun ardınca da Avropanın stabillik mexanizmi təsis edilsin. Baş maliyyəçilər bununla da vəsaiti iki dəfə - 500 milyard avroyadək artırmağa nail olacaqlarına ümid edirlər. Hazırda isə həmin fonddakı maliyyə formal 440 milyard avrodur. Real olaraq isə bu rəqəm yalnız 250 milyard avro təşkil edir. Yerdə qalan məbləğin bir hissəsi kreditlər şəklində mövcuddur. Yeni iqtisadi mexanizmin isə martın sonlarından tez işə düşə biləcəyi mümkün görünmür.
   
   Lissabon isə bu cür "xeyriyəçiliyə" "xeyir-dua" verməyi düşünmür. Portuqaliya hökuməti avrokomissarlara bildirib ki, bu cür "xeyriyəçilik" qurumu daha çətin vəziyyətlərə sala, borclar daha da böyüyə bilər. Onlara görə, böhran həddində olan üzv ölkələr yaxşı-pis öz maliyyələri ilə hələlik keçinə bilirlər. Yunanıstandakı iqtisadi böhran Lissabonu daha inadla etiraza məcbur edib. Avrokomissyanın müfəttişləri BMF və digər beynəlxalq maliyyə qurumlarının adıkeçən ölkəyə artıq növbəti maliyyə tranşlar verilməsini kəskin tənqid atəşinə tutub. Onlar tələb edirlər ki, yunan hökuməti hələ ki, öz daxili resurslarından yararlanmalı, daha böyük masştabda - daha 50 milyard avro həcmində özəlləşmə aparmalıdır. Bundan başqa, Avropa Birliyi rəsmləri Afinanın islahatlar aparmasının lobbi tərəfindən əngəlləndiyinə də ciddi narazılıq bildiriblər. Bu cür münasubət də Yunanıstan hökumətini özündən çıxarıb və bunu ölkənin daxili işlərinə qarışmaq kimi dəyərləndirib.
   
   Bütün bunlardan başqa, digər Avropa ölkələrində də hökumətdən əhalinin narazılıqları artmaqda davam etməkdədir. Hökumətlərin vəziyyətdən çıxmaq üçün atdıqları hər bir addım insanların kütləvi etirazları ilə qarşılaşır. Fransa, Yunanıstan, Almaniya... kimi inkişaf etmiş ölkələr əhalinin narazılığını yatırtmaq üçün artıq zorakı üsullara əl atmaq məcburiyyətində qalıblar. Hətta Avropa Birliyinin vəziyyəti sabitləşdirmək üçün əl atdığı maliyyə "manevrlər"i də bir nəticə vermir. Onlar qorxu içindədirlər ki, avropalılar da başqa qitələrdə başlayan üsyan dalğalarından bəhrələnə bilərlər. Avropalı siyasilər də, ekspertlər də bunun mümkünlüyü qənaətindədirlər. İndi rəsmlər açıq şəklidə bildirirlər ki, Avropa mürgüləyən vulkan üstündə yaşayır. Portuqaliyanın baş naziri Joze Sakrateş ciddi narahatlığını dilə gətirərək bəyan edib ki, iqtisadi vəziyyətin normallaşması üçün təcili və effektli tədbirlər görülməlidir.
   
   Situasiyanın bu qısa təsvirindən aydın olur ki, insanların əsəblərini tarıma çəkən siyasi məsələlərdən çox, onların maddi durumlardır. Bunu da şərhçilər hakimiyyət üçün daha qorxulu olduğunu söyləyir. Çünki əhalinin maddi problemləri heç bir siyasi ayrı-seçkilik qoymadan onları kütləvi şəkildə birləşdirir, toplumu idarəedilməz vəziyyətə gətirir. Müxalifətin siyasi fəallığı isə burada sonuncu yerlərdən birini tutur. İndi artıq hər kəs bilir ki, yalnız demokratiya ilə yaşamaq mümkün deyil. Demokratiya insanlara aclıq gətirsəydi heç kəs onu arzulamazdı...
   
   
   
   
   
   

TƏQVİM / ARXİV