adalet.az header logo
  • Bakı 16°C

ŞANTAJ

BABƏK YUSİFOĞLU
37358 | 2011-02-23 06:40
İndi Qarabağ problemi ilə bağlı müzakirələrdə daha çox müharibə variantı haqqında danışılır. Astana Sammitinin nəticəsiz başa çatması həqiqətən də Minsk qrupunun himayəsi altında aparılan sülh danışıqlarının mənasızlığını bir daha təsdiqlədi. Status-kvonu saxlamaqda maraqlı olan Yerevan həmin sammitdən razı qalsa da Bakı özünün obyektiv və sərt etirazını bildirdi. Çünki heç bir təminat yoxdur ki, yalançı sülh prosesləri daha 20 il davam etməyəcək.
   
   Bu sonsuzluğa ümid bağlayan ermənilərə və bu işdə maraqlı olan qüvvələrə xəbərdarlıq olsun deyə Azərbaycanın dövlət başçısı öz sərt mövqeyini açıq şəkildə bəyan edib. Ölkə rəhbəri bildirib ki, Azərbaycanın səbri hüdudsuz deyil. Və dövlətimiz öz ərazi bütövlüyünü bərpa etmək gücündədir. Məhz prezidentin bu bəyanatının və Azərbaycanın həqiqətən də işğal altında qalan torpaqları hərbi yolla azad edə biləcək güc əldə etməsinin nəticəsidir ki, maraqlı tərəflər narahatlıq keçirməyə başlayıblar.
   
   Ermənilərin güvəndiyi "MDB ordusu" - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müharibə variantı işə düşəcəyi təqdirdə ermənilərə yardım göstərə biləcəyi ideyası da iflasa uğradı. Çünki Rusiya ekspertləri də bildirirlər ki, Dağlıq Qarabağ MDB subyekti olmadığı üçün KTMT-nin hərbi əməliyyatlara müdaxiləsi real deyil. Hətta hərbi Təşkilatın baş katibi Nikolay Borduiya bir müddət bundan əvvəl verdiyi açıqlamalarda KTMT-nin bu cür hərbi əməliyyatlara müdaxilə edəcəyinin real olmadığını bildirdi. Və bu həqiqətləri anlayan ermənilər indi yeni variantlar üzərində baş sındırmağa başlayıblar. Onların yeganə məqsədi Rusiyanın artıq Türkiyə və Azərbaycanla inkişafda olan əməkdaşlığını pozmaq, əvəzində Moskvanı hər iki dövlətə qarşı düşmənçilik həddinə gətirməkdir. Belə olan təqdirdə Ermənistan rahat yaşaya biləcəyinə əminlik əldə edəcək.
   
   İndi Rusiyaya yönəlik bütün erməni təbliğatı bu yöndə fəaliyyətini qurub. Ağılasığmaz ideyalar ortaya atmaqla, Rusiyanı əndişələndirmək üçün yalanlar uydurur, qərəzli rəy yaratmağa cəhd edirlər. Bu işdə Rusiyada adları tanınan erməni elm adamları da fəallıq göstərirlər. Rusiya geosiyasi problemlər akademiyasının vitse-prezidenti, akademik Araik Sərkisyan bir müddət öncə mətbuata verdiyi açıqlamalarda çox böyük iddialardan bəhs edib. Ermənistanın Rusiya üçün çox böyük dəyərini, vacibliyini, dünya siyasəti baxımından Ermənistanın Rusiya üçün vaz keçilməzliyini "təhlil edib". HATO-nun da Azərbaycanın ərazi bütövlüyünü tanıdığı üçün Şimali Atlantika Blokunu da "vurmağı" unutmayıb. Ardınca da Qərbi açıqca hədələyib ki, Ermənistanın təhlükəsizliyi onların da enerji təhlükəsizliyi deməkdir.
   
   "Mən düşünürəm ki, Qarabağ müharibəsində və ondan sonra NATO ölkələri geosiyasi, iqtisadi, hərbi sahədə nə Ermənistana, nə də "Qarabağ xalqına" kömək göstərmədiyi üçün indi ermənilər bu təşkilatdan yaxşı heç nə gözləmirlər. Hətta NATO bu 20 il ərzində özünün üzvü olan Türkiyəni məcbur edə bilmir ki, Ermənistanla sərhədlərini açsın. Faktiki olaraq NATO Ermənistanın "blokadasını" dəstəkləyir. ...Onları maraqlandıran yalnız Qərbi Avropaya nəql olunan neft və qaz kəmərlərinin təhlükəsizliyinin təmin edilməsidir. Qərbə görə neft və qaz kəmərlərində sabitlikdirsə, Ermənistan üçün heç bir problem olmayacaq. Amma onlar həm də ondan ehtiyat edirlər ki, Azərbaycan birdən müharibəyə başlayarsa Ermənistan hansı addımları atacaq. Mən birmənalı təminat verirəm ki, müharibə variantında Ermənistanın istənilən ali baş komandanı ilk növbədə Azərbaycanı Avropa ilə bağlayan neft-qaz kəmərlərinə zərbələr endirəcək".
   
   Qərbə yönəlik şantaj dolu açıqlamalarının fonunda Qərbi düşünməyə dəvət edən şovnist erməni elm adamı sonra hədə-qorxularını Rusiyaya sarı çevirib. Belə görünür ki, Moskvanın onları qurban verə biləcəyi qorxusu gerçəkdən akademiki də narahat edib. "Əgər müharibə başlasa, heç bir ölkə Ermənistana kömək etməyəcək. Rusiya yalnız müharibənin pik həddində yardım göstərə bilər. Əslində Kremldə bunu yaxşı dərk etməlidirlər, əgər Rusiya Ermənistanı itirərəsə, bu o deməkdir ki, Moskva həm də Cənubi Qafqazı, Şimali Qafqazı, Tatarıstanadək, Başqırdıstanadək olan əraziləri itirəcək. Qarabağın "itirilməsi" pantükist və panislamist qrupların birləşməsi demək olacaq. Türkiyə Avropa İttifaqına üzv ola bilmədiyi üçün özünü Şərqə tərəf böyütmək istəyir. İndi deyirlər ki, Qarabağın "itirilməsi" Rusiyanın xeyirinədir. Bu absurd fikirdir. Belə olan təqdirdə onun sərhədlərində radikal islam çiçəklənməyə başlayacaq".
   
   Qəribədir, bu üzdəniraq akademikin sözlərindən belə çıxır ki, Rusiyanın bir dövlət kimi ölüm-dirim məsələsi birbaşa cındır Ermənistandan asılıdır. Deyəsən bu üzdəniraq akademik yaddan çıxarıb ki, Rusiyanın bir neçə böyük müsəlman dövləti ilə sərhədi var, həm də Rusiya əhalisinin az qala yarısı müsəlmanlardır. Ona və onun kimilərə elə gəlir ki, neft-qaz kəmərlərini zərbələrə məruz qoymaq Ermənistan üçün güclü baş ağrılarına səbəb olmayacaq. Müharibənin belə öz qanunları, öhdəliklər, öz prinsipləri var. Bundan başqa, Qərbə neft və qaz ötürülən borular Ermənistan tərəfindən zərbəyə məruz qalacaq deyə, Azərbaycan xalqı torpaqlarının 20 faizindən imtina etməlidirmi? Öz torpaqlarında yenidən, özü də ikinci bir erməni dövlətinin yaranmasına sakitliklə yanaşacaqmı? Bu cür düşünmək erməni neofaşizminin xəstəliyi nəticəsində əmələ gələn əlamətlərdir. Bu ağılsız iddiadır. Rəsmi Bakı dəfələrlə bəyan edib: NƏYİN BAHASINA OLURSA-OLSUN. Yəni bu prinsipin izaha ehyiacı varmı?!.
   
   Qərbin enerji təhlükəsizliyi məsələsinə gəlincə, ermənilər əmin olsunlar ki, müharibə variantı reallaşacağı zaman şantaj eləməyə çalışdıqları həmin Qərb erməniləri güzəştə getməyə özləri məcbur edəcəklər. Ermənilər niyə onu düşünmürlər ki, Qərb onların ağılsız iddialarına, erməni separatizminə görə milyardlarla dollar itirməyə, Bakıdan aldıqları qazdan və neftdən məhrum ollmağa heç bir halda razı olmazlar. Onlar üçün bunun əvəzində acından köpük qusan Ermənistanı ədalətə, beynəlxalq qanunlara tabe etdirmək daha əlverişlidir. Yaxşı olar ki, ermənilər birdəfəlik anlamalıdırlar ki, Sərkisyanlar kimi düşünüb özlərini aldatmasınlar. Nəhayət görsünlər ki, özləri ac-yalavac, yaman gündə yaşadıqları halda bu siyasəti yürüdənlərin hamısı firəvanlıq, yağın-balın içərisində ömür sürürlər. O cür yalanlar isə bitmək-tükənmək bilmir.
   
   

TƏQVİM / ARXİV