SAHiBSiZ UŞAQLAR...

FAİQ QİSMƏTOĞLU
33251 | 2011-02-23 06:40
Yəqin çoxlarınız Bakıda küçələrin qırağında durub pul dilənən və eyni zamanda gəlib-gedən maşınların şüşələrini silib əməkhaqqı almaq istəyən nə qədər azyaşlı yeniyetmələri görməmiş deyilsiniz. Bu uşaqlar sanki insanların onlara olan laqeydliyindən və soyuqqanlığından beziblər. Çünki bir kimsə onlarla maraqlanmır ki, yağışın, qarın və günün altında küçələrdə nə ölümünüz var.
   
   Sadəcə olaraq, bu uşaqlar hər gün səhərlər çörəkpulu üçün küçələrə çıxır və pul qazanmaq haqqında fikirləşirlər.
   
   Bəzən adama elə gəlir ki, bu cür yeniyetmələrin və kimsəsiz uşaqların sayı o qədər də çox deyil. Ancaq elə ki, şəhərin bir balaca küçələrinə baş çəkirsən, parka, meydana gedirsən və onda görürsən ki, heç də hər şey sən düşündüyün qədər adi deyilmiş. Yəni adi olmayan odur ki, yeniyetmələr məktəbə getmək, oxumaq və hardasa tərbiyə almaq əvəzinə küçələrdə kimlərdənsə dilənçi payı umur.
   
   Əlbəttə, bu cür yeniyetmələrin sayının günbəgün artması, çoxalması narahat doğurmaya bilməz. Çünki bu uşaqlar bəzən ev-eşikləri, yurd-yuvaları olmadığına görə, uçuq-sökük xarabalıqlarda, zirzəmilərdə gecələməli olurlar. Sahibsiz uşaqlar bu xarabalıqlarda gecələyərkən ən ağır anlar yaşayırlar. Yəni onları nə itirən var, nə də axtaran və hamısı Allahın ümidinə qalıb. Kimsə pul verəndə nəsə alıb yeyə bilirlər, pul tapmayanda hətta bu cür səfil həyat tərzi keçirən uşaqlar oğurluq etməkdən belə çəkinmirlər. İndi kim durub deyə bilər ki, sahibsiz uşaqlariın taleyinə və həyatına yüksək səviyyədə isti münasibət var. Bu sözü deyənin bəlkə də dili quruyar. Amma dili qurumamışdan öncə adam məəttəl qalır ki, Bakı şəhərində küçələrdə veyillənən, uçuq-sökük binalarda gecələyən kimsəsiz uşaqlar az deyil. Düzdür, onların bəziləri bir çox halda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən nəzarətə götürülür, hətta onların yerləşdirilməsi ilə bağlı tədbirlər də həyata keçirilir. Təəssüf ki, bu cür addımlar yetərincə deyil. Yəni, həmin uşaqların hamısı nəzarətə götürülməli, onlar diqqətdən kənarda qalmamalı və daha doğrusu, sahibsiz uşaqlara sahib çıxılmalıdır.
   
   Adicə valideyn evdə övladını bir gün, beş gün nəzarətsiz qoyanda o uşaq pis vərdişlərə aludə olur və tez bir zaman kəsiyində uçuruma düşür. Bəs onda görün, kimsəsiz və sahibsiz uşaqlar nəzarətsizlik üzündən hansı pis vərdişlərə yiyələnir və sonra da həyatın dibinə düşürlər. O uşaqlar əvvəlcə tüfeyili həyat keçirir, sonra siqaret çəkir, müəyyən müddət ötdükdə isə ya oğurluğa, ya da narkomaniyaya qurşanırlar. Bu cür sahibsiz uşaqlardan bəzən ayrı-ayrı kriminal adamlar istifadə etməkdən belə çəkinmirlər. Çünki o uşaqların böyükləri yoxdur, valideynləri üzə çıxmır və ən nəhayət, o uşaqlar sahibsizdirlər.
   
   Əlbəttə, sahibsiz və kimsəsiz uşaqları təsir altına salmaq və istənilən məqsədə istiqamətləndirmək daha asan olur. Ona görə asan olur ki, o uşaqların çoxu ehtiyac içində yaşayır və savadsızdırlar. Ehtiyac içində yaşayan və savadsız uşaqları isə idarə etmək, onlardan çirkin məqsədlər üçün yararlanmaq bir çoxlarına çox asan olur. Halbuki bu uşaqlara arxa durulsa, sahib çıxılsa və onları bir yerə yığıb cəmləşdirsələr, dediyimiz xoşagəlməz hadisələr də baş verməz.
   
   Ekspertlərdən biri bildirir ki, kimsəsiz uşaqların küçələrdə səfil həyat keçirməsi ilk növbədə dövləti narahat etməlidir. Çünki o uşaqlar bu ölkənin və bu dövlətin vətəndaşlarıdırlar. Əgər kimsəsiz uşaqların taleyinə soyuq münasibət bəslənirsə, onların yaşayışı, həyatı ilə aidiyyəti qurumlar maraqlanmırsa, bunun gələcəkdə çox ağır fəsadları ola bilər. Təəssüf ki, elə qeyri-hökumət təşkilatları var ki, kimsəsiz uşaqlarla bağlı hər il xaricdən külli miqdarda qrant alırlar. Həmin qrantlar isə hara gedir və necə xərclənir bunu o qeyri-hökumət təşkilatlarının rəhbərləri daha yaxşı bilirlər. Onlar yaxşı bilirlər ki, kimsəsiz uşaqlar üçün xarici dövlətlərdən nə qədər vəsait ayrılır. Əfsuslar olsun ki, hələ də bu məsələlər ölkəmizdə öz həllini tapmayıb və kimsəsiz uşaqların taleyi ilə maraqlanmırlar.
   
   Gecələr orda-burda özünə yuva salan və bəzən də küçələrdə yatan bu uşaqların görəsən sabahı necə olacaq? Axı onların günahı nədir ki, bu cür səfil həyat tərzi keçirməlidirlər? Bu uşaqlar heç kimə pislik eləməyiblər, heç kimin toyuğuna kiş deməyiblər, bir qarışqanı tapdalamayıblar. Allahın yanında günahsız olan bu yeniyetmələr bəndələrin qarşısında heç bir ağır günah işlətməyiblər.
   
   Bəs onda niyə bəndələr və vəzifəli şəxslər bu cür sahibsiz uşaqlara qarşı bu qədər soyuqqanlıdırlar? Bax, bunu heç cürə başa düşmək olmur. Başa düşmək olmur ki, Allahın və bəndələrin yanında günahı olmayan kimsəsiz uşaqlar niyə səfil həyat tərzi yaşamalı və hər gün əzablı anlar keçirməlidirlər? Bu əzablı anlardan və məşəqqətli yaşayış tərzindən onları xilas edən tapılacaqmı?!
   
   
   
   

TƏQVİM / ARXİV