55-ə çATMADIN

ƏBÜLFƏT MƏDƏTOĞLU
35329 | 2011-02-23 06:40
İkinci dəfə idi ki, telefonum belə zəng çalırdı... İkinci dəfə idi ki, səhərin gözü açılmamış səslənən telefonum məni vahimələndirirdi... İkinci dəfə idi ki, telefona belə qorxa-qorxa yaxınlaşırdım, ehtiyatla əl uzadırdım... İkinci dəfə idi ki, ürəyimdən sanki nə isə qırılırdı, nə isə qopurdu... Onda da belə olmuşdu. Dostum Vahid Əlifoğlunun ölüm xəbərini də belə sübh çağı, bu lənət olmuş telefon mənə çatdırmışdı. İndi də səsindən hiss elədim ki, qara xəbər gətirib mənə. Elə də oldu...
   
   O mənim üçün təkcə qohum deyildi, təkcə atamın bacısı oğlu deyildi. O mənim üçün daha çox qardaş idi, dost idi. Çünki aramızda yaş fərqi çox az olduğundan uşaqlığımız bir keçmişdi. Bir kənddə, az qala bir evdə böyümüşdük. Tələbəliyimiz də bir keçdi. Bir yerdə kirayənişin yaşadıq. Bir yerdə yağlı-yavan, şor-çörək - nə oldusa bölüşüb, təhsil aldıq və bu bölüşdüklərimizin içərisində ən çox fikirlərimiz, duyğularımız, arzularımız bizi doğmalaşdırırdı, bir-birimizə bağlayırdı... Bu bağlılıq o qədər möhkəm, o qədər qırılmaz, qorxmaz idi ki, mən onun nə vaxtsa qırılacağına, nə vaxtsa mən yarı yolda qoyacağına inanmazdım. Hətta bunu mənə desələr də, sübut etməyə çalışsalar da inanmazdım. Çünki mən onda bütün həyatım boyu ancaq sədaqət, mərdanəlik, dözüm və bir də diqqət görmüşdüm. Xüsusi ilə onda olan diqqət, onda olan yanımlılıq hissi məni öz əsarəti altına almışdı. İstər-istəməz onun kimi diqqətli, qayğıkeş olmağa çalışmışdım. İstəmişdim ki, mənim hərəkətlərim, mənim davranışım onu sıxmasın, onu incitməsin, əksinə mənimlə öyünsün, qürur hissi yaşasın...
   
   Uşaqlığı zülümlə keçdi - əl boyda uşaq idi, gözümüzün qarşısında yanan təndirə düşdü. Bir anın içərisində alov bürüdü onu, güclə xilas etdilər. Eləcə başladı məşəqqətli həyatı. Orta məktəbdə oxuduğu illərdə anasını itirdi, sonra atasını. Gördü dünyanın sərt üzlərini. Daddı acı sillələrini. İçində nələr yaşadı, nələr qurdu, deyə bilmərəm. Çünki dərdini, ağrısını bölməkdən çox, sevincini bölməyə çalışırdı. İstəmirdi ki, kimisə dərdləriynən, qəmləriynən yükləsin. İstəmirdi ki, kimsə ona acısın, kimsə ona mərhəmət hissi ilə yanaşsın. Sığışdırmırdı özünə belə şeyləri. Dişiylə, dırnağıyla qazanırdı hər şeyi. Cırmaqlaya-cırmaqlaya qoparırdı dünyadan halal qismətini. Təsəvvür edin ki, həyatının 7 ilini ali məktəbə qəbul olmaq üçün israrla sərf etdi. Nəhayət ki, istəyinə çatdı, arzusuna qovuşdu. 7 ildən sonra Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olundu. Bu onun arzularına, istəklərinə gedən yolun ilk uğuru idi. Buna qədər Bakının çox qədim nəqliyyat vasitələrindən olan tramvayın sükanı arxasında əyləşmişdi. Elə o sükanın arxasında Bakını gəzib dolaşmış, bu şəhərə bağlanmışdı. Ona görə də əməyin də, yuxusuzluğun da nə olduğunu, hər gün mənzil başına daşıdığı sərnişinlərin psixologiyasının çalarını da özü üçün əxz eləmişdi. O, təhsilə həyatın dibindən gəlirdi. Ona görə də oxumaq onun üçün çətin deyildi. Özünün dediyi kimi, dizini yerə atıb qalın-qalın kitabların içərisində yorulmadan, usanmadan oxuyur, öyrənirdi.
   
   Universiteti bitirdi və əmək fəaliyyətinə Sabirabad rayon Prokurorluğunda müstəntiq kimi başladı. Sonra müxtəlif rayonlarda prokuror müavini, prokuror köməkçisi, prokuror əvəzi işlədi. Hamı ilə dost oldu, hamıya qayğı göstərdi və hamıdan da qayğı gördü. Bir xeyirdən, bir şərdən qalmadı. Yəni adını bildiyi, üz-üzə gəldiyi hər kəsin çətin anında yanında olmağa çalışdı. İstədi ki, haya çatsın, kömək göstərsin, diqqət ayırsın... Ötən ilin yayında qonağı oldum. Xeyli söhbət etdik. İlk dəfə idi ki, ailə-uşaqla paytaxtdan çıxıb dağlara tərəf üz tuturdum. Yolüstü dayanmışdım, onun işlədiyi Ucar rayonunda. Məni bir balaca danladı, uşaqlara diqqət yetirməyi, qayğı göstərməyimi istədi və sonra da dedi ki, nə lazımdısa mən də edəcəm. Oğluna (yanımda olan Babəki göstərdi-Ə.M) oxuması üçün nə lazımdısa elə. Qoy bu həyatda hər şeyi elminin gücünə əldə eləsin. Bax beləcə böyüklük göstərdi. Biz yola düşəndə oğlumu möhkəm-möhkəm öpdü. Ondan ayrılanda bildim ki, uşağın cibinə pul da qoyub və yavaşca qulağına pıçıldayıb ki, bunu özün üçün xərcləyərsən, tələbəsən. Mən bilirəm tələbənin ehtiyaclarını...
   
   Hə, elə bu günlərdə zəng vurmuşdu. Yenə Babəklə bağlı, onun dərsləri ilə əlaqədar mənə iradlarını bildirdi. Uşağın ingilis dili kursuna göndərilməsini tövsiyə elədi. İmkansızlığı dilə gətirəndə, xərcini əmisi çəkəcək - dedi. Beləcə qayğı göstərirdi özümə də, ailəmə də. Arxada qalan bazar ertəsində görüşməli idik. Çünki ötən həftənin cümə günü telefonla danışmışdıq. Demişdi ki, 1-ci gün şəhərdə olacam. Mən də sözarası xatırlatdım ki, bəs kitabıma sponsorluq edəcəyini söz vermisən. Gülə-gülə dedi ki, şair, (o əhvalı yaxşı olanda mənə belə müraciət edirdi-Ə.M) gələcəm şəhərə birlikdə hesablayarıq. Görək kitabının xərci nə qədərdi. Həll eləyərik, fikir eləmə.
   
   Mən də bir az da ərkyanalıq etdim, bir az da irəli gedib zarafatla dedim ki, elə bir kitabla qutarırsan söhbəti? Özünəməxsus şəkildə güldü və gülə-gülə də dedi:
   
   - Şair, ağ eləmə də. Özün bilirsən ki, qayğılar çoxdu. İnşallah gələcəkdə də nəsə eləyərik.
   
   Bax beləcə, danışdıq və gülə-gülə də ayrıldıq. Ayrıldı ki, 1-ci gün görüşək. Amma ilk dəfə sözünə düz çıxmadı, sözünü tutmadı. Mən onu 1-ci gün gözləyirdim. O, isə şənbə günü gəldi, daha doğrusu onu şənbə günü gətirdilər...
   
   Şənbə günü səhər-səhər telefonum zəng çaldı. Bu acı xəbəri telefon mənə çatdırdı. Yerimdə donub qaldım. Yer-göy başıma fırlandı. Hiss etdim ki, ürəyimdən nə isə qırılıb düşdü. Hiss etdim ki, təkləndim, tək qaldım bu dünyada. Hiss etdim ki, güvənc yerim, arxam, dayağım məni tərk etdi. Hiss etdim ki, mən də kimsəsizləşdim. Və bir də hiss etdim ki, o özüylə birlikdə mənim ömrümün, həyatımın böyük bir hissəsini götürüb apardı. Yerində xatirələri qaldı...
   
   Dünyada ən qaçılmaz və qorunması mümkün olmayan bir həqiqət var. O da ölümdü. Ondan heç kim qaçıb, qurtula bilmir. İstəyir müqəddəs adam ol, istəyir asi bəndə, fərq etməz. Həyatın son ucu ölümdü. Hər kəsin qədəri olan ölüm. Onun nə vaxt gələcəyi, harda yolunu bağlayıb səni həyat atından düşürəcəyi sirri - Xudadı. Onu yalnız sirr sahibi bilir. Amma ömür payını yaşamaq, yaşaya-yaşaya da kimlərisə maddi və mənəvi cəhətdən yaşatmaq hər kəsin alnına yazılmır. Çünki insanlar da müxtəlifdilər, alın yazıları da müxtəlifdi, qismət də, qədər də müxtəlifdi. Bax bu müxtəlifliyin içərisində əsl insan olmaq, hər insan kimi diqqət, qayğı göstərmək onun da payına düşmüşdü. Allaha, müqəddəslərə o qədər bağlı idi ki, bir an da olsun onları, eləcə də yaşca özündən böyük olan insanları, ağsaqqaları, ağbirçəkləri həmişə ürəyinin başında gəzdirir, uca tuturdu, ehtiram göstərirdi. Qəribə xüsusiyyəti var idi. Bir anda uşaqla uşaq olurdu, yaşlıyla da yaşlı. O qədər böyük ürəyi var idi, amma orda kiməsə nifrətə yer saxlamırdı. İmkan vermirdi ki, kiminsə haqqında mənasız, yersiz söz-söhbət olsun. Və hər kəsə də məsləhət görürdü ki, Allahı başınızın üstündə görün, Allahı unutmayın. Haqqı nahaqqa verməyin...
   
   Həftənin 1-ci günü onu torpağa tapşırdıq. Ələsgər Rəşid oğlu Bayramov bizlərdən, doğmalardan, dostlardan, iş yoldaşlarından ayrılıb haqqa qovuşmağa, Tanrı dərgahında yer tutmağa yola salındı, getdi. Bilmirəm, başqaları necə, amma mən onun dəfninə gələn tələbə yoldaşlarımızın, dostlarımızın, ümumiyyətlə, bu mərasimə qatılanları müşahidə edə-edə, hər kəsin üz-gözündən bir şey oxudum. Sanki hamının üz-gözünə yazılmışdı:
   
   - Axı, sənin dünyadan köçən yaşın, vaxtın deyildi. Axı sən bu vaxtsız ölümə layiq deyildin. Axı sən belə gedəsi oğul deyildin...
   
   Yayda iyul ayında yığışıb 55 yaşını keçirəcəydik. Birtəhər boynuna qoymuşdum ki, balaca bir məclis qursun. Güclə saqqızını oğurlamışdım. Razılıq vermişdi. Bu arzumuz da ürəyimizdə qaldı. Bu arzuya da qovuşa bilmədik. Heyif...
   
   Bilmirəm heç nə yazıram, nəyə təəssüflənirəm, amma həqiqətən də bu son bir neçə gündə içimdə çox şeylər alt-üst oldu. Təkcə bir təsəlli qazandım. O da dostların, doğmaların sırası idi. Tələbə yoldaşlarımızı boy-boya görəndə bir az dözüm tapdım, bir az dayaq yerimizin hələ qaldığına inandım və hamının da Ələsgərin ölümü üçün göynəməsi, yaşlarının bu çağında bu tələbə dostların necə için-için ağlaması məni bir az sakitləşdirdi. Deməli, sən hamımızdan getdin. Deməli, sən hamımızın itkisisən. Heyf. Görünür "Allah sevdiklərini daha tez aparır" - kəlamı həqiqət imiş... Sən bu dünyada yaşadığın illər ərzində hamımız üçün bir şam oldun, bir işıq oldun və şam kimi də yandın, hər kəsə işıq saldın və şam kimi də söndün...

TƏQVİM / ARXİV