adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 May 2015 11:35
1008
GÜNDƏM
A- A+

Qoruq ərazilərindən ödənişli istifadənin məbləği açıqlandı

Azərbaycanda mühafizə olunan obyektlərin elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud  təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə qaydası təsdiq edilib.

 

Bununla bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalarda ödənişin məbləği də öz əksini tapıb.

 

 "Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği” ilə bağlı Qaydaya görə, xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən  elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə  istifadə üçün ödəniş bu ərazilərin fəaliyyət rejiminin xüsusiyyətləri və istifadənin əlverişliliyi, habelə əldə oluna biləcək gəlirlər, əraziyə dəyə biləcək antropogen təsirlər və onların aradan qaldırılması ilə əlaqədar çəkiləcək xərclər və analoji xidmətlər üzrə müəyyən olunmuş məbləğ və tariflər nəzərə alınmaqla formalaşdırılır.

 

Ödənişli əsaslarla istifadə bu ərazilərdə tətbiq edilir: elmi və tədris məqsədi ilə - xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin bütün növlərində;  mədəni, turizm və rekreasiya məqsədi ilə - milli parkların turizm və rekreasiya, turistlərə və başqalarına xidmət göstərilən zonalarında, təbiət parklarının turizm və rekreasiya zonalarında, zooloji parkların, nəbatat bağlarının və dendroloji parkların ekspozisiya, ictimai və inzibati zonalarında, dövlət təbiət yasaqlıqlarının servitut hüququ (özgə torpaq sahəsindən məhdud istifadə hüququ) tətbiq olunan ərazilərində; məhdud təsərrüfat məqsədi ilə - milli parkların, zooloji parkların, nəbatat bağlarının və dendroloji parkların fəaliyyətini təmin etmək üçün təsərrüfat- istehsalat zonalarında, dövlət təbiət yasaqlıqlarının servitut hüququ (özgə torpaq sahəsindən məhdud istifadə hüququ) tətbiq olunan ərazilərində.

 

Qaydalara görə, dövlət təbiət qoruqlarının ərazisinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi icazəsi olmadan daxil olmağa və həmin ərazinin elmi, tədris məqsədi ilə ödənişli əsaslarla istifadəsinə yol verilmir.

 

Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi araşdırmaların, müşahidələrin, monitorinqlərin aparılması, mədəni tədbirlərin, tədris və məşğələ (treninq) proqramlarının təşkili, turistlərə rekreasiya xidmətlərinin göstərilməsi, müvəqqəti iaşə, ticarət və digər mədəni-məişət təyinatlı obyektlərin yerləşdirilməsi və məhdud təsərrüfat fəaliyyətinin həyata keçirilməsi məqsədləri ilə ödənişli əsaslarla istifadə (bundan sonra - təbiət ərazilərindən istifadə) təbiət istifadəçisi ilə bağlanılmış müqaviləyə uyğun olaraq həyata keçirilir.

 

Təbiət ərazilərindən  istifadə üzrə ödənişin məbləğinə gəlincə, xüsusi mühafizə olunan təbiət ərazisinə (dövlət təbiət yasaqlıqları istisna olmaqla) daxil olmaq və turist marşrutları ilə hərəkət etmək adambaşına  2 (iki) manat -gündəlik. Xüsusi mühafizə olunan təbiət ərazilərinin (dövlət təbiət yasaqlıqları istisna olmaqla) yüksək dağlıq hissələrinə daxil olmaq və turist marşrutları ilə hərəkət etmək adambaşına 4 (dörd) manat - gündəlik, xüsusi mühafizə olunan təbiət ərazilərinin yüksək dağlıq hissələrində bələdçi xidmətləri göstərmək (6 nəfərədək qrup üçün bir bələdçi olmaqla) 1 (bir) gün üçün 3000 metr yüksəkliyədək - 20 (iyirmi) manat; 3000-4000 metr yüksəkliyədək -30 (otuz) manat; 4000 metrdən yüksək olan ərazilər üçün- 50 (əlli) manat, xüsusi mühafizə olunan təbiət ərazisində və obyektində elmi araşdırmalar, müşahidələr, monitorinqlər aparmaq  adambaşına 2 (iki) manat -gündəlik müəyyən edilir

 

Professional video və foto çəkilişləri etmək 1 (bir) gün üçün 20 (iyirmi) manta, mədəni tədbirlər təşkil etmək 50 nəfərədək - 1 (bir) gün üçün 50 (əlli) manat; 50 nəfərdən çox - 1 (bir) gün üçün 100 (yüz) manat müəyyən edilir.

 

Avtonəqliyyat vasitələrini dayanacaqla təmin etmək hər avtonəqliyyat vasitəsi üçün 1 saat üçün - 50 (əlli) qəpik; gündəlik - 5 (beş) manat, təbiət istifadəçilərinə xidmət göstərilməsi üçün müvəqqəti iaşə, ticarət və digər mədəni təyinatlı səyyar obyektlər (köşklər) yerləşdirmək      hər səyyar obyekt (köşk) üçün 5 (beş) manat- gündəlik, aylıq - 100 manat, mehmanxanalarda, kempinqlərdə, turbazalarda və digər iaşə obyektlərində təbiət istifadəçilərinin yerləşdirilməsi hər adam-gün üçün  2,5 (iki manat əlli qəpik)  manatdır.

 

Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən ov, idman və həvəskar balıq ovu məqsədləri ilə istifadəyə görə ödəmələr Azərbaycan Respublikasının Meşə Məcəlləsi, Azərbaycan Respublikasının "Heyvanlar aləmi haqqında”, "Balıqçılıq haqqında” qanunları ilə tənzimlənir və müvafiq normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada həyata keçirilir.

 

Xüsusi mühafizə olunan təbiət ərazisinə giriş zamanı şəxslər Milli Qəhrəmanlar, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər (müvafiq təsdiqedici sənədi təqdim etməklə);  məktəbəqədər uşaqlar, məktəblilər və onları müşahidə edən müəllimlər və qaydalarda göstərilmiş şəxslər imtiyazlı hesab olunur və ödənişdən azad edilirlər

 

Nəqliyyat vasitələrinin istifadəsinə görə ödənişin məbləği isə at - 1 saat üçün 10 manat, avtobus       1 saat üçün 20 manat, qar skuteri     1 saat üçün 10 manat, kvadrosikl 1 saat üçün 15 manat, 4x4 yolsuzluq avtomobili 1 saat üçün 15 manat, avarlı qayıq - 2 yerlik, 4 yerlik 1 saat üçün 5 manat, 1 saat üçün 10 manat, velosiped -1 saat üçün 1 manat, 1gün üçün  5 manat müəyyən olunur.