adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
03 May 2015 18:05
1672
MƏMLƏKƏT
A- A+

Xarici diplomatlar Qala qoruğunda

İsveçrədə və Lixtenşteyndə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin başçılarından ibarət nümayəndə heyəti mayın 3-də Bakının yaxınlığındakı Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olublar.

 

Adalet.az-ın AzərTAc-a istinadən xəbərinə görə, qonaqlara məlumat verilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə ölkəmizin tarixi keçmişinin qorunub saxlanılması ilə yanaşı, respublikamızın turizm mərkəzlərindən birinə çevrilməsinə xidmət edir. Burada yaradılmış Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində eramızdan əvvəl III minillikdən XX əsrə qədərki dövrə aid kurqanlar, sərdabələr, evlər, ovdanlar, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam və s. var. Bu abidələrin qorunması və qoruğun daha da zənginləşdirilməsi üçün 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə burada açıq səma altında ilk arxeoloji-etnoqrafik muzey kompleksi yaradılıb.

 

Bildirilib ki, burada Əntiq Əşyalar Muzeyi də fəaliyyət göstərir. Muzeydə bu nadir toplunun 800 eksponatı nümayiş etdirilir.

 

Nümayəndə heyətinə Qala abidə kompleksi haqqında da məlumat verilib. Diqqətə çatdırılıb ki, dünyanın ən qədim insan məskənlərindən olan Azərbaycanın ərazisi arxeoloji abidələrlə, maddi-mədəniyyət nümunələri ilə zəngindir. Kompleksin ərazisində Abşeron yarımadasında aşkar edilmiş arxeoloji, memarlıq abidələri toplanıb və bərpa olunub.

Nümayəndə heyətinin üzvləri Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi ilə tanışlıqdan xoş təəssüratla ayrılıblar.