adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

ADi HƏYAT

VƏSİLƏ USUBOVA
24595 | 2011-02-19 07:25
Hamımız qeyri-adi görünmək arzusundayıq. Və düşünürük ki, buna nail olmaq asandı. Hamımız olmasaq da, çoxumuz beləyik. Adi görünən ( bəlkə də bu "adi görünən" heç adi deyil, ən böyük məchul və sirli qeyri-adilikdi) canımızı sıxır, tez-tez köks ötürüb deyirik ki, bizim yaşadığımız həyat deyil, nəsə başqa, daha maraqlı şeylər düşünüb tapmaq lazımdı. Bəlkə əslində heç belə deyil. Sadəcə olaraq biz həyatımızı qura bilmirik. Ömrümüzün hər anını maraqlı və yaddaqalan eləməyə, bu olmasa da, ən azından darıxmamağa gücümüz çatmır. Bütün günahlar özümüzdə də deyil. Biz təbiətin də, cəmiyyətin də bir parçasıyıq. Nəhayətsiz dünyamızın isə bir zərrəsi. Təkbaşına nə edə bilərik?! Yeni bir şeylər etməkdən ötrü kimsə əlimizdən tutmalıdı, ya da biz kiməsə əl uzatmalıyıq. Bu da həmişə alınmır. Əlimizi uzatmağa kimsəni tapmayanda, ya da uzaqlı əlimiz boş qalanda özümüzə qapanmaqdan başqa çarəmiz qalmır. Bundan sonra da başlayırıq öz tənhalığımızı vəsf eləməyə. Guya tənhalığın öz aləmi var. Bu da ayrı bir dünyadır. O dünyaya hər adamı buraxmaram. Mən heç kəsə bənzəmirəm. Yerişim, duruşum, gülüşüm bir ayrı aləmdi, ona görə də heç kəsin məni gözü götürmür. Elə mən də heç kəsi özümə tay bilmirəm. Hər işim, davranışım fərqlidig
   
   Baxaq, görək necə fərqlidi?!...
   
   Ötən şənbə rayonumuzda fəaliyyət göstərən beş-altı bəsit gözəllik salonlarından birinə getmişdim. Bəxtimdən salonda bir qız, iki qadından başqa kimsə yox idi. Onlar da gəlinlik paltarı götürmək istəyirdilər. Beş-on dəqiqə gözləməli oldum. Yaxşı ki, belə yerlərə tez-tez getmirəm. Əsl "qeyri-adilik" savaşı gedirdi. Xüsusən, xala çox canfəşanlıq edirdi. Heç nəyi ilə diqqəti cəlb etməyən, bir neçə gündən sonra gəlin olacaq qızı fərqləndirmək, heç olmasa toya gələnlərin diqqətini cəlb eləmək üçün hansı üsullara əl atmırdı?! Nə paltarı, nə saç düzümü, nə makiyajı kimsəninkinə bənzəməməli idi. Yaşına görə xeyli cavan görünən ana isə indii də qızından yaraşıqlı və diqqətçəkən idi. Özü də xaladan az danışırdı. Elə bu da özünə inamdan yaranan bir xüsusiyyətdi qadınlarda. O qədər darıxdım ki,g pəncərədən maşınlar şütüyən asfalta baxmağı bu mənzərədən üstün tutdum...
   
   Bir iş yoldaşım vardı. Oğlan xeylağıydı. Yayın istisində köynəyini boğazınacan düymələyirdi. Tay-tuşları irad tutanda da deyirdi ki, "mən sizdən fərqlənməliyəm, ya yox?".
   
   Kimi maşını (hətta maşının siqnalı), kimi telefon nömrəsi, kimi də evi, kostyumu, saç düzümü ilə mütləq fərqlənmək istəyir. "Bu paltardan hamı geyinir, daha mən geyinməyəcəm" deyə təzə aldığını bir tərəfə atanlar da var. Oğlan evi gətir-götürü, qız evi cehizi ilə diqqət çəkmək, həsəd obyekti olmaqdan ötrü nələr etmirlər?! Amma fərqli olan çox şeylər bizdən asılı olmadan başımıza gəlir. Nə vaxtsa baxdığım bir filmdəki kimi...
   
   Kimsənin xeyir-dua vermədiyi, kömək eləmədiyi (əslində belələri heç yox idi də) oğlanla qız evlənməyi qərara alırlar. Yolun ortasında boş stol, stulları düzüb təkcə özləri otururlar. O səhnəni təsvir etmək elə də asan deyil, hər kəsin öz gözləri ilə görməsi lazımdı... Ürəyi olan hər bir kəsi kövrəldən vəziyyət çox sürmür. Xarici turistləri daşıyan "İkarus" bu yoldan keçir. Qonaqlar oğlanla qızı görüb avtobusu saxlatdırırlar. Bir andaca stolun üstünə lazım olan şeyləri düzürlər, bəylə gəlinə üzük, xeyli hədiyyələr verirlər. Yeyib-içir, şənlənir, doyunca danışır-gülür, rəqs edirlər. Bax, buna deyərlər, qeyri-adilik. Həm də gözlənilməyən, ömürlük yadda qalası bir şey- taleyin sürprizi...
   
   
   
   ***
   
   
   
   Adi görünməkdən niyə bu qədər qorxuruq?! Bu qısa (eyni zamanda çox uzun) ömrümüzdə qeyri-adi görünməkçin göstərdiyimiz çabaların bir anlamı varmı? Buna vaxt itirməyə dəyərmi?! Bacardığımız bir işin qulpundan yapışıb, nələrsə edib, həm özümüzün, həm də özgələrin həyatına rəng qatmağımız, dolğun, maraqlı etməyimiz mümkün ikən, əllaməlik çoxmu gərəklidi?! Niyə öz cildimizin içində tam bir dünya daşıdığımızın fərqində deyilik?! O dünyanı (özümüzü) dərk eləməkçin, xasiyyətimizdə, qabiliyyətimizdə özümüzə də bəlli olmayan daha nələrisə kəşf eləməkçin niyə həvəs gösiərmirik?! Hətta toyda da, yasda da özünü göstərmək xəstəliyi haradan yoluxdu canımıza?!
   
   Orijinal görünmək naminə edilənlər zövqümüzü bir az da korlayır. Qulağı oxşayan xoş avaz əvəzinə şit-şit sözlərə yazılmış hamısı bir-birinə oxşayan mahnılar, gözəl görünüş, xoş ədalar əvəzinə əsəbləri qıcıqlandıran geyim və davranışlar zəbt elyib gözlərimizin önünü. Klip nə deməkdi? Səsin yoxluğunu, ifanın zəifliyini görüntülərlə unutdurmaq. Tamaşaçının başını qatıb sənətdən uzaq bayağı bir aləmə aparmaq. Mahnı (?) oxunub qurtarır, sənsə heç nə eşitməmisən, yadında gözqamaşdıran, sürətlə sürüşən görüntülər qalıb..Hələ televizorların kəndə ayaq açmadığı vaxtlarda radioda səsinə vurulduğum xanəndə və müğənniləri istədiyim şəkildə xəyalımda canlandırırdım. Və yadımda da onların bənzərsiz ifaları və xəyali surətləri qalıb...
   
   
   
   ***
   
   
   
   Mən bu sətirləri yazanda rayonumuza ilk qar düşdü. Bu qar qışı qeyri-adi eləmədi, əksinə, onu öz adiliyinə qaytardı. Bu günə qədər qış qeyri-adi idi, özü deyildi. Nə qədər sərt keçsə, heç kəs onu qınamır, gileylənmir, "qışdı da, elə belə də olmalıdı" deyirlər. Amma mülayim keçəndə deyinirlər. Qış mülayim keçəndə insanların sağlıq durumunda da fəsadlar olur, xəstəliklər, epidemiyalar yayılır.
   
   
   
   ***
   
   
   
   Hər şey öz sifətində gözəldi. Bizdən asılı olmayaraq. Biz qarışanda hər şey şəklini dəyişir, ilkinliyini, bakirəliyini itirir. İnsan övladına yalnız gözəl olan, özü olan, ahəngində, rəngində qalan hər şeyə heyran olmaq və bu heyranlığı ifadə eləmək yetər...

TƏQVİM / ARXİV