Şakir Yaqubovla 60yaz haqqında

ETİBAR CƏBRAYILOĞLU
38253 | 2011-02-19 07:24
Balaca Şahağacından Böyük Qələmlə
   
   
   
   Şakir Hənifə oğlu Yaqubov 1951-ci il fevralın 25-də Astaranın Balaca Şahağacı kəndində dünyaya gəlib. Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirib.
   
   Kənd məktəbində oxuduğu illərdən imzası qəzetlərdə görünən Şakir müəllim "Azərbaycan gəncləri", "Kommunist", "Həyat", "Səhər", "Panorama", "AFFA news" qəzetlərində, "İqtisadiyyat və audit" jurnalında çalışıb. Əslində "çalışıb" ifadəsi onun fəaliyyətini tam əks etdirə bilmir. Şakir Yaqubov həmin mətbuat orqanlarının səlahiyyət sahiblərindən biri olub. Harada çalışıbsa yükün ən ağır hissəsinə çiyin verib.
   
   Jurnalistikamızda nüfuzlu və rəsmi titulların demək olar ki, hamısını alıb. Şakir Yaqubov "Əməkdar mədəniyyət işçisi" adına iki dəfə layiq görülən yeganə şəxsdi. Yaza bilməyib bütün günü jurnalistikadan danışanlardan fərqli olaraq Şakir Yaqubov mükəmməl yazır, lakin heç vaxt danışmır.
   
   "Mən şahidəm ki...", "Qətiyyətin təntənəsi", "Hakim mərkəzi göstərər" kimi maraqla oxunan kitabların müəllifidi.
   
   
   
   Yeni rubrikanı Şakir Yaqubovla başlamağın iki səbəbi var.
   
   Birincisi - Şakir Yaqubov haqqında danışanda, yazı qələmə alanda həmişə "Peşəkar", "Gəzəri ensiklopediya", "Birincilik iddiasında olmayan birinci", "Ustad" kimi ifadələrdən istifadə edilib. Həmin ifadələri yazanlar da, oxuyanlar da Şakir Yaqubovun bu tərifləri haqq etdiyinə tam əmin olublar.
   
   İkincisi - Müsahibənin müəllifi də daxil olmaqla çoxlarının mənəvi müəllim saydığı Şakir Yaqubov bir neçə gündən sonra 60 yaşını tamamlayır.
   
   - Şakir müəllim, bir neçə gündən sonra 60 yaş sizin də qapını döyəcək. Yaşadığınız ömrün çox hissəsi mətbuatda keçib. Bu illər ərzində çox insanlarla saysız-hesabsız müsahibələr hazırlamısız. Maraqlı həmsöhbət kimi tanınsanız da nadir hallarda müsahibə qəhrəmanı olmusuz. Yubiley ərəfəsində söhbətləşməyə, fikirlərinizi bugünkü oxucularla bölüşməyə nə deyirsiz?
   
   - Nədənsə məndə belə bir hissiyyat var ki, bu günün oxucuları Şakir Yaqubov adlı jurnalisti tanımırlar. Məndən 10-15 yaş kiçik jurnalistlər isə tanımaq belə istəmirlər. Bu yaxınlarda yazı-pozu ilə əlaqəsi olan bir təşkilata zəng etmişdim. Telefona cavab verən xanım bir-iki sualdan sonra adımı soruşdu. Adımı deyən kimi həmin xanım soyadımı söylədi. Sözün açığı, təəccübləndim. Uzun müddətdi mətbuatdan uzaqlaşmağıma baxmayaraq kiminsə yaddaşında qaldığıma görə bu neçə ildə ilk dəfə möhkəm sevindim. Bu gün tanınmamağımın xeyli dərəcədə günahını da mən özümdə görürəm. Mən peşəkar jurnalistikaya başlayanda Azərbaycanda ən çox oxunan, dəbdə olan üç qəzet var idi, bu qəzetlərdə 50 jurnalistin imzası tanınırdı. Bu siyahıya daxil olmaq elə də asan məsələ deyildi. İş elə gətirdi ki, qısa bir müddətdən sonra mən də tanınan jurnalistlərin sırasına daxil oldum. Qəzetçilikdən, jurnalistikadan söhbət düşəndə üç halın ən azı birində mənim də adım çəkilirdi.
   
   İndi isə vəziyyət tamam fərqlidi. Pensiya pulundan hər gün 1 manat 20 qəpik verib üç qəzet alıram, gün ərzində kompüterdə bir neçə xəbər saytına daxil oluram. Oxuduğum həmin o üç qəzetin adını çəkmək istəmirəm, sən o qəzetlərdə çap olunan istənilən yazını mənə göstər, o yazıda ən azından bir faktoloji səhv tapım. Jurnalist kimi məni sevindirən yazıya isə nadir hallarda rast gəlirəm. Müəllifin baxışı mənim baxışımdan fərqli ola bilər, bu baxışı mən qəbul etməyə bilərəm. Amma həmin baxışda qeyd olunan fakt hökmən reallığı əks etdirməlidir. Bu gün Amerika siyasətindən qəzetdə yazı yazan adam Bil Klintonla Hillari Klintonu ayıra bilmir. Bir neçə ay öncə televiziya kanallarının birində media qurumuna rəhbərlik edən şəxslərdən biri açıq-açığına dedi ki, məni əsas operativlik maraqlandırır. Hadisəni törədənin Əhmədov və ya Məmmədov olması o qədər də önəmli deyil. Məsələyə bu cür yanaşma dəhşətdi! Mənim düşüncəmə görə jurnalistikada iki mühüm detal var - fakt və onun yozumu. Bunlardan bir olmayanda ötüşmək olur. Hər ikisinin bir yerdə olması isə artıq klassikadır.
   
   Mən heç vaxt özümü böyük jurnalist saymamışam. Amma özümü böyük qəzetçi hesab edirəm. Qəzetçi olan şəxs yazmağı, redaktə və tərcümə etməyi, tərtibatı yaxşı bilməlidi. Ədəbiyyatdan, tarixdən, bugünkü siyasi proseslərdən xəbərdar olmalıdı. Qəzetçiyə lazım olan keyfiyyətlərin 90 faizi məndə var.
   
   - Bu 60 ildə sadaladığınız keyfiyyətlərə 100 faiz cavab verən qəzetçi görmüsüz?
   
   - Cəmil Əlibəyovun, Şamil Şahməmmədovun, Zeynal Babayevin, Rəfail Nağıyevin adlarını çəkə bilərəm. Elələri də var ki, onlardan necə yazmamağı öyrənmişəm.
   
   Bu günlər Rəfail Nağıyevin vəfatının növbəti ildönümü oldu. Rəhmətlik vəfatından bir neçə gün əvvəl xəstələnmişdi. Ona baş çəkmək üçün evlərinə getdim. ANS-də şef-redaktor işlədiyinə görə efirə gedən materiallarla tanış olub imzalamalı idi. Lakin ciyərləri soyuqladığı üçün işə çıxa bilmirdi. Bu vaxt ANS-dən zəng edən xanım materialları ona oxumalı oldu. Çarpayısının yanında oturduğum üçün danışıqlarını eşidirdim. Növbəti materialı oxuyanda jurnalist qız dedi ki, "filankəs filankəsə atıb". Rəfail müəllim bu ifadənin efirə verilməsini düzgün saymadı. Bilirsən o jurnalist qız Rəfail müəllimə nə dedi? Dedi ki, sən bilməzsən...
   
   Səhəri gün kiçik qızım telefonda ağlaya-ağlaya Rəfail Nağıyevin vəfatı xəbərini verdi. Rəfail müəllimin 69 yaşı var idi, bəlkə hələ 10-də yaşayardı. Mənə elə gəlir ki, Rəfail müəllimi həmin o "sən bilməzsən" sözü öldürdü.
   
   - Bildiyim qədəri ilə bu 60 ildə ad günlərinizin əksəriyyətini redaksiyada - iş başında qeyd etmisiz. Bu faktın özü də indiki bəzi gənc jurnalistlərə qəribə gələ bilər...
   
   - Yalnız 50 ilik yubileyimdə məclis qurulub. Başqa heç vaxt təmtəraq olmayıb. Çünki ya evdə ailə üzvlərimlə birgə olmuşam, ya da mətbəədə. Yeri gəlmişkən, bir məsələni qeyd edim. 1992-ci il fevralın 25-də ad günümdə o zaman "Həyat" adlanan indiki "Azərbaycan" qəzetinin baş redaktorunun birinci müavini kimi axşam mətbəədə növbətçi idim. "Azərinform" dövlət agentliyindən Xocalıdakı vəziyyətlə bağlı xəbər gəldi. "Xocalı od içində" adlı xəbər "Azərinform"un Xocalıdakı müxbirinin ötürdüyü məlumat əsasında hazırlanmışdı və agentliyin rəhbəri Azad Şərifov xəbəri imzalamışdı. Mən daxil olan materialı qəzetin birinci səhifəsinə yerləşdirmək üçün yığılmağa verdim. Lakin bir neçə saatdan sonra "Azərinform"dan gələn fərqli bir materialdan sonra "Xocalı od içində" xəbərini səhifədən çıxarmalı olduq. O zaman deyirdilər ki, "Azərinform"un rəhbəri, rəsmi qəzetlər xalqı aldadıb, Xocalıda baş verənlər barədə düzgün məlumat verməyiblər. Rəhmətlik Azad Şərifovun başı buna görə nə bəlalar çəkdi. Elə təqdim edirdilər ki, guya Xocalını Azad Şərifov satıb. Baxmayaraq ki, Xocalının işğalı ilə bağlı əsl günahkarların kim olduğu hamıya məlum idi. Şəxsən mən dəqiq bilirdim ki, bu məsələdə Azad müəllimin heç bir günahı yoxdu. O, ilk xəbəri bayaq dediyim kimi "Xocalı od içində" başlığı ilə göndərmişdi. Lakin görünür bundan xəbər tutan daha yuxarı rəsmi dairələr xəbərin mətbuatda çapına icazə vermədilər. Həmin materialların əslini son vaxtlara qədər arxivimdə saxlamışdım. 1992-ci ildə "Həyat" qəzetində bu barədə yazı yazdım. Arxivimdə "Molodoj Azerbadjana" qəzetinin 1988-ci il noyabrın 18-də çap olunan iki versiyası var. Hər iki versiyada rəhmətlik Nəcəf Nəcəfovun meydan hərəkatı ilə bağlı yazısı dərc olunub. Birində Nəcəf bəy demokratik mətbuatın təmsilçisi kimi yazıb, digərini sovet jurnalisti kimi. Mərkəzi Komitənin göstərişi ilə qəzetin çapdan çıxan ilk versiyası yandırılıb. Sonradan ikinci versiya çap olunub. Nəcəf bəyi mən yaxşı tanıyırdım. Rəhmətlik heç vaxt "Proletariatın dahi rəhbəri Vladimir İliç Leninin adını daşıyan meydan" sözləri yaza bilməzdi. Birinci versiyada bu sözlər yoxdu.
   
   Bu faktları o dövrün mənzərəsini çatdırmaq üçün dedim. Azad Şərifovu, Nəcəf Nəcəfovu qınamaq düzgün deyil. Onlar yazdıqlarını dəyişməsəydilər bu işi görmək üçün pusquda duranlar çox idi. Belələri rəhbərin xoşuna gəlmək üçün daha dəhşətli şeylər yazacaqdı.
   
   - Bu illər ərzində hansısa yazınızla bağlı təkzib tələb edən, məhkəmə ilə qorxudan, hədələyən olubmu?
   
   - Heç bir yazıma görə belə hallar olmayıb. Yalnız bir dəfə imzaladığım qəzetdə başqa bir müəllifin yazısına görə Müdafiə Nazirliyi mətbuat xidmətinin o zamankı rəhbəri Leyla Yunus redaksiyaya silahlı əsgərlər göndərib. Onda da mən redaksiyada yox, prezidentin iqamətgahında olmuşam.
   
   - Bu faktın üzərindən sakitcə keçsəm oxucular məni bağışlamaz. Bəlkə bir az ətraflı danışasız...
   
   - Hadisə 1993-cü il fevralın 5-də olub. "Səhər" qəzetində işlədiyim günlər idi. Baş redaktor Məzahir Süleymanzadə Bakıda olmadığı üçün baş redaktorun birinci müavini kimi redaksiyaya rəhbərlik edirdim. Həmin dövrdə prezidentin mətbuat xidmətinə rəhbəri vəzifəsində çalışan Arif Əliyev redaksiyaya zəng etdi və dedi ki, prezident Əbülfəz Elçibəy aparıcı qəzetlərin redaktorları ilə görüş keçirir. Arif bəy mənim də həmin görüşdə iştirakımı istədi və prezidentin iqamətgahına dəvət etdi. Tofiq Rüstəmov, Aqil Abbas, Mehman Cavadoğlu, Emin Eminbəyli kimi tanınmış baş redaktorlar da orada idi. İş elə alındı ki, otağa birinci mən daxil oldum. Rəhmətlik Əbülfəz bəy bizi ayaq üstə qarşıladı və hamının gözü qarşısında mənimlə səmimi görüşdü və bərk-bərk qucaqladı. Çox səmimi keçən söhbət zamanı prezidentin masası üzərində "Səhər" də daxil olmaqla xeyli təzə qəzet var idi. Prezident Hidayət Elvüsalın həmin gün "Belə-belə işlər" rubrikasında yazdıqlarına toxundu. Dedi ki, "Səhər" qəzetində yazmısız Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri kabinetinin pəncərəsini açıb avtomatla quş vurur.
   
   Sözün açığı, həmin yazını oxumamışdım. Çünki Hidayət Elvüsal da redaktor müavini olduğu üçün onun yazısını oxumadan qəzeti çapa imzalamışdım.
   
   Sonra bildim ki, qəzet çap olunan gün Müdafiə Nazirliyinin bir qrup silahlı əsgəri "Azərbaycan" nəşriyyatına gəlib. Şənbə günü olduğundan Hidayət Elvüsalı və "Səhər" əməkdaşlarından heç kimi tapa bilməyiblər. Mən isə həmin vaxt prezidentlə üzbəüz oturub söhbət etmişəm.
   
   - Sizi yaxından tanıyanlardan biri kimi güclü yaddaşa malik olduğunuzu bilirəm. Göz dəyməsin, bu gün də yaddaşınız əvvəlki kimi möhkəmdi. Yaddaşınıza və arxivinizdəki sənədlərə arxalanıb növbəti kitabı yazsaydınız 60 illik yubileyə həm də bir hədiyyə olardı...
   
   - Heç vaxt diktofondan istifadə etməmişəm. Son illər səhhətimdəki problemlərlə bağlı ağır əməliyyat keçirmişəm. Əməliyyatdan sonra yaddaşım bir qədər zəifləyib. Arxivimə gəlincə, bu dəqiqə min beş yüz səhifəyə sığan hazır materialım var. Lakin çap etdirmək istəmirəm. Birincisi, aldığım pensiyanın məbləği buna imkan vermir. İkincisi də bundan əvvəl çap etdirdiyim kitabları öz adına çıxan o qədər adam görmüşəm ki... Həmin kitablardan mənə yalnız xəstəlik və iynə-dərmanlar qalıb.
   
   - İstedadlı jurnalist dostumuz Məzahir Əhmədoğlu Şakir Yaqubovla müsahibəyə hazırlaşdığımı bilincə sizə salamlarını göndərdi və 60 yaşınızı təbrik etdi. Məndən xahiş etdi ki, bir məsələyə aydınlıq gətirim. Məzahir müəllim deyir ki, sovet dövründə idman jurnalistikası bəzən gündəlik mövzuları üstələyirdi. Bir vaxtlar Aqşin Kazımzadənin, Şamil Şahməmmədovun hər yazısı əl-əl gəzirdi. Sonra bu sahədə liderlik Şakir Yaqubovun əlinə keçdi. Siz bu uğurları publisistikanın idman mövzularına sintezinin nəticəsi sayırsız, yoxsa başqa səbəblər var?
   
   - Bunu publisistikanın idman mövzularına sintezi ilə bağlayardım. Məncə başqa səbəblər yoxdu. Futbolla bağlı yüzlərlə yazım var ki, çap olunsa bu gün də maraqla oxunar.
   
   - Futbolla bağlı maraqlı yazılara imza atan Şakir Yaqubov ilk dəfə futbola nə vaxt baxıb?
   
   - Azarkeş stajım 1964-cü ildən hesablanır. O vaxtlar futbol oyunlarının radiodan reportajlarına qulaq asırdım, qəzetdə dərc olunan yazıları oxuyurdum. 1967-ci ilin yayında kəndə müəllimimiz televizor almışdı. Müstəsna hal kimi mənə də televizora baxmağa icazə vermişdi. İlk əyani futbola həmin vaxt baxmışam. "Neftçi" Moskvanın OMİK komandasını qəbul edirdi. Oyun indiyə kimi gözümün qabağındadı. Boyu 168 santimetr olan Rafiq Əlizadə ilk dəfə əsas heyətdə çıxış etməsinə baxmayaraq boyu 183 santimetr olan, SSRİ yığma komandasının və OMİK -in kapitanı, rütbəcə də kapitan Albert Şesternovu o vaxtkı dillə desək, şərq tribunalarına tərəf qapı həndəvərində barmağına dolamışdı.
   
   Ömrümün sonrakı dövrü uzun müddət futbolla bağlı oldu. Günlərlə "Heftçi"-nin bazasında gecələmişəm, komanda ilə səfərlərə getmişəm.
   
   - Maraqlıdı ki, 60 illik yubileyiniz Azərbaycan futbolunun 100 illiyi ilə üst-üstə düşür...
   
   - Əvvəla bir məsələni dəqiqləşdirmək lazımdı. Azərbaycan futbolunun 100 yaşı tamam olur, yoxsa Azərbaycanda futbolun? Fikrimcə, bunlar ayrı-ayrı şeylərdi. Kim nə deyir desin, indi qeyd olunan yubiley Azərbaycanda futbolun 100 illiyi ilə bağlıdı. 1911-ci ildə ingilislər Bakıda bir-birləri ilə futbol oynayıblar. Onların arasında bir nəfər də azərbaycanlı olmayıb. Bu faktın Azərbaycan futboluna nə aidiyyəti var?
   
   Bu günlərdə "İnter" klubu "Birlik kuboku"nun qalibi oldu. Çox gözəl, amma final oyununda heyətdə bir nəfər azərbaycanlı var idi. Çünki bu klubun prezidenti bolqardı, baş məşqçisi gürcüdü. Belə klubun Azərbaycana nə dəxli? Bu gün futbola böyük sərmayələr qoyulur. Həmin pulları Azərbaycan naminə, azərbaycanlı gənclərin yetişməsi üçün xərcləmək lazımdı. 2000-ci ilə qədər milli çempionatda oynayan, hətta Rusiyada, Ukraynada, İranda legioner həyatı yaşayan məgər azərbaycanlı futbolçular deyildi? Bəs niyə indi belə gənclər yetişmir?
   
   - Bu gün eynən sizin kimi ömür yolu keçmiş bir şəxslə müsahibə hazırlasaydınız həmin yazıya hansı adı seçərdiz?
   
   - "Öz taleyini yaşayan adam"

TƏQVİM / ARXİV