adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

"QOCA ŞƏRQ" TƏNGNƏFƏSDiR...

BABƏK YUSİFOĞLU
35366 | 2011-02-16 07:06
Artıq hamıya məlumdur ki, müsəlman Şərqində çox ciddi proseslər başalyıb. Tunis və Misirdə başlamış və konkret nəticələrlə varmış dalğa bütün bunların ötəri bir hal və ya hansısa super gücün planlı şəkildə həyata keçirdiyi ssenari olmadığını dolayısı ilə təsdiqlədi. Əlbəttə, indi ekspertlərin əksəriyyəti, hətta insanların da çoxu belə zənn edir ki, ictimai-siyasi proseslərin bu şəkildə radikallaşması, inqilabiləşməsi başda Birləşmiş Ştatlar olmaqla Qərb dünyasının əməlləridir. Əslində belə düşünməyə çoxlu sayda əsaslar da vardır. Amma hadisələrin gedişinə bir qədər dərindən nəzər salsaq bu iddianın doğru olmadığını görərik.
   
   Əvvəla, onu qeyd edək ki, inqilabvari proseslər indi təkcə Şərqi deyil, həm də Avropanı bürüyüb. İspaniyada, Fransada, Yunanıstanda... başlayan iğtişaşlar yerlərdə hakimiyyət dəyişikliyinə gətirməsə də hər halda öz masştabına, radikallığına görə Şərqdə baş verənlərdən heç də zəif deyil. Belə təqdirdə inanmaq olmur ki, inkişaf etmiş Avropa ölkələrində, daha doğrusu Avropa İttifaqı kimi nəhəng qurumdakı prosesləri də Amerika başda olmaqla Qərb hazırlayıb. Qərb özü-özündə inqilabi proseslərə rəvac verəsi deyil ki?
   
   Bundan başqa, müsəlman Şərqində biri-birinin ardınca başlanan belə proseslərin bu şəkildə davam etməsini planlaşdırmaq, davam etdirmək həqiqət kimi görünmür. Çünki bu nəhənglikdə ərazini, ölkələri əhatə edən ictimi-siyasi "ssenari"nin hansısa güc mərkəzi tərəfindən hzırlanması və həyata keçirilməsi absurd iddiadır. Əlbəttə, əgər proseslər Tunislə, Misirlə başa çatsaydı... Amma görünən odur ki, situasiya günbəgün dəyişir və yeni istiqamət alır. Hətta Rusiya kimi bir ölkə indi iğtişaşların onların ərazisinə keçməsindən əndişə keçirirlər. Məhz bu üzdəndi ki, ölkənin baş naziri Vladimir Putin ölkədə əhalinin sosial-rifah halının yaxşılaşdırılması üçün ciddi işlərin görülməsi üçün göstərişlər verib. Unutmaq olmaz ki, Rusiyanın bir adı da inqilablar ölkəsidir. Əslində, həqiqətən də situasiya göründüyündən də ciddidir. Belə ki, artıq inqilabi qığılcımın Yəmənə də, İrana da sıçradığının şahidiyik. Bu ölkələrdə də insanlar rejimdən narazılıqlarını bildirmək üçün küçələrə çıxıblar. Hakimiyyətlər isə bu etirazların önlənməsinin çarəsini sərt addımlar atmaqda görür.
   
   Belə demək mümkünsə, proseslərin fonunda ən xoşagəlməz situasiya İrandadı. Çünki məhz burada Qərbin gündəmində olan rejim dəyişikliyi marağı var. Vaşinqton əlindən gələni edəcək ki, İran hakimiyyəti devrilsin. Artıq bundan ötrü ilk ciddi addımlar atılıb. İranın mühacirətdəki müxalif qüvvələri fəal şəkildə təlimatlandırılır, ölkə daxilindəki proseslərin vüsət götürməsi üçün mümkün variantların hamısı işə salınır. Hakimiyyətə qarşı yönələn, müxalifət qüvvələrini dəstəkləyən Farts dilində radioefir fəaliyyətə başlayıb. Tehranda, İsfəhanda və ölkənin bir sıra şəhərlərində kütləvi nümayişlər başlayıb. Bazar ertəsi minlərlə insan müxalifəti dəstəkləmək üçün paytaxt küçələrinə çıxıb. Və ən maraqlısı isə budur ki, Tunisdə və Misirdə səsləndirilən şüarlar eynən burada da səsləndirilir: przidentin istefası, demokratik islahatların keçirilməsi, diktaturaya son qoyulması və cair.
   
   İran polisi nümayişçiləri dağıtmaq üçün kəskin tədbirlərdə bulunurlar. "Reuters" bildirir ki, məhz ərəb ölkələrindəki kütləvi aksiyalar fonunda İran müxalifətinin liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi iranlıları bazar ertəsi küçələrə çıxaraq nümayiş keçirməyə çağırmışdılar. Nümayişlərin qarşısını almaq üçün Tehran küçələrində böyük sayda polis və xüsusi təyinatlı birləşmələrin əməkdaşları var. Motosikletlərdə hərəkət edən polis əməkdaşları və "Bəsic" korpusunun mənsubları müxalifətçilərin küçələrə yığışmasına yol verməməyə çalışırlar. Bu da qarşıdurmalarla müşayiət olunur. İran müxalifətinin liderləri Mirhüseyn Musəvi, onun xanımı Rəhnavərd və Mehdi Kərrubi evlərindədir. Onlar ev dustağı edilib, evləri də polislərin mühasirəsindədir. Küçələrdə isə polislər, dövlətin digər güc strukturlaının çoxsaylı əməkdaşları ilə nümayişçilər arasında ciddi qarşıdurmalar baş verib. Müstəqil xəbər agentliklərinin məlumatına görə, artıq onlarla yaralanan, yüzlərlə həbs olunanlar var. Hətta iki nümayişçinin öldürüldüyü də bildirilir.
   
   İndi Tehranda nümayişçilərin hərəkətə keçməsini əngəlləmək üçün əlavə tədbirlər görülür, polislərin sayı artırılır. Şəhərdə internet şəbəkəsi də bağlanıb. Əcnəbi jurnalistlərin şəhərdə işləməsinə qadağalar tətbiq edilib. Hakimiyyət sputnik televerlişlərin yayımının da bağlanmasına çalışır. Amma hələlik bu hadisələrin nə ilə qurtaracağını indidən demək çox çətindir. Bir də onu qeyd etmək lazımdır ki, İrandakı rejim özünü qorumaq üçün bütün sərt üsullardan istifadə edəcək kimi görünür. Bir sıra ekspertlər də qeyd edirlər ki, İran hakimiyyəti Misir, Tunisdən fərqli olaraq hərəkatın qarşıını ən amansız şəkildə almağa tərəddüd etməyəcək.
   
   Lakin mövcud rejimlərə qarşı başlayan bu prosesin daha çox ölkələri saracağı təqdirdə kimsə başlanan etirazları durdura bilməyəcək. Və sonucu nə olursa-olsun ölkələrdəki inqilablar çox şeyi qarşısına alacaq. Çünki onun hərəkətverici "qüvvəsi" yalnız siyasi amillər deyil, həm də iqtisadi təbəqələşmə, insanlara qarşı haqsızlıq, hiper korrupsiyadır... Bunları aradan qaldırmadan hakimiyyətlər belə inqilabi dalğaları yatıra bilməyəcəklər. Hətta indi buna nail olsalar belə, sabah həmin gücün qarşısında dayana bilməyəcəklər. Bu artıq məntiqdir. Hər şeyin keçəcəyi ilə, proseslərin hansısa ölkədə baş verməyəcəyi ilə özünə təsəlli edənlər böyük səhvə yol verirlər. Çünki tarix ən böyük imperiyaların, ən nəhəng hakimiyyətlərin süqutunu dəfələrlə səhifəsinə yazıb. Tanrıdan başqa əbədi olan heç nə yoxdur. Bir də ki BMT bir müddət öncə xəbərdarlıq etmişdi ki, dünyada acların üsyanları başlaya bilər... Və deyəsən bütün bunlar həmin xəbərdarlığın həyatdakı reallığıdır...
   
   
   
   

TƏQVİM / ARXİV