adalet.az header logo
  • Bakı 13°C

"Sıfır yaşımdan beləyəm"

ETİBAR CƏBRAYILOĞLU
29662 | 2015-05-02 01:19
Xalq artisti, Prezident mükafatçısı Cəfər Namiq Kamalın növbəti doğum günü çalışdığı Akademik Milli Dram Teatrında qeyd olundu. İstedadlı aktyorun doğmaları, yaxınları bu yazının ilk cümləsinə etiraz edə bilərlər və haqları da var. Axı Cəfər Namiq Kamal avqustun 17-də dünyaya göz açıb, indidən nə ad günü? Aktyoru vaxtından əvvəl qocaltmaqda məqsəd nədir?
Yubilyar özü bu məsəldə teatrın rəhbərliyini, yaradıcı kollektivi "günahkar" sayır:

- 65 il əvvəl, yayın cırhacırında Bakıda, indi çalışdığım teatrın arxasındakı məhəllədə doğulmuşam. Ad günlərimi teatrla birgə keçirməyim yadıma gəlmir, çünki avqustda kollektivin üzvləri həmişə məzuniyyətdə olur. Akademik Milli Dram Teatrının rəhbərliyi bu dəfə ad günümlə bağlı tədbir keçirmək istədi. Əslində, tədbir martın 10-da - Milli Teatr Gününə təyin olunmuşdu. Amma sonra məlum oldu ki, Mədəniyyət və Turizm Nazirliyi həmin vaxt "Zirvə" mükafatının təqdimat mərasimini keçirəcək. Ona görə də planlar dəyişdi və sonda doğum günümlə bağlı tədbir aprelin 29-da baş tutdu.
- Tədbirlə bağlı tarixlərin dəyişməsi doğum gününün dadını-duzunu qaçırmadı ki?
- Yox, hər şey əladı, dad da yerindədir, duz da. Əsas odur ki, səhnədə çəkdiyim əziyyəti qiymətləndirirlər, diqqət göstərirlər. Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilova, aktyor yoldaşlarıma, kollektivimizin hər bir üzvünə minnətdarlığımı bildirirəm. Həmin gün vaxt tapıb tədbirə gələn tamaşaçılara qəzetiniz vasitəsi ilə təşəkkürlərimi göndərirəm.
- 65 illik yubileyiniz qeyd olunan gün tamaşaçılar sizi səhnədə Vəzir Mirzə Həbib kimi gördülər. Həmin axşam "Sərgüzəşti-vəziri-xani-Lənkəran" tamaşasının oynanılmasını özünüz istəmişdiniz, yoxsa bu da teatr rəhbərliyinin seçimi idi?
- Bu gün teatrımızın repertuarındakı əksər tamaşalarda rol almışam. Poloni (Elçin "Sənətkarın taleyi"), Xasay (Afaq Məsud "Qatarın altına atılan qadın"), Vali (Viktor Hüqo "Qadın məhəbbəti"), Knyaz Pantiaşvili (Avksenti Saqareli "Xanuma"), General (Vaqif Səmədoğlu "Generalın son əmri") kimi müntəzəm tamaşaçılar qarşısına çıxıram. 65-ci doğum günü münasibəti ilə Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" tamaşasının oynanılmasını isə özüm istədim. İsrafil müəllim də sağ olsun ki, məni qırmadı. Niyə məhz bu tamaşanı seçməyimin səbəbi var, soruşmaq istəsən onu da deyə bilərəm.
- Elə bilin ki, soruşdum...
- Əvvəla, peşəkar milli teatrımız Mirzə Fətəlinin məhz bu pyesi ilə siftə edib. İkincisi, çox gözəl, maraqlı və bu gün də aktual səslənən klassik bir əsərdir. Üçüncüsü, bu tamaşa mərhum Vaqif İbrahimoğlunun rejissor kimi sonuncu işidir. Vaqif bəylə bir yerdə oxumuşam, dostluq eləmişəm. Onunla heç zaman unudulmayacaq günlərimiz olub. Dördüncüsü, bu tamaşada böyük sənətkarımız, rəhmətlik Həsən Turabovun səsi var. Beşincisi də ki, Vəzir Mirzə Həbib çox xoşladığım rollarımdan biridir.
Bayaq təkcə elə son illərdə oynadığım obrazların bəzilərinin adını çəkdim. Şükürlər olsun Allaha ki, səhnədə olduğum illər ərzində heç vaxt rol sarıdan sıxıntı keçirməmişəm. Yubiley tamaşamdan əvvəl qardaşım, Xalq artisti İlham Namiq Kamalın çıxışını eşitdin də, dedi ki, hər bir rejissor quruluş verdiyi tamaşada istedadlı aktyorların rol almasını istəyir. Doğrudan da gözəl sözdür və bizim sənətin boyuna biçilib. Əgər rol sıxıntısı keçirməmişəmsə, deməli, rejissorlar mənimlə çalışmaqda maraqlı olublar. Mən də çalışmışam ki, tapşırılan rolu elə oynayım rejissorun da üzü ağ olsun, öz üzüm də. Özümü görə bilmədiyim obrazlardan isə həmişə uzaq qalmaq istəmişəm, ona görə də imtina etdiyim rollar da olub. Aktyor rolda özünü görmürsə, bu obrazı necə oynaya bilər? Tutaq ki, bizim teatrda hansısa bir tamaşa hazırlanır və mənə də rol verilməsi nəzərdə tutulub, hətta mən tamaşa üzərində işləyəcək kollektivdə özümü görə bilməyəndə həmin roldan imtina etməyə çalışıram. Teatr yaradıcı və kollektiv sənət olduğundan təkcə tərəf-müqabili yox, səs rejissoru, hətta işıqçı və səhnə maşinisti də aktyoru başa düşməlidir. Sən özünü səhnədə öldürürsən, amma görürsən ki, tərəf-müqabilin səndən aldığı enerjini ötürə bilmir və ya musiqi vaxtında səslənmir, səhnənin fırlanması gecikir. Onlar bir-birini tamamlaya bilməsə tamaşanın uğurundan danışmağa dəyməz.
Aktyorluq gözəl sənətdir, amma bir məsələ də var ki, insanın ömrünü qısaldır. Bir ay ərzində səhnədə 10-15 adamın həyatını yaşamaq, onların dərd-sərini çəkmək heç kimə asan gəlməsin. Bu dəqiqə adam heç öz dərdini çəkə bilmir.
- Oynadığınız hər rola öz əlavələriniz olur. Müəllif mətnlərinə əlavə etdiyiniz sözləri toplasaq bir pyes alınarmı?
- Bir yox, yəqin ki, bir neçə pyes alına bilər. Bu da sənətimizin yaradıcı olmağından irəli gəlir, amma gərək aktyorun əlavələri, tapıntıları da yerinə düşə. Götürək elə Xasayı. "Qatarın altına atılan qadın" Afaq Məsudun yazdığı kimi tamaşaya qoyulsaydı Xasay danışdıqca camaat gərək ağlayaydı. Məşqlərdə Mehriban Ələkbərzadəyə dedim ki, tamaşaçı cümə axşamına gəlməyib axı. Quruluşçu rejissorla razılaşandan sonra mətndə asta-asta müəyyən əlavələr elədim. İndi artıq Xasay başqa Xasaydı.
- Yaxın günlərdə sizi daha bir obrazda görə biləcəyik. Rəhman Əlizadənin "Laləli düzən" komediyasındakı Qəşəm şah roluna da əlavələriniz olacaq yəqin...
- Təbii ki, bayaq dediyim kimi, bunsuz olmaz. Mənə elə gəlir ki, "Laləli düzən" tamaşası çox maraqlı alınıb. Cavanşir Quliyev də tamaşaya qulağa və ürəyə yatımlı musiqilər yazıb, məşqlərdə hamımız çalıb-oxuyuruq. Sevinirəm ki, teatrımızın rəhbərliyi Şərif Qurbanəliyev kimi istedadlı rejissora inandı və bu əsəri ona həvalə etdi. Şərif də əsl teatr rejissoru olduğunu sübut eləyə bildi. Təəssüf ki, televiziyada boşuna vaxt itirib, gərək o, teatra çoxdan gələydi. Şərifi təkcə dostum olduğuna görə deyil, həm də bacarıqlı rejissor və yaxşı insan olduğuna görə dəstəkləyirəm.
- Dostlarınız deyir ki, Cəfər Namiq Kamal stabil adamdır. İndiki bu qeyri-sabit zamanda necə stabil qala bilirsiniz?
- Mən təkcə bu zamanın adamı deyiləm axı, ötən əsrdən qalmışam. Elə o dövrdə də sabit qalmağa çalışmışam. Yəni sıfır yaşımdan beləyəm, artıq iki əsrdir ki, bu prinsiplə yaşayıram. Görünür bu da ailədə aldığım tərbiyədən gəlir. Doğulduğum ailə teatr sənətinə iki Xalq artisti bəxş edib. Valideynlərimiz də sağlam mühitdə böyüyüblər, babam zadəgan olub, frak geyinərmiş. Gəmiləri, ikimərtəbəli mülkləri var imiş. Yəni saqqız satan tacirlərdən deyilmiş, indiki dillə desək, böyük bizneslə məşğul olub. Sovet hökuməti sərvətini əlindən alsa da, babam xarakterindəki zadəganlığını qoruya bilib.
- Yubilyar, 65-dən 5 çıxmaq yaxşıdır, yoxsa üstünə 5 gəlmək?
- Vallah, nə istəyirsə elə, 65-dən 5-də çıxmaq olar, üstünə 5 gəlmək də. Önəmli olanı başqa məsələdir. Hər şey Yaradanın ixtiyarındadır, təki Allah ağlı və sağlamlığı əlimdən almasın. Daim ayaq üstə olum, əhatəmdəki insanlara problem yaratmayım. Təbii ki, daha çox yaşamaq, yeni obrazlar, maraqlı rollar oynamaq istəyirəm. Daim səhnədə, tamaşaçıların qarşısında olmaq böyük xoşbəxtlikdir. Qoy tamaşaçılar oynadığım rollara baxıb gülsünlər, teatrdan evə gedənə qədər canıma dua eləsinlər.

Yubilyarı təbrik edirlər

İsrafil İsrafilov (Akademik Mili Dram Teatrının direktoru, professor): "Cəfərlə uşaqlıq dostuyuq, bir yerdə dərnəyə getmişik. O, bu gün yetkin bir sənətkardır. Cəfərin böyüdüyü ailədən yalnız belə bir insan yetişə bilərdi".
Azər Paşa Nemətov (Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor): "Yaşca Cəfərdən böyük olsam da Pionerlər evində eyni vaxtda onunla dərnək üzvü olmuşuq. Cəfər elə o zamandan səhnəni "sökürdü". Cəfər Namiq Kamal teatra, səhnəyə lazımlı aktyordur".
İlham Namiq Kamal (Xalq artisti): "Qardaşım istər onu əhatə edən insanlara, istərsə də sənətinə, səhnəyə heç vaxt xəyanət eləməyib. Bu 65 ili əsl kişi kimi yaşayıb".


TƏQVİM / ARXİV