ÇIXAQ GEDƏK BURALARDAN...

FAİQ QİSMƏTOĞLU
61344 | 2015-05-02 01:16


... Srağagün qanım bir balaca qaraldı. Belə ki, qardaşım Elxanın vəziyyəti o qədər də yaxşı deyildi. Əlim yanan kimi yaxın dostumuz və qardaşımız, tibb elmləri namizədi Rafiq Yusiflini axtarıram. Bu dəfə də qardaşımın səhhətindəki problem yenidən Rafiq həkimə telefon açmağıma səbəb oldu. Səsimi eşidən kimi hal-əhval tutdu. Ailəmi, balalarımı və nəvələrimi soruşdu. Dedim ki, şükür Allaha, hər şey yaxşıdı, amma Elxan bir balaca nasazlayıb. O telefonda duruxdu, sonra dedi:
- Təcili gəlsin yanıma. Bir az qardaşın bu məsələlərə soyuq yanaşır. Ürəklə zarafat etmək olmaz.
... Hələ səhər tezdən bronxlarında problem olduğuna görə Köçəri həkimin yanında olmuşdu. O da baxıb demişdi ki, təcili ürəyini kardioloqa göstər. Onun kardioqramasını çıxarmışdılar. Elə həmin kardioqramanı da götürüb Rafiq həkimin yanına getmişdi. Rafiq həkim baxan kimi ona demişdi ki, elə günü bu gün xəstəxana şəraitində müalicəyə başlamalısan. Bir neçə dəqiqədən sonra Rafiq həkim mənə telefon açdı. Dedi ki, Elxanın kardioqramasına baxdım, bir az narahatlıq var, mütləq yatmalıdır. Düzdür, dedi ki, İşim başımdan aşır, ora tələsirəm. Ancaq onu bu vəziyyətdə tək buraxmaq olmaz.
Axşamüstü qardaşımgilə getdik. Rəngi-ruhu pis deyildi, özü dedi ki, ürəyimi həddindən artıq yükə salmışam. Bir tərəfdən işin ağırlığı, digər tərəfdən də dostlarımın sözünü yerə salmayıb tez-tez araq içməyim ürəyinə öz təsirini göstərib. Amma bu arada zarafat eləməyi də unutmadı. Mənim qardaşım muğamı, xalq musiqisini, bəstəkar mahnılarını çox gözəl duyur və bilir. Elə oğlunun toyuna da məhz belə sənətçiləri dəvət etmişdi. Güldü və dilləndi ki, ürəyimdən qorxmuram, şükür Allaha, yaxınlarım, uşaqlarım və gəlinim yanımdadı. Mənim bir türk dostum var, adı da Ünal abidi. Bir dəfə Ünal abi dedi ki, ay Elxan qardaş, sizin bir müğənni var Nazənin xanım, yaxşı oxuyur, amma onun bir mahnısını heç cürə anlaya bilmirəm. Mahnı belədi: "Çıxaq gedək buralardan". Çox duyğusal və kədərli bir mahnıdı, özü də yaxşı ifa edir. Ancaq bu kədərli mahınını oxuyanda qolunu qaldırıb müğənni oynayır və yanındakılar da ona qoşulub bir rəqs edirlər ki, gəl görəsən. Kədərli, dərdli mahnıya heç belə qol qaldırıb oynamaqmı olarmı? Qardaşım Elxan deyir ki, mən də Ünal abiyə bildirdim:
- Abi, nəinki müğənni oxuyanda, hətta əksər toylarda iştirak edənlər o mahnını səsləndirib hamılıqla rəqs eləyirlər. Adamlar o qədər çox olur ki, sanki onlar kədərli mahnıya yox, sevincli və gözəl bir mahnıya oynayırlar.
Qardaşım Elxanla Ünal abinin bu söhbəti məni də tərpətdi. Dedim ki, ay rəhmətliyin uşaqları, elə bilirsiniz təkcə elə bu kədərli mahnıya oynayırlar? Rəhmətlik Məhəbbət Kazımov "Laçınım" mahnısını zil səslə oxuyanda da qol qaldırıb oynayanları görmüşəm. Həmin mahnını oxuyanda rəhmətlik Məhəbbət Kazımov dərdin-kədərin içində və göz yaşına boğula-boğula özünü Laçında hiss edirdi. Azca qala bu mahnını oxuyanda ürəyi partlayırdı. Həmişə fikirləşirdim ki, nə yaxşı Məhəbbət Kazımov bu mahnını oxuyanda ürəyi partlamır? Həmişə başqa müğənnilər toylarda "Laçınım"ı oxuyanda qol qaldırıb oynayanlar görmüşəm. Bəlkə də camaat bu cür kədərli, hüznlü, dərdli mahnıların fərqinə varmır. Düşünür ki, mahnı səslənir, oxunur, deməli, oynamaq lazımdı.
Niyə uzağa gedirik? Hətta Ədalət kimi böyük bir el sənətkarı sazı sinəsinə basıb "Yanıq Kərəmi" çalanda nə qədər insanın qol qaldırıb oynadığını görmüşük. Xüsusən televiziya ekranlarında bu musiqi səslənəndə hətta müğənnilərin özləri qol qaldırıb oynayırlar və ətrafdakıları da rəqsə dəvət edirlər. Bayaq dediyimiz kimi, belə kədərli musiqilərin dərinliyinə isə varan yoxdur. Bir balaca musiqi səsi gələn kimi, bir balaca sazda nəsə səslənən kimi o dəqiqə çoxlarımız qolumuzu qaldırıb oynayırıq. Amma bu musiqilər, bu kədər və ovqat yaradan mahnılar bizdən dərin düşüncə və dünyanı dərk eləmək tələb edir. Biz nədənsə ağlamalı yerdə gülürük, gülməli yerdə ağlayırıq...
Allah cəmi müğənnilərin işini avand eləsin. Toyları çox olsun, pulları da başlarından tökülsün. Bizim bununla işimiz yoxdur, amma gərək müğənnilər də bir balaca mahnı seçəndə, ifa edəndə oynaq musiqi ilə kədərli mahnını səhv salmasın. Bəlkə də çoxlu toylar "tutmaq" üçün müğənnilər bu addımı atırlar. Bununla da işimiz yoxdur. Axı bir az bundan əvvəl dedik ki, qoy müğənnilərin nə qədər istəsə toyları olsun. Toy gözəl şeydi...
Qardaşım dünəndən Rafiq həkimin çalışdığı 5 nömrəli Kardioloji xəstəxanada müalicə olunur. Özü ilə də gözəl muğam ifaçılarının kasetlərini, səs yazılarını aparıb. Deyir ki, Rafiq həkimin müalicəsindən sonra bu musiqiyə qulaq asmaq mənə ləzzət edir. Rafiq həkim də məni sevindirdi. Dedi ki, qardaşın tezliklə ayağa qalxacaq və işinə başlayacaq. Elə ürəyin sahibi heç vaxt xəstə ola bilməz... Allah-Təala hamını sevindirsin...

TƏQVİM / ARXİV