adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

GEDƏK "BiZ OLMAYAN" KƏNDiMiZƏ...

VƏSİLƏ USUBOVA
18892 | 2011-02-12 05:13
Biz balaca olanda kəndimiz çox böyük idi. Lap elə bütün dünyanın özüydü. Solda yulğun, seyrək böyürtkən kollarından, arxların içində bitən sıx qamışlıqlardan başqa gözə heç nə dəymirdi. Bir də lap uzaqlarda başından bir parça ağ buludu əskik olmayan dağlar görünürdü. Elə bu dağların o üzündən də yayda təndir kimi tünd narıncı od püskürən, payızda-qışda bulanıq, çisəkli havanı güclə yaran sarımtıl günəş doğurdu. Batanda da axmazın o tayındakı hündür ağacların dalında yoxa çıxırdı. Arxadakı bomboz çöldən arabir qatar fiti, təkər taqqıltısı gəlməsəydi, qulaqlarımızdakı boşluğu heç nə doldurmazdı. Qabaqda evlərinin damı güclə ağarışan qonşu kənd dünyanın o başı kimi görünürdü... Dünyamız bununla bitirdi. Ancaq belə yaxşıydı. Nə göyün-yerin, nə də Günəşin, Ayın, ulduzların, küləklərin, bir sözlə, yerdən qalxan, göydən gələn nə vardısa, bizdən başqa şəriki yoxdu. Mənasını anlamadığımız eqomuzla baş-başa, rahat yaşayırdıq.
   
   Amma bizdən əvvəl yaşamışdılar. Dünyanın ədəbiyyatı, rəsmləri, səsləri vardı. Coğrafiyası olması fikrini qəbul etmirdik. ( O zamanlar "sivilizasiya" sözündən xəbərim olmasa da, dünyanın bizim kənddən başlanmasına inanırdım). Çünki kəndimiz dünyanın ilkinliyinə çox oxşayırdı. Oxuduğum, eşitdiyim nə vardısa, hamısı mənbəyini bizim bu kiçik məskənimizdən (böyük dünyamızdan) almışdı. Məsələn, babamgilin ikiotaqlı xudmani evləri elə torpağımızın ilk insanı Adəm babamız tikən idi ki, durmuşdu. Sonra Həvvanı da yanına alıb harasa, sonsuzluğa getmişdi. Fironlar da bizim kənddən idilər, Roma imperatorları da, neçə yüz ilə ömür deməyən Tibet kahinləri də. Homerin öz "İliada"sını nənəmlə bibimin isti aylarda xalça-palaz toxuduqları kiçik qamış daxmada yazdığına zərrə qədər də şübhəm yox idi. Hələ ayaqlarımın ucunda yaxınlaşıb onun necə yazdığına tamaşa da eləmişdim. Mənim varlığımı hiss eləməmişdi. (Elə o vaxtdan mənim varlığım hiss olunmur). Sezarın da qoşunları bu şoran torpaqdan keçməmiş deyildi. Makedoniyalı İsgəndər başının dəstəsiynən bir qış gecəsində babamgilin qonağı olmuş, ətirli samovar çayından doyunca içmişdi. Elə Kolumbun gəmisindəki dənizçilər də uzaqdan bizim kəndimizi görüb sevincdən qışqırmışdılar. Şekspir pyeslərini burada yazıb London teatrlarına göndərirdi. İnanmırdım ki, Molla Pənah Kür qırağına gələndə kəndimizə baş çəkməyib. Ən azından ona görə ki, uzaq qohumumuz Güləndam xala cavanlığında qənirsiz gözəl olmuşdu, sorağı o kişiyə çatmamış deyildi. Babamla nənəmin toyunu da ustad Ələsgərdən başqa kiminsə eləməsinə öldürsələr də, inanmazdım.
   
   Bunları mənə heç kim danışmayıb. Mən belə bilmək istəyirdim. Öz uydurduqlarıma da inanırdım. Ola bilməzdi ki, o şəxslərin bizim kəndimizdən xəbəri olmasın. Zamanı və məkanı saya salmadan, illəri, əsrləri gözə almadan zənn etdiklərimi həqiqət bilib qürurlanırdım.. Bu yaşımda da o düşüncələr məni riqqətə gətirir. Özünü dünyanın yaşıdı bilmək necə də zövqvericidi. Yer üzündə hər şeyi özününkü, hər kəsi doğman bilmək nə xoş, həyəcanlandırıcı bir hissdi...
   
   
   
   ***
   
   
   
   Amma yaş artdıqca inam azalırmış, sən demə. Boy artdıqca üstündə gəzdiyin torpaq da artır, genişlənirmiş. İstər-istəməz bu günədək şəriksiz bildiyin şeyləri bölüşmək lazım gəlirmiş. İstəməsən də, qısqansan da, beləymiş dünyanın düzəni. Bu xəyali "fateh"liyinə son qoyulan gün özün öz gözündə kiçilirsən, əvəzində dünyaya heyranlığın, vurğunluğun gündən-günə, saatdan-saata artır. Paylaşmalı nə çox şeyləri varmış bu gözəl dünyanın. Daha bir yerdə dayana bilməzsən. Sənə "gəl-gəl" deyən, sirrini açmaq istəyən məchullara qaçmağın zamanı yetişib. Bu kənd nə yaman kiçik imiş belə. Səhərləri, axşamları bir-birinin eynisi, adamları bir-birinə oxşayan, eyni şeyləri düşünüb, eyni işləri görüb, eyni səmtə baxan. Yox, buralardan getmək lazımdı. Haradasa, lap uzaqlarda daha maraqlı deyilmi yaşamaq?! Əlbəttə ki, belədi. Qəbiristanlığı da lap iki addımlıqdadı. İnsanın son mənzili bu qədər yaxın olarmı?! Nə ağılla belə ediblər? Dünənəcən böyründə-başında dolaşan, yeyib-içən, gəzən-dolanan, əlləşib-vuruşan əzizlərin, doğmaların lap yaxınlıqda iki metr torpağın altındadı. Evindən, bağ-bostanından, örüşündən uzaq səfəri olmayan dədə-babalarımız nə yazıq bir ömür sürüblər. Biz mütləq uzaqlara getməliyik. Bəlkə yad ellərdə adamlar heç ölmürlər?! Ölsələr də, son mənzilləri bu qədər yaxın olmur yəqin. Yaşadıqları sürəcə daha çox şeylər görüb eşidir, şahidi olurlar. Ömrün sonuna çatanda da gözləri arxada qalmır, "mən də bu fani dünyada bir şeylər görüb anlaya bildim", deyə bilirlər...
   
   Kənddən uzaqlaşmağa can atdıqca bu yerlər gözümdə yazıqlaşırdı. Yəqin, torpaq da insan ayağının təmasından canlanır, bərəkət qoynunu daha geniş aça bilir. Bizsə bir-bir onu tərk edirdik. Başqa kəndlərə, şəhərlərə ərə gedən qızlara, oxumağa, işləməyə gedib geri dönməyən oğlanlara acığım tuturdu. Özüm hamıdan çox getmək istəsəm də, çox istədiklərimin həmişəlik kənddə qalmasını arzulayırdım. Nəzərimdə onlar etibarsız idilər, mən yox. Guya qəlbən həmişə kənddəydim, xəyallarım bir an da olsun, uşaqlıqda gəzib-dolaşdığım yerlərdən ayrılmırdı. Elə bilirdim bu kifayətdi. Kəndimizsə ildən-ilə yetimləşirdi, yazıqlaşırdı. Hər gələndə onu bir az da küskün görürdüm. Sanki hər şeyi özümüzlə aparmışdıq. Daha qızlar çiyinlərində səhəng arxlardan su gətirməyə getmirdilər. Qızlar görünmürsə, oğlanlar niyə yol qırağında qan-tər içində futbol topunu qovmalıydılar?! Bir ötəri baxışdan ürəklərinə qüvvət, dizlərinə güc dolurdu. İndi haradan alsınlar bunu? Oynamağa, qaçmağa həvəsmi qalar innən belə?! Deyəsən, səhərlərin açılmağı, axşamların düşməyi də bilinmir. Haradan bilinəcək?! Alaqaranlıqdan inəyi, camışı sağıb naxıra ötürən arvadların səsi gəlmirsə, gün çırtlamamış tarlaya, zəmiyə yol alan qız-gəlinlərin torağay qaqqıltısı eşidilmirsə, lap günəşin də canını tənbəllik alar. Uşaqların özü də dərsə könülsüz-könülsüz gedib-gəlirlər...
   
   Neyləyək?! Bəlkə təzədən kəndimizə qayıdaq?! Mümkündürmü? İşlədiyimiz yerlər, uzaqlarda qurduğumuz gün-güzəran qoyacaqmı, balalarımız, nəvələrimiz ətəklərimizi buraxacaqmı? Yox, biz əzəl başdan səhv elədik. Daha düzəldə bilmərik. Heç kəndimizin də bizi qoynuna almağa meyli yoxdu indi. Biz yola saldığı saf, məsum uşaqlar deyilik daha. O qədər gərəksiz şeylər görüb öyrənmişik ki, indi özümüz də öz məsumluğumuzun xiffətini çəkirik...
   
   Heç olmasa, arabir kəndimizin torpağını dolaşıb, havasını udub ruhumuzu təzələmək, arındırmaq istəyək. Təzələyə, arındıra bilsək...

TƏQVİM / ARXİV