adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

PALiNDROM GüNü

OQTAY SALAMOV
39571 | 2011-02-12 05:12
Narahat olmayın, söyüş söymürəm. Mən yazını işləyəndə fevralın 11-i idi. Bu günün yazı formasını yada salın-11 02 2011. Burada ədədlərin yan-yana düzülməsi rəqəmlərin güzgüdə əksi kimi görünür, yəni müasir gənclərin dili ilə desək, "zerkalnı" tarixdir.. Mütəxəssislər bunu elmi dillə "Palindrom" adlandırırlar. Yeri gəlmişkən, tərsinə oxunuşu da eyni cür olan söz, cümlə və rəqəmlərə "Palindrom" deyilir. Alimlər bildirir ki, bu il ərzində 2, XXI əsrdə isə 38 "Palindrom" gün olacaq. Olsun, mane olmayacağıq ki. Amma bəzi işlərimiz də palindrom alınanda adam düzünə də söymək istəyir, tərsinə də. Gün Palindrom olduğu üçün mən də sizə tərs-məssəb məsələlərdən, hadisələrdən danışmaq istəyirəm.
   
   İki gün bundan qabaq "İngilis siyasəti" adlı bir yazı işləmişdim. İngilislər müsəlmanlarla birgə yaşamaqdan beziblər. Amma deyəsən təkcə müsəlmanlardan yox, ağıllı olmaqdan da beziblər. Bu gün oxuyuram ki, İngiltərədə artıq çəkiyə görə vergi tutulacaq. Allah eləməsin bizimkilərin də ağlına gəlsin, Azərbaycanın artıq çəki vergisi ilə İngiltərəni dolandırmaq olar. İngiltərə mətbuatına istinadən verilən məlumata görə, tezliklə bu şəhərdə kalorisi çox olan qidalara görə vergi tətbiq oluna bilər. Doğrudur, hələlik vergi belə qidaları yeyənə deyil, satana tətbiq ediləcək. Bu, xüsusilə "MakDonalds" və buna bənzər kafelərə aid ediləcək. Verginin məbləği 1000 funt sterlinqə qədər ola bilər.
   
   Wikileaks saytı və onun qalmaqallı sənəd açıqlamaları haqda hamınız eşitmisiniz. Saytın sahibi Culian Assancı amerikalıların müxtəlif bəhanələrlə həbs eləmək söhbətlərindən də xəbəriniz olmuş olar. Bu variantlardan biri kimi, onu İsveçrədə iki qadını zorladığı ittihamı müəyyən qədər baş tutdu. Amma Britaniya məhkəməsi 240 min dollar girov müqabilində onu içəri salmadı və deportasiyası məsələsini həll etmədi. Hələ ki, məsələ açıq qalıb. Amma Assancdan belə asanca əl çəkməzlər axı. İndi daha maraqlı bir versiya ortaya atılıb. Almaniyalı proqramçı Daniel Domşayt-Berq "Wikileaks-in daxilində" adlı kitabını təqdim edib. Burada müəllif qalmaqallı "Wikileaks" saytının təsisçisi Culian Assancla birgə işindən danışır və xüsusilə onu pişiklərlə sərt rəftarda ittiham edir. Müəllifin yazdığına görə, Culian Almaniyada qonağı olan zaman onun pişiyi ilə pis rəftar edib. Nə az, nə çox, düz 300 səhifədən ibarət kitabın Daniel Şmit təxəllüslü müəllifi əvvəl saytın mətbuat katibi işləyib. Müəllifin sözügedən pişiyinin adı isə "cənab Şmit"dir.
   
   "Culian həmişə heyvanlara hücum edirdi. O, barmaqlarını çəngəl kimi aralayaraq pişiyimin boynundan tuturdu. Bu bir mübarizə idi. Söhbət kimin daha cəld ola biləcəyindən gedirdi. Gah Culian pişiyin cəld boynundan tutaraq onu yerə çırpırdı, gah da pişik Culiandan çevik tərpənərək onu cırmaqlayırdı", - deyə kitab müəllifi bildirib. Onun sözlərinə görə, Assanc xüsusi olaraq pişik yorğun olan vaxtlar ona "hücum" edirmiş.
   
   Deyir biri tüfəng, kəndir, yaba, tüstuburaxan cihaz da götürüb tülkü ovuna gedirmiş. Qonşusu soruşur ki, bu qədər əşyanı nədən ötrü götürmüsən? "Ovçu" deyir: Uzaqda olsa güllə ilə vuracam. Dəyməsə kəndirlə kəmənd atıb tutacam. Qaçıb yuvaya girsə tüstü buraxacam ki, çıxsın. Çıxanda yaba ilə vuracamg Qonşu başını yelləyib deyir: - Ta denən tülkünün işi Allaha qalıb kig Assaancın məsələsi məsələ deyil, palindromdur, düzünə də tutacaqlar, tərsinə də...
   
   Zırıltı bir tərs-məssəb iş, palindrom da Belçikada yaşanır. Avropada hökumətsiz qalaraq rekord qıran Belçikada düz 243 gündür ki, hökuməti qura bilmirlər. Əməlli-başlı hökumət böhranı yaranıb. Bu böhrana son vermək üçün senator Marlen Temmerman qeyri-adi təkliflə çıxış edib. Xanım senator hökuməti qurmaqla vəzifəli olan şəxslərin həyat yoldaşlarına müraciət edərək onları intim əlaqədən uzaq olmağa səsləyib. Özü də Senator bu fikri göydən götürmədiyini, tarixdə belə analoqların olduğunu göstərib və öz fikrini Kenyanın siyasi tarixindən göstərdiyi nümunə ilə dəstəkləyib: "Bir illik qalmaqaldan sonra kenyalı siyasətçilərin həyat yoldaşları yataq otağı embarqosu tətbiq etdilər və ərlərini yaxına buraxmayacaqlarını dedilər. Bir həftə sonra hər şey həll olundu".
   
   Maraq xatirinə xatırladım ki, hökumətsizlik üzrə dünya rekordu 249 günlə İraqa aiddir. Deyəsən onlara arvadla yatmamaq da kömək eləmir.
   
   Yaponlar düzünə də, tərsinə də palindrom dahidilər. Daha elmi kəşflər, ixtiralar qurtarıb, indi əllaməliklə məşğuldurlar. Durub indi elə bir cihaz ixtira eləyiblər ki, onu eynək kimi uşağın qulağının arxasına taxanda göndərdiyi elektrik impulsları əzələləri sıxaraq uşağı gülümsəməyə məcbur eləyir. İxtiraçıların fikrincə, bu vasitə ilə uşaq lap balacalıqdan hamıya gülümsəməyə öyrəşir. Bu yaxınlarda cihazı kütləvi istehsala buraxmağa hazırlaşırlar.
   
   Həftə sonudur, kişilərin sirləri haqda mütəxəssislərin hazırladığı bir psixoloji qoroskop-testi təqdim edim, kişilər özlərini, qadınlar da həyat yoldaşlarını sınasınlar, görək mütəxəssislər düz deyir, yoxsa ...
   
   Deyir bütün kişilər qazandığı pulların müəyyən hissəsini arvadlarından gizlədirlər. Necə deyərlər, hər ehtimala qarşı. Kişilərin saxlancı evin (təkcə evin yox) müxtəlif yerlərində ciddi-cəhdlə gizlədilir. Gəlin kişilərin xüsusiyyətlərini bittə-bittə öyrənmiş astroloq mütəxəssislərin kişilərin doğulduğu bürclə bağlı pulgizlətmə yerləri ilə tanış olaq. Ümid edirik ki, kişilərin sirlərini açmış olmarıq. Amma kim yaxşı gizlətməyibsə, özü günahkardır.
   
   
   
    Beləliklə:
   
   
   
   1. Qoçlar üçün evdəkilərdən pul gizləmək, qalan hissəsini vermək kimi asandır. Kişi qoç sayır ki, gizlənc pul onun alnına yazılıb. Onsuz olmaz ki. Amma o gizli pulunu heç vaxt kult eləmir, onu zərurət yarandıqda rahatca xərcləyir. Pullar onun sərbəst vaxtını keçirdiyi yerdə olur. Məsələn, Qoçun maşını varsa, çox güman ki, pul orada oturacağın altındadır.
   
   2. Buğalar üçün saxlanc müqəddəsdir. O xırda-xırda toplayır, amma bəzən yaxşı məbləğ yığa bilir. Buğa şəxsi pullarını bicliksiz, fərasətsizcəsinə gizlədir. Saxlancı palazın altında, paltar şkafında görünən yerdə tapmaq olar.
   
   3. Əkizlərin saxlancı az hallarda olur. Onlar əllərinə düşən pulu çox sürətlə xərcləməyi sevirlər. Əslində gizlətməyə pullar qalmır. Amma əgər ağıllarına gizlin pul saxlamaq gələrsə də bu, çox kiçik məbləğ olur. Onlar bu məbləği mütləq məişət elektrik cihazlarında gizlədəcəklər.
   
   4. Xərçənglər həmişə qara gün gözləyir və məhz buna görə pul gizləyirlər. Onlar öz kefləri üçün heç vaxt pul gizlətmir, amma gizlətdikləri yerlər gözlənilməz olur. Məsələn, mətbəx şkafında, rəfin ən yuxarı gözündə, 38-cidə, qara istiot olan bankada...
   
   5. Şir kişilər əməli olaraq heç vaxt pul gizlətmirlər. Ona görə yox ki, tərbiyələri imkan vermir, onun ağlına gəlmir ki, evdə olan vəsaitə kiminsə iddiası ola bilər. Nə varsa, hamısı onunkudur. Əgər saxlancı peyda olarsa, əmin olun ki, onu şəxsi əşyalarının yaxınlığında, üzqırxan ləvazimatda, sevdiyi kitabın içərisində saxlayacaq.
   
   6. Qız kişilər ancaq o vaxt pul gizləyərlər ki, onları xərcləməyə xoş bir yerləri olsun. Məsələn, sevdiyinin ad günü. Başqa sözlə, saxlanc onun üçün xeyirxah işdir və pulu istisnasız olaraq peşəkar əşyalarının (kağızlar, hesabatlar, iş stolunun dərin komodları) içərisində saxlayır.
   
   7. Əgər Tərəzi kişilər pul gizlədirsə, deməli, məşuqəsi var. Məhz onun ehtiyacları üçün müəyyən məbləği gizlədir. Çox sakitliklə pulları fotoların arasında, balışın altında və ya sevdiyi kinoulduzun şəklinin arxasında gizlədə bilər.
   
   8. Əqrəbin saxlancı- praktiki olaraq idealdır, klassik saxlanc tələblərinə uyğundur. Əqrəb pulu hansısa məqsəd üçün gizlətmir. O bunu qəsdən eləyir ki, ətrafdakılara (o cümlədən özünə, sevgilisinə də) nümayiş elətdirə bilsin ki, kimin nəyi haradadır. Pulları əsasən xanımının getməyəcəyi yerlərdə gizlədir. Onun sirli yeri hörümçək toruna bürünmüş zirzəmi və ya siçan iyi verən dam ola bilər. Hansı qadın siçovulla rastlaşmaq istər ki?..
   
   9. Oxatanlar pulu xanımlarından o vaxt gizlədərlər ki, ona çox bahalı bir şeyi almağa arvadı icazə verməsin. Belə olanda o pul yığmağı qərara alır. O əmindir ki, bütün qadınlar axmaqdır, ona görə də pulu Russonun, Kamyunun əsərləri arasında, latın dilini öyrənənlər üçün lüğətin içərisində gizlədir.
   
   10. Oğlaqlara afərin. Əgər arvadı bədxərc deyilsə, heç vaxt pul gizlətmir. Amma gizlədərsə, rahatca evdəki nadir əşyaların içərisində və ya qədim komoda gizlədə bilər.
   
   11. Kişi Sutökənlər əhval-ruhiyyəsi və fantaziyası istəyən kimi hərəkət edirlər. Onun hərəkətlərində heç bir ardıcıllıq yoxdur, amma fırıldaqları kifayət qədərdir. Onun pulu elə öz arvadının çantasının astarının altında gizlədilə bilər. Beləliklə də arvadın xəbəri olmadan illərlə saxlancını qoruya bilər.
   
   12. Əgər kişi Balıqlar bürcündəndirsə, əmin olun ki, saxlancı var. Amma tərslikdən yüzdən doxsan doqquz halda o gizlətdiyi pulun yerini xatırlamır. Pul istənilən yerdə ola bilər. Yaxşısı birgə axtarmaqdır. Sarsaq iş olsa da gülməlidir...
   
   Buyurun, bu da sizə Palindrom günü!..

TƏQVİM / ARXİV