Misirdə... Mübarəklə birlikdə

ETİBAR CƏBRAYILOĞLU
31753 | 2011-02-12 05:12
Heç kimi qınamalı deyil. İndi vəziyyət elədi ki, adamlar günortaya çatanda səhər nə yediklərini yada sala bilmirlər. Kimdi mənim ötən şənbə "Ədalət"dəki yazımı yadda saxlayan... Məcburam ki, özüm qısa da olsa xatırladım.
   
   Aranın qarışıb məzhəbin itdiyi Misirə gedib əməlli-başlı işlə məşğul olmaq istəyirdim. Şərti olaraq "M" adlandırdığım plana uyğun olaraq Qahirəyə çatan kimi qarışıqlıqdan istifadə etməli, telekanallardan birini ələ keçirməliydim. Mənim tapşırıqlarıma əsasən bütün günü efirdən çal-oynasın, vur-partlasın verilişlər göstərilməli idi. Hesablamalarıma görə bu yolla camaatı etiraz aksiyalarından çəkindirmək mümkün olacaqdı. Qahirədəki küçə və meydanların canı mitinqdən, piketdən qurtulacaqdı. Misir hüzur bulacaqdı.
   
   Planın birinci hissəsi yerinə yetirildi. Gəlib düşmüşəm Misirə. Misir nə Misir... Ağız deyəni qulaq eşitmir. Mitinqçilər elə meydanlarda yemək yeyir, domino oynayır, nişanlanır, elə orada da yatırlar. Dəqiq sayını bilmirəm, amma deyilənə görə mitinqdə nişanlanan bəzi cütlüklər arasında artıq boşananlar da var. Bəzi gənclər bura gələcək həyatlarını qurmaq üçün gəlirlər. Uzun, soyuq qış axşamlarıdı, bəlkə etiraz aksiyasında subay qızla tanış oldu, qonşu çadra keçib evləndi...
   
   Yadımdan çıxmamış onu da deyim ki, Mübarəki istefaya göndərməkdən başqa heç bir məqsədi olmayan mitinqçilər arasında bizim mahnılara qulaq asanlar da çoxdu. Səs-küydən qulaq tutulan meydanda bəzən tanış hitin sözlərini eşidirəm
   
   
   
   Nə sizə gedək, nə bizə gedək,
   
   İki dənə canan götürüb
   
   iki qardaş Sudana gedək.
   
   
   
   Arada başqa mahnılarımızı da zümzümə edənlərə rast gəlirəm. Amma bu məni o qədər də maraqlandırmır. Misirə Səməd Səmədovun repertuarını eşitməyə gəlməmişəm ki... Vacib işim var. Belə getsə "M" planının ikinci hissəsi həyata keçməyəcək. Telekanal əldən çıxacaq.
   
   Mitinqçilər bu neçə gündə özlərinə bir gün ağlamayıblar. Mənə nə gün ağlayacaqlar ki? Ona görə də ötən gün səhər tezdən özümü vermişəm Hüsnü Mübarəkə tərəf. Düzdü, bu dəqiqə onun hüsnü mübarək olmasa da hər halda Misirin prezidentidi. Mübarəkin prezident kimi ilk dəfə and içdiyi vaxt doğulan körpələrin indi nəvələri əsgər andı içirlər.
   
   Hüsnü Mübarəkin sarayının çəpərinə çatmışam. Prezidenti devirmək istəyənlər də bu tərəfə gəlirlər. Lakin mən kəsə yolla gəldiyimdən aksiyaçılardan bir qədər tez çatmışam. Qahirədə hər saniyənin qiyməti neftin bir barelindən çox qiymətlidi.
   
   Mübarəkin sarayını əsgərlər üzük qaşı kimi dövrəyə alıb qoruyurlar. Zalım uşaqları elə tərsdilər ki, heç cür yola gəlmirlər. Sifətdən mənə yaman tanış gələn bir-iki əsgərə yaxınlaşıb and verib, aman edirəm, onlar da bir ağızdan "net ki, net" deyirlər. Koroğlu kababı, danışıq konturu, siqaret, cib xərcliyi söz verdim, yenə məni sarayın içərisinə buraxmadılar. Əsgərlər deyir ki, əvvəlki dövr olsaydı pulu, siqareti rüşvət kimi yox, hədiyyə adı ilə almaq olardı. Amma Misirdə mitinqlər başlayandan vəziyyət dəyişib, korrupsiyaya qarşı mübarizə-filan...
   
   Bakıdan gəldiyimi bilib Xırdalan şəhərini tanıdığını deyən əsgər heç dil boğaza qoymur, elə bil səhər tezdən xaş yeyib. Bayaqdan beş dəfə deyib ki, tutaq lap səni Hüsnü Mübarəkin sarayına buraxdıq. Elə bilirsən Mübarək sənə xoş gəldin deyəcək? Onun ürəyindən bu dəqiqə qara qanlar axır. Sənlə uğraşmağa onda səbir hardaydı? Keçi can hayındadı, qəssab "Toyota" axtarır... İndi Mübarəkin sözünə heç kim baxmır. Kimə zəng edib tapşırsın ki, sənə telekanal versinlər? Əvvəlki zaman olsaydı...
   
   Bu çox danışan əsgər məni lap hövsələdən çıxarır a... Onu başa sala bilmirəm ki, əvvəlki zaman olsaydı mənim Misirdə nə işim vardı? Hüsnü Mübarəkin sarayının yanında, əsgərlərin əhatəsində nə itim azmışdı?
   
   Yox, deyəsən Xırdalanı tanıyan bu əsgər dəqiq səhər xaş yeyib. Susmaq bilmir. Deyir ki, Mübarək son vaxtlar yaman əsəbi olub, gecələr də yaxşı yatmır. Səhərə qədər evində oturub fikirləşir. Guya dünən axşam qulluqçusuna deyib ki, bəzilərinin üzü dönük çıxması ona yaman yer edib. Mitinqdə "Mübarək, get" deyənləri göstərib şikayətlənib ki, onların çoxuna vaxtilə iş verib, əllərini çörəyə çatdırıb. Qışqıranlardan birinə pullu maşın dayanacağını fırlatmaq üçün imkan yaradıb, biri onun tapşırığı ilə şadlıq evində işə düzəlib. Plovu oynaya-oynaya məclisi gətirməklə çörək qazanıb. Biri Qahirənin ən yaxşı küçəsində qəssab işləyib. Burunlarından gəlsin, indi meydandan əl çəkmirlər. Mənim hesabıma çayxana açana bax, hamıdan bərk qışqırır. Elə bilir məndən sonra vəzifəyə gələn onu məktəb direktoru qoyacaq...
   
   Xaş yeyənə oxşayan əsgərin söylədiyi kimi olubsa, Mübarək qulluqçusuna bunları deyibsə Misir prezidentinin bəzi sözlərində həqiqət var. Amma özləri bilərlər, mən Misirin daxili işinə qarışa bilmərəm. Məni indi bir məsələ düşündürür. Mitinqçilər saraya tərəf gəlirlər. Birdən məni də sarayın yaxınlığında görüb Mübarəkin kadrı sayarlar. Gəl onları inandır ki, bura Qahirəyə telekanal almağa gəlmişəm.
   
   Vəziyyət burda yaman gərgindi. Mənə deyən lazım sənin Mübarəkin sarayının yanında nə işin var ki...

TƏQVİM / ARXİV