SƏNGƏRDƏ BƏRKİYƏN KİŞİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
57556 | 2015-05-01 09:20
Zaman öz işindədi, illər bir-birini əvəz edir, yaş üstünə yaş gəlir. Təbii ki, canlı tarix olan insanların sırası ilbəil azalır. Amma buna baxmayaraq, tarix o azalan insanları, o döyüş yolu keçmiş qəhrəmanları unutmur. Çünki onların göstərdiyi rəşadət insanlığı xilas edib, bəşəriyyəti faşizmin cəngindən qoparıb.
Düz 70 il bundan öncə dünyamızın başı üzərini almış qara buludlar bu gün bir acı xatirə kimi vərəqlənir. Həmin o vərəqlənən səhifələrin özündə yaşatdığı adların sırasında Abbas müəllimin də adı var. O da həmin tarixin canlı şahidi olmuş və böyük döyüş yolu keçmişdi. Təbii ki, keçmiş SSRİ məkanında bu müharibəni olduğu kimi xatırlayan, olduğu kimi yaşayan və olduğu kimi də qiymətləndirən kifayət qədər insanlar var və bu insanların hər biri yaxşı bilir ki, onda Sovetlər İttifaqında birləşən 15 respublikanın hamısı birgə silaha sarılmışdı, birlikdə səngərə sinə gərib düşmənlə üz-üzə dayanmışdı. Onların hamısı da SSRİ adlanan o böyük vətən uğrunda döyüşürdülər. Digər respublikalar kimi həmin müharibəyə Azərbaycanın 600 mindən çox oğul və qızı öz canı və qanı ilə, göstərdiyi qəhrəmanlıqları ilə adlarını yazaraq o tarixin, yəni müharibə tarixinin əfsanələrinə çevrilə bildilər.
İndi sizə barəsində söz açdığım Abbas İbrahim oğlu Məmmədov 1923-cü il may ayının 9-da Laçın rayonunun Böyük Seyidlər kəndində dünyaya gəlib. Bəlkə də bu bir xoş təsadüfdü, bəlkə də alın yazısıdı. Amma hər nədisə hər iki halda bu doğum tarixi Abbas müəllim üçün ikiqat önəmli, ikiqat dəyərlidi. Ona görə ki, həyatının yazışındanmı, yoxsa tale yazısındanmı məhz mayın 9-u təkcə onun doğum günü yox, həm də onun bayram etdiyi Qələbənin doğum tarixidi.
Artıq arxada qalan həmin o uzaq illəri xatırlayan Abbas müəllim deyir ki, onun doğulduğu kənddə bütün həmyaşıdları kimi o da həmin illərin qayğılarını yaşamış, ağırlıqlarını, yükünü çiynində daşımışdı. Sovet hökumətinin o ağır illərində Abbas müəllimin və eləcə də yaşıdlarının bəxtinə sovet-alman müharibəsinin bütün gərginliklərini, əzablarını yaşamaq da düşdü. O, orta məktəbi bitirəndə müharibə başladığından kəndin bütün ziyalıları, xüsusilə də müəllimləri orduya səfərbər olmuşdular. Savadını, diribaşlığını görüb məktəbi bitirən kimi onu elə orta təhsillə də məktəbdə müəllim kimi işə qəbul etdilər. Bu zəruri addım uşaqların savadlanması, təhsildən geri qalmaması üçün atılmışdı. Ancaq bir il müəllim işləsə də, onun fikri, xəyalı orduya səfərbər olunmuş qəhrəman oğullarımızın yanında idi. Müəllimə böyük ehtiyacı olmasına baxmayaraq, Abbas müəllim israrla hərbi komissarlıqdan onu müharibəyə göndərməyi xahiş etdi. Nəhayət, Abbas müəllimin könüllü müraciətləri nəzərə alındı və o, döyüşə səfərbər olundu.
Müharibədə hər bir kəsin, hər bir döyüşçünün öz silahı olduğu kimi, öz sinə gərdiyi səngər də olur. Bu mənada Abbas İbrahim oğul Məmmədovun döyüş yolu məşhur 402-ci Azərbaycan Atıcı Diviziyasından başladı. Diviziyanın ağır döyüşlərdə göstərdiyi rəşadət barədə təkcə Azərbaycanda deyil, eləcə də keçmiş SSRİ məkanında qəhrəmanlıq əfsanələri dolaşırdı. Həmin qəhrəmanların sırasında təbii ki, qısa müddətdən sonra onun da adı öz yerini tutdu. Abbas müəllim diviziyanın 839-cu alayının 38-ci briqadasının 88-ci, sonra isə 134-cü, bir qədər sonra isə 90-cı əlahiddə atıcı alaylarında xidmətini şərəflə davam etdirdi.
Nəvə-nəticələrinə, eləcə də keçdiyi döyüş yolu ilə maraqlanan hər kəsə bu gün də həmin xatirələrini, yəni döyüş yolunun hər dəqiqəsini necə deyərlər, anbaan söyləyən Abbas müəllim bildirir ki, addımbaşı ölümlə üz-üzə dayanırdıq. Amma heç birimiz bir an da olsun geri çəkilmirdik. Ona görə ki, biz təkcə sovet əsgəri yox, həm də Azərbaycan oğlu idik. Döyüşlərdə təkcə əsgər kimi yox, həm də cəsur bir döyüşçü kimi fərqlənən Abbas müəllim qısa bir müddətdən sonra əvvəl bölük, sonra isə tağım komandiri təyin olunur. Hər döyüşdən öncə əsgərləri ilə üzbəüz söhbət edən və hər kəsi mərdliyə, Azərbaycanın adına layiq olmağa çalışan Abbas müəllim təkcə özünü düşünmürdü. O, atılan hər güllədən sonra əsgərlərinə göz yetirir, həlak olan hər bir döyüş yoldaşı, dostu üçün ürəkdən narahat olurdu, təəssüflənirdi, kövrəlirdi, lakin bunu büruzə vermirdi. Çünki o, komandir kimi hamının gözləri qarşısında idi, hamıya nümunə idi.
Həmin döyüşlərdə həlak olan gənc əsgərlərin, xüsusilə onun özünün dediyi kimi, həyata yeni atılan yeniyetmə oğlanların taleyi onun qəlbinə ağır izlər həkk edirdi. Bununla belə dövrün böyük inamı, yəni bu döyüşlərin vətən üçün, Azərbaycan naminə aparıldığını hər kəs özü üçün amala çevirmişdi. Ona görə də əsl qəhrəmanlıq nümunələri göstərirdilər. Abbas müəllimin dediyinə görə, bu müharibə onları çox sınağa çəkdi, çox bərkdə, boşda yoxladı və onlar faşizmi durdura, dayandıra bildilər. Onlar dünyaya göstərdilər ki, faşizmi məhv etməyə qadirdilər.
Döyüşə bir ədəd zirehli texnika ilə başlayan Abbas müəllimin tağımı Qafqazın müdafiəsi uğrunda gedən döyüşlərdə xüsusilə fərqləndi, düşmənin Bakını ələ keçirməsinə imkan vermədi. Həmin qəhrəmanlıqlara görə, tağımın döyüşçüləri yüksək mükafatlara layiq görüldülər və onların döyüş yolu Vladiqafqaz, Mazdok, Nalçik və digər şəhərlər uğrunda gedən döyüşlərdən keçdi.
Müharibəni qələbə ilə başa vurub vətənə dönən Abbas Məmmədov özünün və döyüş yoldaşlarının qəhrəmanlıqları barəsində ürəklə danışır, xatirələrini çözələyir və bildirir ki, səngərdə qazandığımız qələbənin davamı olaraq ilk dövrümüzdə də xalqa, vətənə xidmət də fərqlənməyə çalışdım, təhsilimi davam etdirdim. 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirərək əmək fəaliyyətimə başladım. Hələ tələbəlik illərində ictimai işlərə maraq göstərən Abbas müəllim 1952-ci ildən 1986-cı ilədək respublika prokurorluğu orqanlarında sıravi müstəntiqdən rayon prokuroru vəzifəsinə qədər şərəfli bir yol keçdi, qanunçuluğun keşiyində dayandı.
Bu gün böyük bir nəslin ağsaqqalı olan 90 yaşlı Abbas müəllim 4 övladın atası, 9 nəvənin babasıdı. Onun döyüş yolunu Qarabağ savaşında iki oğlu - Adil və Nadir atalarına layiq bir şücaətlə keçiblər. İndi onlar da müharibə veteranlarıdır. Böyük nəvəsi Arzu isə babasının sənət yolunu davam etdirir. O da Respublika Prokurorluğunda çalışır. İndi fəxri təqaüdçü olan, ömrünün gözəl günlərini yaşayan Abbas müəllimin bircə arzusu var. O da torpaqlarımızın düşməndən azad olunması, ərazi bütövlüyümüzün bərpa edilməsidir. Abbas müəllim inanır ki, biz Qarabağda da qələbə çalacağıq, biz torpaqlarımızı azad edəcəyik. Çünki bizim buna hər cür imkanımız və gücümüz var. Ali Baş Komandanın rəhbərliyi altında biz bayrağımızı Şuşada dalğalandıracağıq.
Son olaraq Abbas müəllimi həm doğum günüğ münasibəti ilə, həm də 70 ilini qeyd etdiyimiz 9 May Qələbə günü münasibəti ilə ürəkdən təbrik edirik! Arzu edirik ki, hamımız kimi Abbas müəllim də Qarabağdakı qələbəmizin canlı şahidi kimi o zəfəri Laçında qeyd etsin!


TƏQVİM / ARXİV