DüZ YAŞAYAN KiŞi

ƏBÜLFƏT MƏDƏTOĞLU
39855 | 2011-02-10 13:39
Onda hələ nə müharibə var idi, nə qaçqınçılıq, nə də ümumiyyətlə bu barədə iynə ucu boyda da olsun təsəlli...
   
   Adamlar öz güzəranları ilə, gündəlik qayğıları ilə başlarını qatır, işi ilə, gücü ilə məşğul olur və həyata tamam fərqli bir prizmadan baxırdılar. Çünki adamların başını onda siyasət xarab eləməmişdi... Çünki onda adamların çörəyi siyasətdən çıxmırdı... Çünki onda adamlar dünyanın bəlkə də birinci super dövlətinin - imperiyasının vətəndaşları idilər... Çünki onda imperiyanın vətəndaşı olanlar nə iş yeri qayğısı çəkirdilər, nə də bu imperiyanın hansısa bir bucağında gedib yaşamaqdan ehtiyatlanırdılar. Hələ mən gəzməyi, görməyi demirəm... Amma bütün bunların cəmi bir azadlıq anının, bir azadlıq yazısının, bir azadlıq qismətinin yerini verə bilməzdi...
   
   Bax elə həmin o azadlıq havasına, azadlıq mücadiləsinə doğru gedən yolun olsa-olsa tək-tək adamlarda bir ip ucu var idi. Böyük əksəriyyəti isə yalnız kitablardan, nağıllardan, söhbətlərdən o böyük azadlığın özünün və yolunun barəsində az-maz xəbərdar olurdular... bütün bunlara isə hamı bir az nağılvari yanaşıb, xəyalpərvərlik hesab edirdi. Lakin...
   
   Onda insanların oxumağa, mütaliyəyə qəribə bir münasibəti kök salmışdı. Həmin o, kökün rişələri yayılmışdı hər tərəfə. Etiraf edək ki, onda yazılanlar indikindən çox-çox sanballı və dəyərli idi. Çünki onda yazılanları həm yazanlar, həm də oxuyanlar məsuliyyətlə ortalığa qoyurdular. Təəssüf ki, bu gün bu ölçü aradan götürülübdü... Nə isə...
   
   Deməli, onda mən orta məktəbin sonuncu sinifində oxuyurdum və ayda bir dəfə Füzuli rayonunda çap olunan "Araz" qəzetinin nəzdindəki "Ərgünəş" ədəbi birliyinin məclislərinə qatılırdım. O məclislərin iştirakçıları arasında Azərbaycanın tanınan söz, qələm adamları buğum-buğum böyüyür, ilbəil ədəbi mühitə özünün imzasını tanıdıb sevdirirdi. Bunların arasında mərhum Sabir Rüstəmov, vəzir Hacıyev, Vahid Əlifoğlu, eləcə də bu gün də yazıb yaradan Mətləb Misir, Mahmud Qacar, Oruc Səda və başqaları da var idi. Elə həmin o, ədəbi birliyin növbəti məclislərinin birində balacaboy, amma üz-gözündən bir ağsaqqallıq tökülən, arıq bir uşaqla da qarşılaşdım. Bu oğlan Füzuli rayonunun Aşağı Abdulrəhmanlı kəndindən gəlirdi məclisə. Dinməzcə oturur, ona növbə çatanda bir az sıxıla-sıxıla, bir az da həyəcanla şeiri oxuyur, iştirakçıların münasibətini eşitdikcə qan-tərə batırdı və hər dəfə mən düşünürdüm ki, bəzən haqsız olan tənqidlər onu bezdirəcək və növbəti məclislərə gəlməyəcək. Lakin...
   
   Dövlət universitetində oxuyurdum. Yay tətili zamanı birinci kurs tələbələrinin qəbul imtahanlarının keçirilməsi ərəfəsində universitetdə növbətçi saxlayırdılar. Biz daha çox sənəd qəbulu edilən yerdə dayanıb növbələri nizamlayırdıq. Mən növbədən çıxıb gedərkən uiversitetin qarşısındakı oturacaqda əyləşmiş iki nəfər diqqətimi çəkdi. Ayaq saxladım, bu o idi. Həmin o, balaca, cılız oğlan. Və beləcə onunla ikinci dəfə qarşılaşdım. Həyatımın onunla bağlı olan ikinci məqamı beləcə yaddaşıma köçdü. Bu Umud Rəhimoğlu idi.
   
   İnsan həyatı məqamlarla, hadisələrlə, gəzib gördükləri ilə daha maraqlı, daha rəngarəng olur. Bu mənada mənim yaşadığım həyat payımda çoxlu fərqli məqamlar olub. O məqamlardan Umud Rəhimoğlu ilə bağlı olanları bir silsiləyə çevirsəm elə azı bir əlli məqam təşkil edər. Bu da orta hesabla azı ilə bir məqam eməkdi. 50-ni çoxdan yola salmışam. Yaşı deyirəm. Ardımca gələn Umud Rəhimoğlu da bir neçə gün öncə 50-nin qapısını açdı. Bilmirəm, o açdığı qapıdan içəri keçib üzü geri boylananda orda gördüklərinin içərisində mən də var idim, yoxsa yox. Amma şəxsən mənim həyatımda Umud Rəhimoğlu adlı bir dostun, bir eloğlunun xüsusi yeri var. Bu yerin ən başlıca meyarı, ən başlıca xarakterik cəhəti odur ki, mən Umudun adını çəkəndə, adını eşidəndə heç bir narahatlıq hissi keçirmirəm. Çünki bu adın sahibi özünü yetərincə təsdiq edib, oturuşub Umud Rəhimoğlu, istər cəmiyyətdə, istər el-obada, istər ictimai-siyasi arenada, istər ədəbi mühitdə...
   
   Qarlı-şaxtalı bir qış gecəsi idi. Moskvanın Puşkin metrosunun ətrafında var-gəl edirdim. Şaxta adamı kəssə də gecələdiyim mehmanxanaya getməyə heç həvəsim yox idi. Çünki Qarabağ savaşının ilk ilində düşmənlərin atdıqları əldəqayırma mərmi qardaşımın gözlərini yandırmışdı. Həmin mərminin partlayışı onun bir gözünü əlindən almışdı, ikinci gözünü xilas etmək üçün mən də qardaşımı Moskvaya aparmışdım. Metronun ətrafında gəzişdiyim gecənin səhəri onu əməliyyat edəcəydilər. Həkim çox da inamlı deyildi. Bu da məni əməlli-başlı ümidsizləşdirmişdi. Bu qərib şəhərdə getməyə, dərdimi bölüşməyə, fikrimi yayındırmağa doğma bir adam axtarırdım, tanış bir insanla qarşılaşmağı arzulayırdım. Birdən...
   
   Qarşımdan bir oğlan gəlib keçdi. Əlində hörmə zənbil onun içərisində də kənardan aydınca görünən ərzaqlar... bu yeriş mənə yaman tanış gəldi. Ağ saçlarının üzərinə qonan ağappaq qar dənələri onu 100 yaşlı bir kişiyə çevirmişdir. Özüm də hiss etmədən ona doğru yeriyib bircə kəlmə dedim.
   
   - Umud!
   
   Çevrilib geri baxdı. Bu qərib şəhərdə qucaqlaşdıq. Bu onunla qarşılaşdığım və yaddaşıma həkk olunmuş üçüncü bir məqam idi. Həmin gecəni o məni tək qoymadı. Özü ilə birlikdə təhsil aldığı və sonuncu kursunda olduğu Moskvanın və bütövlükdə keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərindən biri olan Ədəbiyyat İnstitutunun yataqxanasına apardı. Burada imzasını tanıyıb üzlərini ilk dəfə gördüyüm çoxlu qələm adamı ilə tanış oldum. O gecəni necə keçirdimsə səhərin açılmasından xəbərim olmadı. Bu mənim Moskvada keçən 50 günlük ömrümün bəlkə də ən maraqlısı, ən yaddaqalanı oldu. Onu mənə Umud Rəhimoğlu bağışladı.
   
   ... Üz-üzə oturmuşuq. Özümüzdən, işimizdən, ailəmizdən danışırıq. Təbii ki, bu təkcə həmsöhbət olmaq üçün yox. Həm də içimizdəki yorğunluğu bir az kənara atmaq üçün, bir az qayğısız anlar yaşamaq üçün etdiyimiz bir dərdləşmədi. Umud danışır, mən isə onunla bağlı daha bir məqamı xatırlayıram. Umud Rəhimoğlu o vaxtın ən oxunaqlı qəzetlərindən biri olan "Ədəbiyyat və İncəsənət" qəzetində işləyirdi. Ara-sıra görüşürük. Hər görüşümüzdə də bircə kəlməni bütün zamanlarda söylədiyi səmimiyyətlə təkrar edir:
   
   - Yazı-pozun olanda çəkinmə. Nəyə gücün çatır həmişə qulluğundayam.
   
   Təbii ki, bu münasibətin özü mənim üçün hər şeydən qiymətlidi. Bu kifayət edir ki, mən onunla görüşlərimizin arxasında böyük bir səmimiyyətin dayandığına tam əmin olum...
   
   Umud söhbət eləyir. Onun dediklərinin bir qismini mən artıq çoxdan bilirəm. Bilirəm ki, o, 1992-ci ildə yaratdığı BAMF-nın nüfuzunu artıq bütün dünyaya çatdıra bilir. İndi bu qeyri-hökumət təşkilatı Dünya Bankının, Amerikanın Dövlət Deportamentinin, Avropa Komissiyasının, Beynəlxalq Mətbuat İnstitutunun, Beynəlxalq Jurnalistlər Federasiyasının yaxından tanıdığı, əməkdaşlıq etdiyi bir oturuşmuş qurumdu və onun rəhbərliyi ilə bu təşkilatda 100 nəfərdən artıq insan çalışır. Özü də bu təşkilat həm də əsas 4 fəaliyyət istiqamətində - mediya və vətəndaş cəmiyyəti, qaçqın və məcburi köçkünlərin problemləri, böhranın idarə olunması, sülhməramlı aksiyalar və konfiliktalogiya, nəhayət icmanın inkişafı istiqamətlərində fəaliyyət göstərir. Fəaliyyətlərinə görə, artıq BANF dünyadan bir çox layihələrin kerçəkləşməsinə öz töhfələrini verə bilib. Xüsusi ilə ölkəmizdə bu təşkilatın Füzulidən - Qazağın düşmənlə həmsərhəd olan sonuncu kəndinə qədər böyük bir ərazinin demək olar ki, özünün ilk regional ofisi vasitəsi ilə əlaqələndirir və burada həyata keçirtdiyi layihələrin nəticələri beynəlxalq təşkilatlar tərəfindən də birmənalı qarşılanır... mən onu da bilirəm ki, Umud Rəhimoğlunun rəhbərlik etdiyi bu təşkilat həm də nəşriyyat sahəsində də xeyli işlər görə bilib. Təkcə əlifba dəyişikliyi ilə əlaqədar olaraq, ölkə prezidentinin imzaladığı sərancam əsasında nəşr edilən kitabların böyük bir qismini də BANF oxuculara çatdırıb. Üst-üstə bu kitabların tirajını 2 milyondan artıq olduğu indi bir həqiqətdir. Hətta Umud Rəhimoğlunun doğulduğu Füzuli rayonunun şəhidlərinin xatirəsinə Mahmud Qacarın yazıb tərtib etdiyi "Füzuli şəhidləri" kitabının da hazırlanmasında, təqdimatında xidmətlərinin şahidi olmuşam. Ümumiyyətlə bu gün Umud Rəhimoğlu bir söz adamı kimi müstəqilliyimizin 20 illiyinə töhfə olacaq "Şəhidlər xiyabanı" ensklopediyasının tamamlanıb oxuculara çatdırılmasının üzərində işləyir. O, xüsusi bir arzu ilə vurğulayır ki, bu kitab bizim şəhidlərimizə yaxşı bir abidə olacaqdır.
   
   Bəli, Umud Rəhimoğlunun əvvəllər də etdiyimiz söhbətlərində, elə son görüşümüzdə də verdiyi bir çox bilgilər cəmiyyətə də bəlli olduğundan mən onları təkrar etmirəm. Çünki məqsədim Umud Rəhimoğlunun fəaliyyətini araşdırmaq, şərh etmək deyil, sadəcə mən istəyirəm ki, böyük sözdən ictimai fəaliyyətə səmt götürmüş və burada da kifayət qədər özünü təsdiq edə bilmiş dostum Umudun 50 yaşı ilə bağlı gözümün önündən, yaddaşımdan gəlib-keçənləri kağıza köçürüm. Amma nə qədər çalışıramsa onların hamısını sıralaya bilmirəm. Üstəlik də gündəlik qəzetlərdə onunla bağlı dərc edilən yazılar məni bir az fərqli yazı yazmağa, fərqli münasibət bildirməyə məcbur edir. Bax o, içimdən gələn sevgi ilə Umud Rəhimoğlunun 50 yaşını tərənnüm etmək istəyində idim ki, otağa daxil olan cavan bir oğlan stolun üstünə bir teleqram qoydu. Həmin teleqramı baş nazirin müavini, gözəl yazıçı və ziyalımız Elçin Əfəndiyev göndərmişdi. Elçin müəllim də Umud Rəhimoğlunu təbrik edirdi. Özü də sonda onun ədəbi yaradıcılığa, öz istedadına biganə qaldığına bir işarə verməklə. Bu işarə mənim içimdən bir sualı qanadlandırdı:
   
   - Umud Rəhimoğlu, bəlkə bu 50 yaşda artıq 20 ilə yaxındır ki, sizin imzanızı yox, ictimai fəaliyyətinizi izləyən oxucularına yaradıcılığından ərmağan edəsən.
   
   - Qardaş, mən sözdən, qələmdən uzaq düşməmişəm. İnşallah, günlərin birində oxucular yenə Umud Rəhimoğlu imzası ilə qarşılaşacaqlar. Hələlik, bu 50 yaşın 20 ilini ictimai fəaliyyətə həsr etmişəm. Çünki bu daha çox vacib, daha çox gərəklidi. İçimdə olan söz mənimlə yol yoldaşıdı. Onu günlərin birində kağıza, kitaba çevirəcəm.
   
   Bəli, bu gün ictimaiyyətin yaxşı tanıdığı və bir çox nüfuzlu təşkilatların üzvü olan əməkdar mədəniyyət işçisi, Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Mətbuat Şurasının sədr müavini, KİV-ə Dövlət Dəstəyi Fondunun müşahidə şurasının sədri Umud Rəhimoğlu 50 yaşın təbriklərini qəbul edir. Bu təbriklər ölkənin hər yerindən və sərhədlərin o biri üzündən də gəlir. Bu onu göstərir ki, onun mənə pıçıldadığı bir sirr həqiqətdir. Umud Rəhimoğlu mənə dedi ki, MƏN 50 YAŞI DÜZ YAŞADIM!
   
   Bəli, biz də səni təbrik edirik. İnanırıq ki, bundan sonrakı 50-ni də düz yaşayacaqsan.
   
   
   
   
   
   P.S. Oxucuları bir sürpriz ictimai müstəvidə fəaliyyətə başlayandan bəri yazdıqlarını hər kəsdən pünhan saxlayan Umud Rəhimoğlu "Ədalət"ə həmin gizlinclərdən hədiyyə bağışladı. Gəlin, birlikdə oxuyaq.
   
   
   
    Etiraf
   
   
   
   Onda hələ mən yoxuydum,
   
   Atam vardı, anam vardı,
   
   Üç bacım vardı...
   
   Məndən yoxuydu bir soraq -
   
   Anamın ürəyinə dammışdı
   
   oğlan doğacaq.
   
   Əlləri qoynunda,
   
   mən də boyunda
   
   Anam məni gözləyirdi.
   
   Bir gün
   
   dünyaya gəldim,
   
   Bir balaca otaqda doğuldum
   
   Deyirlər ki,
   
   onda belə deyildim,
   
   Onda yaman oğuldum.
   
   Böyüdüm,
   
   ayaq açdım,
   
   Bir balaca otaqdan
   
   dünyanın içinə sarı qaçdım,
   
   Durnaların köçünə sarı qaçdım.
   
   Anama əl etdim,
   
   anam gəl - gəl etdi.
   
   Şəhərə gəldim,
   
   uddu məni, şəhər uddu -
   
   Şəhər qızlarının gözləri oddu - oddu...
   
    İndi mən "Biri varıymış,
   
   biri yoxuymuş nağılında
   
   "Ay baba fit ver" oyununda
   
   Anamsa
   
   iyirmi bir il bundan əvvəl ,
   
   Necə gözlərdisə məni
   
   Əlləri qoynunda -
   
   eləcə də gözləmədə...
   
   
   
   ***
   
   Bir üzüm tanrıya sarı,
   
   Bir üzüm qəlbimdəki ağrıya sarı...
   
   Şairlər deyir ki, dərd yaxşı şeydir,
   
   Dərd ara verəndə olur dərdyarı.
   
   
   
   Qayıdım bu yoldan, necə qayıdım?
   
   Qorxuram yollara yenə dərd yağa.
   
   Qayıdıb bu yoldan baş qoyacağam,
   
    Babam Mirzə oğlu yatan torpağa.
   
   
   
   Elə həmin yerdə bir şer yazıb,
   
   Özümdən sonraya saxlayacağam.
   
   Sonra da, sonra da göz yaşlarımla
   
   Mən öz günahımı yuyurmuş kimi
   
   Şerimi, özümü ağlayacağam.
   
   
   
   Qayıdıb, hər şeydən qayıdıb
   
   Qayıdım gecənin sevgilərindən
   
   Qayıdım gündüzün qış yuxusundan
   
    Qayıdım keçilmiş cığırdan, izdən
   
   Qayıdım bir azca sığallı sözdən
   
   Qayıdım atamın oğlu kimi mən.
   
   
   
   Özümə oxşayan şerlər yazım,
   
   Yazım ilk şerimi torpaq rəngində
   
   Atama oxşasın!

TƏQVİM / ARXİV