adalet.az header logo
  • Bakı 20°C

ENDİRİMLƏR...

FAİQ QİSMƏTOĞLU
25360 | 2015-05-01 08:15
Əlbəttə, ilk növbədə əgər həqiqətən də hər hansı sənaye və ərzaq məhsulunun qiymətində endirim varsa, bu istehlakçıya sərf eləyər. Ancaq gəlin əyri oturub düz danışaq. Çünki bu gün ölkəmizdə istehlakçıların hüquqlarından çox istehsalçılar özləri barəsində düşünürlər. Onlar fikirləşirlər ki, insanlar arasında endirim kampaniyaları aparmaqla kimlərisə ələ alacaq, inandıracaq və nəticədə istədiklərinə nail olacaqlar.
Hər mövsüm başa çatana yaxın Bakıda müxtəlif mağaza və dükanlarda geyim paltarlarının ucuzlaşması ilə bağlı böyük təbliğat işləri aparılar. Mağazaların şüşələrində reklamlar yapışdırılır və orda göstərilir ki, müxtəlif paltarlar, ayaqqabılar əvvəlkindən 80 faiz ucuz satılır. Təbii ki, bu cür reklamlar ilk növbədə yoldan keçən hər hansı insanın nəzərini cəlb edir. O da istər-istəməz mağazaya girir və həmin geyim paltarları, ayaqqabıları ilə maraqlanır. Bir balaca vitrinlərə göz gəzdirir, geyimlərə baxır və sonra da heç nə almayıb ordan çıxır.
Bax, burda yavaş-yavaş xoruzun quyruğu görünməyə başlayır. Xoruzun quyruğu görünür ki, mağazalar camaatı "hərifləmək" istəyir. Belə ki, əvvəlki qiymətlərə baxanda yeni qiymət endirimində heç bir fərq hiss olunmur. Yəni əvvəllər 100-150 manata satılan paltar, ayaqqabı elə yenə həmin qiymətə satışa çıxarılır. Sadəcə olaraq burda mağazalar bir manevr edərək özlərinə alıcı tapmaq istəyirlər. Amma onlar bu hərəkətləri ilə alıcı tapmaq əvəzinə vəziyyəti daha da mürəkkəbləşdirirlər. Ən azından ona görə ki, mağazalarda özlərinin aldandığını hiss edən istehlakçılar onlara inanmır və nəticədə belələri qazanmaq əvəzinə çoxlu sayda alıcı itirir.
Əlbəttə, indi də yaz mövsümü gəlib. Təbii ki, mağazalar qış mövsümündə satılan malları ya geri qaytarmalıdır, ya da anbara verməlidir. Belə məqamlarda guya ucuzluq yaranır və alıcıları özlərinə cəlb etmək istəyirlər. Bu bir yana, hətta yaz mövsümünün gəlişi ilə əlaqədar olaraq Bakıda bir çox məşhur mağazalar belə alıcı qazanmaq üçün güclü reklamlara başlayıblar. Guya satılacaq geyimlər və ayaqqabılar əvvəlki vaxtlara nisbətən bu il daha ucuzdur. Bayaq dediyimiz kimi, insanları bir dəfə, uzaqbaşı iki dəfə aldatmaq mümkündür. Üçüncü dəfə isə adamları aldatmaq o qədər də asan deyil. Amma görünür, bizim bəzi mağazalar nəinki iki-üç dəfə, hətta min dəfə alıcını aldatmağa can atır.
Bütün bu "gedişlər" ona xidmət edir ki, son nəticədə mağazalar özlərinin məhsullarını asanlıqla satışa çıxarsınlar və çoxlu alıcı tapsınlar. Təbii ki, buna bəziləri gec-tez nail ola bilir. Amma böyük əksəriyyətinin bu "oyunları" bumeranq kimi axırda onların özlərinə dəyir. Başqa sözlə demiş olsaq, sirkə nə qədər də tünd olsa, axırda öz qabını çatladar.
Endirim kampaniyaları isə davam etməkdədir. Amma buna kim inanır, daha onu deyə bilmərik. Bir onu deyə bilərik ki, mağazaların bu fırıldaqları da bir o qədər özünü doğrultmur. Çünki insanlar o qədər də sadəlövh deyillər. Belə ki, əksəriyyət bir dəfə aldansa da, ikinci dəfə aldanmaq istəmir.

TƏQVİM / ARXİV