adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

ANKARA HƏYƏCANLANIB...

BABƏK YUSİFOĞLU
37140 | 2011-02-05 06:41
Dünyanın nüfuzlu ekspertləri Misirdə, Tunisdə, ardınca da Yəməndə başlayan ictimai-siyasi proseslərin son həddə qədər gərginləşməsini zəncirvari reaksiya adlandıraraq qeyd edirlər ki, bu oxşar hadisələr başqa ölkələrdə də özünü göstərəcək. Hətta bu sırada MDB respublikalarının da adı çəkilir. Qeyd edilir ki, ilk sırada bu prosesləri Qazaxıstanda müşahidə etmək mümkün olacaq. Əlbəttə, deyilənlər adi şərh kimi qəbul edilə bilərdi, əgər son günlər Nursultan Nazarbayev bir sıra addımlar atmasaydı. Artıq Qazaxıstanda növbədənkənar seçkilərin keçiriləcəyi gündəmə gəlib. Heç şübhəsiz Nazarbayevin bu cür addımlar atmasını "ekspromt" reaksiyalar kimi dəyərləndirmək düzgün deyil. Çox yəqin ki, prezidentin himayəsində olan analitiklər baş verənləri dərindən təhlil edərək bosslarına təcili müəyyən addımlar atmaq üçün anoloji məsləhətlər veriblər.
   
   Suriya liderinin də tez-tələsik islahatlara başlaması, baş naziri istefaya göndərməsi elə-belə baş verməmişdi. İnqilabi əhval-ruhiyyənin qonşu ölkələrdən Fələstinə də keçəcəyi gözlənilir. Necə deyərlər, artıq bunun işartıları orada da özünü göstərməkdədir. Bəzi ekspertlərin şərhinə görə, növbəti hədəf İrandır. Və buradakı hadisələrin daha radikal olacağı ehtimal edilir. Çünki burada Qərbin maraqları daha çox təmin olunmalıdır. Xaricdə yaşayan İran mühacirləri də həmvətənlərini mübarizəyə çağırırlar.
   
   Həqiqətən də Şərq ölkələrində başlayan bu ictimai-siyasi krizis gözlənilməz şərtlər və nəticələrlə müşayiət olunur. Dünənə qədər Misirdəki iğtişaşların, vətəndaş itaətsizliyin qarşısını almaq üçün Hüsnü Mübarəkə kənardan məsləhətlər verən, onu xalqın çağırışına qulaq asmağa çağıran Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın da bir neçə gün sonra ölkəsində başlayan radikal mitinqlərlə qarşılaşacağını söyləmək çətin idi. Amma buyurun, Türkiyədə kütləvi hərəkatlar genişlənməyə başlayıb. Srağagün paytaxt Ankarada hökumət əleyhinə güclü nümayişlər olub. Özünü hələlik sakit göstərməyi bacaran baş nazir Ərdoğan əslində böyük başağrısı ilə qarşılaşacağının fərqindədir. Dünən başkəndin küçələrində on minlərlə nümayişçinin iştiraki ilə mitinq-yürüş keçirilib. "utro.ru" xəbər verir ki, bu kütləvi aksiyada iştirak etmək üçün ölkənin ən müxtəlif yerlərindən gələn həmkarlar ittifaqlarının və fəhlələrinin nümayəndələri də qatılıblar.
   
   Gözlənilmədən mitinqçilərə millət vəkilləri də qoşulub. Belə ki, təkcə Cümhuriyyət Xalq Partiyasından 60-a yaxın deputat da mitinqçilərin yanındadır. Nümayişçilər hökumət əleyhinə şüarlar səsləndirərək şəhərin mərkəzini və prospektini bağlayaraq Böyük Millət Məclisinin binasına sarı yürüş keçirməyə başlayıblar. Amma polislər parlament binasına gedən yolları qapadaraq nümayişçilərin hərəkətini əngəlləyiblər. Lakin bu onlara elə də asan başa gəlməyib. Bundan ötrü polis gözyaşardıcı qazlardan və təzyiqli sudan istifadə edib. Əsəbləri tarıma çəkilmiş nümayişçilər də öz növbəsində polis qüvvələrinə daşlar yağdırmağa başlayıb. Mənbənin verdiyi xəbərdə bildirilir ki, qarşıdurma zamanı xeyli insan xəsarət görüb. Mitinqçilərin bəziləri polislər tərəfindən göz altına alınıb.
   
   Söylənilir ki, insanların küçələrə çıxıb etraz mitinqlərinə başlamasının əsas səbəbi AKP hökumətinin əmək qanunvericiliyində islahatların keçirilməsi üçün hazırladığı layihəni parlamentin müzakirəsinə çıxarması olub. Yeni qanun layihəsində bir sıra "yeniliklər"lə yanaşı minumum əmək haqqının azaldılması da nəzərdə tutulur. Bundan başqa, bu islahat sosial sığortası olmayan əməkçilərin işə götürülməsini qadağan edir. Yaxud, qanun layihəsi qəbul olunarsa, ilk dörd ay əməklə məşğul olan tələbələrə və təcrübə keçənlərə əmək haqqı ödənməyəcək.
   
   Bu etiraz dalğası təkcə Ankarada deyil, Türkiyənin bir sıra şəhərlərində, o cümlədən İstanbulda da baş qaldırıb. Türkiyənin daxili işlər naziri Bəşir Atalay bəyan edib ki, paytaxtda keçirilən kütləvi aksiyalar qeyri-qanunidir. Onun sözlərinə görə, qanunlar parlament binası qarşısında nümayişlərin keçirilməsini qadağan edir. Hadisələrin gərgin vaxtında Ankarada dalbadal qaz sızması nəticəsində iki partlayışın baş verməsi və bunun nəticəsində də 50-yə yaxın fəhlənin dağıntılar altında qalması insanlar arasında daha radikal əhval-ruhiyyə yaradıb. Qeyd edək ki, hər iki partlayışda ölən və yaralananlar vardır. İlkin məlumatlarda 10-a yaxın insanın öldüyü, 40 nəfərin isə yaralandığı söylənir.
   
   Ümumiyyətlə, Türkiyədə hakim partiya ilə müxailf partiyalar arasında ziddiyət get-gedə artmaqdadır. Demək olar ki, hər gün liderlər biri-birlərinə ən müxtəlif ittihamlar səsləndirməkdədir. Əslində bu da təbiidir. Çünki seçki günü o qədər də uzaqda deyil. Və siyasətçilər keçən hər günü dəyərləndirməyə çalışırlar. Milliyətçi Hərəkat Partiyası, Çümhuriyyət Xalq Partiyası hər biri ayrı-ayrılıqda bəyan edib ki, bu seçkilərdə AKP iqtidarı hakimiyyətdən gedəcək və onlar təkbaşına hakimiyyətə gələcəklər. Xalqınsa seçkilərdə həmin partiyalardan hansını daha çox dəstəkləyəcəyini indidən demək çox çətindir. Sadəcə görünən odur ki, iqtidar partiyası son illər öz nüfuzunu xeyli itirib. Bunu qanunvericilik bazasında dəyişikliklərin keçirilib-keçirilməməsi ilə bağlı bir müddət öncə baş tutan referendumun nəticələrində də görmək mümkün idi. Ürəyində Türkiyə sevgisi yaşadan bizlər də çox istərdik ki, Misirdəki, Tunisdəki qanlı toqquşmalar, faciəli hadisələr qardaş ölkədə baş vermədən ötüşsün. Türkiyə Cümhuriyyətini daha böyük inkişafa, tərəqqiyə, yüksəlişə apara biləcək qüvvələr hakimiyyətə gəlsinlər. Türkiyənin yüksəlişi özlərinə lazım olduğu qədər bizim üçün də önəmlidir...

TƏQVİM / ARXİV