adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

SEVGiLƏRi iLMƏ-iLMƏ TOXUYANLAR

VƏSİLƏ USUBOVA
28468 | 2011-02-05 06:41
Məndən ötrü dünyanın ən gözəl qadını nəsə toxuyan qadındı. İstər corab, köynək toxusun, istərsə də xalça-palaz, heybə-xurcun. Toxuyan qadın şairdi, bəstəçidi, rəssamdı. Elə bir şair ki, hər ilməsi bir sözdü, sıralanıb sətir-sətir toxunur. Elə bir bəstəçi ki, əllərinin, barmaqlarının hər tərpənişində sehrli, ürəkovlayan səslər gizlənib; hamının, hər kəsin eşidə bilmədiyi səslər. Elə bir rəssam ki, təbiətin bütün rənglərini özü yaradır, bir yerə yığıb dəstə kimi gözlərimizə tutur. Bu gözəllərin də ən bəxtəvəri sevdiyi kişiyə köynək, corab, boğazlıq toxuyanıdı. Hər ilmə sevgi, nəvaziş, güvənc pıçıltıları kimi canına hopub o kişini soyuqdan, küləkdən qoruyar.
   
   Mən belə gözəlliyin içində, belə gözəllərin arasında böyümüşəm...
   
   
   
   ***
   
   Yazda-payızda arxların, qanovların qırağında yuyulub paltar-palazın üstünə, bəzən də xırda kolların başına sərilmiş, quruduqca pənbələnib buludlaşan yun topaları sıralanardı. Təmiz, quru yunu daraqdan keçirib əlçim-əlçim üst-üstə yığardılar. Sonra cəhrələr işə düşər, başları məscid günbəzlərinə oxşayan dükcələr yan-yana düzülərdi. Bardaş qurub səkkiz yazırlarmış kimi dükcələri dizlərinə dolayıb kələf düzəldərdilər. İri, qara qazanların altı odlanar, kələflər qazana yığılıb boyanardı. Qazanlara boyaqdan əlavə nar, soğan qabığı, duz, rəngi getməsin deyə kislota da tökərdilər. Qara, qırmızı, sarı, göy, yaşıl kələflər ağac budaqlarına, çəpərlərin başına sərilərdi. Rəngli sular axıb torpağı da boyayardı. Qurumuş kələfləri sarıyıb yumaq düzəldər, ya qutulara yığar, ya da hana ağacından asardılar...
   
   Hana ağaclarını quranda evin torpaq döşəməsində iki balaca çala qazıb iki dirək basdırar, sonra yanlarını torpaqlayıb suvayardılar. Dirəklər qalınlığında daha iki ağac bir aşağıdan, bir də yuxarıdan atılardı. Hananı iki qadın uzadardı. Bu işi həftənin "yüngül gün" dedikləri günlərində görərdilər. Bazar ertəsini, çərşənbə axşamını, cümə gününü "ağır gün" sayıb heç bir işə başlamazdılar. Həmin günlərdə başlanan işlərin necə çətinliklə əmələ gəlməsi barədə rəvayətlər danışardılar. Köməyə əliyüngül, ayağı düşərli qız-gəlinləri çağırardılar. Ərişi ya özləri əyirər, ya da alınma möhkəm saplardan düzəldərdilər. Qadınlardan biri yerdə oturub ərişi hananın eni bərabəri qarğıya dolayıb ayaqüstə dayanan qadına verər, o da yuxarıdakı ağacın üstündən aşırıb təzədən qaytarardı. Bu müddətdə təsadüfən gəlib çıxan adamın da ayağını sınayardılar. İşin axırında köməyə gələnin şərəfinə süfrə açılardı...
   
   Əsl iş bundan sonra başlanardı. "Ya Allah!" deyib ilk ilməni atardılar. Əllər, barmaqlar, kirgit, həvə işə düşərdi. Bəzən gecə keçincəyədək zümzümə edə-edə, nağıl, bayatı deyə-deyə, layla çala-çala, kirgit, həvə vurduqca kürəklərində qulac-qulac hörükləri ilan kimi qıvrıla-qıvrıla toxuyardılar. Bəhsə girərdilər, toxuduqlarını qapıdan girənə göstərib tərif eşitmək istəyərdilər. Analar, nənələr evdəki subay qızlara, nişanlı qızlar özlərinə, təzə gəlinlər baldızlarına cehiz xalça-palaz toxuyardılar. Söz-söhbətləri toxuduqlarından olardı. Hər qarışında bir xatirə yatardı. Zarafat, inciklik, küskünlük gizlənərdi ilmələrdə. Həm də yaddaşlarıydı gündən-günə qalxan, toxunub üst-üstə yığılan xalça-palazlar. Bir də görürdün danışırlar: "Ortancıl gədə qarnımda olanda düz iki xalça, üç palaz toxudum", " O dəvəli xalçanı başlayanda filankəs əlimin üstünə gəldi, işim daş altından çıxdı", " Qonşumuzun təzə gəlininin ayağı pərqu kimiymiş, başlamağımnan qurtarmağım bir oldu"...
   
   Nələr toxumurdular bu sərt, tarım ərişlərin sinəsinə. Nələr demirdilər ilmələrin diliynən, rənglərin pıçıltısıynan. Başladıqları günü, ayı, ili yazırdılar, maral, ceyran, dəvə, göyərçin şəkilləri, mənasını hələ də anlamadığım, hər küncündə min bir sirr gizlənən həndəsi fiqurlar toxuyurdular. Ən çox dəvə karvanları yadımda qalıb. Uzaq-uzaq ellərə gedən, geri dönənəcən bir xəbər-ətər olmayan nişanlılarının, ərlərinin həsrətindən yaratmışdı ulu nənələrimiz bu karvanları. Onların könlü də, xəyalları, ümidləri də bu dəvələrə qoşulub ağır-ağır, ləngərli-ləngərli uzaq-uzaq ellərə getmişdi. Yol gözləyə-gözləyə, gecələr çıraq, lampa işığında dərdlərini ilmələrə pıçıldaya-pıçıldaya gözləmişdilər. Nə sözləri, mahnıları vardı... Birini heç unuda bilmirəm.
   
   
   
   Dəryalar mürəkkəb, meşələr qələm
   
   Mollalar yazdıqca dərdim var mənim...
   
   
   
   Kim qoşmuşdu, kim bəstələmişdi bu nəğmələri?! Toxuyanda dönüb başqa adam olurdular. Heç ayaqüstə iş görəndə belə olmurdular, toxuyanda əvvəlki sir-sifətlərindən əsər-əlamət qalmırdı. Sanki toxuyanda mütləq nəsə mızıldamalı, pıçıldamalı idilər. Elə bil ilmələrə tərif deməli, gördükləri işin şux, gözoxşayan olması üçün onları dilə tutmalıydılar. İş tamamlanıb ərişlər kəsiləndə əməlli-başlı bayram olurdu. Məsələni anlayan kimi tez qaçıb ayaqlarımızın külünü yuyardıq. Axı, bizi təzə kəsilib yerə sərilən şux rəngli, hələ də boyaq iyi verən palazın, xalçanın həndəvərinə də qoymazdılar. İlahi! O anları düşünəndə indi də bədənimdən gizilti keçir. Mən elə bilirdim, gözəllik həmişə yuxarı başa keçirilmək üçündü. Bəs, niyə bu boyda aləm-sirlə, sehrlə dolu bir dünya çox zaman ayaqlar altına sərilmək üçün toxunur?! Barmaqlarımı ehtiyatla, ürəyim döyünə-döyünə naxışların, rəsmlərin üstündə gəzdirərdim. Bu həm də xəritə idi. Sevgini, həsrəti, yuxusuz gecələri, Aya, ulduzlara ünvanlanan pıçıltıları, yol çəkən gözləri özünə hopdurmuş xəritə. Gözəllikləri, qorxu və əndişələri ilə bütün kainatı qucmuş, bağ-bostanın, südün, təndir çörəyinin ətrini özünə hopdurmuş möcüzəydi... Anamın, nənələrimin, xala-bibilərimin, əmidostu-dayıdostularımın həyata keçmiş və keçməmiş istəkləri, niyyətləriydi...Yox, bu indicə ağacdan kəsilib yerə sərilən adi bir əşya deyildi. Aydı, ulduzdu, hələ sirri bilinməyən neçə-neçə planetdi, yerli-yersiz yamanladığımız, aha-naləyə tutduğumuz fələklərdi. Çöl-çəməndi, dədə-babamın oylağı Şamaxı dağlarıdı, nənələrimin gül üzdüyü çəmənlərdi, dağ çiçəklərinin rəngidi.
   
   
   
   Cəbrdi, həndəsədi, tarixdi, fəlsəfədi...
   
   Hər nədisə, ayaq altına səriləsi deyil...
   
   
   
   Gözümü açandan ən gözəllərini divardan asılan görmüşəm. Üstündə də bu dünyadan köçənlərin, davadan qayıtmayanların böyüdülmüş şəkilləri. Qürur yeridi, göz yaşıdı, müqəddəs ruhdu...
   
   İbadət yeridi. Üstünə canamaz-möhür qoyub, ətəyində diz çöküb Kəbəyə üz tütürlar. Haqqın dərgahına üz tutanların, Tanrısıynan danışanların köməkçisi, şahididi...
   
   Çörək ağacıdı. Dar gündə yükdən götürülüb bazara çıxarılar. Dopdolu geri dönən kişinin üzağlığı, qadının gizli iftixarıdı. Un-dən dolu çuvaldı, səfərə çıxanların, örüşə, naxıra gedənlərin pay-pürüş, parça-qumaş dolu xurcunu, heybəsidi. Ərənlərin qardaşı atların, susuz səhraların bağrını yaran dəvələrin bəzəyidi.
   
   Ana dilimizdi, tariximizdi, əlifbamız, yazımızdı. Kimsənin yazı-pozudan anlamadığı zamanlarda nənələrimiz ilmələrin sırası, sapların rəngiynən çox şeyləri yazdılar, tarixin yaddaşında saxlanc elədilər. Dünyanı heyran qoydular, ulu Yaradanın bu torpağa bəxş elədiyi gözəllikləri naxışların diliynən dilimizi bilməyənlərə danışdılar. Qeyrətimizi, mədəniyyətimizi göstərdilər...
   
   Son mənzilə gedənlərimizin bürüncəyidi. Bükülüb çiyinlərə qaldırılar, bu dünyanın əmanətini o dünyaya aparar xalçalarımız...
   
   Hələ çox sirləri açılmayan dünyamızdı...

TƏQVİM / ARXİV