Misirə gedirəm... Mübarək olsun!

ETİBAR CƏBRAYILOĞLU
40675 | 2011-02-05 06:41
Qaçaqaçdayam. Çamadanlarım əlimdə hava limanına tələsirəm. Hüsnü Mübarəkin oğlundan fərqli olaraq Misirdən qaçmıram, Misirə qaçıram. Bu dəqiqə vəziyyət elədi ki, gecikmək heç cür sərf eləmir. Ərəb də asta qaçan adamı namərd sayır.
   
   Bilirəm, bizimkilər sual verməyin bazıdılar. Hərə bir sual verəcək. Deyəcəklər ki, ilin-günün bu vaxtında Misirdə xeyr ola? Bizimkilər verdikləri sualı izah etməyi də xoşlayır. Bu dəqiqə başlayacaqlar- Misirdə qarışıqlıqdı, it sahibini tanımır. Mənim də bütün bu suallara ətraflı cavab verməyə vaxtım yox. Tələsirəm, bir ayağım burdadı, bir ayağım Qahirədə. Gecikə bilmərəm, hər dəqiqənin öz hökmü var. Ona görə də sualları qısa cavablandırmağa çalışacam. Düzdü, Misirdə vəziyyət gərgindi. Əslində dünyanın çox yerində bu saat durum qarışıqdı. İt sahibini tanımır. Lakin Misirdə vəziyyət lap ərəbcədi, heç sahibi də itini tanımaq istəmir.
   
   Bütün bunlara baxmayaraq nə olursa olsun, Qahirəyə getmək lazımdı. Öldü var, döndü yoxdu. Çamadanlarım əlimdə, türklərin bir vaxtlar populyar olan şərqisi dilimdə - Məni kimsə tutamaz...
   
   Binə hava limanına çatınca bir məsələni də izah edim ki, beyinlərdə soru işarəsi qalmasın. Qaynar qazana oxşayan Misirə apar-topar getməyimin bir səbəbi var. Dünyanın bu qədim, ekzotik ölkəsindəki vəziyyəti düzəltmək istəyirəm. Düzdü, Obama deyiləm, BMT-yə, ATƏT-ə də oxşarlığım yoxdu. NATO ilə əlaqəm heç olmayıb. YUNESKO-ya böyük hörmətim var. Bütün bunlara rəğmən Misirdə acınacaqlı durumu dəyişmək istəyirəm. Planım da var. Şərti adı "M"-di.
   
   Yoldayam. Metronu keçdim. Yəqin mən Misirdən qayıdanda metronun "Əzizbəyov" stansiyası "Hüsnü Mübarək" adlanacaq. Qayıtsam... Hələ ki, hava limanı tərəfə gedirəm. Ağlımda yalnız "M" planıdı. Nə qədər ki, vaxt var bu planı izah edim, təyyarəyə minincə əlaqə saxlamaq mümkün olmayacaq. Təyyarə havaya qalxdıqdan sonra plan barədə danışmaq istəmirəm. Göyün də qulağı var.
   
   "M" adlı plana gəlincə... Misirdəki vəziyyəti bilməyən yoxdu. Camaat neçə gündü küçələrdədi. Qan Kürün suyu yerinə axır. İnsanların çoxu Hüsnü Mübarəkin istefasını tələb edir. Deyirlər ki, prezident kim olur olsun, təki Mübarək olmasın! Bəziləri də Mübarəkdən bərk yapışıb. Daşdan kəsəkdən əllərinə keçəni barrikadanın qarşı tərəfinə tullayıb prezidenti müdafiə edir, "Mübarək olsun!" deyirlər. Qaçan qaçıb, qaçmayan imkan axtarır. Nə qədər vəzifə boşalıb. Axıdılan qanları durdurmaq, ölkədə sabitlik yaratmaq üçün mənim Misirdə vəzifə tutmağım vacibdi. Məni tanıyanlar yaxşı bilirlər, nazir postunda gözüm yoxu. Başqa bir kreslonu gözaltı etmişəm. Qahirəyə çatan kimi telekanallardan birinin möhürünü keçirirəm əlimə. Ən yaxşı vəzifə telekanal rəhbəri olmaqdı. Çünki bütün dövlətlər öz televiziyalarından yıxılır. Onları qaldıran da elə televiziya olur. Vəziyyətdən bəhrələnib dərhal özümü telekanallardan birinə çatdırmalıyam.
   
   Qoy bir Qahirəyə sağ-salamat çatım. Əlimi masaya bərk vurub tapşırıqlarımı verəcəm. Misirdə nə qədər çalıb-oxuyan, çalıb-oxumaq istəyən varsa yığacam telekanala. Efiri 24 saat verəcəm onların öhdəsinə. Yarışlar, şou-proqramlar bir-birini əvəz edəcək. Ömründə ər köynəyi ütüləməyən, uşağının başına sığal çəkməyən qadını ailəli xanımlara məsləhət verən proqramın aparıcısı edəcəm. Qoy bütün günü tamaşaçılara məsləhət versin. Həyatında bircə dəfə obyektivlik göstərməyə cəsarəti çatmayan adamı "Obyektivlik" adlı proqramın rəhbəri təyin edəcəm. Qayğanaq bişirməyi belə bacarmayan isə "Bizim mətbəx" verilişində bütün günü yemək bişirməyi öyrədəcək. Ərə getmək istəyən, arvad axtaranlar üçün efirimiz sutkaboyu açıq olacaq. Aradabir ağlamalı verilişlər də göstərəcəyik. Belə verilişlər efirdə olandan sonra görüm kim küçələrə çıxıb Mübarəkin istefasını tələb edəcək? Tamaşaçıya min dollar da versən belə proqramlara baxmağı yarımçıq qoyub Mübarəki dəstəkləmək üçün küçələrə axışmaz. Mənim "M" planım işə düşəndən iki sonra Qahirə küçələrində aksiya keçirən bircə nəfərə də rast gəlməyəcəksiz. Qədim Misirin canı qarşıdurmadan qurtaracaq.
   
   Təyyarəyə çatdım. Sonda onu deyim ki, Misirdə vəziyyət həqiqətən də ağırdı. Hüsnü Mübarəkin bundan sonra da kresloda oturub prezident maaşı almasına tərəfdar olanlar da var. Dəftər-kitabını yığışdırıb istefaya getməsini tələb edənlər də çoxdu. Heç kimin seçiminə qarışmaq fikrim yoxdu. İstəyir Mübarək olsun, istəyir Mübarək olmasın. Bircə xahişim var- Misirdəki təzə işimə xeyir-dua verin. Deyin ki...
   
   Mübarək olsun!

TƏQVİM / ARXİV