DOSTUNU TANIMAQ iSTƏYiRSƏNSƏ...

FAİQ QİSMƏTOĞLU
63592 | 2011-01-29 06:58

   
   Uzun aylar, uzun illər yoldaşlıq elədiyin, dost olduğun adamı belə tanımaq mümkün deyil. Birindən soruşurlar ki, qardaşın necə adamdı? O da cavab verir ki, hələ onunla yola çıxmamışam, çətinə düşməmişəm və ağır işi aşırmamışam. Bu sözlərdə böyük həqiqət var. Yəni dostu da, qohumu da, qardaşı da, yoldaşı da müəyyən zaman kəsiyində insanın işi dolaşığa düşəndə, çətin anlar yaşayanda tanıya bilərsən. Ən azından bilir ki, çətin anda həmin dost yanında olmadı və aradan çıxıb qaçdı.
   
   Dostunu tanımaq istəyirsənsə, arzula ki, o hansısa bir yüksək vəzifədə əyləşsin, ya da sənin ağır və çətin günün olsun və o, həmin vaxtlarda üzə çıxsın. Elə ki, həmin adam vəzifədə olanda sənə əvvəlki münasibət və səmimiyyəti göstərdi, çətin gündə yanında oldu, ağrılı anlarda səni tək qoymadı, deməli, ona dost demək mümkündü. Təəssüf ki, həyatda təmənnasız, saf, bütöv və əqidəli dostlar çox azdı. Əksər adamlar bir-biri ilə ona görə dostluq eləyirlər ki, onun imkanından istifadə eləsin. Yəni biri yüksək vəzifə sahibi olursa, onun dostu həmişə həmin adamı axtarır. Hətta gecə evində rahat yatmağa da imkan vermir. Guya dostunu o qədər çox istəyir ki, bir tikə çörək də onsuz boğazından keçmir. Ancaq elə ki, həmin dost vəzifədən çıxarılır, imkanı məhdudlaşır və daha doğrusu, onun xərcləməyə o qədər də pulu olmur, bax, əvvəllər hər gün, hətta gecə saatlarından ondan əl çəkməyən adam bir daha onun qapısını açmır. Daha doğrusu, elə aradan çıxır ki, onu tapmaq çox çətin bir işə çevrilir. Vəzifədən çıxan və uzaqlaşan adam isə tək-tənha qalıb əsl dostu ilə ona xəyanət eləyənləri çətin anlarında müəyyənləşdirir. Deməli, əvvəllər bu adamın yanında dolaşan adam əsl dost deyilmiş, sadəcə olaraq şirəyə, imkana, yeyib-içməyə və varlı adamın imkanına görə yaxınlaşırmış. Onda da o varlı adam o vaxt ayılır ki, hər şey əlindən çıxır, imkanları məhdudlaşır.
   
   Bu yaxınlarda tanıdığım adamlardan biri 40 il dostluq elədiyi adamdan giley-güzar elədi. Dedi ki, həmin adam vəzifəyə getməmişdən öncə hər gün mənimlə bir yerdə olur, çörək yeyir və hətta axşamlar da bizdə qalırdıq. Elə oldu ki, o vəzifəyə təyin ediləndən sonra nəinki məni axtardı, heç adi bir telefon zəngini çox gördü. Bir ay gözlədim, beş ay gözlədim ondan səs çıxmadı. Bir ildən sonra onun yanına getdim. Katibə məndən soruşdu ki, kimsən? Dedim rəisə deyərsən uşaqlıq dostun gəlib. Katibə içəri girib çıxdı və dedi ki, buyurun. Kabinetə girəndə dostum heç ayağa da qalxmadı. Kresloya yayxanmış halda əlini mənə uzatdı. Mən də xala-xətrin qalmasın əl verdim, təbrik elədim ki, xeyirli olsun. O da başı ilə razılığını bildirdi. İki-üç dəqiqə oturdum, bir kəlmə danışmadı. Hiss eləyirdim ki, sıxılıram və havam çatışmır. Sonra da ayağa qalxıb bir söz demədən kabineti tərk elədim. Elə o vaxtdan həmin adamla dostluğumuza son qoyuldu. Hansı ki, onun imkanı olmayanda cibinə pul qoymuşam, bir tikə çörəyi onsuz yeməmişəm. Bax, o vaxtdan insanlara olan etibarım itib. Bilmirəm tay kimə bel bağlayım, kimə arxalanım. Əgər 40 ilin dostu vəzifəyə əyləşən kimi sifətini dəyişirsə və mənimlə söhbət etməyi şəxsiyyətinə sıxışdırmırsa, üstəlik də oturanda bir stəkan çay içməyi məsləhət bilmirsə, tay bundan sonra hansı dostluqdan danışmaq olar?!
   
   
   
   ***
   
   
   
   Ötən şənbə günü bu sətirlərin müəllifinin "Ədalət"də "Yolumuzu azandag" sərlövhəli yazısı çap edilib. Öncədən onu qeyd edək ki, həmin yazının mövzusunu mənə yaxın dostum Fəxrəddin müəllim vermişdi. Çünki o, tez-tez belə dəyərli və maraqlı mövzular verir. Sözün düzü, şənbə günü daha maraqlı və oxucunu düşündürən yazılar qələmə almağa çalışmışam. Ona da çalışmışam ki, hər hansı mövzunu işləyərkən orda hər şey olduğu kimi, bəzəksiz-düzəksiz görünsün. Çünki hər şey olduğu kimi görünəndə daha gözəl olur. Cəlaləddin Ruminin belə bir kəlamı var: "Ya olduğun kimi görün, ya da göründüyün kimi ol". Əlbəttə, bayaq dediyimiz kimi, hər şey göründüyü kimi olanda orda heç bir artıq rəng və artıq cizgilər hiss olunmur. Elə bil mətləbdən uzaq düşdüm. Axı, ötən şənbə gedən yazı barəsində danışmaq istəyirdim. Bir neçə gün sonra redaksiyamıza zəng oldu. Qələm yoldaşlarımdan biri dedi ki, Faiq müəllim, səni telefona çağırırlar. Dəstəyi qaldırdım və tanış olmayan bir səs eşitdim. Həmin adam mənə salam verdi və salamdan sonra özünü təqdim elədi. Dedi ki, sizi narahat edən Mingəçevir şəhərindən 2 saylı orta məktəbin direktoru Mirzə Cavadovdu. Dedim ki, Mirzə müəllim, sizi eşidirəm, xeyir ola? Mirzə müəllim də çox sakit və asta-asta bildirdi ki, sizə zəng etməkdə məqsədim onunla bağlıdır ki, şənbə günü nömrənizdə "Yolumuzu azandag" yazınızı oxuyub çox sevindik. Şəxsən öz adımdan və pedaqoji kollektiv adından "Ədalət" qəzetinin təsisçisi və baş məsləhətçisi Aqil Abbasa, baş redaktor İradə xanım Tuncaya və sizə minnətdarlığımızı bildirmək istəyirik ki, qəzetinizdə bu cür məzmunlu, dəyərli yazılar dərc edirsiniz. Sizin yazdığınız və qələmə aldığınız həmin mövzu bizim ürəyimizdən tikan çıxarır. Bir daha cəsarətinizə və gözəl yazınıza görə, sizə təşəkkür edirik. Təbii ki, Mirzə müəllim ziyalı, savadlı və dünyagörmüş bir insandı. Ən azından o uzun illərdi təhsil sistemində çalışır. Bu cür savadlı və ziyalı insanların qəzetimizə və o cümlədən mənim yazıma yüksək qiymət verməsi bir yazar kimi məni daha da ruhlandırır. Deməli, bu gün də insanlar arasında maarifçilik ideyalarını təbliğ edən, əxlaqi dəyərləri qoruyan və dövlətçiliyimizə xidmət edən yazıları oxuyan çoxlu sayda ziyalı insanlar var. Biz də görəndə ki, həmin insanlar qəzetimizi böyük maraqla gözləyir, istər-istəməz bizim də məsuliyyətimiz ikiqat artır və bir-birindən gözəl mövzuları qələmə almağa çalışırıq. Hər bir yazarın və hər bir yaradıcı adamın işinə qiymət verən tamaşaçı, oxucu və dinləyicidir. Əgər bunlar hər hansı yazarın və sənətkarın işindən razıdırsa, deməli, çəkilən zəhmət heç vaxt hədər getmir.
   
   
   
   ***
   
   
   
   Bu gün mətbuatdan xəbəri olmayan adını, soyadını və tərcümeyi-halını belə düzgün yaza bilməyən bir çox baş redaktor və baş redaktor müavinləri var. Çox qəribədir ki, bu cür baş redaktor və baş redaktor müavinlərinin sayı günbəgün artır. Başa düşmək olmur, ayda-ildə bir nömrəsi çıxmayan qəzetdə necə baş redaktor və baş redaktor müavini olmaq olar? Baş redaktor və baş redaktor müavinləri o mətbuat orqanında olur ki, həmin qəzetlər hər gün çıxır. Və həmin qəzetlərin də şöbə redaktorları olur. Sovet dövründə milyona yaxın tirajla çıxan "Kommunist" qəzetində heç baş redaktor yox idi. Sadəcə olaraq gündəlik çıxan bu qəzetin redaktoru, müavinləri və şöbə müdirləri var idi. Amma indi çıxmayan qəzetlərdə çoxlu saydı baş redaktor və baş redaktor müavinləri var. Deyilənlərə görə, bu gün ölkəmizdə Ədliyyə Nazirliyindən 5000-ə qədər qəzet qeydiyyatdan keçib. Amma həmin qəzetlərin 200-ə yaxını işıq üzü görə, ya görməyə. İctimai rəyə təsir edən və gündəlik nəşr olunan məmləkətimizdə uzaqbaşı 30-40 qəzet var. Qalan qəzetlər isə ya həftədə bir dəfə, ya da ayda bir dəfə çap olunur. Hərdən bir çıxan qəzetlərin səviyyəsinin nə yerdə olduğunu demirik. Çünki həmin qəzetlərə baxanda hiss olunur ki, onu hazırlayan adamların jurnalistikanın əlfibasından belə xəbəri yoxdur. Çünki balaca bir yazıda ən azı 100-dən çox üslubu, qrammatik, orfoqrafik və məntiqi səhv olur. Hələ üstəlik, hər hansı vəzifəli şəxsin adı və soyadı belə düzgün yazılmır. Ona görə düzgün yazılmır ki, mətbuatdan xəbəri olmayanlar ac canavar qoyun-quzuya daraşan kimi, onlar da qazanc mənbəyi gözü ilə qəzet açmağa darışıblar. Belə olmasaydı, bu gün məmləkətimizdə 90 mindən çox adamda vəsiqə olmazdı. Özü də bu vəsiqələri elə adamlara verirlər ki, onlar ya cinayət törədib, ya işdən qovulub, ya da hansısa kriminal bataqlığın içindədi.
   
   Bir dəfə sahə müvəkkili dedi ki, həbsdən çıxan adama bildirdim harda işləməyi ilə bağlı bizə bir arayış gətirsin. O da gedib qəzetlərdən birindən arayış gətirdi ki, müxbir işləyir. Həmin arayışa baxandan sonra məəttəl qaldım. Üç-dörd dəfə məhkum olunmuş adam necə mətbuatda işləyə bilər?! İndi belə hallar daha da çoxalıb.
   
   Bir neçə gün bundan əvvəl ANS-in kriminal mövzuda "Növbətçi" verilişinə baxanda qəribə bir süjetlə rastlaşdım. Qaynanasını tamah məqsədi ilə qətlə yetirən adam danışırdı. Deyirdi ki, qaynanamın başına bir zərbə vurub yerə yıxdım, sonra da pulları, qızıl və ziynət əşyalarını götürdüm. Bu sözləri deyəndən sonra o ağlamağa başladı. Məlum oldu ki, qaynanasını tamah məqsədi ilə öldürən Abşeron rayon sakini Natiq Çələbiyev əvvəllər də törətdiyi müxtəlif cinayətə görə, məhkumluq həyatı yaşayıb. Sonra isə "Qəti söz" qəzetinə 50 manat pul verib müxbir vəsiqəsi alıb. Bax, bu da "müxbirliyin" sonu. Hər cür adama vəsiqə paylayan və bəzən həmin adamın kriminal aləmlə əlaqəsini bilən "baş redaktorlar" bundan görəsən nəticə çıxaracaqlarmı? Axı, mətbuatı da bu qədər ucuzlaşdırmaq və urvatdan salmaq olmaz. Əgər qeyri-peşəkarlar günbəgün çoxalırsa və belə "baş redaktorlar" artırsa, onlar qazanc məqsədi ilə hələ çox vəsiqələr paylayacaqlar. Çünki onlar qəzet nəşr etməyi yox, pul qazanmağı qarşılarına məqsəd qoyublar. Qanunlarımızda mövcud olan boşluq isə bu cür adamların fəaliyyətinə daha münbit şərait yaradır. Çünki onlar hər hansı qəzeti qeydiyyatdan keçirəndən sonra düşürlər şəhərlərdəki, rayonlardakı ayrı-ayrı obyektlərin üstünə və başlayırlar müxtəlif adamlara hədə-qorxu gəlməklə pul qazanmağa. Görəsən, bunun axırı olacaqmı?!
   
   

TƏQVİM / ARXİV