adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

MAAŞIMIZ VƏ ÖMRüMüZ...

BABƏK YUSİFOĞLU
47860 | 2011-01-29 06:58

   
   Danimarkalılar məndən incisə də, küssə də, məni lap düşmənləri hesab etsələr də açığını deyəcəyəm, mənim onlardan zəndeyi-zəhləm gedir. Onların adını qəzetdən, jurnaldan oxuyanda elə bilirəm Sərkisyanın, Köçəryanın adı ilə rastlaşıram.
   
   Əslində danimarkalıların şəxsən mənim özümə bir pisliyi-zadı keçməyib. Heç mən də real həyatda, necə deyərlər, "jivoy" danimarkalı görməmişəm. Amma bu maygülü danimarkalılar müsəlmanları düşmən gözündə görürlər və mən də müsəlmanam.
   
   Onların mətbuatında bizim müqəddəs peyğəmbərimiz, müqəddəs Qurani-Kərimimiz haqqında ləyaqətsiz yazılar, iddialar yəqin ki, çoxlarının yadından çıxmayıb. Hətta oradan xəbəri olan adamlardan eşitmişəm ki, bu ölkədə cinsindən asılı olmayaraq kim kimlə istəsə evlənə, bazlıq eləyə bilər. Yəni, loru dildə desəm, arvadla kişinin cins məsələsində heç bir məhdudiyyət yoxdur. Tay bimirəm onların pasportlarının "cinsi" yerinə nə yazırlar. Hələ statistik məlumatlara baxsaq görərik ki, doğan "kişi"lərin sayı, getdikcə doğan arvadların sayını üstələməkdədir. Hələ eşitmişəm ki, belə bir məsələ də qaldırıblar ki, doğan "kişilər" üçün ayrıca "roddom" da yaratsınlar. Yaxud... Nə isə, keçim əsas mətləbə, çünki danışdıqca onların çox zibillərin gərək qoyaq ortalığa...
   
   Mən bilirdim ki, bu gedişlə danimarkalılar nə vaxtsa daha bir hoqqaya imza atacaq, başqa xalqları demirəm, bizim camaat üçün ortalığa bir bəla çıxaracaqlar. Çıxardılar da. Başımızı aşağı salıb sakitcə yaşadığımız bir vaxtda bu əcaiblər təzə bir hoqqa kəşf eləyiblər. Bu azmış kimi onu KİV vasitəsi ilə bütün dünyaya yayıblar. Məlumat üçün qeyd edim ki, danimarkalı alimlər uzun müddətdir insanların uzun ömürlülüyü ilə bağlı təhqiqat aparırdılar. Sən demə, bu günlərdə təhqiqatlarını başa çatdiriblar. Onlar nəhayət öyrəniblər ki, insanın maaşı onun ömrünün uzunluğuna təsir edirmiş. Yəni, daha çox maaş alan adamlar az maaş alanlardan filan qədər çox yaşayır.
   
   Və heç kim deyə bilməz ki, bu kəşfin, kimin nə qədər maaş almasının bizə nə dəxli var? Amma mən belə hesab edirəm ki, danimarkalı alimlərin bu kəşfindən sonra bizdə əməlli-başlı problemlər baş qaldıracaq. Çünki ölkəmizdə yuxarı dövlət qulluğunda çalışanları, vəzifəli adamlarını istisna etsək, büdcəçilərin maaşları nəinki onların ömrünü uzatmağa, heç stabil qalmağa da bəs eləmir. Hətta hesablasaq, aşağı ranqlı büdcəçilərin maaşı ilə heç ölmək də mümkün deyil. Çünki az qala bir mənzil qiymətinə olan qəbir yerini almaq, ehsan xərclərini çəkmək müəllimin-zadın cibinə görə deyil. Bu da sirr deyil ki?
   
   Hə, indi aşağı maaş alan büdcəçilər bu həqiqəti öyrənəndən sonra nə hala düşəcəklərini siz təsəvvür edə bilirsinizmi? Onların dərdinin üstünə necə bir dərd gəldiyini ağlınıza gətirirsinizmi? Bundan sonra kim büdcəçi olmaq istəyər ki? Bu danimarkalı alimlərin kəşfindən belə çıxır ki, müəllimlər, ya digər büdcəçilər gecə-gündüz uşaqlarımıza elm öyrətməli, olmazın əziyyətini çəkməlidir, yaşamağa gələndə də hamıdan az yaşamalıdır. Ay-hay. Öz aramızdı, bu boyda ədalətsizlik hara sığar?
   
   İndi bu maygülü danimarkalılara deyən lazımdı, niyə pisliyinizi, qərəzinizi öz içinizdə, ölkəniz daxilində saxlamırsınız ki? Özünüzdə hamı yaxşı əmək haqqı alır deyə, istəyirsiz aşağı maaş alan yerlərdə çamaat bu gün-sabah yıxılıb öləcəyindən qorxub çərləsin? Camaat maddi sıxıntıları azmış kimi, indi də ömrünün azlığının dərdini çəksin? Mənə elə gəlir ki, ATƏT-dən hamılıqla xahiş etməliyik ki, bizim torpaq məsələmizi qaydasına qoyandan sonra Danimarkanın belə hoqqalarının qarşısını almaq üçün tədbirlər görsün. Yoxsa, bunlardan hələ çox şey eşidəcəyik...
   
   Onda halımız necə olar?..

TƏQVİM / ARXİV