adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

QADIN, YOXSA, QABYUYAN?!

VƏSİLƏ USUBOVA
29754 | 2011-01-29 06:58
-Bəs, anan hardadı?
   
   -Anam həmişəki kimi qabları yuyur...
   
   Ekranlarımızdan düşməyən bu reklama həmişə ilk dəfə görürmüş kimi baxıram. Məni cəlb eləyən nədi? Çox qəribəliklər var bu reklamda. Xoşagələn və düşündürücüdü. Atanın sualından balaca qızın sifəti o dəqiqə tutulur. Cavabında o qədər təəssüf və məzəmmət var ki, adamın ataya yazığı gəlir. Ata da öz növbəsində qızının cavabından qəm dəryasına batır. Elə mətbəxdə qabları yuyan ananın da çox məyus, hüznlü görkəmi var. Bir sözlə, ailə qəm dəryasına batıb. Reklam deyil, əsl faciəli komediyadır. Görəsən, bu evdə indiyədək qab-qacaq yuyulmurdumu? Bəs, indi birdən-birə nədən hamı bunu faciə kimi qarşılayır? Hə... məsələ qabyuyan makinanın meydana çıxmasındaymış... Sən demə, ananın da, balaca qızın da fors-fasonu, qınaq dolu baxışları, mimikaları bu "sehrli" mətbəx maşının indiyədək onların evində olmamasından yana imiş. Makina gəldi, indi üç nəfərlik ailə xoşbəxtdi, illərin həsrətlisi kimi bir stol arxasında oturub birlikdə yazıb-oxuyur, uşağın dərslərinə baxırlar...
   
   Doğrudanmı belədi? Bəs, qabyuyan maşının ixtirasından qabaq vəziyyət necəydi? Yaxud bunu almağa imkanı olmayanların işi necə olsun?! Bir sözlə, qadın öz evində nəçidi? Xanımdı, yoxsa, qulluqçu?! Sözün ən geniş məna və çalarlarında qadındı, yoxsa, qabyuyan, paltaryuyan, döşəmə silən, bazara gedən, biş-düş edən?! Bunları bir araya sığışdırmaq, hamısına vaxt çatdırmaq necə, mümkündü, ya yox?!
   
   Qadınlıqdan başlayaq. "Qadın" deyən kimi, ilk ağıla gələn gözəllik və təravət olur. Nəzərə alsaq ki, hər bir qadını gözəl və təravətli görmək təkcə arzu deyil, həm də bir tələbdir, özü də israrlı bir tələb, onda qadın olmağın müşküllüyünü göz önünə gətirmək elə də çətin olmaz. Sən həm baxımlı və cazibədar olmalısan, həm də evində və mətbəxində hər şey öz yerində, vaxtlı-vaxtında təmiz və səliqəli görünməlidir. Bunların da heç biri öz-özünə yaranmır. Təravətli görünməkdən ötrü doyunca yatmalı, normal istirahət etməli, təmiz havada gəzməli, rejimlə qidalanmalısan. Hələ bu harasıdı? Sifətinə, boyun-boğazına, saçlarına, əllərinə müxtəlif maskalarla qulluq etmək də bir tərəfdən. Jül Vern də bu tərəfdən deyib: "qadın elə bəzənməlidir ki, mətbəxdə çalışanda da, zibillikdəki qızıl kimi parıldasın". Çox ağır vəzifədi, həm də şərəfli! Buyur, bu tələblərin öhdəsindən gəl, görüm necə gəlirsən. Evdə hamı bunu səndən tələb etsə də (təbii ki, dilə gətirmədən), heç kəsin qarnı quruldaya-quruldaya sənin bərq vuran saçlarına, parıldayan sifətinə, hamar əllərinə baxmaq arzusu da ağlabatan deyil. Bəs, nə etməli, hansından başlayıb, hansında qurtarmalı, hər iki borcu, vəzifəni bir araya necə sığışdırmalı?! Dildə nə qədər desələr də ki, "iş canın cövhəridir", əməldə bir o qədər özünü doğrultmur. Çox işləyəndə əllər kobudlaşır, dırnaqlar qırılır, sifətin rəngi boğulur, tulumlanır, hətta baxışlar da cazibəsini itirir. Yorğun bədəndə hansı şuxluqdan, təravətdən danışmaq olar?!
   
   Mətbəximiz ailə ocağımızın ruzi-bərəkət məkanı, göstəricisi olsa da, həmişə cazibədar deyil. Bəzən yorğunluğu çıxartsa da, çox zaman bezdirici, zəhlətökəndi. Ancaq sevimli, həm də səni dəyərləndirən, can yandıran adamların qayğısını çəkmək, istədiklərini bişirib onlarla birlikdə şirin-şirin yemək maraqlı və zövqvericidi. Həm qayğı, nəvaziş istəyənlərdə, həm də bu istəklərə cavab verənlərdə sevgi və diqqət olmalıdı. Ailədə hamı birlikdə bişirib, birlikdə yeyib-yığışdırsa, yuyub təmizləsə, daha ədalətli olmazmı?!
   
   Bunlar olmayanda kənardan köməkçi seçmək məsələsi ortaya gəlir. Bu da həmişə arzuolunan deyil. Elə dönəmə gəlib çıxdıq ki, qız-qadınlarımız cüzi məbləğə belə evlərdə işləməyə razıdırlar. İlk vaxtlar bu vəziyyət əməlli-başlı dəbə minmişdi. İmkanı olanlar ehtiyac oldu-olmadı evlərində qulluqçu işlədirdilər. İndi bir az ara soyuyub. Öz əməyini təklif edənlərə cavab verməkdə çox çətinlik, çətinlik nədi, əzab çəkirəm. Evim, mətbəxim məndən ötrü intimlik, bakirəlik yuvasıdı. Hər adamı bu yuvaya buraxa bilmərəm. Öz yeməyimi, əyin-başımın, yorğan-döşəyimin təmizliyini kiməsə etibar eləməyim ağlabatan deyil. Həmin adam məndən təmizkar, səliqəli olsa belə... Həm də xasiyyətim buna imkan vermir. Bir-iki dəfə bazar günlərində tanış qadına evimdə yorğan-döşək saldırmışam. Bu adət dədə-babadan var. Axı, hamının əlindən hər iş gəlmir. Nə isə... Yorğan-döşək salan yalan olurdu, mən gerçək. O bir tərəfdə qalırdı, mən girinc-giriftar olurdum. İşimi-gücümü buraxıb yan-yörəsində fırlanırdım: "Yorulmamısan ki?", "Bəlkə bir stəkan çay içəsən?", "Hələ acmamısan?", "Bəlkə əl saxlayıb, bir az bu qəzetlərə baxasan?!" Günün axırınacan şil-küt olurdum. İndi də söz düşəndə zarafatla deyir ki, məni qoymurdun əməlli-başlı işimi görüm.
   
   Yox, əzizlərim, kimisə əlinin altında işlətmək mənlik deyil! Lap haqqını onqat ödəsəm də...
   
   Bəs, neyləyək? Axı, çatdırmaq olmur. Ev işi qurtaran deyil. Gecə yatağına girənəcən yır-yığış eləsən, yuyub-təmizləsən də, səhər açılanda yenə hər şey təzədən başlanır. Həm də eyni işlər. Eynilik, bir işin dönə-dönə təkrarı da çox cansıxıcıdı, adamı depressiyaya apara bilər. Üstəlik, ev işi görənin də qədri-qiyməti bilinmir. Hamı onu özünə borclu sayır. Çox zaman quruca "sağ ol"u da əsirgəyirlər... Amma bir gün evin sahibəsi yerində olmayanda... Evi buz kəsir. Daş-divar da dil olub dillənmək, onu haraylamaq istəyir. Mərhum şairimiz Sərdar Əsəd demişkən, kişi də yetim qalır, ev də...
   
   
   
   ***
   
   İşləyən, xüsusilə də yaradıcılıqla məşğul olan xanımların işi lap müsibətdi. Günün 8-9 saatını evdə olmuruq. Mütaliəni, yazı-pozunu da üstə gəlsək, ev işlərinə vaxt qalmır. Kim desə ki, mən növbələşdirirəm, çatdırıram, onun səmimiyyətinə şübhəm var. İkisindən biri- ya evdarlıq, ya da iş axsamalıdır. Keyfiyyət yarıbayarı aşağı düşməlidir. Ocaqda qazan, paltaryuyan maşında paltar varsa, fikrini necə cəmləyib öz aləminə qapılar, hiss-duyğularını peşəkarlıqla ifadə edib ortaya əsl sənət qoyarsan?! Mümkün deyil! Yazı-pozu müəllifdən hər şeyi, hətta özünü belə unutmağı tələb edir. Zehni işdən sonra fiziki iş baş-beynin yorğunluğunu çıxardıb, gərginliyi azaltsa da, o ki, var işləyib yorulan adamın başı dumanlanır, heç cür zehni işlə məşğul ola bilmir. Baş da bədənin bir üzvüdü, o da yorulur, düşünmək, yaratmaq istəmir.
   
   Heç olmasa, dükan-bazarlar dadımıza çata. Həmişə mətbəx xörəkləri olmadan da ötüşə bilək. Məsələn, yüz qram kolbasa, iki dənə sosis mənim naharım ola bilər. Bunu eləsəm, xeyli vaxt qazanaram. Ancaq ərzaqlar haqqında eşitdiklərim, oxuduqlarım gözümü elə qorxudur ki, ürəyim istəyəni də almıram. Bişintilərin, şirniyyatların da dadı-tamı yoxdu, adamın mədəsini pozur. Çox zaman da harada, necə hazırlandıqları bilinmir.
   
   İstedad sahiblərinə, xeyirli işlə məşğul olanlara, yaradıcı insanlara hamı kömək etməlidi. Ailə üzvləri də, iş yoldaşları da, qohum-qonşuları da... Bir sözlə, bütöv cəmiyyət. Yoxsa, əsl qadınları qabyuyanlardan ayırmaq çox çətin olacaq!..

TƏQVİM / ARXİV