adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

DüZ VƏ TƏRS MüTƏNASiBLƏR

OQTAY SALAMOV
44415 | 2011-01-29 06:58
Hələ lap cavanlıqda düşünürdüm ki, balam, bu Leyli və Məcnun var ha, niyə onlar hərəsi özünəməxsus sevirlər. Biri dəli olub dağlara düşür, o biri dədəsinin sözünə baxıb oturur evində, sonra da yenə dədəsinin məsləhəti ilə gedir İbn Səlama. Lap sonra Nofəl onu İbn Səlamdan alıb Qeysə verəndə oğlanın yenə məcnunluğu tutur, deyir yox, bu Leyli döyül. Atan yaxşı, anan yaxşı, etmə-eləmə, xeyiri olmur. Amma ölmək məsələsi gələndə Leyli qabağa düşür, Məcnun da "za kampaniya" ölməyə məcbur olur.
   
   Deyirdim görəsən niyə Leyli belə ağıllı, Məcnun belə ağılsızdı? Sonra "Romeo və Cülyetta"nı oxudum. Burada Romeo balkondan gəlib həddi-buluğa çatmamış qızla hoqqadan çıxır, qızın dədəsinin varlı olduğunu bilib qızını almaq istəyir. Durub əsəri sizə danışmayım, yəqin aranızda oxuyanlar olmuş olar, soruşun sizə də desinlər. Bu həddi-buluğa çatmamış Cülyetta başından və yaşından böyük işlər görür, qadağan olunmuş dərman tapır, özünü ölülüyə vurur və Romeonu zibilə salır. Noolajax, gədə ölür dana. Burada da qız oğlandan ağıllı çıxır.
   
   İndiyə qədər fikirləşirdim ki, görəsən niyə belə olur? Belə baxanda kişi xeylaqlarını daha güclü, daha ağıllı sayırlar, ən azından göstərirlər. Amma deyilənlə olan tərs mütənasib gəlir. Bu günlərdə səbəbini bildim. Sən demə, məhəbbət qadınları daha ağıllı, kişiləri isə, ta özünüz bildiniz də, durub həmcinslərimə axmaq deməyəcəm ki. Deyir, sevmək zərif cinsin nümayəndələrində intellekti stimullaşdırır. Rusiya mətbuatı xəbər verir ki, qadınlarda bu hiss, yəni sevgi beynin məhz zehni bacarıqlara cavab verən hissəsinə müəyyən təsir göstərir. Eyni şeyi kişilər haqda söyləmək olmaz.
   
   Eksperimentdə "dəlicəsinə sevən" 30 kişi və qadın iştirak edib. Onlardan çətin riyazi məsələlərin həlli istənilib. Məlum olub ki, zərif cinsin nümayəndələri məsələləri kişilərlə müqayisədə nəinki 3 dəfə tez, həm də 89% halda düz həll edib.
   
   Alimlər müəyyənləşdirib ki, sevgi qadının qanında bir sıra hormonları artırır və bu, onu daha diqqətli və daha ağıllı edir. Kişilərdə isə əksinə, bu hormonlar çox az sayda ifraz olunur. Nəticədə onların intellektində ya heç bir fəallıq olmur, ya da əksinə, kişi beyninin bəzi hissələrinin fəaliyyəti "donur".
   
   Görürsünüz, qızların ikisinin də ayrı-ayrı kontinentlərdə yaşamalarına baxmayaraq elədikləri bir-biri ilə düz mütənasibdir. Elə oğlanların da. Amma hər iki situasiyada kişilərlə qadınların ağılları tərs mütənasibdir. Paatonnan, hormon yiyəsi, adamı biabır eləyər ey. Yaxşısı budur nə sevəsən, nə də adına axmaq deyələr, mən ölüm, düz demirəm?..
   
   Hələ bu rusların gəldiyi nəticədir. İngilislər baltanı lap kökdən vururlar. Azərbaycanda bir-iki şou əhlindən, pasportuna kişi yazılan bəzi üzdəniraqlar istisna olmaqla kişilərin əksəriyyətinin ürəklərinə xal salıblar. "Sify News" bildirir ki, geniş yayılmış təsəvvürlərin əksinə olaraq, gözəl kişi və qadınlarda intellektual inkişaf əmsalı gözəl olmayan adamlarla müqayisədə daha yüksək olur. London İqtisadiyyat Məktəbinin bir qrup aliminin apardığı çoxillik araşdırmaları nəticəsində bəlli olub ki, zahiri görünüşləri daha cazibədar kişilərlə qadınlar tədris prosesində daha uğurlu olur, həyatda daha böyük nailiyyətlər əldə edirlər. "Bunun səbəbi gözəl və ağıllı insanların bir-birini cəlb etməsindədir. Onlar valideynlərindən gözəlliklə yanaşı, biliklərə marağı da əxz edirlər", - alimlər bildirib.
   
   Di buyurun, qadınlarımız, maşallah-namxuda, hamısı bir-birindən gözəl, deməli həm də ağıllı. Kişilərimizin əksəriyyəti isə... Əşi yox ey, sərf eləmir, söhbəti dəyişmək lazımdır.
   
   Mən dəfələrlə indiki özlərini din adamları adlandıranların çoxuna inanmadığımı yazmışam. Çünki həqiqi din adamları ilə onların elədikləri tam tərs mütənasibdir. Bax, özünüz deyin, molla deyəndə gözünüzün qabağına necə adam gəlir. Əməli-saleh, təmkinli, ağıllı, mömin, sülhsevər bir insan, elədi? Amma görün Masallıda Xıl kəndinin axundunun evindən nələr çıxıb. Məlumatda deyilir ki, əməliyyat məlumatı əsasında polis şöbəsi əməkdaşlarının keçirdiyi axtarış zamanı Xıl kənd sakini, mollalıq fəaliyyəti ilə məşğul olan 56 yaşlı Fəramiz Abbasovun həyətində 2 bağlama aşkarlanıb. Bağlamaların birində 20 ədəd F1 əl qumbarası, həmin qumbaralar üçün nəzərdə tutulan 20 ədəd alışqan, 7 ədəd 400 qramlıq və 1 ədəd 200 qramlıq trotil şaşkası aşkarlanıb. Digər bağlamada isə 1 ədəd "Kalaşnikov" avtomatı, həmin silah üçün ümumilkdə içərisində 70 patron olan 3 ədəd sandıqça və bir ədəd "Naqan" tipli tapança aşkar edilərək götürülüb.
   
   Vallah, nə deyirsiniz deyin, bu mollalığın nəzəriyyəsi ilə əməliyyəsi uyğun gəlmir ki, gəlmir. Zalım oğlu, elə bil kəbini avtomatla kəsəcəkdi, yoxsa rəhmətə gedəni qumbara ilə zorla cəhənnəmə göndərəcəkdi. Hələ bu nədi ki?
   
   Hollivudun məşhur aktrisası Yeva Mendes əvvəl rahibə olmaq istəyirmiş. Amma bir dəfə bacısının rahibələrin pul qazanmadığını deyəndən sonra fikrindən daşınır. Sonra istəyir ki, astronavt olsun, sonra opera müğənnisi olmaq istəyir, axırda əsl işini tapır - seks simvol olur. Amma rahibəlik istəyindən bir işartı qalıb. Mendes deyir ki, qəbiristanlığa getmək onu yaman rahatlandırır. Necə bilirsiniz, düz mütənasibdir, yoxsa mütənasib düzdür?
   
   Nataraz bir tərs mütənasiblik də Afrikada Svazilenddə baş verib. Ölkənin kralı 3-cü Msvatinin 12-ci arvadını ölkənin ədliyyə naziri ilə bir yataqda tutublar. Cütlüyü bir ay bundan qabaq Mbabana şəhərində, kral sarayının yaxınlığında mehmanxanada dövlət təhlükəsizlik agentləri tutublar. Nazirlə kral xanımı kralın Tayvana getməsini özlərinə məxsus formada qeyd edirmişlər. Deyir nazir Ndumiso Mamba vəziyyətin fırıq olduğunu görəndə divanın örtüyünü cırıb arasında gizlənibmiş. Heç nə, vəzifədən azad eləyiblər, qanunsuz olaraq özgə evinə girmə maddəsi ilə həbs eləyiblər, vətənə xəyanət maddəsi ilə güllələyə də bilərlər. 26 yaşlı kraliça əslən kasıb ailəsindən çıxmış Notanda Dube ömürlük olaraq qayınanasının yanına sürgün edilib. 42 yaşlı kral onu altı il qabaq soyunmuş qızların kral üçün oynadıqları hər il keçirilən mərasimdə seçmişdi.
   
   Deyəsən bütün mütənasiblər tərs düşüb axı. Çox da ürəyinizi sıxmayın, arzularınızla olanların yüzdə biri düz mütənasib olsa, papağınızı göyə atın. Amma elə atın ki, qayıdanda tuta biləsiniz- qışdı, başınıza soyuq olar. Bir də diqqətli olun ki, papağı sizdən qabaq kimsə tutmasın. Hər halda şapqa, fəs, beysbolka, nə olsa da, adı papaqdır axıg
   
   

TƏQVİM / ARXİV